Yenixeber.org: Türkiyənin “Baykar” şirkəti Ukraynada “Bayraktar” pilotsuz döyüş təyyarələrinin istehsalı üçün zavod tikməyi planlaşdırır. Bununla bağlı  ikitərəfli saziş Ukrayna hökuməti tərəfindən təsdiq edilib və ratifikasiya olunmaq üçün parlamentə göndərilib.

Bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar RBC-Ukraynaya açıqlamasında deyib.

“Cəmi bir həftə əvvəl hökumət zavodun tikintisinə dair ikitərəfli sazişi təsdiqlədi və onu ratifikasiya üçün parlamentə göndərdi”, – o deyib. 

“Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalçısı olan Türkiyənin “Baykar” şirkəti artıq Ukraynada qeydiyyatdan keçərək tikinti üçün torpaq sahəsi alıb.

Beləliklə, tezliklə Ukraynada qüsursuz reputasiyaya malik pilotsuz döyüş təyyarələrinin istehsalı üzrə Türkiyə zavodu tikiləcək. Bəs müharibə aparan ölkə üçün bu nə dərəcədə vacibdir? Bu təyyarələrin ölkənin ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə əhəmiyyətini necə qiymətləndirmək olar? Yəni, türk pilotsuz təyyarələrinin Ukraynada kütləvi istehsalı bu müharibənin gedişinə əhəmiyyətli dərəcədə təsir göstərə bilərmi? Bir məqam da maraqlıdır: Ukraynada belə bir zavodun tikilməsi Türkiyənin Rusiya ilə münasibətlərinə necə təsir göstərəcək? Onu da yaddan çıxarmayaq ki, Kremlin sözçüsü Dmitri Peskov Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz təyyarələrinin istehsalı uçun zavod yaradılarsa, dərhal məhv ediləcəyini bildirib.

“Strategiya XXI” Mərkəzinin (Ukrayna) hərbi eksperti Pavlo Lakiyçuk fikirlərini bizimlə bölüşüb:

“Baykar”ın planları yeni deyil. Xatırladım ki, hələ 2019-cu ilin avqustunda “Baykar” ilə Ukraynanın “Ukrspetsexport” dövlət şirkəti arasında birgə müəssisənin yaradılması haqqında memorandum imzalanıb. Yeni müəssisə “Qara dəniz Qalxanı” adlandırılmalıydı və planlaşdırılırdı ki, aerokosmik texnologiya və dəqiq silahların hazırlanması üzrə ixtisaslaşacaq. “Baykar” ilk şirkət idi. Eyni zamanda həm İsrail, həm də Amerika istehsalçıları ilə danışıqlar aparılırdı. Lakin siyasət iqtisadiyyatdan üstün oldu və “Baykar” Ukraynanı hücum dronları ilə təmin etməyə razılaşdı. Bundan əvvəl Türkiyə ilə danışıqlar dörd il davam etmişdi. Ukrayna tərəfinin Türkiyəni maraqlandıran perspektivli silah layihələrinə qoşulmağa hazır olması bu danışıqların başa çatmasına təkan verdi. Türkiyə tərəfini ilk növbədə aviasiya üçün qaz-turbin mühərriklərini hazırlayan və istehsal edən “Motor Siç” konserni və “FED” Xarkov təyyarə qurğuları istehsalçısı ilə əməkdaşlıq maraqlandırırdı.

Azərbaycanda 44 günlük müharibədən sonra olduğu kimi, Moskvanın Ukraynaya xəyanətkar təcavüzündən sonra “Baykar” azadlıq və müstəqillik uğrunda mübarizə aparan xalqa beynəlxalq dəstəyin simvollarından birinə çevrildi. Ukraynada “Baykar Makina” zavodunun tikintisi ilə bağlı razılaşma çoxdan gözlənilirdi və arzulanırdı. Müharibə, şəhər və kəndlərimizə raket hücumları bu planları şübhə altına aldı, lakin türk tərəfdaşlarımız onların öhdəsindən gəldi. Zavodun tikintisi ilə bağlı razılaşma tərəfdaşlarımızın Ukraynanın qələbəsinə inandıqlarını göstərən simvolik jestdir. Bunun üçün onlara minnətdarıq!

Aydındır ki, müəssisənin tikintisi bu gün başlamayacaq. Bu, Rusiya raketləri üçün bir nömrəli hədəf olardı. Düşmən sistemli şəkildə sənaye infrastrukturumuzu, ilk növbədə hərbi-sənaye kompleksinin müəssisələrini məhv etməyə çalışır. Bunun nəticəsində, Ukrayna hərbi əməliyyatlar dövründə təmir-istehsal müəssisələrini mümkün qədər tərəfdaş ölkələrin ərazisinə keçirməyə çalışır. Amma “Baykar” strateji baxımdan gələcəyə baxır. Ukraynada istehsal olunan “Bayraktar”lar yaxşı reklamdır və sərfəli investisiyadır. Düşünürəm ki, bu əməkdaşlıq təkcə “Bayraktar TB2”nin yığılması ilə məhdudlaşmayacaq. Növbədə yeni nəsil iki mühərrikli “Akıncı” əməliyyat-strateji kəşfiyyat və zərbə PUA-sıdır.

“Bayraktar”lar isə artıq həm quruda, həm də dənizdə kəşfiyyat və zərbə kompleksinin əvəzsiz elementi kimi özlərini təsdiq ediblər. Hamı “Moskva” raket kreyserinin məhv edilməsi, İlan adasının azad olunması, quruda və dənizdə qazanılan digər qələbələrdə “Bayraktar”ların əvəzolunmaz rolunu bilir. Ukrayna tərəfi PUA-lardan istifadənin effektivliyi barədə məlumatı istehsalçı şirkəti ilə bölüşür, şirkətin mühəndisləri isə operativ şəkildə təyyarənin konstruksiyasında lazımi təkmilləşdirmələri həyata keçirir və onu mükəmməlləşdirirlər.

Bəs Rusiya? Türkiyə 2020-ci ildə regionda təhlükəsizliyin və ədalətin qorunmasında liderliyi öz üzərinə götürməyə hazır olması qətiyyətini Rusiyaya nümayiş etdirdi. İmperiya ambisiyası olan Moskva isə bunu həzm etmək məcburiyyətində qaldı. Bu günlərdə Qarabağda həyata keçirilən “Qisas” əməliyyatı da bunun nümayişidir.

Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq! Biz Azərbaycan ordusuna inanırıq!(pressklub)

Rauf Orucov