İranda dinc insanlara qarşı təzyiq və təqiblər:dünya ayağa qalxıb
Avropa İttifaqı Məhsa Əmininin öldürülməsi və ümumölkə etirazlarının yatırılması ilə əlaqədar İranın 15 rəsmi şəxsi və 4 qurumuna ("Əxlaqi Təhlükəsizlik Polisi", "Bəsic-e Müstəzəfin", SEPAH kibermüdafiə qərargahı və İran polis komandanlığına) sanksiya tətbiq edib. Həmçinin əxlaq polisi qüvvələrinin rəhbəri Məhəmməd Rüstəmiyə, bu qurumun Tehran bölməsinin rəhbəri Hacı Əhməd Mirzəyiyə də sanksiya tətbiq olunub. Bundan əlavə, Britaniya Xarici İşlər Nazirliyi də əxlaq polisinin rəsmilərinə, SEPAH-ın Bəsic Qüvvələrinin rəhbəri Qulamrza Süleymaniyə, İran Polis Qüvvələrinin xüsusi bölməsinin komandiri Həsən Kərəmiyə və komandir Hüseyn Aştariyə sanksiya tətbiq edilib. İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə tvitində İrana qarşı etirazların yatırılmasına görə tətbiq edilən yeni sanksiyaları "hesablama xətası", "qeyri-konstruktiv" və "çoxlu yalan məlumatlara əsaslanan" adlandırıb.
Yenixeber.org: Almaniyanın qadın işləri naziri Liza Paus və G7-yə üzv ölkələrdəki həmkarları İran hökumətindən etirazçılara qarşı repressiya və zorakılığa son qoymasını istəyib. Fransanın xarici işlər naziri Ketrin Kolonna isə İslam Respublikasının iranlı etirazçılara qarşı zorakı repressiyasından dərin narahatlığını ifadə edərək, bir daha İranda nümayişçilərə qarşı amansız repressiyaları pisləyib. Nazir onların tələblərinin dəstəkləndiyini və məhbusların dərhal azad edilməsinin vacibliyini vurğulayıb. Qeyd edək ki, dünyanın 7 sənaye ölkəsi olan 7G ölkələrinin liderlərinə öz səfirlərini İrandan geri çağırmaq və İslam Respublikası rəsmilərini ölkədən çıxarmaq üçün onlayn kampaniya 200 min imza həddinə yaxınlaşıb.
Şahzadə Rza Pəhləvi İslam Respublikasının G7 ölkələrinin səfirlərinin ölkədən çıxarılması üçün internet kampaniyasına dəstək verib. Həmçinin "Human Rights Watch" təşkilatı İranın BMT-nin Qadınların Vəziyyəti üzrə Komissiyasından çıxarılmasını nəzərdə tutan qətnamə layihəsinin mətnini dərc edib. Bu təşkilatın icraçı direktoru Hill Noir İslam Respublikasının bu komissiyaya üzv olmasını “riyakarlığın zirvəsi” adlandırıb və ABŞ dövlət katibindən bu qətnaməni təqdim etməyi xahiş edib. Öz növbəsində BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bəyanat yayaraq İrandakı insan haqlarının vəziyyətindən son dərəcə narahat olduğunu bildirib. İran hökumətindən bu ölkədə bütün insan haqlarının pozulmasında əli olan məmurları məsuliyyətə cəlb etməyə çağırıb.
İrandakı etiraz aksiyaları ilə bağlı ilə ən çox bəyanat və dəstək verən ölkə ABŞ-dır. ABŞ Prezidenti Cozef Bayden deyib ki, İran hökuməti çox repressivdir:
"Məni həmçinin küçələrə axışaraq yaylığını çıxaran qadınlar heyrətə gətirib. Demək istəyirəm ki, bu, həqiqətən də inanılmazdır. Bilmənizi istəyirəm ki, biz həqiqətən də İranın cəsur vətəndaşları və qadınlarının yanındayıq”.
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri və BMT-dəki keçmiş səfiri Con Bolton neft-kimya kimi həyati əhəmiyyət kəsb edən sənayelərdə işçi tətillərinin başlanmasına toxunaraq, İranın hazırkı vəziyyətini Məhəmməd Rza Şah Pəhləvinin hakimiyyətinin son ili ilə müqayisə edib və Tehran hökumətinin çaşqın vəziyyətdə olduğunu bildirib. "Foreign Policy" jurnalında dərc olunan hesabatında Brenda Şaffer İranda müxtəlif etniklər və idarəçilik arasındakı əlaqəni araşdırıb, qeyri-fars xalqlar arasında narazılığın bu etirazları daha da artırdığını deyib. ABŞ İran hökumətinin qaya alpinisti Elnaz Rokabiyə qarşı davranışını da tənqid edib və bu ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Ned Prays deyib: “Dünya və İran xalqı onunla necə rəftar edildiyini seyr edəcək”.
