Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Makron "zibillər hökmdarı"na çevrilir

Makron "zibillər hökmdarı"na çevrilir


Fransanın xarici siyasəti son illərdə misli görünməmiş tənəzzül yaşayır, Paris geosiyasi mövqelərini dalbadal itirir. Mərkəzi küçələri zibilxanalara çevrilmiş Parisin durumu diplomatiyada da təkrarlanır: bariz misal Fransanın Ermənistanla bağlı yürütdüyü siyasətdir. Nikol Paşinyan kimi geosiyasi tullantı, deyəsən, Makronun bölgədəki son ümididir.

Yenixeber.org:  Paris heç vaxt dünyanın ən təmiz və səliqəli şəhərlərindən biri olmayıb. İndisə Fransa paytaxtının küçələri az qala zibilxanaya çevrilib. Zibillər bu gün səhər yığılmağa başlanıb - şəhərin kommunal təsərrüfat departamentinin işçiləri Fransa hökumətinin ölkə parlamenti ilə məsləhətləşmədən və razılaşdırmadan martın 16-da qəbul etdiyi qərara etiraz edirlər.

Qərara görə, ölkə vətəndaşlarının təqaüd yaşı artırılıb.

Martın 16-dək Avropa İttifaqı ölkələri arasında Fransa ən aşağı (62 yaş) təqaüd yaşlarından biri olan ölkə kimi tanınırdı.

İndisə təqaüd yaşı 64-ə çatdırılıb.

Fransa artıq üç aydır vulkanı xatırladır: ölkənin elə bir şəhəri yoxdur ki, orada etiraz aksiyaları keçirilməsin.

Təqaüd yaşının artırılması barədə qanun layihəsinin martın 16-da ölkə parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəsi gözlənilirdi. Lakin Senatın təsdiqlədiyi layihə Assambleyada müzakirə edilmədi.

Sənəd təsdiqlənən kimi Fransadakı həmkarlar təşkilatları genişmiqyaslı etiraz aksiyalarına başladılar. Parisdəki mərkəzi "Place de la Concorde" meydanında isə ən böyük mitinq keçirildi. Aksiya iştirakçıları zibil qutularını yandırdılar, polislə əlbəyaxa oldular. Polis də onlara qarşı dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə etdi. Yüzlərlə insan tutuldu, onlarla parislini polis vəhşicəsinə döydü.

Yeni qanuna görə, bu ilin sentyabrın 1-dən etibarən hər il təqaüd yaşı 3 ay artırılacaq və 2030-cu ildə 64 yaşa çatdırılacaq. Bununla yanaşı, tam təqaüd almaq üçün fasiləsiz işləyərək ödəniş etməyin gərəkdiyi müddət 43 ilə çatdırılır. 43 illik iş stajı olmasa, Fransa vətəndaşı çox cüzi təqaüd alacaq.

Son sosioloji sorğuların nəticələrinə görə, fransalıların 71 faizi təqaüd islahatlarına görə ölkə hökumətinin və dövlət başçısı Emmanuel Makronun istefasını istəyir. Respondentlərin 65 faizi etiraz aksiyalarının mütləq davam etdirilməsinə zərurət duyulduğunu deyib.

Makron administrasiyasının yeganə problemi təqaüd islahatları olsaydı, Yelisey Sarayı rahat nəfəs ala bilərdi. Fəqət, ən ciddi problem xarici siyasətdəki uğursuzluqlar, fransız diplomatiyasının son illərdə məruz qaldığı, ardı-arası kəsilmək bilməyən geosiysi məğlubiyyətlərdir.

Fransızlar sosial şəbəkələrdə Emmanuel Makronu məhz geosiyasətdə və diplomatiyada məruz qaldığı uğursuzluqlara görə "Roi des déchets", yəni "Zibillər hökmdarı" adlandırmağa başlayıblar.

