“Qarabağ mövzusu gündəmdən çıxacaq, yerinə Zəngəzur mövzusu gələcək” -Sabiq nazirdən ŞOK AÇIQLAMALAR
Tofiq Zülfüqarov: “Avropa Zəngəzur dəhlizi məsələsində erməniləri dəstəkləyəcək”
Yenixeber.org: Bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir. Müsahibimizlə Qarabağ ətrafında gedən proseslər və digər məsələlərlə bağlı söhbət etdik.
- Tofiq bəy, yeni Laçın yolu ətrafında proseslər qızışır. Ermənilərin də müqavimət cəhdləri artmaqdadır. Sizcə, proses nə qədər çəkəcək?
- Burada əsas olan odur ki, Türkiyə-Azərbaycan münasibətlərində hamımızın ürəyincə olan bir format formalaşıb. Nəticədə bir çox məsələləri həll etməyə yaxınıq. Rusiya ilə əlaqələr də belə bir görüntü var ki, 10 noyabrda götürülən öhdəliklər məcburən də olsa həyata keçiriləcək. Bu öhdəliklər sırasında əsas olanlardan biri erməni qanunsuz hərbi birləşmələrinin oradan çıxarılmasıdır. Qarabağda yerli erməni əhalisindən 20-25 min qalıb. Onlar hansı dərəcədə polis, ordu təşkil edə bilər? Qalan həmin ermənilərin o yerlərdə yaşamağı indiki vəziyyətdə mümkün görünmür. Bu mövzu nə birdəfəlik bağlıdır, nə də açıq. Bəllidir ki, vaxtilə yaşadıqları həmin yerlərdəki kənd və qəsəbələrə Azərbaycan əhalisi qayıdacaq. Köhnə yolda bilirsiniz ki, rus sülməramlıları sədd çəkiblər və təhlükəsizliyə nəzarət edirlər. Azərbaycan tərəfi hər zaman gündəmə gətirir ki, həmin yerlərdə bizim qurumlar mütləq olmalıdır. Sərhədçilərimiz fəaliyyət göstərməlidir. 10 noyabr bəyanatında göstərilir ki, orada müddətsiz olaraq nəzarəti rus sərhədçiləri həyata keçirəcək. Amma hesab edirəm ki, orada nəzarəti təmin edən hansısa sülhməramlıların kontingenti olmalıdır. Nəyə görə? Çünki 1992-ci ildə Rusiya və Ermənistan arasında bağlanmış sərhəd mövzusuna aid bir saziş əsasında bu nizamlanır. Orada demək olar ki, Azərbaycanın təsir etmək üçün əlində heç bir imkanları yoxdur. Bu da konfliktin bir hissəsidir deyə orada sülhməramlılar olsa, demək, onlar bu və ya digər şəkildə siyasi baxımdan Azərbaycanın da hansısa formada maraqlarını təmin edən vəziyyət yaranacaq. Bütün bunlar çox aktual mövzulardır. Biz bunların hər birinə diqqət yetirməliyik.
- Yeni yolda gömrük-nəzarət postumuz olacaqmı?
- Sərhəd qanunlarına uyğun olaraq, orada hər bir şey olmalıdır. Sülhməramlılar nəzarət edə, təhlükəsizliyi qoruya bilərlər. Amma unutmaq olmaz ki, heç yerdə onların sərhəd funksiyalarını yerinə yetirmələri yazılmayıb. Yəni bu fərqli bir fəaliyyətdir. Gediş-gəlişin təhlükəsizliyə nə aidiyyəti var? Baxacağıq ki, kim gəlir, yaxud gedir.
- Brüsseldə 4-cü dəfə Əliyev-Paşinyan görüşü olacaq. Bu görüşdən əsas gözləntiləriniz nədir?
- Hazırda əsas problemlərdən biri Zəngəzur dəhlizidir. Burada geopolitik təzyiqlər də mövcuddur. Rusiya hazırda iqtisadi marağını Qərbdə deyil, cənub və şərqdə təmin etmək istəyir. Şərq deyəndə Çin, cənub deyəndə isə Türkiyə, İran və s. kimi ölkələr nəzərdə tutulur. Cənub istiqaməti onlar üçün çox aktualdır. Onların siyasi və iqtisadi aktivliyi bu istiqamətdədir. Əgər iqtisadi maraqlardan danışırıqsa, ən önəmli amil burada dəmir yoludur. Burada önəmli bir nöqtə də var. Bu da Zəngəzur dəhlizidir. Təbii ki, Qərb də bu dəhlizin bərpasını istəməz. Rusiya-Türkiyə, Rusiya-İran əlaqələri orada təmin olunacaq. Biz bunu istəyirik. Çünki milli maraqlarımıza uyğundur. İstər-istəməz bu proses gündəmə gəlir. Əgər bundan öncə Ermənistanı Rusiyaya ən çox bağlayan Qarabağ mövzusu idisə, indi görürük ki, gündəm Zəngəzur mövzusuna keçir. Təxminim budur ki, yuxarıda qeyd etdiyim proseslər nəticəsində yavaş-yavaş Qarabağ mövzusu gündəmdən çıxacaq və yerinə Zəngəzur mövzusu gələcək. Əvvəldən belə fikirlər səslənirdi ki, Avropa İttifaqı, Amerika texniki yardım göstərmək istəyir. Bu yardım isə öncəliklə kommunikasiyalar üçün nəzərdə tutulurdu. Bu görüşdə Zəngəzur dəhlizi əsaslardan biri olacaq. Yolların bərpası təklifinin də olması real görünür. Məsələn, Paşinyan deyə bilər ki, mən razıyam, Azərbaycan vətəndaşları belə gəlsin, elə getsin və s. Təxminən bu tipli söhbətləri gözləmək olar. Zəngəzur dəhlizi ilə bağlı olmasa da, digər mövzularda bizə mülayim münasibət göstərilə bilər. Avropa da Zəngəzur dəhlizi məsələsində erməniləri dəstəkləyəcək.
