PA-nın şöbə müdiri: -"AXCP və “Milli Şura” inadla siyasi dialoqdan yayınıb"
“Noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə 50 siyasi partiya Prezident, Müzəffər Ali Baş Komandanı təbrik edərək, bu qələbəni illərlə yürüdülmüş müdrik siyasətin, siyasi uzaqgörənliyin, iqtisadi islahatların, xalqın iqtidara göstərdiyi yüksək etimadın, xalq-dövlət vəhdətinin ən ali təcəssümü olduğunu bildiriblər”.
Yenixeber.org: Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin "Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi" adlı məqaləsində öz əksini tapıb.
O bildirib ki, Azərbaycanın yaxın siyasi tarixində ilk dəfə olaraq radikal müxalif qanadı təmsil edən AXCP və Müsavat rəhbərləri də qazanılmış qələbə münasibətilə Müzəffər Ali Baş Komandanımızı, milli Ordumuzu və Azərbaycan xalqını təbrik etmiş, onları qələbənin əsas müəllifləri adlandırıblar:
“Azərbaycanın müstəqillik tarixində fəaliyyətdə olan siyasi partiyaların əksəriyyətinin iştirakı ilə ilk dəfə keçirilən görüşlər, qəbul edilən birgə müraciət və bəyanatlar birmənalı olaraq siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edir. Real praktikada bəzən eyni siyasi cinahda olan iki partiyanın öz aralarında dialoq qura bilmədiyini nəzərə alsaq, 52 real siyasi partiyadan 51-nin bir araya gəlməsi, ümummilli məsələləri müzakirə edərək vahid mövqe ortaya qoyması ciddi nəticədir. Bu, dövlətçilik uğrunda birləşməyin, milli vəhdətin bariz nümunəsi, həm də aparılmış ardıcıl, gərgin, məqsədyönlü fəaliyyətin nəticəsidir. 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsinin daxili siyasi mübarizə alətinə çevrilməsinin bizi hansı fəlakətlərlə üz-üzə qoyduğunu unutmamalıyıq. Qazanılmış tarixi Qələbə münasibətilə xalqa müraciətində də Prezident İlham Əliyev bütün siyasi partiyaların vahid milli hədəf naminə birləşməsini xüsusi qeyd edib:
“Hətta fərqli siyasi baxışlara malik olan, bir çox hallarda əsassız tənqidlər ifadə edən insanlar bu dövrdə yüksək şüur nümunəsi göstərdilər. Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz”. Burada haşiyə çıxaraq yada salmaq istəyirəm ki, Prezident İlham Əliyev hələ 2000-ci illərin əvvəllərində AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olanda ümummilli hədəflər naminə siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəslə sinerji ruhu ilə işləməyin, həmrəy olmanın nümunəsini təqdim etmişdi. Prezident seçildikdən sonra da dediyi
“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözləri həm də keçmiş siyasi opponentlərinə verilmiş aydın və güclü bir mesaj idi. Çox təəssüf ki, Prezidentin mesajı o zaman narıncı qiyafəyə üstünlük verən kəsim tərəfindən lazımınca dəyərləndirilməmişdir.
Ə.Vəliyev qeyd edib ki, ölkədə aparılan iqtidar-müxalifət dialoquna töhfə vermək məqsədilə çoxlu sayda müxtəlif siyasi partiya fəallarının və tanınmış ictimaiyyət nümayəndələrinin özlərinin və ailə üzvlərinin tibbi və ya digər şəxsi problemlərinin həllinə kömək edilib:
“Partiyaların ofislə təmin edilməsi üçün ilk dəfə olaraq addımlar atılıb. Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada yerli icra orqanları ilə iş aparılır, bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə siyasi partiyaların fəallığının təşviqi istiqamətində müvafiq tədbirlər görülür.
"Yaradılmış süni əngəllərin aradan qaldırılması nəticəsində uzun illərdən sonra 6 yeni siyasi partiya qeydə alınmışdır. Uzun müddət obyektiv və subyektiv səbəblərdən qurultayları çağırılmayan 11 siyasi partiyanın videokonfrans formatında qurultayı keçirilmiş və nəticələri dövlət qeydiyyatına alınmaqla onların fəaliyyətində legitimlik təmin edilmişdir. Atılan bütün addımlar ölkədə çoxpartiyalı sistemin inkişaf etdirilməsinə yönəlmişdir. Əlbəttə ki, dövlət partiyalara süni nəfəs verməklə siyasi palitranın rəngarəng görünməsinə nail olmaq niyyətindən uzaqdır. Azərbaycan hakimiyyəti vətəndaşların siyasi həyatda iştirakı, siyasi birliklərdə təmsil olunmağa təşviq edilməsi, seçki və partiya institutunun təkmilləşməsi üçün ortaya güclü iradə qoymuşdur. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi daxili siyasi mühitdə yeni mərhələnin başlandığından xəbər verir", - Ə.Vəliyev əlavə edib.
O bildirib ki, bu ilin fevralından etibarən başlamış danışıqlar və partiyalararası konstruktiv əməkdaşlığın qurulması prosesindən özünü kənara çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası və özünü “Milli Şura” adlandıran qurum olub:
"Ölkənin siyasi rəhbərliyi tərəfindən yeni siyasi islahatlar kursu təqdim olunmasına, yeni konfiqurasiya elan edilməsinə, dialoq təklifləri səsləndirilməsinə, Prezident Administrasiyasının müvafiq strukturunun təşəbbüslərinə baxmayaraq, təəssüf ki, AXCP və onun yandaş qurumu olan “Milli Şura” inadla siyasi dialoqdan yayınıb. Bu, əslində, Azərbaycanda guya demokratiya sahəsindəki çatışmazlıqlar olmasını siyasi təzyiq məqsədilə istifadə etmək istəyən müəyyən xarici dairələrə bəhanələr yaratmağa xidmət edir. Yaranmış yeni sağlam mühit təşəbbüskar gənclərin siyasi birliklərdə iştirakını artıracaq, eyni zamanda, sağlam rəqabət aparmağa qabil olmayan qüvvələr siyasi səhnəni gec-tez tərk edəcəklər. Prezident İlham Əliyev deyib: “Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib... Biz siyasi dialoqun çox aktiv fazasındayıq””.