Azərbaycana 100 milyon dollar, Ermənistana isə heç nə - erməni əsilli amerikalı siyasətçidən Pentaqona etiraz- VİDEO
ABŞ Konqresinin aşağı palatasının - Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Jackie Speier Birləşmiş Ştatların Müdafiə Nazirliyini Azərbaycan və Ermənistanın təhlükəsizliyi üçün ayrılmış yardımlarda pariteti saxlamağa çağırıb.
Yenixeber.org: Pentaqonun bu iki ölkə ilə bağlı yeritdiyi siyasətə etiraz edən xanım Jackie Speier Twitter hesabında belə yazıb: “Azərbaycan 200 erməni əsiri girov saxlayır, onlara dəhşətli işgəncələr verirlər. ABŞ bütün erməni əsirlərin azad edilıməsini tələb etməlidir. Şokedici şəkildə ABŞ Azərbaycana 100 milyon dollar yardım göndərir, Ermənistan isə 0 dollar verir. ABŞ Ermənistana və Azərbaycana yardım məsələsində pariteti saxlamalıdır!”
Jackie Speier
Bu barədə Ermənistanın “en.armradio.am” saytı xəbər yayıb.
Erməni lobbisinin əhatə dairəsində olan xanım siyasətçi deyib: “Bu gün ABŞ Müdafiə Nazirliyinə bu iki ölkəyə yanaşmadakı bərabərsizliklə bağlı etiraz etdim. Cavab qaneedici deyildi. Zorakılıq və qeyri-sabitlik ABŞ-ın maraqlarına cavab vermir. Azərbaycanı hərtərəfli hücumuna görə mükafatlandıra və erməni xalqına qarşı daha çox şiddətə imkan verə bilmərik”.
Rəsmi məlumata görə, Jackie Speierin atası Manfred Speier almandır. O, II Dünya Müharibəsindən sonra mühacir qismində ABŞ-a köçüb. Onun anası Nancy Kanchelian isə ermənidir. Avtobioqrafiyasında yazılıb ki, anası qızına uşaq vaxtından erməni genosidinin tanınmasının vacibliyini aşılayıb (Jackie Speier ist die Tochter eines deutschen Vaters, Manfred Speier, der nach dem Zweiten Weltkrieg in die USA immigrierte, und einer armenischen Mutter, Nancy Kanchelian, die ihr die Wichtigkeit der Anerkennung des Völkermords an den Armeniern näher brachte).
Jackie Speierin 2008-ci ilin aprelin 23-də Nümayəndələr Palatasında çıxışı var. Həmin çıxışda deyir ki, anamın hazırda 92 yaşı var. Türklər sülhpərvər erməniləri qırıblar. Bütün ermənilər, o cümlədən anam da ABŞ-ın erməni soyqırımını tanımasını gözləyir.
Bir şeyə də diqqət etmək gərəkir. Ermənistan mətbuatının yaydığı fotoda o, Ermənistanın və qondarma Dağlıq Qarabağ Respublikasının yanaşı qoyulmuş bayraqlarının qarşısında dayanıb.
Bir neçə dəfə bu məsələyə toxunmuşuq. Bəllidir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp erməni lobbisinin təkidli çağırışlarına məhəl qoymadı. Onun administrasiyası hər il Azərbaycanın müdafiə imkanlarının gücləndirilməsi üçün 100 milyon dollardan artıq vəsait ayırırdı. Ermənistana isə obrazlı şəkildə desək, qoz qabığı verdilər. Bu, Amerika Erməniləri Milli Komitəsini pis vəziyyətdə qoyurdu. Çünki onların Ermənistanın xeyrinə apardıqları lobbi fəaliyyəti bu situasiyanı dəyişmək gücündə deyildi.
Ancaq Co Bayden prezident seçildikdən sonra ermənilər xeyli ürəklənib. Elə adın çəkdiyim Amerika Erməniləri Milli Komitəsi hazırda ABŞ-ın Ermənistan və “Artsax” adlandırdıqları Dağlıq Qarabağa 100 milyon dollarlıq yardım etməsi üçün təbliğat kampaniyası aparırlar. Hələ ki, ortada elə bir nəticə yoxdur.
Onu da qeyd edək ki, Pentaqon ABŞ-ın milli maraqlarından çıxış edən təşkilatdır. Belə bir qurum hazırda ABŞ-la az qala, müharibə vəziyyətində olan Rusiyanın əlaltısı olan Ermənistana maddi dəstək verə bilərmi? Bu suala müsbət cavab vermək mümkünsüz görünür.
Amerika Erməniləri Milli Komitəsi sadəcə, ABŞ-dan ermənilər üçün dəstək almağa çalışmır, həm də rəsmi Vaşinqtonun Türkiyə və Azərbaycana iqtisadi sanksiyalar tətbiq etməsini təşviq edir.
Bir vaxtlar Azərbaycanın əleyhinə qəbul olunmuş bədnam “907-ci düzəliş”in müəlliflərindən olan Co Baydenə təzyiq etmək üçün erməni lobbisi hərəkətə keçib. Onlar Senatın Xarici Məsələlər üzrə sədri Robert Menendezanın vasitəsi ilə 37 ermənipərəst senatorun imzasını toplayaraq, Baydendən aprelin 24-də erməni genosidi iddiasını rəsmən tanımağı tələb ediblər. Həyat yoldaşı erməni olan Robert Menendeza həmin sənədi ötən ayın sonlarında Ağ Ev rəhbərinə göndərib.
Elbəyi Həsənli,
Sürix