Politoloq: “Separatçılar başlarını itiriblər: getmək istəyirlər – Rusiya imkan vermir, qalmaq istəyirlər – Azərbaycanın addımlarından qorxurlar”
Yenixeber.org: Son iki gündə Azərbaycanın Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan Qarabağ ərazisində və Ermənistan-Azərbaycan şərti sərhədində hərbi vəziyyət gərginləşib. İki gün əvvəl yayılan görüntülərdə müşahidə edilir ki, Qarabağdakı erməni separatçılarının “ordusu” yeni təxribatlara hazırlaşır. Sülhməramlıların müşayiəti ilə silahlı terrorçu tör-töküntülər hərbi avtomobillərlə dislokasiya olunur, postdan-posta silah-sursat daşıyırlar.
Ekspertlərin qənaətincə, separatçı ünsürlər növbəti təxribata cəhd edə bilərlər. Eyni zamanda, məlumatlara görə, Xankəndidəki separatçılar arasında da qarşıdurma, bir-birini ittiham etmə, parçalanma halları müşahidə edilir.
Şərti sərhədə gəldikdə, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda qeyd edilir ki, mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.
“Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib. Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür. Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə məlumatda qeyd edilir.
Baş verənlər fonunda onu da diqqətdən yayındırmaq olmaz ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu bir daha bəyan edib. Paşinyan Avropa Şurasının İslandiyada keçirilən sammitində bəyan edib ki, Ermənistan Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü, Bakı isə öz növbəsində Ermənistanın 29,8 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıyır.
Ermənistan Baş nazirinin belə bəyanatı, ardınca isə sərhəddə növbəti təxribat, eyni zamanda sülhməramlıların müvəqqəti yerləşdiyi Qarabağdakı separatçıların təxribata hazırlıqları ortaya çoxlu suallar çıxarır.
Baş verənlərlə bağlı suallarımızı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik əvvəlcə Xankəndidəki separatçıların təxribat hazırlıqlarını dəyərləndirib və bildirib ki, burada “Rusiya izi” müşahidə edilir:
- İkinci Qarabağ müharibəsindən əvvəl separatçılar Ermənistan hakimiyyətinə bağlı idilər və İrəvanın direktivləri əsasında hərəkət edirdilər. Müharibədən sonra isə vəziyyət bir qədər dəyişib. Separatçılar artıq əmrləri Moskvadan alırlar. Rusiyanın hərbi-siyasi dairələrinin tapşırıqları yönündə separatçılar addım atırlar. Qarabağda nə baş verirsə, aydındır ki, burada Rusiyanın “barmağı” var. Məlumatlar var ki, qondarma rejimin həbsxanalarında olan ermənilər sərbəst buraxılır ki, “ordu” komplektləşdirilsin. Bu, birbaşa təxribata hazırlıqdır. Separatçıların bu addımı bir qədər də Rusiyanın Ukrayna müharibəsindəki addımlarına bənzəyir. Rusiya ordusu irəliləyə bilməyəndə “Vaqner” rəhbəri həbsxanaları gəzdi, sərbəstliyi müqabilində döyüşməyə razı olan məhkumları dəstəsinə qoşdu. Separatçılar da eyni üsuldan istifadə etmək istəyirlər.
- Separatçıların bu günlərdə təxribata əl atacaqları gözləniləndirmi?
- Əlbəttə, gözləniləndir və istisna deyil. Amma onlar yaxşı anlayırlar ki, bu təxribatlarının fəsadları ağır olacaq. Ümumiyyətlə, hesab edirəm ki, separatçılar başlarını itiriblər, nə etdiklərinin bəzən fərqinə də varmırlar. Görürsən ki, Xankəndidə yağışın altında azsaylı insanların iştirakı ilə mitinqlər keçirirlər, absurd şüarlar səsləndirirlər. Vardanyan ağlaşma qurub ki, Xankəndidən çıxa bilmir, amma “mübarizələrini davam etdirəcəklər”.
Bir növ nə etmək istədiklərini anlamırlar, yaxud da getmək istəyirlər - Rusiya imkan vermir, qalmaq istəyirlər - Azərbaycanın atacağı addımların fəsadlarını başa düşürlər. Bütün hallarda, Azərbaycan öz planlarını həyata keçirməli, növbəti addımları atmalıdır. Məsələn, hazırda Sərsəng su anbarı ekoloji fəlakət astanasındadır. Bu məsələni yoluna qoymaq üçün əməli addımlara keçilməlidir.
Görüntülərdə var ki, separatçıların silahlanmasına sülhməramlılar yardım göstərirlər. Bunu rəsmi Bakı Moskva ilə aydınlaşdırmalıdır. Sülhməramlı kontingentin komandanı Lentsov Bakıya çağırılmalıdır. İzah etsin ki, o avtomobillərdə nə daşınır, məqsəd nədir. Sülhməramlılar Azərbaycan ərazisində xidmət keçirlər axı. İzahat versinlər ki, məqsədləri nədir. Biz bütün təxribatlara hazırlıqlı olmalıyıq. Hərəkət edən anda dərhal başları əzilməlidir.
- Başqa bir məsələ də Xankəndidə separatçılar arasında nifaqın yaranmasıdır. David Babayan qondarma rejimin “dövlət naziri” olmaq iddiasındadır və orada mitinqlər keçirir. Bunda məqsəd nədir?
- Dediyim kimi, onlar başlarını itiriblər. “Hakimiyyət” uğrunda separatçıların savaşı da qaçılmaz ola bilər. Onu da qeyd edim ki, ola bilsin, separatçıların qarşıdurması Xankəndidə silahlı münaqişəyə səbəb olsun. Məlumdur ki, orada terrorçular nə qədər silah basdırıblar, əllərində bu imkan var. Bu anda da Azərbaycan Xankəndiyə giriş ssenarisinə hazır olmalıdır. Çünki ora Azərbaycan ərazisidir və özləri arasında vuruşsalar belə, Azərbaycan güc orqanları təhlükəsizliyi təmin etmək məqsədilə, orada səhman yaratmaq məqsədilə Xankəndiyə girməlidir.
- Liderlərin Brüssel görüşündə sülhlə bağlı müsbət mesajlar verildi. Eyni zamanda, Paşinyan İslandiyada bəyan etdi ki, Azərbaycanın 86.6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıyır. Bu, faktiki olaraq, Paşinyanın “Qarabağ Azərbaycandır!” deməsi anlamını verir. Belə bir vəziyyətdə ermənilərin yenidən təxribata əl atması bir qədər qəribə deyilmi?
- Paşinyanın bəyanatları sülh sazişi sənədində əıksini tapmalı və imzalanmalıdır. Görünür, bir çox problemlər var ki, Nikol desə də, bunu edə bilmir. Amma Azərbaycanın şərtləri var və bunlar qəbul olunmalıdır. Paşinyanın bundan əvvəl də oxşar bəyanatlar verib, amma oyunlarını da davam etdirib. Ola bilsin ki, zaman qazanmaq üçün yenidən eyni bəyanatları səsləndirir. Amma Azərbaycan buna imkan verməməlidir. Əldə olunan razılıqlar zaman uzanmadan həyata keçirilməlidir. Qarşıda xarici işlər nazirlərinin danışıqları Rusiyada davam edəcək. Eyni zamanda, liderlərin iyunun 1-də Kişnyovda növbəti görüşü gözlənilir. Ona qədər baş verən proseslər, istər sərhəddə, istərsə də Qarabağdakı vəziyyət mənzərənin aydınlaşmasına imkan verəcək.(AYNA)