Ermənistan 4-cü bənddən rəsmən imtina etdi! -Müharibə 45-ci günə keçə bilər
İrəvandan yeni həyasız bəyanatlar; kapitulyant ölkə 2-ci Qarabağ savaşından öncəki havaya köklənir...
Yenixeber.org: Sülhlə bağlı ifrat nikbin proqnozlara rəğmən, Azərbaycan-Ermənistan sülh müqaviləsi bu il də imzalanmayacaq. Bunun ən çox hansı tərəfə zərəri olacağı isə yəqin ki, qaranlıq deyil. Təbii ki, altını hələ də blokada şəraitində yaşayan, dünya okeanına çıxışı olmayan, yoxsul və “izqoy” Ermənistan çəkəcək. Zaman ötdükcə isə hayların gözləntilərinə rəğmən, Azərbaycanın mövqeyi nəinki yumşalmayacaq, əksinə, daha sərt olacaq.
“Ermənistanın Fransa və ABŞ-dan daha çox Türkiyə və Azərbaycana möhtacdır”.
Bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan sonra regiona sülh və firavanlıq gələcək və bundan hamı, ən çox da Ermənistan yararlana biləcək. “Çünki Ermənistan dənizə çıxışı olmayan, 3 milyon əhalisi olan kiçik bir ölkədir. Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi ən çox Ermənistanın inkişafına kömək edəcək”, - Kalın bildirib.
Əfsus ki, yaxşı-yamanını ayıra bilməyən Ermənistan rəhbərliyi, ümumən bu ölkənin siyasi kəsimi xəstə məfkurədən əl çəkə bilmir, hələ də öz xalqının xoşbəxtliyini uzaq və yanlış ünvanlarda - ABŞ-da, Fransada, Rusiyada axtarır. Halbuki o, lap yaxındadır. Gəl ki, “bəlkə də qaytardılar” xülyası, “miatsum” mərəzi mənfur qonşuları dağa-daşa salıb. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan kimi.
Srağagün o, Azərbaycanla sülh müqaviləsinin imzalanması perspektivindən danışarkən yenə də “köhnə”, hətta 44 günlük müharibədən öncəki “hava”nı çalıb.
Sitat: “Qarabağ məsələsi”nin sülh müqaviləsi ilə həll olunub-olunmayacağı, yaxud ayrıca beynəlxalq mexanizm yaradıb-yaratmayacağımız barədə hələlik yekun qərar yoxdur. Bilirsiniz ki, Vaşinqtonda mənimlə Azərbaycan prezidentinin köməkçisi arasında Ceyk Sallivanın təşkil etdiyi görüşdə Azərbaycan və Dağlıq Qarabağ üçün respublika ermənilərinin (oyuncaq qurum nəzərdə tutulur - red.) hüquq və təhlükəsizliyini müzakirə eləmək üçün beynəlxalq mexanizmin yaradılmasına dair razılıq əldə olunub. Bu mexanizmlə bağlı hələ də aydınlıq yoxdur. Bunu sülh sazişi çərçivəsində, yoxsa bu sənəddən kənarda edəcəyimizə dair heç bir aydınlıq yoxdur".
“Ermənistan hansı variantı dəstəkləyir” sualına isə Qriqoryan belə cavab verib: “İrəvan təhlükəsizlik təminatlarının yaradılmasının tərəfdarıdır ki, mexanizm yaradılsın, Dağlıq Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizliklə bağlı müzakirə aparılsın. Bu, həm sülh müqaviləsində, həm də digər beynəlxalq mexanizmlərdə təsbit edilə bilər”.
Göründüyü kimi, erməni rəsmisi nəinki mövcud olmayan Dağlıq Qarabağdan, “dqr”dən dəm vurur, üstəlik, onu sanki beynəlxalq hüququn subyekti kimi, Azərbaycana dəxli olmayan ərazi olaraq təqdim edir, sülh müqaviləsinə “artsax” bəndinin əlavə edilə biləcəyindən söz açır. Bakı ilə Xankəndi arasında “bərabərhüquqlu” danışıqların, həm də beynəlxalq mexanizm çərçivəsində (!) danışıqların vacibliyindən danışır. Guya Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Vaşinqtonda görüşdə bu barədə razılıq da əldə olunub.