İranın Seuldakı səfirliyi qarşısında koreyalılar etiraz aksiyası keçirib. Aksiyada “bişərəf” və “Qadın, həyat, azadlıq” şüarları səslənib. Bununla bağlı sosial şəbəkələrdə videolar yayılıb.
Güneyli alpinist Elnaz Rekabinin dırmanma üzrə çempionatın finalında hicabsız çıxışından sonra bir müddət yoxa çıxıb. Sözügedən aksiya ona edilən basqılardan və məcburi şəkildə İrana qaytarılması ilə bağlı xəbərlər yayılandan sonra keçirilib.
Kanadanın xarici işlər naziri Melani Colinin bəyanatında Kanada hakimiyyətinin İrana qarşı sanksiyalar siyahısına daha 6 şəxsin və 4 təşkilatın əlavə edildiyini bildirilib. Banqladeşli qadınların da iranlı qadınlara dəstək olaraq aksiya keçirdiyi bildirilib.
İran hökuməti etiraz aksiyaları ilə bağlı bir sıra tədbirlər həyata keçirib. Belə ki, İran Təhsil Nazirliyinin göstərişi ilə əksər məktəblərdən Ruhullah Xomeyni və Əli Xameneyinin foto və posterləri yığışdırılır. Bunun məktəblilərin adıçəkilən şəxslərin fotololarını yandırması, cırması və təhqir etməsinin qarşısını almaq üçün edildiyi deyilir. İran Polis Qüvvələrinin komandiri Hüseyn Əştəri isə Məhsa Əmininin ölümü və etiraz aksiyaları ilə bağlı tutduğu mövqeyinə görə Təbrizin millət vəkili Məsud Pezeşkiyanı məhkəməyə verib.
Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki nümayəndəsi Məsud Pezeşkiyan mediada verdiyi açıqlamalarda əxlaq polisi və hökumətin fəaliyyətini tənqid edib.
Qaşqay türklərinin media orqanı olan "Baydaq News" isə təhlükəsizlik məmurlarının Buşehr əyalətinin "Xəlic" Universitetinin tələbələri Leyli Həzrəti və Səba Rayani həbs etmələri barədə məlumat yayıb.
İslam Respublikasının təhlükəsizlik qüvvələri hazırkı etirazlar zamanı 14 xarici vətəndaşı həbs edib. Həmin şəxslər Amerika, Rusiya, Avstriya, Fransa, İngiltərə və Əfqanıstan kimi ölkələrin vətəndaşlarıdırlar.
Rəşt şəhərində baş tutan etiraz aksiyası zamanı isə hökumət məmurlarının etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə etdiyi, qarşıdurma yarandığı və bir neçə nəfərin yaralandığı bildirilir. Son məlumatlara əsasən hökumət qüvvələri kütləvi nümayişlər zamanı Kürdüstan əyalətində 14 nəfər, Qərbi Azərbaycan əyalətində isə 12 nəfəri güllələyərək öldürüblər. Həbslər barədə məlumat yayan təbrizli vəkil Sina Yusifinin özü də həbs edilib. Bir neçə gün bundan öncə o, son günlər baş verən və davam etməkdə olan etiraz aksiyaları zamanı Təbrizdə 1700 nəfərin həbs edildiyini bildirmişdi. Adıçəkilən vəkil son illər Cənubi Azərbaycanda mədəni fəalların həbsi, uşaqlara türkcə adların qoyulmasına qadağa və başqa məsələlərdə barədə davamlı fəaliyyət göstərən tanınmış vəkillərdən biridir.
İran İnsan Haqları Təşkilatının məlumatına görə, etiraz aksiyaları zamanı Zəncan əyalətində saxlanılan 290 nəfərin kimliyi dəqiqləşdirilib. Təşkilat Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərinin təhlükəsizlik təcridxanasında saxlanılan etnik ərəb işgəncə altında öldürüldüyünü xəbər verib. Əli Bəni Əsəd adlı 20 yaşlı gəncin təhlükəsizlik təcridxanasında bir həftə dindirilməsindən sonra onun ailəsinə övladlarının öldüyünü deyiblər...
