“AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT ETMƏLİDİR” –Çavuşoğlunun dediklərinə Bakıdan reaksiyalar
Türkiyə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Ankarada sual doğuran məqamları açıqlayıb. Nazir bildirib ki, ilk növbədə Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir.
Yenixeber.org: Çavuşoğlu bölgədəki rus hərbçilərinin sayının anlaşmada əks olunduğundan çox olması barədə Azərbaycandan bir şikayət gəlmədiyini qeyd edib: "Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmilərilə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”.
Beləliklə, Türkiyənin Xarici İşlər naziri Azərbaycanda da çox ciddi müzakirə olunan bu məsələ ilə bağlı iki vacib məqama diqqət çəkib:
1. Rusiya sülhməramlılarının statusu və onların fəaliyyət dairəsi.
2. Azərbaycanın Laçın dəhlizinə və dövlət sərhədlərinə nəzarət etməsi.
Rus hərbçilərinin bölgədəki erməni separatçıları ilə sıx əməkdaşlığı, erməni hərbçilərinin ərazilərdən çıxarılmaması, Azərbaycanın Laçın dəhlizindən sərbəst istifadə edə bilməməsi və sərhədlərdə gömrük, sərhəd xidmətinin fəaliyyət göstərməməsi, erməni rəsmilərinin Xankəndinə ard-arda səfərləri Azərbaycanın suverenliyini təhdid edir.
Azərbaycan Prezidenti İlham Əliyev hökumətin iclasında sülhməramlıların fəaliyyətinə irad bildirib, amma Azərbaycanın bəzi siyasi və humanitar səbəblərdən bu fəaliyyətə "göz yumduğunu" vurğulayıb.
Türkiyənin ən yüksək səviyyədə problemləri gündəmə gətirməsi yeni situasiya yaradır. Bəzi ekspertlər Ankaranın israrlı mövqeyini strateji müttəfiq olaraq Azərbaycanın maraqlarının müdafiəsi ilə bərabər ciddi geopolitik səbəblərdən qaynaqlandığını bildirilər.
Məlumdur ki, indiyə qədər Türkiyə və Rusiya müxtəlif regionlarda bir qayda olaraq öz aralarında rəqabət aparıb, sonda ikitərəfli kompromislərə gedə bilirdilər. Bu, ona görə mümkün olurdu ki, Türkiyə Rusiyaya qarşı ancaq öz milli maraqları baxımından yanaşırdı və Rusiya ilə razılaşmalarla həm də Qərbdən gələn təzyiqləri neytrallaşdırmağa çalışırdı. Amma indi Türkiyə Rusiya qarşısında təkcə özünün deyil, müttəfiqlərinin maraqlarını təmsil etmək və Kremlin Putinin imperia iddialarını cilovlamaq missiyasını daşıyır.
Görünən odur ki, Türkiyə Rusiyanın Qarabağda birtərəfli hərbi nəzarət qurmasını və Cənubi Qafqaz üzərində hegemonluğa sahib olmasını qəbul etmək niyyətində deyil. Bu, həm də Türkiyənin ənənəvi müttəfiqi Qərbin mövqeyi sayıla bilər. Ehtimal etmək olar ki, maraq toqquşmalarının böyüməsi Moskva və Ankara arasında ziddiyətləri artıra bilər.
Bəs Azərbaycan Türkiyə Xarici İşlər nazirinin qaldırdığı məsələlərin həlli istiqamətində hansı addımları atmalıdır?
Politoloq Elxan Şahinoğlu bildirib ki, Mövlud Çavuşoğlu Dağlıq Qarabağla bağlı az qala hər gün Azərbaycan üçün vacib açıqlama səsləndirir: "Biz rusiyalı hərbçilərin bölgədəki fəaliyyətindən narazıyıq. Cəmiyyətdə sualların sayı azalmır, belə rəylər var ki, əgər 10 noyabr sazişinə görə sülhməramlılar 5 il müddətinə bölgədə olacaqlarsa, elə etməliyik ki, bu müddət uzanmasın, ən azı bitdikdən sonra onlar Azərbaycan ərazilərini tərk etsinlər: Bu, Azərbaycanın təhlükəszilik maraqlarına uyğundur və Türkiyə də bu mövzunu gündəmə gətirir və dəstəkləyir".
Politoloq Çavuşoğlunun "Laçın dəhlizində rusiya hərbçilərinin varlığı o demək deyil ki, sərhədlər nəzarətsiz qalmalıdır" fikrinə diqqət çəkib: "Dövlət başçısı İlham Əliyev də onların fəaliyyətindən narahat olduğunu bildirdi ki, bölgəyə kimlər gəlib-getdiyi bilinmir. Bu yaxınlarda Fransadan bir heyət gəlmişdi, eyni zamanda Ermənistan rəsmiləri də də tez-tez Xankəndinə səfərlər edirlər. Beləliklə, buna şərait yaradan sülhməramlılar səlahiyyətlərini aşırlar".
Elxan Şahinoğlu Bakıldan Çavuşoğlunun dediklərinə dəstək açıqlamaları səsləndirilməsini vacib sayır: "Amma təəssüf ki, biz XİN-dən və nazirdən bu barədə açıqlama eşitmədik. Halbuki Çavuşoğlunun danışıqları Azərbaycan üçün vacibdir. Onu dediklərini əslində XİN yetkililəri ifadə etməlidirlər. Mövlud Çavuşoğlu daima Azərbaycan üçün vacib açıqlamalar səsləndirir ki, ardınca azərbaycanlı həmkarının təsdiqi gəlsin. Ceyhun Bayramov isə türkiyəli həmkarının sürəti ilə ayaqlaşa bilmir".
ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatı mövcud problemləri əks etdirir: "Doğrudan da Rusiya sülhməramlıları Dağlıq Qarabağda mandatdankənar fəaliyyətlə məşğuldurlar və Azərbaycanın suverenliyini pozurlar. Nazirin dediyi kimi, onların bəlli bir statusu olmalıdır və indi məşğul olduqları bir çox məsələlər Azərbaycan tərəfindən həyata keçirilməlidir. Laçın dəhlizində Azərbaycan ordusunun və gömrük, sərhəd qoşunlarının yerləşdirilməsi, giriş-çıxışa nəzarət olunması vacibdir".
Sərdar Cəlaloğlu bildirir ki, Çavuşoğlu bu açıqlamanı səsləndirərkən Rusiya tərəfinə xəbərdarlıq edib. "Monitorinq Mərkəzinin qurulmasından sonra bu fəaliyyətlərin Azərbaycanın suverenliyi daxilində həyata keçirilməsinə çalışacağını ortaya qoyub".
Azərbaycan bu istiqamətdə nə edə bilər?
Bu suala cavabında S. Cəlaloğlu Azərbaycanın öz müttəfiqi ilə birgə hərəkət etməli olduğunu vurğulayıb.(azpolitika)