Redaktor seçimi
Abel  Məhərrəmovdan Akademik oğruluq-
“Qurtuluş-93”də kəsilən ağacların yerində qanunsuz tikintilər aparılır -
Vətəndaşın 3 qəpiyinə göz dikən Aydın Talibovun deputatlıq arzuları… -
Əmlak Komitəsində Eldəniz Qafarov kabusu:
Naxçıvanın mühafizəçiləri belə oliqarx olan Baş naziri: Ceyhun Cəlilov kimin kadrıdır? –
Emil Alxaslını kim və niyə qoruyur? - “SOCAR Downstream Management” şirkətinin etdiyi özbaşınalıqlara “dur” deyən olacaq?-
“Azərdövlətlayihə” DBL İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? -
Baba Rzayevin köhnə dostu Baxış Babayevlə işbirliyinin arxasında nələr durur? -
Günün xəbəri

Oğan Ərdoğana dəstək verməsəydi... -ŞƏRH

Elxan Şahinoğlu: “Türkiyə cəmiyyətində belə bir fikir formalaşıb ki, Ərdoğan həm prezident, həm də parlament seçkilərində artıq qələbəsini təmin edib”

Natiq Miri: “Oğan dəstək verməsəydi belə, Ərdoğanın ikinci turdakı qələbəsinə mane ola bilməyəcəkdi”

Yenixeber.org: Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində 60 milyona yaxın seçici iştirak edib. Səsvermə hüququ olan vətəndaşların 90 faizə yaxını seçkilərə qatılıb. Parlament seçkiləri hakim “Cümhur İttifaqı”nın üstünlüyü ilə başa çatsa da, prezident seçkilərinin taleyinə ikinci turda aydınlıq gələcək. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan üstünlük qazansa da, 50 faizlik baryeri aşa bilməyib. İkinci turda o, “Millət İttifaqı”nın namizədi Kamal Kılıcdaroğlu ilə mübarizə aparacaq.

Bu arada seçkilərin birinci turunda 5,2 faiz səs toplayaraq məğlub olan “ATA İttifaqı”nın namizədi Sinan Oğan mayın 28-də keçiriləcək seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib. O bildirib ki, mövcud şəraitdə ən doğru addım budur və məhz bu səbəbdən belə bir qərar verib.

İddialara görə, Sinan Oğanın qərarı elə də ciddi əhəmiyyət kəsb etmir. Analitiklərə görə, “Cümhur İttifaqı” birinci turdaca seçkilərin taleyini həll edib və ikinci turdakı nəticələr artıq məlumdur.

Politoloq Elxan Şahinoğlu mövzunu şərhində deyib ki, Oğana verilən səslərin hamısı “ATA İttifaqı”ndan daxil olmayıb: “Burada həm “Cümhur”, həm də “Millət” ittifaqlarının namizədlərinə, Ərdoğan və Kılıcdaroğluna etimad göstərməyən, habelə Məhərrəm İncənin seçki yarışmasından çəkilməsi səbəbindən ona veriləsi səslər də var. Siyasətdə dəqiq proqnoz vermək mümkün deyil. Yəni, hesab etmək ki, Sinan Oğan beş faiz səs toplayıb və bu elektorat mütləq şəkildə onun dəstəklədiyi namizədə yönələcək, bu, real deyil. Sinan Oğan hətta Kılıcdaroğlunu dəstəkləsəydi belə, bu, Ərdoğanın qələbəsinə mane olmayacaqdı”.

“Türkiyə müxalifəti seçkilərin birinci turunda məğlubiyyətə uğradı. Həm parlamenti itirdilər, həm də prezidentlik uğrunda yarışda geri qaldılar. Ərdoğan elan olunan nəticələrə görə, cüzi artıq səs yığsaydı, seçkilərin qalibi olacaqdı. O cür gərgin rəqabət şəraitində 49 faizdən artıq səs toplayan namizəd heç şübhəsiz ki, ikinci turda da qələbəsini təmin edəcək”, - deyə həmsöhbətimiz bildirib.

