Laçın dəhlizinin statusu yenidən gündəmə gəlib. Azərbaycan Prezidenti İlham Əliyevin Fransa prezidentliyinə namizəd Valeri Pekressin Xankəndiyə səfərinə sərt reaksiyasına Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova cavab verib.
Yenixeber.org: Xatırladaq ki, Prezident yanvarın 12-də yerli telekanallara müsahibəsində bildirmişdi ki, Xankədiyə qanunsuz səfərlər Azərbaycanı qıcıqlandırır: “Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir”.
Mariya Zaxarova isə deyib: “Xatırladıram ki, 9 noyabr 2020-ci il bəyanatına əsasən Rusiya sülhməramlı kontingenti təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Bu bəyanatın 6-cı bəndinə uyğun olaraq, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətindədir. Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyini təmin edir. Sülhməramlı əməliyyatın keçirildiyi rayona səfərlərin, o cümlədən xarici vətəndaşlar və beynəlxalq təşkilat və missiya əməkdaşlarının səfərlərinin qaydası Rusiya sülhməramlı kontingenti komandanlığının səfərlər üçün qaydası ilə müəyyənləşir. Bu qayda Azərbaycan və Ermənistan tərəflərinə yaxşı məlumdur. Ayrıca olaraq belə səfərlər barədə Rusiya sülhməramlılarına əvvəlcədən və lazımi qaydada müraciət olunması nəzərdə tutulub”.
Rusiya XİN nümayəndəsinin istinad etdiyi 9 noyabr üçtərəfli bəyanatının 6-cı bəndində yazılıb:
“Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir”.
Bu bənddə, Zaxarovanın dediyi kimi, səfərlər qaydası ilə bağlı hər hansı cümlə yer almayıb. Amma o “qaydaların” hər iki tərəfə yaxşı məlum olmasından bəhs edir. Belə çıxır ki, atəşkəs bəyanatından əlavə razılaşdırılmış daha detallı bir sənəd var, amma onun mahiyyəti ictimaiyyətə açıqlanmayıb. Yaxud, Zaxarova hansısa şifahi razılaşmanın olduğuna eyham vurur.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, Mariya Zaxarova bilməlidir ki, BMT-nin qəbul etdiyi təcrübəyə əsasən, sülhməramlı əməliyyatlar, sülhə məcburetmə əməliyyatlarından fərqli olaraq, ev sahibi ölkənin suverenliyinə məhdudiyyət nəzərdə tutmur. O, əlavə edib ki, bu əməliyyat ancaq BMT Təhlükəsizlik Şurasının qərarı əsasında həyata keçirilə bilər:
“Bu o deməkdir ki, ölkəmizin dövlət sərhədi rejiminin və iqtisadi məkanın qorunması ilə bağlı qanunlarımız sülhməramlılara ötürülə bilməz. Onların vəzifəsi yalnız müvəqqəti məsuliyyət zonasında hüququn və nizamın qorunması, təhlükəsizlik funksiyası ilə məhdudlaşır”.
T.Zülfüqarov vurğulayıb ki, Fransa prezidentliyinə namizəd Valeri Perkessin Xankəndinə Rusiya Xarici Kəşfiyyatın kuratorları tərəfindən təşkil edilən səfəri qanunsuzdur və 9 noyabr bəyanatının məzmununa ziddir: “Əgər kimsə Fransada prezident seçkilərinə təsir etmək istəyirsə, bunu bizim suveren hüquqlarımızın pozulması hesabına etməsin!”
Qeyd edək ki, müharibədən sonra Laçın dəhlizində Azərbaycanın dövlət sərhədlərinə nəzarəti bərpa etməsi ölkə ictimaiyyətinin əsas tələblərindən biridir. Bu, Azərbaycanın suveren hüququdur, üçtərəfli razılaşma bu hüququ məhdudlaşdıra bilməz. Amma ötən ilyarımda Rusiya Laçın dəhlizindən separatçıların yenidən dirçəlməsi, məskunlaşması, habelə xarici əlaqələrinin təmin olunması üçün istifadə edib və bu zaman Bakının razılığını almağa ehtiyac duymayıb.
Prezident İlham Əliyev ötən il dekabrın 15-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü ərəfəsində Laçın dəhlizinin statusu məsələsini qaldırıb:
“Zəngəzur dəhlizi Laçın dəhlizi kimi olmalıdır. Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır. Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.
