Redaktor seçimi
Respublika Gözdən Əlillər Kitabxanası “Dövlət satınalmaları haqqında” qanunu niyə unudub?-
Hüseynqulu Bağırovun ailə üzvlərinin Londondakı biznesi iflic olub-
      “Vest LTD” QSC-nin imkanı və iddiası-
“McDonalds” ermənilərin xətrinə dəyməkdən qorxub?-silinən paylaşım və etirazlar-
NİKOL PAŞİNYANIN MATƏM YALLISI VƏ... – 
Asif Əsgərovu həbsdən kim və necə qutarıb?-
Əhmədlidə kirayədə qalan bir mühasibin hekayəsi: Vəsilə Abdulova kimdir? –
Gəncə Dövlət Universitetində bir kabus dolanır-“Sorosun uşaqları”-
Günün xəbəri

“QARABAĞDA MÜHARİBƏ BEYNƏLXALQ QƏRARDIR” – “Əgər belə davam etsələr, ermənilər Qarabağdan tam çıxacaqlar”

 

 

"Əməliyyatlar İrəvan Bakının tələblərini qəbul etməyə hazır olduğunu elan edənə qədər davam edəcək"

"Əgər onlar desələr ki, biz azərbaycanlılarla bir yerdə yaşamaq istəmirik, onda deyiləcək ki, get Ermənistanda yaşa"

Yenixeber.org: Azərbaycan Ordusunun işğal edilən ərazilərin azad edilməsi üçün sülhə məcburetmə əməliyyatı davam edir. İşğalda olan üç rayon mərkəzi və bir sıra kəndlər azad edilib, düşmənin yüzlərlə texnikası və minlərlə canlı qüvvəsi zərərsizləşdirilib. Ermənistan rəhbərliyi isə hələ ağ bayraq qaldırmaq niyyətində deyil və cəmiyyəti sözdə mobilizasiyaya çağıraraq müharibəni davam etdirməyə çalışır. Diplomatik meydanda da sıx təmaslar müşahidə olunur. Tərəflərin Xarici Işlər nazirləri Moskvadan sonra Vaşinqtonda müzakirələr davam etdirirlər.

Bu mövzularla bağlı “Turan” İnformasiya Agentliyinin rəhbəri, analitik Mehman Əliyevlə söhbətləşmişik:

- Mehman müəllim, hazırda Qarabağ istiqamətində Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları davam edir. Sizcə, Azərbaycan niyə məhz indi anti-terror əməliyyatlarına başladı?

- Birincisi, bu, qaçılmaz idi. Çünki erməni tərəfi kompromislərə getmək istəmirdi. Hesab edirəm ki, bu, beynəlxalq bir qərardır. Çünki beynəlxalq vasitəçilər uzun illərdir erməni tərəfini kompromisə gətirmək üçün səylər göstərib. Azərbaycan hər zaman kompromisə hazır olduğunu bəyan edib. Lakin getdikcə Ermənistanın mövqeyində dirənmə müşahidə edildi. Ümumiyyətlə, bu ölkə regionun inkişafı ilə bağlı buxova çevrilməyə başladı. Bu da regionda marağı olan qüvvələrin maraqlarına toxunmağa başladı. Ermənistan öz maraqlarını bir növ Rusiyanın, Amerikanın, Türkiyənin və İngiltərənin maraqlarından üstün tutmağa başladı.

İlk olaraq 2016-cı ilin aprel döyüşləri baş verdi. Bundan sonra xalqların sülhə hazırlanması prosesi başlandı. Mən bu prosesdə iştirak etmişəm. Qarabağ və İrəvan erməniləri ilə təmaslarımız olub. Bu prosesdə ABŞ və Avropadan ciddi mütəxəssislər iştirak edirdi. Onlar əslində tərəflərin mövqelərini “kim nəyə hazırdır” kontekstində özləri üçün müəyyənləşdirirdilər. Bəlli oldu ki, Azərbaycan tərəfi bu kompromislərə getməyə hazırdır, birgə yaşayışa “yox” demir. Bu, ABŞ və Avropa mütəxəssislərini qane edirdi. Erməni tərəfi isə Qarabağın müstəqilliyi ideyasından geri çəkilmirdi. Beləcə, bəlli oldu ki, Azərbaycan cəmiyyəti kompromisə, sülhə hazırdır, Ermənistan cəmiyyəti isə tamam başqa şeylərin arzusundadır.

Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra hansısa addımlar atmaq, danışıqlara getmək istərkən erməni cəmiyyəti tərəfindən təzyiqlər altına salındı. Bundan sonra Paşinyan erməni cəmiyyətinin tələblərinə uyğun hərəkət etməyə başladı. Bununla da dünya gördü ki, erməni tərəfi sülhə hazır deyil. Yeri gəlmişkən, mən aprel döyüşlərindən sonra xüsusi bir məqalə yazdım və açıq dedim ki, belə getsə, böyük döyüş qaçılmaz olacaq. Arqumentlərlə göstərdim ki, regional və beynəlxalq oyunçuların da bu istəyi var. İndi gedən döyüşlər əslində sülhə məcbur etmək, erməni cəmiyyətini inandırmaq və başa salmaqdır ki, başqa yol yoxdur. Xülyalara, boş ümidlərə artıq limit yoxdur. Onlara konkret göstərildi ki, təkcə Azərbaycanın deyil, böyük dövlətlərin də regionda istəyi nədən ibarətdir.

Müharibənin sentyabrın sonlarında başlamasının səbəblərinə gəldikdə, deyim ki, biz əməliyyatların daha tez keçiriləcəyini gözləyirdik. Mən güman edirdim ki, əsas əməliyyat cənub istiqamətində olacaq. Çünki böyük dövlətlərə də maraqlıdır ki, İranla 130 kilometrlik sərhədi Azərbaycan öz nəzarətinə götürsün. Bu, çox vacib məsələdir. Əslində, proses belə də gedir. Sözsüz ki, şimal istiqamətində də müəyyən addımlar atılır. Mən hava şəraitinə görə ehtimal edirdim ki, əməliyyat daha tez başlayacaq. Ancaq yaxşı haldır ki, indi də hava yaxşıdır, yağışlar yoxdur.

Bu əməliyyatın başlamasına həm də Rusiya-Türkiyə yaxınlaşması kontekstində baxıla bilər. Qeyd edim ki, Yaxın Şərqdə bu iki ölkə arasında rəqabətlə yanaşı əməkdaşlıq da özünü açıq şəkildə göstərir. Belə bir əməkdaşlıq var. Onu da qeyd edim ki, bu döyüşlərdən 10 gün əvvəl Ankarada Rusiya və Türkiyə Liviyada qarşılıqlı əməkdaşlığa dair razılaşmaya gəlib. Orada təsir dairəsi müəyyənləşib, Ankara və Moskva arasında əməkdaşlıq başlanıb. Bu mənada hesab edirəm ki, bunun da prosesə təsiri var. Əlbəttə, mən bunu birbaşa əlaqə kimi təqdim etməzdim, amma hadisələrin gedişi göstərirdi ki, Qarabağda bu əməliyyat olmalı idi.

- Sizcə, Azərbaycan Ordusunun əməliyyatları hansı nöqtəyə, ana qədər davam edəcək?

- İlham Əliyev açıq deyir ki, Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərindən çıxmalı, Qarabağ boşaldılmalıdır. Həmçinin qeyd edilirdi ki, Qarabağa müəyyən status verməyə hazırıq. Məncə, əməliyyatlar İrəvan Bakının tələblərini qəbul etməyə hazır olduğunu elan edənə qədər davam edəcək. O zaman döyüşlər dayana bilər. Amma sözsüz ki, dərhal erməni qoşunları Azərbaycan ərazilərindən çıxmalıdır. Bundan sonra sülh prosesi başlayacaq. Onsuz da Qarabağda əhali çox azdır. Əsasən hərbi hissələr var, bir də yerli ermənilər yaşayır. Əhalinin oraya qayıtması da yalnız sülh razılaşmasından sonra ola bilər. İndi oradan qaçanlar təhlükəsizlik baxımından geri qayıda bilməzlər. Heç kim təminat vermir ki, müharibə yenidən başlamayacaq. Bu mənada hesab edirəm ki, ciddi proses gedəcək və qərarlar qəbul ediləcək. 

