Yenixeber.org: Türkiyənin İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı qoyduğu vetonu aradan qaldırması çoxları tərəfindən Prezident Rəcəb Tayyib Ərdoğanın zəfəri kimi qiymətləndirilib. Belə bir rəy yaranıb ki, Türkiyə lideri bununla da terrorla mübarizədə məsələsində Qərbdən konkret güzəştlər əldə edib.

Bundan əlavə, qeyd edilir ki, Türkiyənin İsveç və Finlandiya ilə imzaladığı memorandum “Ankaranın can atdığı konkret addımlara gətirib çıxaracaq”. Bu, təhlükəli cinayətlərdə şübhəli bilinən terrorçuların ekstradisiyasına ümid yaradır.

O da məlumdur ki, ABŞ prezidenti Co Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO sammitində keçirdikləri görüş çərçivəsində Ankaraya F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər.

NTV isə xəbər verir ki, Ağ Evdən gələn məlumata görə, Amerika lideri danışıqlar zamanı türkiyəli həmkarına müvafiq sazişin Konqresdən keçməsi üçün səy göstərəcəyi ilə bağlı vəd edib.

Söhbət F-16 Block 70 tipli 40 yeni qırıcıdan və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir. Ağ Evdən verilən rəsmi açıqlamalara görə, Bayden və Ərdoğan həqiqətən də Ankaraya F-16-ların verilməsi məsələsini müzakirə ediblər. Amma  ABŞ prezidenti administrasiyası Baydenin hansısa vədi verməsini hələ təsdiqləməyib.

Eyni zamanda, bir sıra Avropa KİV-ləri Türkiyə üçün Amerika qırıcılarının verilməsi məsələsi ilə və Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olmasına qoyduğu vetonu geri götürməsinin bağlı olduğunu qeyd edirlər. Guya ki, Türkiyə tərəfi ABŞ-ın bilavasitə iştirakı ilə aparılan danışıqlar zamanı Stokholm və Helsinki ilə mübahisələri həll etdikdən sonra bu addımı atıb. Amma Vaşinqton iddia edir ki, iki şimal dövlətinin NATO-ya üzvlüyünü dəstəkləmək müqabilində Türkiyəyə heç nə vəd olunmayıb.

Aydındır ki, əgər Ankara sərt mövqeyini birdən-birə belə kəskin şəkildə dəyişibsə, Madriddəki sammitdə ona nəsə vəd ediblər. Bəs bu nə ola bilər və Türkiyə NATO-ya üzvlük ətrafında bu oyuna niyə başladı?

Suallarımızı ukraynalı analitik, Yaxın Şərq Araşdırmalar Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos cavablandırıb:

– Fikrimcə, Türkiyə mövqeyini ən sərt şəkildə ortaya qoyaraq, oyunu ən gərgin formada aparırdı. Əlbəttə, indi hər şey aşkar və məntiqli görünür, amma türklər və onların skandinaviyalı həmkarları arasında danışıqların yekun akkordlarına qədər intriqa sözün əsl mənasında maksimum dərəcədə qorunub saxlanılırdı. Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasının əhəmiyyətini düzgün qiymətləndirdi və onların təşkilata daxil olması üçün alyansın bütün üzvlərinin razılığını nəzərdə tutan prosedurdan maksimum yararlandı. Rusiyanın Ukraynaya təcavüzü şəraitində təşkilat üzvlərinin birliyini və Moskvadan gələn təhdidlərə vahid reaksiyanın vacibliyini ortaya qoyan Ərdoğan, prinsipcə əsas oyunçuların reaksiyasını düzgün qiymətləndirdi və yanılmadı.

Digər tərəfdən, Türkiyə liderinin fürsətçi davranışından artan narazılıq onunla əlaqələrin qırılması olmasa da, münasibətlərin ciddi şəkildə korlanması təhlükəsi yaradırdı. Amma Ankaranın alyansa üzvlüyünün vacibliyi və təşkilatın körpüləri yandırmağa hazır olmamasından çıxış edən NATO-nun baş katibi Yens Stoltenberq təmsil etdiyi Brüssel adından pozitiv nəticələrə ümid etdiyini nümayiş etdirdi.

Məlum olduğu kimi, əsas problem Türkiyənin liberal qanunvericilikdən istifadə edərək Finlandiyada və əsasən də İsveçdə sığınacaq tapmış kürd terrorçuların təhvil verilməsi tələbi idi. Müxtəlif rəqəmlər səsləndirilir, lakin görünür, tələblər tək-tək hallarla məhdudlaşmır. Artıq İsveç və Finlandiyanın guya bu tələblərlə razılaşdığına dair məlumatlar da var.

Bu arada, sazişin bu hissəsi ən problemli olaraq qalır. Məsələ ondadır ki, müqavilələrdə ekstradisiyanın avtomatik olaraq deyil, adları çəkilən şəxslərin yerləşdiyi ölkələrin qanuni prosedurlarına uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur. Bu, faktiki olaraq, təhvil vermə prosedurandan əlavə, bir sıra məhkəmə qərarlarını nəzərdə tutur və onlar Türkiyə hakimiyyətinin hazırlamalı olduğu materialların keyfiyyətindən asılıdır. Beləliklə, sonda heç bir nəticə verməyəcək uzun məhkəmə çəkişmələri ehtimal olunur. Anlamaq lazımdır ki, Türkiyədə və İsveçdə bir şəxsin xüsusən də siyasi zəmində məhkum edilməsi üçün əsaslar son dərəcə fərqli ola bilər. Formal olaraq nə İsveç, nə də Finlandiya bu şəkildə razılaşmaları pozmur, Ankaraya müsbət qərar çıxarılması üçün sübut toplamaq hüququ verir. Yeri gəlmişkən, Ankarada bu variant proqnozlaşdırılır və sazişin parlamentdə ratifikasiya edilməyəcəyi ilə hədələyirlər. Ancaq bu başqa məsələdir.

Türkiyənin Madriddəki hazırkı gündəmin kontekstindən kənara çıxmaması başqa bir sualı – Türkiyə-Rusiya münasibətlərini ortaya qoyur. Lavrovun NATO sammiti ərəfəsində baş tutan səfəri, çox güman ki, Ankaranın Moskvaya meyllənməsinin miqyasını araşdırmaq məqsədi daşıyırdı. Türklər üçün isə ruslar Suriyanın şimalında davam edən hərbi əməliyyata hazırlıq fonunda maraqlıdırlar. Nəticədə tərəflər öz mövqeyində qaldılar, Ankara əməliyyat üçün Moskvadan xeyir-dua almadı, amma Moskvadan Türkiyənin maraqlarına hörmət bəyanatını çıxartdı. Bu, hərbi əməliyyatlara başlamaq üçün kifayət deyil, amma heç olmasa hansısa irəliləyişdir.

Yuxarıdakıları ümumiləşdirərək deyə bilərik ki, türk diplomatiyası növbəti dəfə ən yüksək səviyyədə çıxış etdi və yaranmış vəziyyətdən maksimum yararlanmağa müvəffəq oldu. Bu da öz növbəsində fikir ayrılıqlarının aradan qaldırılması üçün alyans daxilində istifadə olunan vasitələrin effektivliyinə dəlalət edir. Əgər Türkiyə tərəfi ehtiyatlılıq nümayiş etdirərək növbəti demarşlardan imtina edərsə, o zaman vəziyyət bütövlükdə bütün tərəflərin razı qalacağı situasiyaya yaxın olacaq.(pressklub)