Rəsmi Parisin Latın Amerikası, Afrika, Cənub-Şərqi Asiya və Okeaniya ölkələrində, habelə postsovet məkanında indiyədək özünü səbatlı və dayanıqlı hiss etdiyi geosiyasi mövqeləri əldən çıxır.

Latın Amerikasında ABŞ və Çinə uduzan Fransa Afrikadakı mövqelərini müvəqqəti formalaşmış Çin-Rusiya tandeminə təhvil verməkdədir.

Cənub-Şərqi Asiyada fransızları Yaponiya, Çin və Sinqapur, Okeaniya regionunda Yaponiya, ABŞ, Britaniya və Avstraliya sıxışdırıb çıxarmaqdadır.

Postsovet məkanına gəldikdə isə, Fransanın nisbətən "rahat" diplomatiya yürütdüyü və ikitərəfli əlaqələrin intensivliyinə güvənərək müəyyən təsir imkanlarına malik olduğu iki ölkə vardı - Rusiya Federasiyası və Ermənistan.

Ukraynadakı hərbi əməliyyatlardan sonra kollektiv Qərbin formalaşdırdığı anti-Rusiya koalisiyasına qatılan Fransa ilkin dövrlərdə ehtiyatlı, hətta astagəl siyasət yürütsə də, Birləşmiş Ştatların təzyiqlərindən və Britaniya ilə Almaniyanın koalisiyada lider mövqe tutmaq planlarını bəyan etmələrindən sonra Paris könülsüz olsa da, Ukraynanın ən ciddi hərbi-texniki təminatçılarından birinə çevrilməli oldu.

Bu amil isə avtomatik olaraq Parislə Moskva arasındakı münasibətləri ifrat dərəcədə sərinləşdirdi.

Emmanuel Makron əgər 2022-ci ilədək Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinlə ən çox təmaslarda olan və danışıqlar aparan Qərb liderlərindən idisə, indi Kreml Parisin ünvanladığı messiclərin tam əksəriyyətini qulaqardına vurur.

Moskvanı anlamaq olar: qlobal geosiyasətdə maraqların rasional mühafizəsi, praqmatizm anlamlarını kimsə ləğv etmədiyindən Rusiya ona qarşı kəskin antipatik mövqe tutan dövlətin başçısı ilə heç bir halda əvvəlki münasibətləri hifz edə bilməz, etməyəcək də.

Ermənistana gəldikdə isə Fransanın ermənilərlə bağlı yürütdüyü siyasət 4 əsas trekdən ibarətdir:

1. Fransadakı erməni icmasının rəğbətini itirməmək

2. Cənubi Qafqazdakı proseslərdə təsir, iştirak və ani müdaxilə imkanlarına malik olmaq üçün Ermənistanla aktiv münasibətləri davam etdirmək

3. Azərbaycan-Türkiyə əlaqələrinə qarşı Ermənistan amilindən regional ünsür qismində istifadə etmək

4. Müxtəlif ölkələrdəki erməni icmalarının diaspor təşkilatlarından yararlanmaq üçün təmasların rutinləşməsinə imkan verməmək.

Fransadakı erməni icması mənsublarının sayı hazırda təqribi hesablamalara görə 420 min nəfərdir. Ermənilərin ən çox və kompakt yaşadıqları şəhərlər Paris, Marsel və Valensdir.

Emmanuel Makron sələflərindən fərqli olaraq, erməni icması ilə sporadik əlaqələrdən imtina edərək ən iri diaspor təşkilatlarından vasitəçi qismində istifadə edir. Bəhs etdiyimiz taktikada Ümumerməni Xeyriyyə İttifaqı (The Armenian General Benevolent Union, AGBU) əlahiddə yer tutur. Makron administrasiyası prezident, parlament və bələdiyyə seçkilərində məhz AGBU vasitəsilə ölkədəki ermənilərin çoxsaylı təşkilatlarına və cəmiyyətlərinə xitab edir, onlara vədlər və bəyanatlar ünvanlayır. Parisdə iqtidarlar dəyişsə də, Fransanın daxili siyasətində yerli erməni icması ilə bağlı davranış kodeksi dəyişməzdir: hakimiyyət Olimpinə yürüş edən istənilən namizəd şanslarını artırmaq və qələbə ehtimalını gücləndirmək üçün ermənilərin mövqelərini, tələblərini və istəklərini nəzərə alır. Məqsəd trivialdır: erməni seçicilərin səslərini "itirmək olmaz".