- Ancaq İlham Əliyev çıxışlarında qeyd edib ki, Şuşasız bu işlər yarımçıq olar...

- Sözsüz ki, Şuşa Qarabağın mərkəzi və Azərbaycanın məşhur şəhəri kimi bizə məxsusdur. Odur ki, Şuşada dərhal Azərbaycan administrasiyasının yerləşdirilməsi gözləniləndir və olmaldıır. Ümumiyyətlə, Prezidentin çıxışı göstərir ki, proseslərin sürətlə getməsi, məsələlərin sivil şəkildə həll olunmasının tərəfdarıdır. Hesab edirəm ki, beynəlxalq oyunçular da uzunmüddətli danışıqlar prosesində maraqlı deyillər. Düşünürəm ki, Azərbaycan Ordusunun zəfərləri qarşı tərəfi məcbur edəcək ki, sivil şəkildə qərarlar qəbul etsin. Məsələn, Karen Şahnazarovun çıxışına diqqət edin. Mən əməliyyatlar başlayan gündən onların çıxışlarını izləyirəm. Konfliktin gedişinə uyğun olaraq onların ritorikasında dəyişikliklər müşahidə olunur. Şahnazarovun “Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmalıdır, başqa yol yoxdur” deməsi təsadüfi deyil. Həm də qeyd edir ki, bu artıq Dağlıq Qarabağ problemi deyil, Ermənistan dövlətinin qalıb-qalmaması məsələsidir. Əgər Ermənistan öz qonşuları ilə normal münasibətlər qurmasa, yaxın 10-15 il ərzində ermənilər bu ölkədən çıxıb gedəcəklər. Bunlar həm də mesajdır.

- Ermənistan ağ bayraq qaldırmır, rəsmi Bakının şərtlərini qəbul etmir və Azərbaycan Ordusu Şuşaya qədər irəliləyir, Dağlıq Qarabağa daxil olan bütün əraziləri təmizləyir. Sizcə, belə ssenari mümkündürmü?

- Prinsipcə, mən bunu istisna etmirəm.  Onların imkan və resursları yoxdur ki, bizimlə mübarizəni davam etdirə bilsinlər. İndiki tendensiya göstərir ki, torpaqlar addım-addım azad edilir. Əslində biz Laçın dəhlizinə nəzarət edə bilirik. Və oradan hər hansı bir texnikanın keçməsinə imkan verə bilmərik. O cümlədən də Kəlbəcər istiqamətində. Yəni Ermənistanın ardıcıl olaraq Qarabağ məsələsinə müdaxiləsinin qarşısı alınır. Real vəziyyət onların uzun müddət müqavimət göstərə bilməyəcəklərini diktə edir. Əgər belə davam etsələr, Qarabağı tam çıxacaqlar. Ya da danışıqlara getməlidirlər. 

- Rusiyanın bu proseslərdə rolu nədən ibarətdir, Sizcə, bu ölkə hansısa anda vəziyyətə müdaxilə edə bilərmi?

- Bu əməliyyat başlayanda böyük dövlətlərin və qurumların sərgilədikləri davranışlara diqqət etmək lazımdır. Faktiki olaraq onlar Azərbaycanın apardığı əməliyyatları dəstəkləyir, buna qarşı çıxmırlar. Başqa sözlə, onlar bu gün Azərbaycan Ordusunu dayandırmaq niyyətində deyillər. Çünki bu proses o vaxt dayana bilər ki, Ermənistan danışıqlara getsin və reallığı qəbul edərək Azərbaycanın tələblərinə razılaşsın. Rusiya da bunda maraqlıdır. Bu əməliyyatın əsas məğzi də bundan ibarətdir. Ona görə də, heç kəs bu əməliyyatı dayandırmaq niyyətində deyil.

Başqa məqam da var. Rusiya Suriya və Liviyada Türkiyə ilə əməkdaşlıq edir və biz burada da belə bir əməkdaşlığı görürük. Birinci gündən Putinin ən yaxın adamı Dmitri Peskov açıq elan etdi ki, iki dövlət arasında dialoq var, biz prosesləri izləyirik, ehtiyac yaranarsa Putin Azərbaycanın dövlət başçısı ilə danışar və s. Peskov əlavə etdi ki, proses Türkiyə-Rusiya əməkdaşlığı çərçivəsində nəzarətdə saxlanılır. Vəziyyət bu cür görünür.

- Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vaşinqton görüşü və müzakirələrindən nə gözləyirsiniz?

- Bundan əvvəl Moskvada Xarici İşlər nazirlərinin görüşü oldu. Əsas məsələ atəşkəsin əldə edilməsi deyil. Paşinyanın ritorikası göstərir ki, onlar kompromisə hazır deyillər. Nəyəsə ümid edirlər və düşünürlər ki, möcüzə baş verə bilər. Ermənistan xarici işlər naziri üçüncü dəfədir ki, Moskvaya səfər edir. Müdafiə naziri də Moskvada olub. Bizi dəvət etdilər, getmədik. Çünki biz mövqeyimizi konkretləşdirmişik və nə istədiyimizi demişik. Amma erməni tərəfi bunu qəbul etməyə hazır deyil. İndi isə hər iki ölkənin Xarici İşlər nazirləri Vaşinqtona gedir. Vaşinqtonda da tərəflərin mövqeyi öyrəniləcək. Əgər erməni tərəfi desə ki, biz razıyıq, qoşunları çıxarırıq, bu halda növbəti görüş İlham Əliyevlə Nikol Paşinyan arasında ola bilər. Belə görüş Moskvada da keçirilə bilər. Amma bunun üçün tərəflər arasında ilkin razılaşma olmalıdır. Bu razılaşma ABŞ-da əldə edilə bilər ki, bunun üçün də erməni tərəfi Azərbaycanın şərtlərini qəbul etməlidir.

- Gəlin razılaşaq ki, erməni cəmiyyəti belə şərtləri qəbul etməyə hələ hazır deyil. Paşinyanın parlamentdəki və parlamentdənkənar partiyalarla, elə sabiq ölkə prezidentləri ilə görüşləri də bunu deməyə əsas verir...

- Onları buna məcbur etmək lazım gələcək. Başqa variant yoxdur. O vaxta qədər ki, bu şərtləri qəbul etməyəcəklər, proses davam edəcək. Əslində, Ermənistandakı siyasi qüvvələr, partiyalar, keçmiş prezidentlər və digərləri cəmiyyətin buxovlarıdır. Özləri də bu prosesin iştirakçıları və girovlarıdır. Orada məşhur simalardan kimsə desə ki, gəlin kompromisə gedək, dərhal onu xain elan edib asarlar. Cəmiyyətin özü buna hazır olmalıdır. Baxın, İlham Əliyev deyir ki, biz kompromisə hazırıq. Bizdə kimsə buna narazılıq edir, etiraz səsini çıxarırmı? Yox. Ermənistanda isə belə deyil. Odur ki, cəmiyyətin qərarı olmalıdır. Bu qərar yetişənə qədər İlham Əliyevin dediyi kimi, başlarına yumruqlar vurulmaqda davam edəcək. Başqa yol yoxdur.

- Bəs “ermənilərsiz Qarabağ” formulunu qəbul edirsinizmı?

- Qəbul edirəm, bu mümkündür. Son qərarı onlar verməlidirlər. Əgər onlar desələr ki, biz azərbaycanlılarla bir yerdə yaşamaq istəmirik, onda deyiləcək ki, get Ermənistanda yaşa. Bu gün Ermənistanda 1,5 milyon əhali var. Qarabağda da 70 min. Onlar da gedirlər Ermənistana. Orada yer, ərazi çox, əhali isə azdır. Problem yoxdur, get yaşa. Ermənilər Qarabağ məsələsini qaldıranda iddia edirdilər ki, onlarda torpaq azdır, Dağlıq Qarabağ isə boş torpaqlardır, müstəqil olacağıq və orada yaşayacağıq. Onlar məsələni belə primitiv görürdülər. O zaman Ermənistanda 3,5 milyon əhali vardı, Qarabağda isə 120 min. İndi onlar çoxalmaq yerinə azalırlar. Köç hələ də davam edir. Belə olan halda Qarabağı əldə etməyin ermənilər üçün mənası nədir? Odur ki, ağıllanmaları üçün başlarına yumruq vurulması davam edəcək.(azpolitika)

Rasim Əliyev

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?


     
     
{sape_links}{sape_article}