“Metsamor” Atom Elektrik Stansiyası (AES) çox köhnədir. Onun reaktorları qəzaya uğramış Çernobıl AES-dəki reaktorlarla eyni tipdədir. Yəni bunlar birinci nəsil reaktorlardır və hər an qəzaya uğraya bilər.
Yenixeber.org: Bu sözləri politoloq Qabil Hüseynli deyib.
Politoloq bildirib ki, “Metsamor” AES-də bir neçə dəfə yanğın hadisəsi olub ki, bunun da qarşısı böyük çətinliklə alınıb. Politoloq həm bu baxımdan, həm də stansiyanın seysmik bölgədə yerləşməsi səbəbindən “Metsamor” AES-i bölgə üçün təhlükə hesab edir: “Son dəfə Rusiya bəyanat verdi ki, guya ən təhlükəli olan hissələr təmirdən keçirilib, xüsusilə istilik daşıyıcısı boruları tamamilə yenilənib. Bütün bunlara baxmayaraq, reaktorlar qəzalı vəziyyətdədir, çox köhnədir. Üç reaktor var və hər üçündə də elektrik enerjisi istehsal olunur. Ümumiyyətlə, AES-lərin demək olar ki, böyük əksəriyyəti Avropada və digər ölkələrdə dayandırılıb, istehsalatda istifadə olunmur. Ancaq “Metsamor” AES dayansa, Ermənistan tamamilə elektriksiz qala bilər. Ona görə də hələ ki, buna getmirlər.
“Metsamor” AES bölgə üçün təhlükə mənbəyidir. Bura Türkiyənin sərhədlərindən cəmi 50 kilometr məsafədə yerləşir. Orada hansısa texniki qəza baş verərsə, dağıdıcı və partlayış gücü bir kənara, onun radiasiyası küləyin əsmə istiqamətindən asılı olmayaraq, 300-400 kilometrə qədər ərazidə böyük bir sahəni zəhərləyə, bütün canlıları, o cümlədən insanları məhv edər. Ona görə də bu köhnə texnologiyalı AES mütləq dayandırılmalıdır”.
Q.Hüseynli qeyd edib ki, Azərbaycan bir neçə dəfə “Metsamor” AES-in bağlanması ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə müraciət edib.
Görünən odur ki, bu müraciətlərin ortada heç bir nəticəsi yoxdur. Bununla yanaşı, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin zabitləri tərəfindən Kutaisi şəhərində iki nəfər saxlanılıb. Həmin şəxslər Am 241 radioaktiv maddəni Kutaisi şəhərində 300 min avroya satmağa çalışarkən həbs ediliblər.
Qabil Hüseynlinin sözlərinə görə, bu hadisə Ermənistanın “Metsamor” AES-in radioaktiv tullantılarını Gürcüstan ərazisində realizə etmək cəhdləridir ki, bu da qanunsuz fəaliyyət olmaqla yanaşı, həm də insanlığa qarşı böyük cinayət əməlidir:
“Burada ən ciddi fakt ondan ibarətdir ki, yanacaq kimi işlədilən təmizlənmiş saf uran elementi Rusiyadan gəlir. Əslində, texnologiya tələb edir ki, reaktorlarda istifadə edildikdən sonra onun qalıqları 50 metr dərinlikdə yer qazılaraq orada basdırılsın ki, radiasiya yaymasın. Bəzi ölkələr öz ərazisini çirkəndirməmək üçün hansısa ada dövlətindən icazə alaraq, ona ödəniş ödəyərək o dövlətin ərazisində basdırır. Ancaq ermənilər “Metsamor” AES-də yanacaq kimi istifadə edilən uranın hamısını stansiyanın lap yaxınlığında bir yerə toplayırlar. Bundan da həm “Metsamor” AES-in rəhbərliyi, həm də Ermənistandakı cinayətkar dəstələr çirkli uran qaçaqmalçılığında istifadə edirlər. Çünki elə ölkələr var ki, hələ də bundan ya təkrar yanacaq kimi istifadə edə bilərlər, ya da onun texnologiyasından yararlanaraq uranın saflaşmasında bunu bir nümunə kimi götürə bilərlər. Qonşu ölkələrdən bəziləri bu cür uranları almaqda maraqlıdır”.
Politoloq əlavə edib ki, Gürcüstanda saxlanılan şəxslər və son dərəcə böyük həcmdə uran elementinin daşıyıcısı olan maddənin ortaya çıxması göstərdi ki, Ermənistanda uran qaçaqmalçılığı bir seriya halına çevrilib: “Bu, mənim eşitdiyim dörd və ya beşinci hadisədir ki, Ermənistandan uranı qaçaqmalçılıq yolu ilə, özü də Gürcüstandakı bəzi kriminal elementlərlə birləşərək lazım olan ölkəyə daşıyırlar. Uran qaçaqmalçılığı artıq seriya halındadır və Ermənistandakı kriminal dairələrə xeyli gəlir gətirir. Gürcüstan da bu prosesdə ötürücü rolunu oynayır. Bir qayda olaraq müştəriləri gürcülər tapır, kimə satmaq lazımdırsa, əvvəlcədən onlarla danışırlar, behləşirlər və ondan sonra uran elementini ayrı-ayrı şəxslərə satırlar. Bu, çox təhlükəlidir. Məsələn, uran elementi hansısa kriminal dəstələrin əlinə keçə bilər ki, onu da bir şəhərə atsan, oranı tamamilə zəhərləyə bilər. Bu baxımdan çox qorxulu maddədir”.