ERMƏNİLƏRİN XANKƏNDİNDƏ NÖVBƏTİ TƏXRİBATI... -Azərbaycanın cavabı necə olmalıdır?
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin müvəqqəti təsir zonasında olan ermənilər Xankəndində növbəti dəfə təxribatçı tədbir keşiriblər. Ermənilər Qarabağın dağlıq hissəində separatçılığa başlamalarının 33 illiyini qeyd ediblər.
Yenixeber.org: Rusiya sülhməramlıları da buna şərait yaradıb. Bu isə təbii ki, Azərbaycanda narazılıqla qarşılanıb. Bəs bu cür təxribatlara Azərbaycanın cavabı necə olmalıdır?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu musavat.com-a bildirib ki, Dağlıq Qarabağda separatçılığa başlamanın 33 illiyinin Xankəndində qeyd edilməsi haqlı olaraq Azərbaycanda narahatlıqla qarşılanıb: “Bu, təbiidir. Çünki biz müharibədə qələbə qazandıq və əgər Kremlin israrı olmasaydı, bu gün Xankəndi də Azərbaycan Ordusunun nəzarətində olacaqdı, separatçıların bölgədə izi-tozu qalmayacaqdı, ”separatçılığa başlama tarixini" də qeyd edə bilməyəcəkdilər. Ancaq təəssüf ki, bugünkü reallıq fərqli oldu və biz bundan çıxış edərək vəziyyəti dəyişməyə çalışmalıyıq. Əslində Ermənistandakı və Dağlıq Qarabağdakı ermənilərin gücü və taqətləri qalmayıb. Sadəcə, bu cür təxribatlarla “var olduqlarını” göstərməyə çalışırlar. Separatçılardan fərqli yanaşma gözləmək də əbəs olardı. Misal üçün, Dağlıq Qarabağdakı separatçılar hər il qeyd etdikləri “separatçılığa başlama tarixini” bu dəfə qeyd etməsəydilər, bu, o mənanı verəcəkdi ki, separatçılar Azərbaycanın gücü ilə barışıblar. Bundan da istifadə edən Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana daha böyük təzyiq edəcəkdi. Ancaq biz həm İrəvanı, həm də Moskvanı anlatlamalıyıq ki, Azərbaycan xalqının səbri ilə oynamasınlar, elə etməsinlər ki, “dəmir yumruq” yenidən aktuallaşsın. Biz elə etməliyik ki, separatçılar gələn il eyni “tarixi” qeyd edə bilməsinlər".
E.Şahinoğlu hesab edir ki, bunun üçün bir ildə qarşımıza böyük hədəflər qoymalıyıq: “Birinci hədəfimiz o olmalıdır ki, Laçın dəhlizinin üzərindən Ermənistanla sərhəd nəzarətə götürülsün və oradan kim istəyir keçə bilməsin. İkinci hədəfimiz Dağlıq Qarabağ separatçılarını ram etməmiz olmalıdır, digər tərəfdən, azərbaycanlıların Xankəndinə köçürülməsinin planını hazırlamalıyıq. Bunun davamı kimi Azərbaycan qanunlarının Dağlıq Qarabağda işləməsini təmin etməliyik, ermənilər qanunlarımıza tabe olmalı, pasportlarımızı daşımalıdırlar. Bunları etməsək, təəssüf ki, erməni separatçılarının təxribatları davam edəcək”.
Yeri gəlmişkən, bu həftədən etibarən Qarabağ ermənilərinin döyüş meydanından öz meyitlərini axtarması prosesi dayandırılıb. Qarşı tərəf iddia edir ki, axtarış prosesinə Azərbaycan qeyri-müəyyən vaxtadək qadağa qoyub. Erməni mediası xəbər verir bu gün Azərbaycan tərəf heç bir izahat vermədən nəzarətində olan ərazilərdə axtarışları qadağan edib. Bildrilir ki, atəşkəsdən sonra ilk dəfədir axtarışlar uzun müddətə təxirə salınır. Ermənilər ötən aylar ərzində 1485 meyit yığıblar.
Erməni tərəf həmişə olduğu kimi, bu dəfə də Azərbaycana günahlandırmağa cəhd göstərir. Amma Ermənistan və Qarabağdakı separatçı rejim nə minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim edir, nə Birinci Qarabağ müharibəsi zamanı - 90-cı illərdə - əsir düşmüş, girov götürülmüş və itkin düşmüş vətəndaşlarımızın sorağını verir. Bununla da öhdəlikləri kobud şəkildə pozur. Bu yaxınlarda hətta Qarabağ separatçılarının başçısı Araik Arutyunyanla görüşdə 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlı ilə bağlı müzakirələr aparılmışdı, onların taleyi barədə sorğu-suallar olmuşdu.
Əgər Qarabağ terrorçuları bütün bu sualları cavablandırmaq üçün addımlar atmaq istəmirsə, o halda erməni meyitlərinin rahat şəkildə toplanmasına şərait yaratmaq da normal görünmür. Üstəlik, terrorçu rejim 20 fevralda Xankəndində yürüş keçirməklə “əzələ nümayişi” cəhdində bulunub və aşkar şəkildə qudurğanlıq edib. Azərbaycan kifayət qədər humanizm nümayiş etdirib, düşmən qanmırsa, onu öz dili ilə başa salmaq lazımdır. Hər halda, bundan sonra ermənilər anlayarlar ki, rus sülhməramlıların arxasında gizlənməklə öz istədiklərini edə, “artsax evciyi”ni qura bilməyəcəklər. Normal düşüncəyə malik ermənilər də başa düşürlər ki, daha “qatar gedib”, xülyalardan ayılmaq vaxtıdır. Günün birində Arutyunyan, Balasanyan qoluqandallı Bakıya gətiriləndə digərləri də ağıllanacaq...