Prezidentin bu şərtinə Ermənistandan reaksiya belə olub ki, Zəngəzur dəhlizində gömrük və sərhəd nəzarəti mütləq təmin olunacaq. Yəni N.Paşinyan Laçın dəhlizi ilə Zəngəzur dəhlizinin statusunun bərabərləşdirilməsi ilə bağlı İlham Əliyevin təklifindən imtina edib. Beləliklə, topu Bakı və Moskvanın meydanına ötürüb. İndi Azərbaycan rəhbərliyi bu məsələni yenidən qaldırır və dərhal Moskvanın aqressiv müqaviməti ilə üzləşir.
Siyasi Menecmentlik İnstitutunun rəhbəri Azər Qasımlı bildirib ki, 9 noyabr bəyanatının altıncı bəndində Laçın dəhlizinin 3 il ərzində Azərbaycana qaytarılacağı yazılıb. “Onun əvəzinə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni dəhliz tikiləcək. Amma məsələ burasındadır ki, həmin maddədə yeni dəhlizin haradan keçəcəyi, onun kim tərəfindən çəkiləcəyi, pulunu kimin verəcəyi barədə heç bir informasiya yoxdur. Bu məslə tam açıq qalıb. Biz dəfələrlə 9 noyabr bəyanatını tənqid edərkən bildirmişik ki, bir sənəd imzalanırsa, orada boşluqların çox olması ancaq güclü tərəfin işinə yarayır. Çünki həmin tərəf boşluqlardan istifadə edərək, istədiyi maddəni istədiyi şəkildə şərh edəcək. Burada güclü tərəf Rusiyadır, Ermənistan isə sadəcə tərəfdir, bu məsələdə onu söz sahibi kimi təqdim etmək yanlışdır”,-ekspert qeyd edib.
Siyasi təhlilçi bildirir ki, hazırda Qarabağ problemi Azərbaycan və Rusiya arasında olan bir məsələdir. Çünki orada Rusiya sülhməramlı kontingenti yerləşir, amma beynəlxalq hüquqa görə Azərbaycan ərazisidir:
“İndi də Rusiya eyni qaydada bu boşluqdan istifadə edərək altıncı maddəni istədiyi kimi şərh edəcək. Belə ki, 3 il ərzində yeni dəhliz çəkilməyəcəksə, Laçın dəhlizi onların nəzarətində qalacaq. Ona görə də yeni dəhliz məsələsi həll olunmalıdr. Mən əsas problemi 9 noyabr bəyanatında görürəm. Əgər sülhməramlı qüvvələrin 5 il Qarabağda qalması və sülhyaradıcı missiyaya malik olması əks olunubsa, Zaxarova da ona istinad edərək hər şeyə özlərinin nəzarət etdiklərini deyir. Amma hüquqi olaraq Qarabağ Azərbaycan ərazisidir. Azərbaycan tərəfi də açıq şəkildə Rusiyaya deməlidir ki, sən burada sülhməramlısan, ona uyğun da davranmalısan. Bu o demək deyil ki, istədiyin adamı ora buraxa bilərsən, istədiyin obyektləri tikəcəksən, məskunlaşma aparacaqsan, bunların heç birinin sülhməramlı fəaliyyətə dəxli yoxdur”.
A.Qasımlı vurğulayır ki, belə şəraitin yaranmasında Azərbaycan hakimiyyəti günahkardır: “Əlbəttə, onlar bilirdilər ki, Rusiya qoşunlarını ölkənə buraxırsansa, onlar burada hər şeyə sahib olmağa çalışacaqlar, istədiklərini diktə edəcəklər. Çünki Rusiya hara girirsə, oradan çıxmaq istəmir, söz sahibi olmağa can atır. Rəsmi qurumları tanımır, bunu Moldovada, Gürcüstanda görmüşük. Qazaxıstanın, Ukraynanın başına gətirdiklərini də görürük. Bəs hakimiyyət deyirdi ki, Qarabağ münaqişəsi bitib, ərazi bütövlüyümüz bərpa olunub? Bəs indi niyə deyirlər ki, biz ora nəzarət edə bilmirik…”(pressklub)
Turqut