Qərbdən Rusiya kəskin etiraz -ABŞ və Avropa ölkələri Putini Navalnını azad etməyə çağırır
Birləşmiş Ştatlar rusiyalı müxalifətçi Aleksey Navalnının Almaniyadan Moskvaya qayıdarkən saxlanmasını pisləyib. "AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Dövlət katibi Mayk Pompeo yanvarın 17-də bəyanatında Kremlin tənqidçisini dərhal və qeyd-şərtsiz buraxmağa çağırır.
Yenixeber.org: O, problemin Navalnıda olmadığını deyib. Pompeo müxalifətçinin saxlanmasının dərin narahatlıq doğurduğunu deyərək bunu Navalnı və Rusiya hakimiyyətini tənqid edən digər müxalifətçi və müstəqil səsləri susdurmaq cəhdi adlandırıb.
Dövlət katibinin sözlərinə görə, özünə inanan siyasi liderlər rəqib səslərdən qorxmurlar, siyasi opponentlərinə qarşı zorakılıq etmir, onları qanunsuz saxlamırlar. O, Rusiya hökumətini bütün siyasi tərəflər və namizədlər üçün bərabər oyun meydanı təmin etməyə səsləyib. Pompeo bətyan edibki, Rusiya xalqı ideyaların açıq mübadiləsini, şəffaf və hesabatlı idarəçiliyi dəstəkləyən hökumətə layiqdir.
Bayden administrasiyası da bəyanat verib
Yanvarın 17-də yeni prezident seçilmiş Co Bayden administrasiyası Navalnını dərhal buraxmağa çağırıb, onun həyatına biabırçı hücumun arxasında duranların məsuliyyət daşımalı olduğunu söyləyib. “Kremlin Navalnıya hücumları sadəcə insan haqları pozuntusu deyil, səslərinin eşidilməsini istəyən Rusiya xalqının da ziddinə getməkdir”, – Bayden administrasiyasında milli təhlükəsizlik müşaviri vəzifəsini icra edəcək Ceyk Salivan tvitində yazıb.
Avropa Şurasının Prezidenti Şarl Mişel deyib ki, müxalifətçinin saxlanması qəbuledilməzdir və o, dərhal azadlığa buraxılmalıdır.
Baltik ölkələri tədbirlər tələb edir
Baltik ölkələri olan Litva, Latviya və Estoniya Navalnının saxlanmasıyla bağlı birgə bəyanat verib, Moskvaya qarşı məhdudlaşdırıcı tədbirlər görməyə çağırıb. Çexiya, Polşa, Fransa, İtaliya da siyasətçini dərhal buraxmağa çağırıblar.
“Amnesty International” insan haqları təşkilatının “vicdan məhbusu” adlandırdığı 44 yaşlı siyasətçi ötən yay zəhərlənib. Qərb laboratoriyaları onun "Noviçok" sinir qazıyla zəhərləndiyini üzə çıxarıb. Zəhərlənmədən bir neçə gün sonra o, Almaniyaya aparılıb.
Rusiyada hökumətə qarşı etirazların təşkilinə görə dəfələrlə saxlanmış Navalnı zəhərlənməsinin arxasında Rusiya hakimiyyətinin durduğunu deyir. Moskva isə ittihamı rədd edir.
Bu zəhərlənmə olayı rusiyalı ikili agent Sergey Skripal və qızının 2018-ci ildə İngiltərənin Solsberi şəhərində zəhərlənməsini yada salıb və beynəlxalq qınağa səbəb olub.
Rusiya həbsxana orqanları onun həbs oluna biləcəyini desə də Navalnı Rusiyaya qayıtmaqda israrlı idi. Navalnının şərti həbs cəzasının şərtlərini pozduğu iddia olunur, 3.5 il həbs oluna biləcəyi deyilir. Navalnı ötən avqustda Sibirdə zəhərlənəndən sonra müalicə aldığı Almaniyadan Moskvaya qayıdarkən aeroportda saxlanıb. Onun saxlanması Avropa hökumətlərini, insan haqları təşkilatlarını qəzəbləndirib.
"azpolitika"