“SÜLH MÜQAVİLƏSİ İMZALANSA, 102-ci BAZAYA EHTİYAC QALMAYACAQ” –“Bu, Rusiya üçün ikinci zərbə olacaq...”
“Hazırda Rusiya faktoru prinsipial əhəmiyyət daşıyır. Hökumətin və onun sahiblərinin anti-Rusiya kampaniyası aparması da təsadüfi deyil...”
Yenixeber.org: Bu fikirləri Ermənistanın tanınmış hərbi ekspertlərindən olan David Camalyan İrəvanda keçirdiyi mətbuat konfransında söyləyib. Ekspert Nikol Paşinyan hökumətinin Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırıb, Rusiyanın regiondakı varlığını aradan qaldırmağa çalışdığını qeyd edib. Rusiya yanlısı kimi tanınan Camalyan həmçinin maraqlı etiraflar edib və bildirib ki, bütün iddiaların əksinə olaraq, Rusiya, əslində, Zəngəzur dəhlizinin açılmasında qətiyyən maraqlı deyil: “Rusiyanın ünvanına ittihamlar səsləndirilir ki, guya dəhlizi (Zəngəzur dəhlizi-red.) o vermək istəyir. Bu cür ittihamlar yersizdir. Bu, Rusiyaya heç cür sərf etmir, bunu geosiyasətdən azacıq anlayışı olan da başa düşür.”
Camalyan iddia edib ki, Paşinyan Azərbaycanla sülh sazişi imzalamaq və Gümrüdəki 102 saylı Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq niyyətindədir: “Sənədin (Sülh müqaviləsi-red.) imzalanmasından sonrakı növbəti addım Rusiya hərbi bazasının çıxarılması tələbi olacaq. Əgər sən hər şeyə qol çəkmisən və türklərlə dostlaşmısansa, hərbi baza öz mənasını itirir”.
Hərbi ekspert deyib ki, Rusiya ən azından öz maraqları xatirinə Zəngəzurun və Qarabağın qalan hissəsinin Azərbaycanın nəzarətinə keçməsini istəmir: “Hazırda Sünikin (Zəngəzur-red.) itirilməsinin qarşısını Rusiya alır. Lakin Rusiya faktorunu həddindən artıq böyütmək də doğru deyil. Çünki əgər ölkənin başında əraziləri təhvil verməyə çalışan biri durubsa, müttəfiqimizə nə qədər güvənsək də, o, heç nə edə bilməyəcək. Hər şeyi dövlətin başçısı həll edir”.
Nəhayət, ekspert sonda qeyd edib ki, Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalasa, fors-major situasiya yaranacaq: “Bu, Rusiya üçün ikinci zərbə olacaq. Rusiya və İran üçün birinci zərbə Arazboyu ərazilərin itirilməsi oldu...”
Camalyanın söylədiklərində həqiqət payı kifayət qədər yüksəkdir və bu fikirlər Rusiyanın Paşinyan hökumətinin varlığında maraqlı olmadığını bir daha təsdiqləyir. Elə bugünlərdə Robert Koçaryanın Rusiyanın hakim partiyasının dəvətilə Moskvaya çağırılması da təsadüfi deyildi və Paşinyan hökumətinə siqnal xarakteri daşıyırdı.
Həmçinin, göründüyü kimi, Rusiya yanlısı hərbi ekspert Moskvanın indiyə qədər zatən bəlli olan mövqeyini və maraqlarını açıq şəkildə dilə gətirib və bir daha göstərib ki, regionda sülhün, normal inkişafın qarşısını alan əsas qüvvə kimdir.
“azpolitika”