Analitikin fikrincə, Oğanın səsləri iki namizəd arasında bölünəcək: “Onun səsləri Ərdoğan ilə Kılıcdaroğlu arasında bölünəcək. Əgər Kılıcdaroğlu qələbə qazanmaq istəyirsə, bu halda birinci turda seçkiyə qatılmayan 8 milyon seçicinin seçkidə iştirakına nail olmalıdır. Mövcud şəraitdə isə müxalif elektoratın ikinci turda iştirak ehtimalları azalır. Böyük ümidlərlə seçkilərə qatılan “Altılı Masa” tərəfdarları fərqindədirlər ki, artıq məğlub olublar. Ərdoğan psixoloji qələbəsini təmin edib”.

“Bu baxımdan Sinan Oğan amili burada həlledici rol oynamır. Onun verəcəyi qərar seçkilərin nəticələrinə çox cüzi təsir edəcək. Ərdoğana dəstək qərarı isə psixoloji mənada daha çox əhəmiyyət kəsb edir. Artıq Türkiyə cəmiyyətində belə bir fikir formalaşıb ki, Ərdoğan həm prezident, həm də parlament seçkilərində qələbəsini təmin edib. Bundan sonra müxalifətin üstünlük qazanması çox çətin görünür”, - deyə Şahinoğlu vurğulayıb.

Siyasi şərhçi Natiq Miri Sinan Oğan amilinə çox ciddi önəm verilməsi ilə razılaşmadığını söyləyib: “Son seçkilərdə nüfuz qazansa da, onun rolu şişirdilir - həm Azərbaycanda, həm də Türkiyədə. Birmənalı şəkildə söyləmək olar ki, Oğanın seçkilərin birinci turunda qazandığı təxminən beş faizlik səs təkcə onun özünə verilmiş səslər deyil. Məlumdur ki, Oğan millətçi kəsimə aiddir və Milliyətçi Hərəkat Partiyasının (MHP) Ərdoğanı dəstəkləməsindən sonra bu kəsimə aid seçicilərin bir qismi ona etimad göstərib”.

“Yəni, göründüyü kimi, millətçi seçicilərin bəlli bir qismi Ərdoğanı dəstəkləmək istəmədi və Oğan ona dəstək verməsi belə, həmin seçicilərin qərarına təsir etməyəcək. Onlar ya seçkiyə qatılmaycaq, ya da Kılıcdaroğluna etimad göstərəcəklər. Bu dəstək daha çox mənəvi-psixoloji məna kəsb edir və ictimaiyyət arasında Ərdoğanın qələbə ovqatını artırmağa xidmət edir”, - deyə müsahibimiz mövqeyini əsaslandırıb.

Əlavə edib ki, seçkilərin ikinci turunun nəticələri məlumdur: “Parlamentdə “Cümhur İttifaqı” yarıdan çox üstünlük qazandı. Bu, ciddi nəticədir. O deməkdir ki, hakim qüvvə qanunların qəbulu məsələsində də çoxluqdadır. Türkiyənin siyasi tarixinə nəzər salsaq, görərik ki, Prezident kim seçilirsə, parlamentə də o nəzarət edir. Əks halda siyasi xaos yaranar, ölkənin idarə olunmasında problemlər ortaya çıxar. Bunu türkiyəli seçicilər də nəzərə alırlar”.

“Digər yandan, Ərdoğan elan olunan nəticələrə görə, ikinci tura qalsa da, birinci turda əhəmiyyətli üstünlük qazanıb. Hansı ki, birinci turda müxalifət daha fəal idi. Belə bir şəraitdə üstünlük qazanan namizədin ikinci turda məğlub olması az inandırıcıdır. Oğanın dəstəyi az əhəmiyyət kəsb edir. Yəni, hətta dəstək verməsəydi belə, Ərdoğan qalib gələcəkdi. Hadisələrin gedişatı seçkilərin yekunu ilə bağlı mülahizələr yürütməyə imkan verir. Yəqin ki, seçkilərin qalibi Ərdoğan olacaq”, - deyə Miri fikrini yekunlaşdırıb.(AYNA)

Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam