Azərbaycan İsraildə səfirlik aça bilərmi?-ŞƏRH
Son günlərdə sosial şəbəkələrdə İsraildə Azərbaycan səfirliyi açılması ilə bağlı ehtimallar görünməyə başlayıb.
Yenixeber.org: Bir il əvvəl Milli Məclisin deputatları da bu təkliflə çıxış etmişdi. Onlar bildirmişdilər ki, İsrail Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir və bu ölkədə səfirliyin açılması çox vacibdir.
Lakin İsrail səfirliyi Azərbaycanda hələ 1992-ci ildə açılsa da, Azərbaycan İsraildə öz diplomatik nümayəndəliyini açmağa tələsmir. Bu ilin iyul ayında İsraildə Azərbaycanın Ticarət və Turizm Nümayəndəlikləri açılıb.
İsrail Xarici İşlər Nazirliyi öz rəsmi açıqlamasında bunu daha bir tarixi hadisə adlandırıb. “Bu, yaxın vaxtlarda İsraildə Azərbaycan səfirliyinin açılmasına aparan yolda bir mərhələdir”, deyə açıqlamada qeyd edilir.
İsraildə Azərbaycan səfirliyi niyə hələ də açılmayıb? Yaxın zamanlarda bunu gözləmək olarmı?
Xarici İşlər Nazirliyindən bildirilib ki, İsraildə Azərbaycan səfirliyinin açılması ilə bağlı rəsmi xəbər olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov isə bildirib ki, son günlər bu məsələnin aktuallaşması təsadüfi deyil. “Çünki özümüzə mehriban qonşu dediyimiz İran tərəfindən Azərbaycana qarşı kəskin və anlaşılmayan münasibət, şübhəsiz ki, çoxsaylı suallar yaradır. Xüsusilə də İranın Azərbaycan sərhədlərində 30 il ərzində keçirilməyən hərbi təlimlərinin keçirilməsi, əzələ nümayişinə keçməsi, əlbəttə ki, Azərbaycan ictimaiyyətində də çoxlu suallar yaradıb”.
Komitə üzvünün sözlərinə görə, İran rəsmiləri son zamanlar Azərbaycanın öz sərhədlərinə İsraili gətirməsi ilə bağlı iftira yayırlar. “Prezidenti cənab İlham Əliyev də bu məsələyə aydınlıq gətirdi. Bildirdi ki, Ermənistan bütün yaşayış obyektlərimizi məhv edib, bura axı kim gələ bilər? Sübut gətirin. Sübut yoxdursa, bu, böhtan və iftiradır. İran Azərbaycanı İsraili sərhədlərə gətirməkdə ittiham edir, amma Azərbaycanın indiyə qədər İsraildə heç səfirliyi belə yoxdur. Özünə dost və qardaş dediyi Ermənistanın isə İsraildə səfirliyi fəaliyyət göstərir”.
O qeyd edib ki, belə olan halda Azərbaycan ictimaiyyəti bu məsələni daha çox müzakirə edir. “Söyləyirlər ki, Azərbaycanın İsraildə səfirliyi açılmalıdır. İctimaiyyəti də bu məsələdə başa düşmək olar. Biz heç bir zaman İsraildə səfirlik açmadıq və hesab etdik ki, İran bu məsələ ilə bağlı fərqli mövqedədir və belə bir addım atacağımız təqdirdə İran bunu onlara qarşı bir addım kimi qiymətləndirəcək. Belə yanaşmalar var idi”.
Lakin, onun sözlərinə görə, hazırda vəziyyət dəyişib. “İndi ictimaiyyətimiz deyir ki, İsrail dövləti Vətən müharibəsi dövründə Azərbaycana ən müasir silahları satmışdı və bizim silahla təminatımızda xeyli kömək etdi. İran isə həm müharibədən öncə, həm müharibə dövründə və müharibə bitdikdən sonra Ermənistana dəstək verir və Xankəndinə bir ay ərzində 60-a qədər maşınla yük göndərib”.
Nəsirov vurğulayıb ki, Azərbaycan İsraildə səfirliyini hələ açmayıb, amma artıq ölkəyə böhtan atırlar. “Belə bir vəziyyətdə hər bir dövlətin kimdə səfirliyini açması onun suveren hüququdur. İran indi Azərbaycan sərhədlərində dalbadal irimiqyaslı hərbi təlimlər keçirir və bildirir ki, bu, onun suveren hüququdur. Bizim ictimaiyyətimizin mövqeyi də belədir ki, İsraildə səfirliyimizin açılması bizim suveren hüququmuzdur və İrana qarşı yönəlməyib”.
Siyasi şərhçi Ərəstun Oruclu isə “Azadlıq Radiosu”na bildirib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsi çox qəribə məsələdir və uzun illərdir müzakirə olunur, amma ortada heç bir nəticə yoxdur. “Gah deyirlər ki, Ərəb Dövlətləri Liqası Azərbaycana beynəlxalq dəstək verən qurumlardandır və buna görə açmırlar, gah deyirlər ki, guya İran hansısa təzyiqlər göstərir. Çox qəribə bir vəziyyət alınır. Niyə İran Ermənistana, Gürcüstana həmin təzyiqləri göstərmir, axı, bu ölkələrin İsraildə səfirliyi var?”.
Onun fikrincə, bu gün bu mövzunun ortaya çıxması tamam başqa bir kontekstə aiddir. “Bu gün Azərbaycanda sanki İranı qıcıqlandırmağa bir start verilib. Əlbəttə ki, bunun başlıca səbəbi İranın davranışı və Azərbaycana münasibətidir. Amma bu, həmişə belə olub. Bu gün sadəcə o aqressiya bir az artıqdır”.
Ekspert deyir ki, səfirlik açmaq üçün hansısa ictimai müzakirələrə ehtiyac yoxdur. “Kiminsə razılığını almağa da ehtiyac yoxdur. Dövlət istəyirsə, gedir açır”.
Onun fikrincə, İsrailin Azərbaycanla və Azərbaycanın İsraillə xüsusi münasibətlər qurması ilk növbədə Rusiyanı narahat edir. “Çox güman ki, Rusiya imkan vermir bu səfirliyi açmağa. Çünki Rusiya İsrailin Azərbaycanla siyasi, hərbi, iqtisadi və ümumiyyətlə strateji əlaqələrinin inkişafında maraqlı deyil. Bu, Azərbaycanın Rusiyanın təsirindən çıxmasına gətirib çıxara bilər. Mən təsəvvür etmirəm ki, Azərbaycan İranın istəyi və ya diqtəsi ilə İsraildə səfirliyi açmasın. Bu, inandırıcı görünmür”.(Turan)