Redaktor seçimi
İsveç NATO-ya girmək istəmirmi? -
Qorxulu Tehran:
General İsmayıl Hüseynov bu sahədə monopoliya yaradır -
İkinci 44 günlük “savaş” -
75 şüşə konyak, 7500 dollarıq yəhər, oraq-çəkicli telefon –
Ziyəddin Əliyevin Avstriyada da biznesi aşkar edildi -
Azad edilən su ehtiyatlarını yenidən "işğal edənlər" -
Paşinyan Rusiyanı qovub, Qərbi gətirir -
Günün xəbəri

Avropa İttifaqı ermənilərin istədiyi qərarı verdi -Bakı nə edəcək, nə etməli...

Azərbaycan XİN İrəvana və havadarlarına xəbərdarlıq etdi, Moskva və Tehranın reaksiyası necə olacaq?; ekspert: “Bu missiya ancaq gərginlik ocağıdır...”

Yenixeber.org: “Avropa İttifaqının xarici işlər nazirləri "Qafqazda nizamlanmanın təşviqi" üçün Ermənistanda mülki missiyanın yaradılmasını təsdiqləyib". Bu barədə Aİ Şurasının bəyanatında deyilir. “Aİ Şurası Aİ-nin Ermənistanda Mülki Missiyasının (EUMA) yaradılması ilə bağlı razılığa gəlib. Onun vəzifəsi Ermənistanın sərhədyanı rayonlarında etimadı artırmaq və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına şərait yaratmaqdan ibarət olacaq”, - deyə rəsmi məlumatda bildirilir.

Qeyd edək ki, yanvarın 23-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvana birgünlük səfər edib. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar səfərinin məqsədi haqda Tvitterdə yazarkən vurğulayıb ki, “Laçın dəhlizi ətrafında vəziyyət kifayət qədər ciddidir və təcili həll yolları tapılmalıdır”. Ermənistanın müdafiə naziri Suren Papikyan isə bildirib ki, Toivo Klaarla görüşdə Laçın dəhlizi ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib. “Biz son regional hadisələri müzakirə etdik. Ümid edirik ki, Nazirlər Komitəsinin iclasında Aİ-nin yeni mülki müşahidə missiyasının Ermənistan ərazisinə göndərilməsi ilə bağlı qərar qəbul ediləcək”.

Xatırladaq ki, hələ yanvarın 17-də Avropa İttifaqı Ermənistan və Azərbaycan sərhədinə 200 nəfərdən ibarət uzunmüddətli (2 il müddətinə) missiya göndərmək niyyətində olduğunu bildirmişdi. 23 yanvarda Brüssel yekun qərarı qəbul etməklə erməniləri sevindimiş oldu. Bundan öncə “Turan” agentliyinin sorğusuna cavab olaraq Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsinin ofisindən bildirilmişdi ki, Ermənistan-Azərbaycan sərhədinə uzunmüddətli missiyanın göndərilməsi mümkündür. "Hazırda keçid planlaşdırması üzrə yardım qrupu fəaliyyətə başlayıb. O, regionda davamlı sülhə yardım etmək üçün Avropa İttifaqının Ermənistanda mümkün uzunmüddətli missiyası üçün zəmin yaradır", - deyə açıqlamada bildirilirdi.

Artıq rəsmi Bakı Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına reaksiya verib. “Yeni Müsavat” Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinə istinadən bildirir ki, rəsmi reaksiyada bildirilir: “Azərbaycan Aİ Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır. Belə bir fəaliyyətin, sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq. Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir. Azərbaycan tərəfi, Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir”.

