Müsavat daha iki gənci partiyadan qovdu
Müsavat Partiyası Gənclər Təşkilatında qalmaqal yaşanır. Gənclər Təşkilatının qalmaqallı qurultayından bu günədək 8 nəfər gənc müsavatçı qurumdan xaric olunub.
"xeberinfo.com": Bu gün isə daha iki müsavatçı - Cavanşir Abbaslı və Kərim Kərimli partiyanın Gənclər Təşkilatından səbəb göstərilmədən çıxarılıblar.
Bu haqda Cavanşir Abbaslı facebook səhifəsində məlumat yayıb.
“Müsavat Gənclər Təşkilatında gənclərin kütləvi şəkildə təşkilatdan çıxarılması prosesi günü-gündən artmaqdadır. Bugün də heç bir əsas, xəbərimiz belə olmadan mən və Kərim Kərimli təşkilatdan çıxarılıb. Həftədə bir iclas keçirmək, bizimlə rəqabət aparmaq gücündə olmayan "zavallılar" gəncləri çıxarmaq üçün yalnız iclas keçirirlər. Bu "təmizləmə" siyasətini sadəcə bir qorxaqlıq adlandırıram. Bu Ulu Öndərimiz M.Ə.RƏSULZADƏNİN prinsiplərinə ən böyük xəyanətdir. Səbr etdik, bunlar səbrimizdən sui-istifadə etdilər. Artıq bunlara “dur” deməyin zamanıdır. Yaxın günlərdə bizim verəcəyimiz qərarı, ölkəmizin güclü gənclər təşkilatlarından birini bütün mətbuat görəcək. Tapdalanan haqqımız uğrunda sona qədər mübarizə aparacağıq. Müsavat Partiyası rəhbərliyinə müraciət edib, gələcəkdə partiyanı gözləyəcək təhlükələri qarşılamağa çağırıram. Əks halda bunun sonu heç də yaxşı olmayacaq.
Xatırladaq ki, indiyə qədər Orxan Eyyubzadə, Samir Poladov partiyadan, Azər İnqilabci, Fərid Həsənsoy, Nicat Sərdar , İlkin Sərdar, Kərim Kərimli və mən gənclər təşkilatından çıxarılmışıq. Gözləyək, görək növbəti qurban kim olacaq...”, - deyə o yazıb.