Təbii ki, klassik erməni yalanıdır. Gözlənildiyi kimi, Hikmət Hacıyev bütün bunları dərhal təkzib edib və Qriqoryanın yalanını çıxarıb. Çünki Qarabağ Azərbaycanın daxili məsələsidir və dövlətimiz ərazisinin bir hissəsinin taleyini, suverenliyini heç kimlə müzakirə etməyəcək, buna hazırlaşmır da. Rəsmi Bakı yalnız erməni icmasının cinayətə bulaşmamış nümayəndələri ilə, o da öz vətəndaşları olaraq və Azərbaycan Konstitusiyası çərçivəsində, yəni onların Azərbaycan cəmiyyətinə inteqrasiyası yönündə danışa biləcəyini bəyan edib. Ən əsası, vasitəçisiz-filansız, heç bir beynəlxalq mexanizm olmadan. Bizə yeni “Minsk qrupları” lazım deyil!
*****
Ararat Mirzəyan
Xarici işlər naziri Ararat Mirzəyan isə eyni gündə, Armen Qriqoryandan geri qalmayaraq həyasızcasına bəyan edib ki, Ermənistanın “Dağlıq Qarabağ”da silahlı birləşməsi yoxdur, “artsax müdafiə ordusu” var o da sadəcə, “respublika sakinlərini fiziki məhv olmaqdan qorumaqla” məşğuldur.
“Bu gün ona (Qarabağdakı qanunsuz silahlı dəstələrə - red.) həmişəkindən daha çox ehtiyac var. Dağlıq Qarabağ ermənilərinin etnik təmizləmə təhlükəsi aradan qalxanda düşünürəm ki, Qarabağ erməniləri digər mümkün ssenariləri müzakirə edə biləcəklər. Lakin hazırda biz ancaq bunu qeyd edə bilərik ki, onların faktiki mövcudluğuna təhlükə var”, - XİN rəhbəri bildirib.
Bakı ilə sülh istəyindən əsər-əlamət olmayan, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlik, 10 noyabr (2020) üçtərəfli sənədindən imtina anlamı verən növbəti təxribatçı açıqlama. Hansı “Dağlıq Qarabağ”, hansı “artsax özünü müdafiə ordusu”? Bəs Ermənistanın imza atdığı kapitulyasiya sənədinin 4-cü bəndi? Harada ki, aydın şəkildə deyilir: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılmasına paralel olaraq yerləşdirilir”.
Mirzəyanın nəzərinə: bu sənədə separatçılar, mifik “artsax” yox, məhz Ermənistan imza atıb! İşğalçı ölkə kimi, uduzan tərəf kimi üzərinə konkret öhdəlik götürüb. O zaman XİON başçısı öz cəfəng iddiaları ilə kimi aldatmaq istəyir? Başlıcası, qanunsuz erməni quldur birləşmələri Qarabağda qalacaqdısa, onda Bakı niyə Rusiya hərbçilərinin öz ərazisində müvəqqəti yerləşməsinə icazə verib? Azərbaycan müharibəni o şərtlə dayandırıb ki, yerdə qalan torpaqlarımızdan silahlı quldurlar ya özləri xoşluqla çıxıb gedəcək, ya da onları ruslar tərksilah edəcəklər. İki ildir bunların heç biri baş vermirsə, Bakının bu anlaşmadan imtina edib müharibəni qaldığı yerdən davam etdirməyə tam haqqı çatır!
Azərbaycanın, onun silahlı qüvvələrinin səbrini təzədən sınağa çəkməyi qriqoryanlara, mirzəyanlara və onların mənsub olduğu topluma məsləhət görməzdik... “Müsavat”