Rəsmi Bakı xatırladır ki, Aİ-nin Ermənistan ərazisində monitorinq fəaliyyəti 6 oktyabr 2022-ci il tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan irəli gələrək mülki monitorinq missiyasının yerləşməsi ilə başlayıb: “Azərbaycan normallaşma prosesinə kömək göstərəcəyinə inanaraq, bu fəaliyyətin həyata keçirilməsinə razılıq verib. İki aylıq missiyanın dəqiq müəyyən edilmiş parametrlərinin və məqsədlərinin yüksək səviyyədə razılaşdırılmasına baxmayaraq, bəzi Aİ üzvü dövlətlərin qərəzli yanaşma sərgiləməsindən sonra monitorinq missiyasının fəaliyyətinin Praqada əldə edilmiş razılaşmalarla ciddi ziddiyyət təşkil etdiyi müşayiət olundu. Bu da öz növbəsində, Aİ çərçivəsində qərar qəbuletmə prosesinin etibarlılığı və şəffaflığı ilə bağlı ümumi etimada təsir etdi. Əslində isə Aİ-nin Ermənistanda monitorinq missiyasının mövcudluğu Ermənistan tərəfindən hər üç istiqamətdə normallaşma prosesini pozmaq cəhdlərinin artması, o cümlədən Azərbaycan, Ermənistan və Aİ Şurası liderlərinin üçtərəfli görüşünə əsassız ittihamlarla zərbə vurulması ilə üst-üstə düşdü. Beləliklə, Aİ missiyasının normallaşma gündəliyinin irəli aparılmasına töhfə verəcəyi ilə bağlı ilkin gözləntilər sarsıldı. Azərbaycan Aİ-nin Ermənistanda iki aylıq mülki missiyasının başa çatmasından sonra burada fəaliyyətini davam etdirmək marağında olmasını nəzərə alaraq, Aİ ilə məsləhətləşmələr zamanı xoş niyyətlə çıxış edib, habelə öz mövqeyini, gözləntilərini, narahatlıqlarını aydın və şəffaf şəkildə qarşı tərəfə çatdırıb. Azərbaycan tərəfindən Aİ nümayəndələri ilə müxtəlif səviyyələrdə keçirilmiş bir sıra məsləhətləşmələrdə Aİ-nin Ermənistanda missiyasının mövcudluğunun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırması üçün bəhanəyə çevrilməməsinin zəruriliyi bildirilib”.

Azərbaycan XİN sonda zəruri xəbərdarlığını edib: “Aİ missiyasının mövcudluğunun hazırkı dialoq mexanizmlərinə qarşı sui-istifadəsi təhlükəlidir və bundan çəkinilməlidir”.

Fransa Avropa İttifaqının (Aİ) Ermənistandakı yeni mülki missiyasında iştirak etməyə hazır olduğunu dərhal bəyan edib. Bu barədə Fransanın xarici işlər naziri Ketrin Kolonna Twitter səhifəsində yazıb.  “Bu, çox mühüm qərardır və Fransa bu Avropa missiyasında iştirak etməkdən məmnun olacaq” - nazir əlavə edib.

Məsələyə Rusiyanın reaksiyası bəllidir. Amma bu münasibət hələ Aİ missiyası ilə bağlı qərarın qəbulundan öncə bildirilmişdi. Qeyd edək ki, ötən həftə Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Avropa İttifaqı müşahidəçilərinin Ermənistana yerləşdirilməsi barədə mövqeyini açıqlayıb. “Müttəfiq olmağımıza, bu missiyanın tam hazır olmasına baxmayaraq, Ermənistan tərəfi Avropa İttifaqı ilə danışıqlara üstünlük verir ki, orada uzunmüddətli əsasda mülki müşahidəçilər missiyası yerləşsin. Yaxşı, bu, əslində Ermənistanın hüququdur, amma unutmaq olmaz ki, söhbət Azərbaycanla sərhəddən gedir və yəqin ki, bu missiya Azərbaycanın razılığı olmadan işə salınarsa, əks-nəticə verə bilər. Bu, sərhəddə inam yaratmaq əvəzinə, əlavə qıcıq yarada bilər”, - Lavrov bildirib. Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində Aİ-nin müşahidə missiyasının Bakı ilə razılaşdırılmalı olduğunu açıqlayıb: “Siz bunu necə uzadacaqsınız? Siz axı bu missiyanın göndərilməsini bizimlə razılaşdırmısınız. Nə üçün? Çünki bu, bizim sərhədimizin yanında olacaq. Necə ola bilər ki, bizimlə bu razılaşdırılmasın? Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi, siz də getməli idiniz öz yerlərinizə. Yəni bu, bizi aldatmaq deməkdir. Biz bundan sonra sizinlə necə işləyək, necə müzakirə aparaq? Ondan sonra rəsmən dekabrın 19-da missiyanın fəaliyyətini dayandırdılar. Amma dekabrın 20-də yeni missiya göndərdilər. Bu da, sadəcə olaraq, manipulyasiyadır. İndi yeni missiyanın nümayəndələri Ermənistandadır, orada yüksək vəzifəli şəxslərlə görüşlər keçirirlər. Bizdə olan məlumata görə, fevral ayında böyük heyətlə yenə də oraya göndəriləcəklər. Yenə də bizimlə razılaşdırılmadan”. Dövlət başçısı deyib ki, növbəti missiyanın göndərilməsi təhlükəsizliyi artırmayacaq, əksinə, bu danışıqlar formatı böyük sarsıntıya məruz qalacaq. Klaarın Ermənistandakı müzakirələri isə onu deməyə əsas verir ki, Aİ Bakının etirazlarına baxmayaraq, “sərhəd revizorları”nın göndərilməsinə tərəfdardır. Aydındır ki, Klaarı Bakıda çətin suallar gözləyir. Avropa qurumlarının Laçın yolundakı aksiyaya qərəzli münasibətindən tutmuş Bakının etirazına baxmayaraq, müşahidə missiyası göndərmək qərarını “arqumentləşdirməlidir”. Aİ-nin mövqeyi onu göstərir ki, onlar Bakı ilə anlaşmaqda maraqlı deyillər. Bəs Azərbaycanın “yox” dediyi missiyanın gəlməsinin Aİ-Azərbaycan münasibətlərinə hansı mənfi təsirləri olacaq?