Cənubi Qafqazda Fransanın geosiyasi tərəfdaşı, strateji forpostu olaraq dəyərləndirilə biləcək yeganə ölkə Ermənistandır. Hər halda Emmanuel Makron belə düşünür, Yelisey Sarayı da ümid edir.

Azərbaycan, Türkiyə və İsrail arasında əlaqələrin sürətlə güclənməsi, təmasların miqyasının və tərəfdaşlığın sahələrinin artması Fransanı narahat edir. Məsələ Fransa daxilində antitürk və antisemit təmayüllərin güclü olmasında, ksenofobiya və islamofobiyanın Fransada az qala rutinləşməsində, yaxud Parisin Bakı-Ankara-Təl-Əviv geosiyasi triosundan təlaşında deyil. Makron administrasiyasındakı analitiklərin fikrincə, Azərbaycan, Türkiyə və İsrail arasında əlaqələrin fəallaşması Parisin bölgədəki maraqlarına birbaşa zərbədir, çünki bu təmaslar sonradan Böyük Britaniya və ABŞ-ın regiondakı proseslərə təsir imkanlarını da artıracaq. Makronun imkanları olsaydı, o, mütləq şəkildə İran İslam Respublikası ilə də əməkdaşlıq edərək Cənubi Qafqazda situativ tərəfdaş rolunu oynayırdı. Amma Qərbin İranla bağlı mövqeyi Parisə bəzi xülyalarını reallığa çevirməyə imkan vermir. Məhz bu səbəbdən Fransa ən müxtəlif istiqamətlərdə, marşrutlarda və müstəvilərdə Ermənistana "dəstək" verir, Frankofoniya Birliyindən tutmuş, BMT Təhlükəsizlik Şurasına qədər ermənilərin faktiki "hami"sinə və "vəkil"inə çevrilir.

Amma bu siyasət Fransaya yaxın və orta perspektivdə heç bir dividend verməyəcək. Tam əksinə, Fransanı "hami və dost", "bacı" adlandıran Ermənistan situasiya qismən normallaşan kimi özünə yeni güvən yeri aramağa başlayacaq.

Ermənistan adlı süni dövlətin yaradılmasında müstəsna əməyi olan Rusiyanın indi baş nazir Nikol Paşinyanın lüğətində az qala "müstəmləkəçi ölkə" kimi qələmə verilməsi bir müddət sonra Fransanın da "erməniləri istismar etmiş ölkə" kimi tanıdılacağı ehtimalını artırır.

Rusiya ermənilərin və xüsusilə də Ermənistan rəhbərliyinin strategiyasını anladığından İrəvanla bağlı zəruri addımlar atmağa hazırlaşır. Parisin də gələcəkdə belə zərurət qarşısında qalacağı şübhəsizdir.

Azərbaycan-Türkiyə əlaqələrinə qarşı Ermənistandan istifadə edən və bu istiqamətdə fəallğını artıran Fransa yaxın müddətdə irəliləyişlər əldə etmək taktikasını gerçəkləşdirsə də, çox yanlış istiqamətdədir. Cənubi Qafqaz regionunun lideri olan Azərbaycanla münasibətləri sərinləşdirən Paris regionun superdövlətlərindən olan Türkiyə ilə də təmaslarda "buz dövrün"dədir.

Emmanuel Makron diplomatiyası gerçəkdən də Paris küçələrinin indiki vəziyyətini xatırladır.

Belədirsə, fransızların ona seçdikləri ləqəbə təəccüblənməyə dəyməz.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam