“HƏR ŞEY PUTİNİN HAKİMİYYƏTDƏN NECƏ GEDƏCƏYİNDƏN ASILI OLACAQ”– “Hamı aksiyada “Putin oğrudur” şüarını səsləndirirdi. Niyə?...”
Elçin Şıxlı: “Putin əmin olsaydı ki, ona heç kim dəyib-toxunmayacaq, çoxdan hakimiyyətdən getmişdi...”
“Navalnı cəsarətli adamdır, amma onun komandası, partiyası yoxdur”
Artıq bir müddətdir ki, şimal qonşumuzda “soyuq küləklər” əsməyə başlayıb. Müxalifətçi Aleksey Navalnının əvvəl zəhərlənməsi, daha sonra Almaniyada müalicəsini bitirib Moskvaya qayıdarkən həbs edilməsi, habelə Putinin milyard dollarla ölçülən sarayının üzə çıxarılması Rusiya xalqının kəskin etirazına və qəzəbinə səbəb olub. Yanvarın 23-də Moskva və Sankt-Peterburq başda olmaqla, ölkə boyu etiraz aksiyaları keçirilib. Yüz minlərlə insan iri şəhərlərin meydanlarına çıxaraq Putinin hakimiyyətdən getməsini tələb edib və onu “oğru” adlandırıb. Bəzi mütəxəssislər hesab edirlər ki, son aksiyalar Putinin uzun müddət hakimiyyətdə qala bilməyəcəyindən və ölkədə təlatümlər yaşanacağından xəbər verir.
Yenixeber.org: Bu mövzunu “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, siyasi təhlilçi Elçin Şıxlı ilə müzakirə etmişik:
- Elçin müəllim, yanvarın 23-də Moskva başda olmaqla, Rusiyanın əksər regionlarında Aleksey Navalnının çağırışı ilə etiraz aksiyaları keçirildi. Yüz minlərlə insan küçələrə çıxaraq Putin əleyhinə şüarlar səsləndirdi. Hüquq-mühafizə orqanları aksiyaların qarşısını qəddarlıqla aldı, minlərlə etirazçı həbs edildi. Rusiya siyasətini izləyən biri kimi baş verənlər haqda nə düşünürsünüz?
- Bu aksiyaların səbəbi çox sadədir. Etiraz edənlərdən biri 25 yaşlı gənc qız idi. Ona “aksiyaya niyə çıxmısınız” sualı verəndə çox düşündürücü cavab verdi. Dedi ki, mənim 25 yaşım var və gözümü açıb taxtda Putini görmüşəm. İstəyirəm ki, hakimiyyətdəki insanlar dəyişsin. Onun dediyi bu idi ki, bir adam 20-25 il bir kürsüdə oturmamalıdır. Bir və əsas səbəb budur.
Digər tərəfdən, unutmaq olmaz ki, Rusiyada iqtisadi durum və sosial vəziyyət ürəkaçan deyil. Rusiya artıq uzun müddətdir ki, Qərbin sanksiyaları altındadır. Təsəvvür edin, əgər paytaxt Moskvada insanlar küçələrə çıxıb sosial-iqtisadi vəziyyətə etiraz edirlərsə, görün uzaq əyalətlərdə vəziyyət nə gündədir. Bu, camaatın bezdiyinin göstəricisidir.
Ancaq hər halda, düşünürəm ki, aksiyaların səbəbi siyasidir, insanlar cana doyub, bezib. Belə üsul-idarədən artıq təngə gəliblər. Üstəlik, alternativ informasiya almaq imkanları onlara vəziyyətə açıq gözlə baxmağa şərait yaradıb.
Bununla yanaşı, aksiyalar kütləvi olsa da, Rusiya əhalisinin sayını nəzərə alsaq, orada dəhşətli dərəcədə çox insan iştirak etmirdi. Burada maraqlı məqam odur ki, indiyə qədər əsasən böyük və mərkəzi şəhərlərdə aksiyalar olurdu. İndi isə hətta Yakutiyada etirazlar keçirilib. 52 dərəcəlik şaxta belə, insanların küçəyə çıxıb narazılığını ifadə etməsinə mane ola bilməyib. Bu, onu göstərir ki, Rusiya reallığında aksiyaların çevrəsi getdikcə genişlənir.
Nəhayət unutmayaq ki, pandemiya da Rusiya əhalisini bezdirib. Bunun psixoloji baxımdan insanlara təsiri az deyil. Amma bütövlükdə rus cəmiyyətində xeyli narazılıq yığılıb.
- Sizcə, doğrudanmı bu aksiyaların əsas avanqardı Aleksey Navalnıdır və o, rus xalqının hakimiyyətə qarşı çıxmasını təşkil edə bilər?