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev

Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirdi ki, söhbət sərhəddən gedirsə, o halda şərti sərhədin haradan keçməsi mütləq şəkildə göstərilməlidir: “Çünki iki dövlət arasında delimitasiya və demarkasiya yoxdursa, Avropa missiyası bunu haradan götürür? Azərbaycanın razılığı olmadan onun sərhədlərində hansısa monitorinqin aparılması nə dərəcədə düzdür? Bu, sırf kəşfiyyat məlumatları toplamağa daha çox oxşayır. Məqsədin gərginliyin azaldılması kimi təqdim edilməsi də yanlışdır. Təsəvvür edin ki, bir neçə xarici dövlətin müxtəlif adlarla regiona göndərdiyi xüsusi xidmət orqanlarının nümayəndələri vizual kəşfiyyatla məşğul olur və bu da digər tərəfə heç də xoş olmayan addımdır. Hər hansı təxribat nəticəsində bu "müşahidəçilərin" biri yaralansa və ya həlak olsa, bunun cavabdehliyini kim daşıyacaq? Bu missiyanın gəlişi, əksinə, sülh prosesini dalana dirəyir və müqavilənin imzalanmasına mənfi təsir edir". A.Nağıyev qeyd etdi ki, bundan başqa, Ermənistan artıq açıq şəkildə Rusiyanın sülh missiyasına qarşı çıxır: “Məhz iki il müddətinə missiya gətirilmə planı da 2025-ci ilə qədərki dövrü əhatə edir və Rusiya sülhməramlılarının mandatının bitən vaxtıdır. Yəni rusiyalı sülhməramlılara bir alternativ yaratmaqla onların işini heçə endirirlər. Bu isə Rusiyanı qıcıqlandırmaya bilməz və Lavrovun da bəyanatında özünü göstərir. Çünki Ermənistanın bütün müəyyən edilən sərhədlərində Rusiya FTX-sinin Sərhəd Qoşunları durur və duracaqdır. Deməli, məqsəd həm də Rusiyaya qarşı yürüdülən bir siyasətdir. Bir müddət öncə də missiya gəldi və heç bir müsbətə doğru dəyişiklik olmadan getdi”. Deputatın fikrincə, Fransa cidd- cəhdlə məhz bu yolla regiona dönməyə çalışır və burada da Ermənistanın Türkiyə və Azərbaycanla yaxınlaşmasına əngəl törətmək niyyətindədir: “Praqa görüşündən sonra danışıqları pozan da Fransadır”. A.Nağıyev əlavə etdi ki, burada bir məqam da İranın mövqeyidir: “Necə ola bilər ki, adı "mülki", missiyası hərbi olan monitorinq qrupunun regiona, daha doğrusu, sərhədlərinə gəlməsinə belə sakit reaksiya verir və ya susur? Amma Zəngəzur dəhlizi məsələsi ortaya gəlirsə, tez qeyri- adekvat reaksiya verir? Deməli, Ermənistanla üst-üstə düşən ümumi maraqları var. İnandırıcı görünmür ki, Rusiya sussun. Bir sözlə, bu missiya ancaq gərginlik ocağıdır..."

Beləliklə, rəsmi Bakı münasibətini bildirdi. Görək Moskva və bugünlərdə İrəvanla “bacı” olduğunu rəsmiləşdirən Tehrandan hansı reaksiya gələcək...(musavat)

E.PAŞASOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam