“RUSİYA PAŞİNYANI DEVİRMƏK ÜÇÜN DÜYMƏNİ BASDI...” –“Baş nazir qarşılığında çox cəsarətli addım atdı“
Sülhəddin Əkbər: “Ordumuz Ermənistanda hadisələrin inkişafını diqqətlə izləməli və tam hazır vəziyyətdə olmalıdır”
Yenixeber.org: Fevralın 25-də Ermənistanda hərbçilər dövlət çevrilişinə cəhd edib. Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı xüsusi açıqlama ilə çıxış edərək, Baş nazir Nikol Paşinyanın dərhal istefa verməsini tələb edib. İşin maraqlı cəhəti odur ki, siyasi müxalifət də prosesə qoşularaq, İrəvan küçələrinə tökülüşdü. Elə Paşinyanın da ilk müqaviməti İrəvanda əsas küçələrdə yürüş keçirərək, tərəfdarlarını mülki hökuməti müdafiə etməyə çağırması oldu. Hələlik hərbçilər Nikol Paşinyan və komandasını yıxa bilməyib, amma proses davam edir.
Düşmən ölkədə baş verən hərbi-siyasi prosesləri bağlı Azad Demokratlar Partiyasının sədri, təhlükəsizlik üzrə mütəxəssis Sülhəddin Əkbərlə müzakirə edib.
Müsahibəni təqdim edirik:
- Sülhəddin bəy, fevralın 25-də Ermənistanda faktiki dövlət çevrilişi ssenarisi işə düşüb. Ermənistan Baş Qərargahı Baş nazir Paşinyandan dərhal istefa verməyi tələb etsə də, Paşinyan tərəfdarlarını küçələrə səslədi. İndi hərbi-siyasi vəziyyətin gərgin olduğu Ermənistandakı mövcud durumu necə şərh etmək olar?
- Əslində Ermənistanda baş verənlər məntiqi bir nəticənin başlanğıcıdır. Ümumiyyətlə, hər hansı bir ölkə müharibədən məğlubiyyətlə çıxırsa, həmin ölkənin məsuliyyət daşıyan rəhbərliyi cavabdeh olmalıdır. Nəzərə alsaq ki, Paşinyan xalq tərəfindən seçilən hökumət başçısıdır, təbii ki, xalq qarşısında da məsuliyyət daşımalıdır. Üstəlik, Paşinyan bəyan edib ki, bütün məsuliyyəti öz üzərinə götürüb. Amma buna baxmayaraq, biz Ermənistanda baş verən hadisələrin kütləvi hal almasını görmədik. 10 noyabrdan xeyli müddət keçib. Rusiyanın Ermənistandakı “5-ci kolonu”nun təmsilçiləri olan 17 partiyanın təşkil etdiyi müxalifət müharibədə tam məğlub olan bir hakimiyyəti devirə bilmədi. Bunun da başlıca səbəbi Paşinyanın demokratik yolla hakimiyyətə gəlməsi və hələ də xalq arasında kifayət qədər nüfuzunun olmasıdır. Bu yaxınlarda Ermənistanda keçirilən sorğuda rəyi soruşulanların 38 faizi hələ də Paşinyanı müdafiə etdiklərini bildirib.
İkincisi, burada siyasi məsələ də var. Konkret olaraq “Qarabağ klanı”nın Ermənistanda oynadığı siyasi roldan narazılıq, geopolitik faktor var. Demokratik dünyadakı erməni diasporası, xüsusilə ABŞ və Fransadakı diasporanın mövcud hakimiyyəti dəstəkləməsi məsələsi var. Xalqın müharibədən yorulması, böyük itkilərdən sonra müharibədən qorxması kimi məqamlar da nəzərə alınmalıdır.
Bir sözlə, Rusiya və onun Ermənistandakı “5-ci kolonu” gördü ki, dinc, kütləvi xalq etirazı ilə demokratik yolla seçilən, hələ də daxili və xarici dəstəyi olan Paşinyanı yıxa bilməyəcək. Rusiyanın “5-ci kolonu”nun siyasi qanadının gücünün yetmədiyini gördükdən sonra, hərbi qanadı işə saldılar. Yəni bundan sonra prosesi hərbi mərhələyə keçirməyə qərar verdilər. Heç kimə sirr deyil ki, Ermənistan Silahlı Qüvvələri bütövlükdə Rusiyanın nəzarətindədir. Bildiyiniz kimi, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür, ikitərəfli Ermənistan-Rusiya hərbi müttəfiqlik sazişi var və Ermənistanda iki Rusiya bazası var. Ermənistanın hava məkanı Rusiya tərəfindən qorunur və əslində Ermənistanda olan rus və erməni silahlı qüvvələri birləşdirilib. Onun birləşmiş komandanlığı da var. Yəni Ermənistanda olan ordu, bir növ rus ordusunun davamıdır. Bu baxımdan ötən gün Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının bütün heyəti - korpus komandanları daxil, Paşinyanın istefa verməsinə dair bəyanata imza atıblar. Sonradan bu bəyanat təkrar olundu. Əvvəl 61 yüksək çinli hərbçinin imzası var idi, sonra 71-ə qalxdı. Bu o deməkdir ki, Paşinyanın devrilməsi üçün Rusiya düyməni basıb, hərbçiləri işə saldı və Ermənistandakı ictimai-siyasi vəziyyəti öz lehinə dəyişmək üçün hərəkətə keçdi. İndi görək qarşı tərəfin - ABŞ və Avropanın, eləcə də Paşinyanın tərəfdarlarının cavabı necə olacaq. Yəqin ki, yaxın üç gün içərisində hər hansı bir fikir söyləmək mümkün olacaq. Ən azı üç gün prosesləri izləmək lazımdır. Hazırda Ermənistan prezidenti də gözləmə mövqeyi tutub. Baş nazirin Baş Qərargah rəisini azad etməsinə baxmayaraq, hələlik prezident onu işindən azad etmir. Görünür ki, Ermənistan prezidenti də proseslərin hansı istiqamətdə inkişaf edəcəyini gözləyir.
- Ancaq Paşinyan da sakit dayanmadı - hərbçilərin bu addımını dövlət çevrilişinə cəhd adlandırdı, tərəfdarlarını küçələrə çağırdı, özü də meydan oxuyurcasına İrəvan küçələrində dolaşdı...
- Bəli, Paşinyan çox cəsarətli hərəkət etdi. Mən prosesləri canlı izlədim. Öz hakimiyyətini qorumaq üçün çox cəsarətli addım atdı. Demokratik yolla seçilən hökumətlərin gücü xalqdır. Bu baxımdan Paşinyan düzgün hərəkət edir. Diqqət edirsinizsə, əlində səsgücləndirici ilə hərəkət edirdi və xalqı onun hakimiyyətini dəstəkləməyə çağırırdı.
- Əgər çevriliş qərarını Rusiya veribsə, bu halda Paşinyan hansı ana qədər müqavimət göstərə biləcək?
- Dediyim kimi, Ermənistan kiçik ölkədir, burada cəmiyyət də, dövlət strukturları da bölünüb. Yaxın üç gün ərzində qüvvələr nisbəti artıq aydın olacaq. O zaman bəlli fikir söyləmək olar. Hələlik tərəflər bir-birinə qarşı kəşfiyyat yoxlaması həyata keçirir, gedişlər edirlər. Biz də prosesi yaxından izləyirik. Yəqin ki, 72 saat ərzində konkret fikir söyləmək mümkün olacaq.
Amma Ermənistanın yeni mərhələyə daxil olduğunu deyə bilərik. Yəni Ermənistan həm tarixi-siyasi, həm də ictimai-siyasi inkişafında yeni mərhələyə daxil olub. Mən analizlərimdə daima vurğulayırdım ki, Azərbaycan Ermənistandakı böhranın ümumi xarakter almasına çalışmalıdır. İndi artıq Ermənistandakı böhran ümumi xarakter aldı. Yəni böhran Ermənistanın ictimai-siyasi həyatının bütün sahələrini əhatə etdi. Azərbaycanın hansısa strateji planı varsa, bunu həyata keçirmək üçün şərait yaranır. Azərbaycan artıq ən azından strateji manevr hərəkətləri edə bilər və etməlidir də. Çünki vəziyyətini daha əlverişli hala gətirmək üçün, hadisələrin hansı istiqamətdə inkişafından asılı olmayaraq, Ermənistan hakimiyyətinin mövqeyi indikindən güclü olacaq. İstər Rusiyanın, istərsə də Qərbin istəyi ilə hakimiyyət dəyişikliyi olsun. Bu halda yeni erməni hakimiyyətinin mövqeyi müharibədə məğlub olan və istefası tələb olunan hökumətdən nisbətən güclü olacaq.
Paşinyanın cəmiyyət arasında resursu kifayət qədərdir. Amma onun devrilməsi planı işə salınıbsa, burada sui-qəsdlər, terror hadisələri, hərbi çevriliş və ya qiyam ola bilər. Ona görə də hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi həm də tərəflərin resursunun necə olmasından asılıdır.
- Nikol Paşinyan hakimiyyətdə qaldığı halda necə?
- Bizim üçün ən uyğun və əlverişli vəziyyət Paşinyanın hakimiyyətdə qalmasıdır. Paşinyanın qalması bizim düşmənimizin - sürünən Ermənistanın uzun və hərtərəfli böhrana daxil olması deməkdir.
Paşinyanın hakimiyyətdə qaldığı təqdirdə onun güclənməsi də, ən azı yaxın perspektivdə real olmayacaq. Onun nə siyasi-hərbi, nə də sosial-iqtisadi baxımdan güclənməsi heç bir ekspert tərəfindən real hesab olunmur.
- Ermənistanda müşahidə olunan hərbi-siyasi gərginlik fonunda cəbhədə vəziyyətin gərginləşməsi ehtimalı varmı?
- Ola bilər. Ən azı təxribatlar ola bilər və bunun ehtimalı da yüksəkdir. Hər iki tərəf öz maraqları və mövqeləri baxımından, - mən Ermənistan və Rusiyanı nəzərdə tuturam, - belə təxribata gedə bilər. Başqa sözlə, hər iki tərəf öz maraqları istiqamətində hərəkət edə bilər. Biri Paşinyanın mövqeyini daha da zəiflətmək üçün təxribat yarada, Paşinyan tərəfi də “siz mübarizəyə qalxmısınız, halbuki ölkəni qorumaq lazımdır” deyə təxribatlara gedə bilər. Üstəlik, Xocalı soyqrımının növbəti ildönümü ərəfəsində ordumuz xüsusilə Ermənistanda hadisələrin inkişafını diqqətlə izləməli və tam hazır vəziyyətdə olmalıdır.
- Bir neçə gün əvvəl Paşinyana sui-qəsd edildiyi, hətta yaralandığı iddia edildi. Bundan əvvəl isə Paşinyana sui-qəsd edilə biləcəyinə dair erməni mediasında xəbərlər olub. Sizcə, bunlar xəbərdarlıqdırmı, sui-qəsd baş verə bilərmi?
- Məncə, o tip xəbərlər əslində bu gün baş verənlərin tərkib hissəsi, ictimai rəyi yoxlamaq və hazırlamaq məqsədilə edilirdi. Yəni psixoloji savaşın bir komponentidir.
- Necə hesab edirsiniz, Rusiya qəti olaraq Paşinyanı devirmək qərarını verib, yoxsa onu sadəcə qorxutmaq və daha müti vəziyyətə gətirmək niyyəti var?
- Bütün sualların cavabını tapmaq üçün bir qədər səbr etmək, prosesləri izləmək lazımdır. Nəzərə alın ki, biz orada olan qarşıdurma tərəflərinin planları haqqında məlumatsızıq. Bilmirik ki, sabah hansı addımlar atacaqlar. Odur ki, gözləmək lazımdır.
- Görünən budur ki, nə müxalifət hakimiyyət iddiasından əl çəkir, nə də Paşinyan iqtidardan getmək haqqında düşünür. Barışmazlıq açıq görünür. Ermənistanda vətəndaş müharibəsi başlaya bilərmi?
- Ola bilər. Çünki dinc etirazlar artıq hərbi müstəviyə keçid edib. İndi ön plana artıq Silahlı Qüvvələrin Baş Qərargahı çıxıb. Baş Qərargah rəisi başda olmaqla, Silahlı Qüvvələrin bütün rəhbərliyi Baş nazir və hökumətin istefasını tələb edir və bu tələblərini təkrarlayır.
- Amma incə bir məqam var. Ermənistan Müdafiə naziri ordunun hökumətə qarşı qiyamına dəstək vermir. Sizcə, niyə?
- Hələlik Müdafiə nazirinin adı çəkilmir. Prosesdə Baş Qərargah və bütövlükdə ordunun komandanlığı iştirak edir. Orduda da əsas qərargahdır. Bütün silahlı qüvvələrə də birbaşa onlar rəhbəlik edir. Ola bilsin ki, bir müddətdən sonra Müdafiə naziri də prosesə qoşulsun. İndiki halda Müdafiə nazirinin mövqeyindən çox şey asılı deyil. Nəzərə alın ki, beş korpusun hər biri, xüsusi qüvvələr daxil olmaqla, hamısı istefa tələb edənlərlə birlikdə hərəkət edir. Başqa sözlə, indi İrəvanda müxalifətçi rolunda Baş qərargah çıxış edir.
“azpolitika"