- Əlbəttə, Navalnı iradəli fiqurdur, Vladimir Putinə açıq etiraz edən bəlkə də yeganə adamdır. Bu səbəbdən də xalq onun arxasınca gedir. Ona inanırlar. Eyni zamanda, rus xalqında haqsız yerə zərər çəkən, təzyiqə məruz qalan adamın yanında durmaq istəyi var. Yəni, xalq ədalətsizliyə etiraz edir. Məsələn, qeyd edilir ki, Navalnını zəhərlədilər, öldürmək istədilər. Bunların hamısı rus xalqında müəyyən təəssürat yaradır. Bir daha qeyd edirəm ki, Navalnı Rusiyada prezident Putinə qarşı çıxan yeganə şəxsdir. Əslində, əhali onu bəhanə edərək, hakimiyyətə öz etirazını bildirir. Çünki yaranan vəziyyətdən narazıdır.
- Bu aksiyaların hansı nəticələri ola bilər?
- Bu mərhələdə ciddi nəticə olmayacaq. Unutmayaq ki, Navalnı bu prosesdə təkdir. Bir qədər beyni, düşüncəsi, siyasi təfəkkürü olan adam dərhal sual edir: Navalnının komandası varmı? Tutaq ki, bu şəxs hakimiyyətə gəldi. Daxili işlər, müdafiə, xarici işlər nazirləri vəzifəsinə kimləri təyin edəcək? Navalnı cəsarətli adamdır, amma onun komandası, partiyası yoxdur.
Məsələn, hamı aksiyada “Putin oğrudur” şüarını səsləndirirdi. Niyə? Navalnı hələ 10 il bundan əvvəl müzakirələrə səbəb olan Putinin hansısa sarayı haqda araşdırma aparıb film çəkmiş və onu cəmiyyətə əsaslı şəkildə təqdim edə bilmişdi. Sadə və cibində siçan oynayan ruslar da bunu görüb qıcıqlanır və etiraz edirlər.
- Bir çox ekspertlər hesab edirlər ki, 2021-ci il Putin üçün sınaq ili olacaq, çünki məhz bu ilin payızında Dumaya seçkilər keçiriləcək və onu saxtalaşdırmaq çətin olacaq. Məsələyə bu kontekstdə yanaşılsa, Rusiyada daha ciddi ayaqlanma mümkündürmü?
- Əvvəla, nəzərə almalıyıq ki, Rusiyada bütün güc strukturları Putinin əlindədir. Onlar qanunlarla deyil, “panyatiyalar”, yəni anlayışlarla hərəkət edirlər. Həm də Rusiya Moskva və Sankt-Peterburqdan ibarət olsaydı, deyərdim ki, nəsə olacaq. Amma Rusiya elə məmləkətdir ki, ayağını tutanda başı, başını tutanda ayağı gedir. Bu mənada Rusiyanı idarə etmək nə qədər çətindirsə, orada ümumi etiraz dalğası qaldırmaq və onun önündə durmaq da bir o qədər çətindir.
Burada nə olsa, seçki yolu ilə ola bilər. Son aksiyalar bu mənada milləti siyasi baxımdan fəallaşdırmaq deməkdir. Yəni insanlar seçkilərə gedib istədiyi adama səs versinlər. Təbii ki, bu, birdən-birə alınmayacaq. Adətən seçkilərin necə keçirildiyi aydındır.
Bir çox hallarda namizədlər seçicilərə pul, yemək verir, evlərini təmir etdirir, yol çəkdirirlər. Camaat da gedib yol çəkən namizədə səs verir və sonra da narazı qalır. Bu halların olmaması üçün millət siyasi və ictimai cəhətdən savadlı olmalıdır. Bu da çətin məsələdir. Həm də Moskvadakı rusla Yakutiyadakı insan arasında ciddi fərq var. Moskvadakı daha çox kitab oxuyur, Yakutiyadakı yazıq da 50 dərəcə şaxtada salamat qalmaq haqqında düşünür. Tamamilə ayrı-ayrı dünyalardır. Kreml üçün siqnal odur ki, artıq Yakutiyada da 50 dərəcə şaxtada insanlar küçələrə çıxıb ona etiraz etməyə başlayıblar. Bu da yeni haldır, amma bu hal sabah Putinin taxtdan getməsini təmin etməyəcək. Bunun üçün illər lazımdır. Bu, davamlı proses olmalıdır və ən əsası bunu siyasi partiya həyata keçirməlidir. Navalnı blogger kimi çıxış edir, faktlar açıqlayır və bununla da məsələ bitir.
- O zaman Navalnı ciddi təhlükə yaratmırsa, onu niyə həbs ediblər?
- Demirəm ki, təhlükə yaratmır. Sadəcə, mən Putinin yerinə qərar verəsi olsaydım, onu həbs etməzdim. Amma onu tutdun, elədin qəhraman. Bəlkə də onu həbs etməsəyidilər, bu dərəcədə gərgin hadisələr baş verməzdi.
- Sizcə, Vladimir Putin hakimiyyətdən getməyə və rus xalqı yeni hakimiyyət formalaşdırmağa hazırdırmı?
- Hakimiyyətə yeni simanın gətirilməsi məsələsi Rusiyada baş verməyəcək. Vladimir Putin yorulsa və görsə ki, hakimiyyətdə oturmaq olmur, bu zaman Boris Yeltsin kimi gətirib yerinə davamçısını qoyacaq və bununla da məsələ həll olunacaq. Rusiyada sistem dəyişikliyi lazımdır, amma bunun baş verəcəyini görmürəm.
- Sizə elə gəlmirmi ki, Putin 2024-cü ilə qədər vəziyyəti nəzarətdə saxlamaq üçün xalqa hesablanan sosial tədbirlərə əl atmalı və həm də 2024-cü ildən sonrakı dövr üçün öz xələfini hazırlamalıdır?
- Putin hakimiyyətdən niyə getmir? Məncə, Putin əmin olsaydı ki, ona heç kim dəyib-toxunmayacaq, çoxdan hakimiyyətdən getmişdi. Sadəcə, bilir ki, taladığı sərvəti ondan sonra gələn ədalət naminə deyil, sadəcə, onu zəiflətmək üçün vurub əlindən alacaq. Bu səbəbdən də hakimiyyətdən bərk yapışıb. Məncə, 2024-cü ildə də vəziyyətə baxacaq. Ola bilsin düşünər ki, 70 il yaşamışam, bundan sonra 5-10 il ömrüm qalıb. Çalışıb elə adamı gətirər ki, həmin şəxs ona 5-10 il toxunmayacağı haqda zəmanət versin. Sonra da gedib oturacaq hansısa malikanəsində, saladan yeyib araqdan içəcək.
- Demək istəyirsiniz ki, 2024-cü ildə Putin hakimiyyətdən gedəcək?
- Məncə, Putin bu haqda çoxdan düşünür. Sadəcə olaraq, əmin ola biləcəyi varis axtarır.
- Sizcə, yanvarın 6-da Kapitoliyə edilən hücumla bundan 17 gün sonra Rusiyada keçirilən aksiyalar arasında əlaqə varmı?
- Yox, mən belə əlaqə görmürəm. Donald Tramp səfeh, Amerikanı sevməyən bir tip idi. Sadəcə, bu hoqqabaz gəlib düşdü hakimiyyətə. Amerikanı dağıtdı, dünyada ona olan inamı da məhv etdi. Mən Kapitoliyə hücumla Moskvadakı Puşkin meydanında baş verən etiraz arasında əlaqə görmürəm. Bunlar fərqli hadisələrdir. Sadəcə, proseslər sürətlə gedir. Səbəb də odur ki, varlılarla kasıblar arasında fərq xeyli artıb. Amerikanın özündə də durum bu cürdür. Odur ki, hər yerdə insanlar ədalətsizliyə etiraz edirlər.
- Bir sıra mütəxəssislər bəyan edirlər ki, 2021-ci ildə Rusiyada ciddi çalxalanmalar, təlatümlər baş verəcək. Sizcə, bu, gözləniləndirmi?
- Mən reallıqdan çıxış etməyin tərəfdarıyam. 2024-cü ilə qədər böyük təlatümlər gözləmirəm. Yanvarın 23-də baş verən etirazlardan sonra rəsmi strukturlar bunun ABŞ tərəfindən təşkil olunduğunu təbliğ etməyə başlayıblar. Bununla da rus millətinin beynini doldurub, xarici düşmən obrazı yaradacaqlar. Buna nail olmaqla bir növ milləti toparlayacaqlar, millətçilər də çıxıb deyəcək ki, “heç kim bizə heç nə edə bilməz”. Bu mənada qeyri-adi hadisə gözləmirəm.
2024-cü ildən sonra isə hər şey Putinin hakimiyyətdən necə gedəcəyindən asılı olacaq. Amma hələlik Rusiyanın gələcək liderinin kim olacağı haqda məlumat yoxdur, hansısa konkret fiqur haqqında söhbət getmir. Sadəcə, biz bəyənib-bəyənməsək də Putin ortada olan dünya liderləri arasında ən güclülərdən biridir, bəlkə də birincisidir. Emmanuel Makron hara, Putin hara? Və ya Tramp hara, Putin hara? Co Baydenin də bu gün- sabah 80 yaşı olacaq. Angela Merkel sözsüz ki, ciddi və güclü fiqurdur, amma o da artıq gedir. Onun yerinə gəlməli olan şəxs isə indidən deyir ki, “ruslar yaxşı uşaqlardır, gəlin onlarla dostluq edək”. Reallıq budur.(azpolitika)
Rasim Əliyev