“Bu fərmanı inqilabi addım adlandırıram”
“Sahibkarlıq fəaliyyəti ilə məşğul olan təşkilatlarda yoxlamaların iki il müddətinə saxlanılması və lisenziyaları minimuma endirmək, onların verilməsində şəffaflığın təmin edilməsi üçün lisenziyaların verilməsinin “ASAN Xidmət” mərkəzlərində verilməsini təmin etmək haqqında ölkə başçısının fərmanı çox əhəmiyyətli bir məsələdir”.
"Xeberinfo.com": Məlumata görə, bunu azvision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. İqtisadçı deputat bildirib ki, bunlar hər ikisi çox ciddi əhəmiyyətli bir məsələ idi və ölkə başçısının bu barədə fərmanı inqilabi bir addımdır: “Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün maneələr həddən artıq çox idi. Həm lisenziyaların verilməsində, həm də yoxlamalar zamanı sahibkarlar incidilirdi və onlar da fəaliyyətini dayandırırdı. Ölkə başçısının bu fərmanını inqilabi addım adlandırıram. Çox mühüm addımdır və Azərbaycanda sahibkarlığın inkişafına böyük təsir göstərəcək”.
Milli Məclisin üzvü qeyd edib ki, sabah parlamentdə kiçik və orta sahibkarlıqla əlaqədar qanun layihəsi qəbul olunacaq.
“Orada vergi sistemində dəyişikliklər gedir. Bu məsələ komitə iclasında müzakirə olunub və sabah plenar iclasda qəbul olunacaq. Ölkə başçısının doqquz ayın yekunlarına dair iclasda çıxışı göstərdi ki, prezidentin bu məsələlərlə əlaqədar ciddi iradları var. Biz də istəyirik ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf etsin. Əsasən də kiçik və orta sahibkarlıq inkişaf etməlidir”.
Qeyd edək ki, 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev `Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında` Fərman imzalayıb.