- Avqustun 25-nə qədər ermənilərə Laçından çıxmaq üçün vaxt verilib. Bir narahatlıq yaranıb ki, ermənilər prosesi yubada bilərlər. Bu ayın 25-də Laçın tam olaraq nəzarətimizdə olacaqmı?
- Narahatlıq təbiidir. Düşmənin necə bir düşmən olduğunu yaxşı bilirik. Onlardan hər şey gözləmək olar. Allah hərbçilərimizi qorusun.
- Bugünlərdə Azərbaycanın bir sıra dövlət qurumlarına, eləcə də banklarına qarşı kiberhücumlar həyata keçirilir. Sizcə, bu, nədən qaynaqlanır?
- Bu barədə danışmaq bir qədər çətindir. Amma açığı inanmıram ki, bu, ermənilərin işidir. Çünki onların bu həmlələri etmək imkanları var, ya yox kimi sual ortada mövcuddur. Amma bir çox dairələri Zəngəzur mövzusu narahat edir. Bunları deyəndə isə bir çox səbəbləri nəzərdə tuturam. Düşünürəm ki, dəhliz mövzusu gündəmə gəldikcə bizə qarşı istər-istəməz fəaliyyət göstəriləcək. Londonda səfirliyimizə olan hücum və son günlərdə baş verən bir sıra hadisələr təsadüfi sayıla bilməz.
- Rusiya-Ukrayna savaşı uzanır. Sanki müharibə uzandıqca dünya gündəmində arxa plana keçir. Razısınızmı?
- İctimai rəydə hər şeyə öyrəşmək kimi bir tendensiya mövcuddur. Mən köhnə mövqeyimin üzərində yenə dayanıram. Bəllidir ki, Ukrayna hərbi baxımdan vəziyyəti ciddi şəkildə dəyişə bilmədi. Hərbi əməliyyatlar davam etdikcə daha çox əraziləri kontrol etmək əldən çıxır. Qərbin “qidası” ilə Ukrayna müqavimət göstərməyə davam edir. Belə ölçülüb ki, Ukraynanın qələbəsi olmasın, sadəcə, məğlub da olmasın. Bunun üçün də silahlar verirlər. Burada görünür ki, bir çox oyunçular öz məqsədlərinə uyğun oyunlarını oynayırlar. Hələ ki Ukrayna üçün hərbi uğur görmürəm. O fikirlərlə razıyam ki, insan tələfatını, dağıntıları azaltmaq, siyasi öhdəliklərin olmaması üçün müvəqqəti olsa da, atəşkəs rejiminə nail olmaq lazımdır. Təxminən 1994-cü ildə bizim bağladığımız atəşkəs kimi. Biz o sənədə heç qol çəkməmişdik. Bu, sadəcə, bir razılaşma idi. Nəticə nə oldu? Bizə şərait yarandı ki, düşməni məğlub edək. Dediklərim düşünürəm ki, Ukrayna üçün ən uyğun çıxış yoludur.
- Bu arada Ukraynada “Bayraktar” PUA-larının istehsalı üçün zavodun tikintisi ilə bağlı Ali Radaya razılaşma göndərilib. Bunu Ukraynanın Türkiyədəki səfiri deyib. Bu, Türkiyə-Rusiya münasibətlərində təlatüm yaratmaz ki?
- Türkiyə-Rusiya münasibətlərində hər zaman müəyyən razılaşmalar mövcud olub. Anlaşılmazlıqlar tez aradan qalxıb. Baxar görək necə olacaq. Çox mürəkkəb vəziyyətdir. Çox sevinirəm ki, burada Azərbaycanın maraqları daim söz konusu olur. Son olaraq XIII Səfirlər Konfransını izlədik. Oradakı çıxışlar, xarici işlər nazirimizin türkiyəli həmkarı ilə görüşü onu göstərdi ki, Azərbaycanın maraqları Türkiyə üçün əsaslardan biridir.
- Londondakı Azərbaycan səfirliyinə hücumla bağlı nə deyə bilərsiniz? Saxlanılanların azadlığa buraxıldığı deyilir...
- Bu, onu göstərir ki, öncədən planlaşdırılmış hücum idi. Diplomatlarımıza ittihamlar səslənir. Amma unutmayaq ki, onlar başqa cür davransaydılar, yəni silaha əl atsaydılar, bəlkə də bu, müəyyən dairələrin əlinə işləyəcəkdi. Hələ ki vəziyyət tam bəlli deyil. Heç kəsi ittiham etməyək. Öz həmkarlarıma inanıram. Əminəm ki, onlar peşəkardırlar. Sonda nələrin olacağını gözləyək.
- Azərbaycan Prezidenti avqustun 9-da Ərdoğanın dəvəti ilə Türkiyəyə getdi. Sizcə, bu səfər nə ilə əlaqədar ola bilər?
- Yuxarıda müzakirə etdiyimiz mövzuların hamısı aktual idi. Əminəm ki, onlardan hər biri ətrafında görüşdə fikir mübadiləsi aparılacaq. Bizim üçün əsas olan müttəfiqlikdir. Azərbaycan olmayan yerdə Azərbaycan mövzusunu Türkiyə rəhbəri gündəmə gətirir, qardaş ölkə olmayan yerdə də bu mövzunu Azərbaycan Prezidenti gündəmə gətirir.
“Müsavat”