Deputatlığa namizədlə bağlı ilginc iddialar
Və ya “Ç” hərfini “yeyən” Rafael Cəbrayılov bu dəfə nə qədər xərcə düşəcək?
"Xeberinfo.com": Məlumata görə, 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat seçilmiş, lakin bu ilki seçkilərə 46 saylı Şirvan Şəhər Secki Dairəsindən qatılan Rəfael Cəbrayılov elə ilk gündən özünü biabır etməyə başlayıb. JAM.AZ xəbər verir ki, ilk biabırçılıq deputatın seçki platforması ilə bağlıdır.
Belə ki, cənab Cəbrayılov seçki plakatını hazırladıqda “ç” hərfini demək olar ki, unudub. Nəticədə “ç” hərflərinin yerinə “c” düşüb. Bu da gülməli sözlərin yaranmasına səbəb olub.
Seçkini başlı-başına buraxmış Rəfael Cəbrayılovun əhali ilə görüşləri də bərbad səviyyədədir. JAM.AZ-a verilən məlumata görə, sözügedən şəxs əslən Şirvanlı olsa da, əhalinin heç də rəğbətini qazana bilməyib. Elə bu səbəbdəndir ki, deputat seçiciləri ilə görüşü inzibati qurumların imkanlarından yararlanmaqla təşkil edir. Bəzi iddialara görə isə Cəbrayılov bu zaman maddi imkanlarından da yararlanır.
Onun seçki kampaniyasındakı digər bir biabırçı cəhəti yazdığı platformasında qəribə iddialar irəli sürməsidir. Məsələn, həmin platformada yazılıb: "Sovet dövründə inşa edilmiş cox mərtəbəli yaşayış binalarının əsaslı təmir olunması da məqsədimdir".
Əvvəla bir deputatın vəzifəsi tikinti işləri ilə məşğul olmaq deyil. Həmçinin millət vəkili yol çəkmək, qaz xəttinin çəkilməsini təmin etmək və digər bu kimi işlərlər məşğul olan şəxs deyil. Bunlarla dövlət qurumları məşğul olmalıdır və onların bilavasitə vəzifələridir. Görünür, Rəfael Cəbrayılov həqiqətən də “prorab”lıqla deputatlığı səhv salıb. Elə Şirvanda bununla bağlı gülməli lətifələr də qoşmağa başlayıblar.
Amma Rəfail Cəbrayılovla bağlı başqa bir iddia da ortaya çıxıb. Əslində bu iddianın yaranmasına səbəb keçən seçkilərlə bağlıdır. JAM.AZ xəbər verir ki, hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər. Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini deymişdi. E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin... Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu...”
Qeyd edək ki, R.Cəbrayılovun deputat mandatını rüşvətlə aldığı barədə indiyə qədər mediada bir neçə dəfə informasiyalar yayılıb. Hələ 2010-cu ildə PİA.AZ saytı “Rafael Cəbrayılovun milyonluq mandatı” adlı material yaymışdı. Yazıda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi. Lakin həmin informasiyada R.Cəbrayılovun deputat seçilməsinə köməkliyi G.Əhmədovanın deyil, spiker Oqtay Əsədovun etdiyi qeyd olunmuşdu: “Rəfael Cəbrayılov deputat seçilmək üçün ”yuxarılara" 3 milyon manata yaxın pul ödəyib. Məlumatlı mənbə deyir ki, ilk əvvəl 1 milyon ödəyən iş adamı daha sonra mandatını tam qarantiyaya almaq üçün daha 2 milyon “tərləməli” olub. Bütün bu işlərdə isə ona Oqtay Əsədov himayədarlıq edib".
JAM.AZ-a verilən məlumata görə, Rəfail Cəbrayılov haqqında yayılan məlumatda deyilir ki, deputat yenə pul xərcləmək məcburiyyətində qalıb. İddalara görə, onun seçiləcəyi yerin Şirvana dəyişdirilməsi də məhz bununla bağlıdır.
Qarşı tərəfi də dinləməyə hazırıq.