Son günlər Şərqi Azərbaycan Məhkəmə Hüquqşünasları Assosiasiyasının sədr müavini Sina Yusifi, Qasım Budi və Əmir Mehdipur adlı vəkillər, həmçinin Urmiyada Şiva Kiyanfər, Rza Abdullahi Pirəlilu həbs ediliblər. Həmçinin Təbrizdə daha bir vəkil - Qasım Bodi həbs edilib. Assosiasiya məsələ ilə bağlı Şərqi Azərbaycan əyalətinin Məhkəmə Sisteminə müraciət edib və “vəkillərin yeri zindan deyil” həştəgi ilə tviterdə kampaniya başladıb. “Hengav” İnsan Hüquqları Təşkilatının məlumatında isə keçən həftə İlam etirazları zamanı İlamdan olan hökumət qüvvələri Məhəmməd Abdullahini saxlayıb. Onun işgəncələr nəticəsində dünyasını dəyişdiyi bildirilib. Sosial şəbəkələrdə yer alan görüntülərdə Yəzddə Hökumət qüvvələri daun sindromlu şəxsi yaraladığı məlum olub. Həmçinin “Jerusalem Post” qəzeti aksiyalar haqqında maraqlı bir məlumat paylaşıb. Nəşrin xəbərində İran hökumətinin ölkədə baş verən kütləvi nümayiş aksiyalarını yatırmaq üçün "Hizbullah" və “Həşd-Şəəbi” qruplaşmalarının xidmətindən istifadə etdiyi qeyd edilib.
Ümumilikdə İranda öldürülən etirazçı sayı 244 nəfərə çatıb. Bu barədə İran İnsan Haqları Təşkilatı yeni məlumatı açıqlayıb. Bununla yanaşı, öldürülənlər arasında 32 uşağın adının olduğu və ən azı 12500 nəfərin həbs edildiyi qeyd edilib. Həmçinin 43 insan haqları təşkilatı İranla bağlı BMT İnsan Haqları Şurasının fövqəladə iclasının çağırılmasını tələb edən birgə bəyanat imzalayıb.
Etiraz aksiyalarına hökumət təmsilçiləri biganə qalmayıb. Oktyabrın 18-də İran rəhbəri Əli Xameneyi etirazlara toxunaraq, öyrəncilərin dərsləri dayandırması və müəllimlərin onlara dəstək verməsini tənqid edib. Onun çıxışından sonra, tələbələr və narazı təhsil işçilərinə qarşı daha sərt tədbirlərin görüləcəyi ehtimal edilir. Həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan erməni həmkarı ilə keçirdiyi mətbuat konfransında İranda baş verən hadisələrə toxunub. Etiraz aksiyalarının mahiyyətini təhrif edən nazir Tehranın başqa rəsmiləri kimi nümayişçiləri "iğtişaşçı" və "terrorçu" adlandırıb. Xameneinin Şərqi Azərbaycandakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşim isə İslam Respublikasına qarşı ümummilli üsyana cavab olaraq deyib ki, İslam Respublikası qızlara ləyaqət bəxş edib və düşmənlər qadın məsələsini gündəmə gətirib İranda qadınların sıxışdırıldığını göstəriblər.
Ərdəbildə hökumət məmurlarının Ərdəbil şəhərinin qız məktəbinin şagirdlərinə hücumu zamanı 10 nəfər yaralanıb, 7 şagird isə həbs edilib. Əsra Pənahi adlı şagird də həmin etiraz aksiyaları zamanı öldürülüb. Bu hadisədən sonra İran futbolunun ərdəbilli əfsanəsi Əli Dayi sosial mediada paylaşım edərək Əsra Pənahi Xanqahın öldürüldüyünə dair xəbərin doğru olduğunu yazıb. O, Ərdəbilin İran parlamentindəki nümayəndəsinin çıxışına münasibət bildirib və onu xalqın deyil, hakimiyyətin maraqlarını qoruduğunu deyib. Bu səbəbdən SEPAH-ın "Cavan" adlı media orqanı Ə. Dayini ölümlə hədələyib.
Ərdəbil şəhərinin İran parlamentindəki nümayəndəsi höccətül-islam Seyid Kazım Musəvi Əsra Pənahi Xanqah barədə təhqiredici ifadələr işlədib. O, orta məktəbdə oxuyan yeniyetmə şagirdin ölümü barədə xəbərləri rədd edib və onun intihar etdiyini iddia edib. "Əsra Pənahi dərman içərək özünü öldürüb. Ümumiyyətlə, cəhənnəmə ki, o dərman içib intihar edib",- deyə, Musəvi İranın "Dideban" saytına müsahibəsində bildirib. Oktyabrın 17-də İran təhlükəsizlik məmurlarının təzyiqi və təhdidi nəticəsində Məhəmmədrza Pənahi Xanqah bacısının ürək çatışmazlığı səbəbindən öldüyü barədə məcburi açıqlama verməsindən bir neçə saat sonra intihar etməsinə dair məlumat yayılıb. İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Şurası öldürülən Ərdəbilli şagirdlə bağlı bəyanat yayıb. Bəyanatda Əsra Pənahi Xanqahın xəstəliyi barədə rejim rəsmilərinin iddialarının yalan olduğu bildirilib. (report)