DONDURMALI QIZ, YAXUD GÖMRÜKDƏKİ "İSLAHATLAR" -Nigar Köçərlinin yazısı
"Ölkədə düzgün olmayan bir çox şey kimi, bu qayda da Rusiyadan götürülmüşdür..."
Yenixeber.org: Azərbaycanda ilk kitab mağazaları şəbəkəsi sayılan “Əli və Nino”nun təsisçisi Nigar Köçərli gömrükdə üzləşdiyi problemlər, süründürməçilik və soyğuncu xarakter daşıyan cərimələrlə bağlı yazı qələmə alıb. Həmin yazını təqdim edirik:
"Səhər tezdən tələm-tələsik hazırlanıb sevimli işimi görmək üçün yüksək ruhla ofisə qaçdım. Amma "Böyük Qardaş" məni sakit və rahat işləməyə qoymadı. Qısa izah: mən ilk gündən etibarən, yəni artıq 18 ildir ki, gömrüklə mütəmadi olaraq işləyirəm. Bu səbəbdən öz təcrübəmdən çıxış edərək yazıram.
Gəlin, pozitiv başlanğıc edim: gömrük orqanında rəhbərlik dəyişdikdən sonra mən və mənim kimi rüşvət verməkdən qaçan digər şəxslər üçün işləmək bir qədər asanlaşdı. Hazırda demək olar ki, birbaşa rüşvət tələb edilmir.
Amma, nikbin ruh elə bununla da yekunlaşır. İş prosesində hələ də hər şey əvvəllər olduğu kimi qalır. Mən hamını günahlandırmaq istəmirəm. Əlbəttə ki, gömrükdə vicdanlı və öz işini məsuliyyətlə görən işçilər də var. Amma gəlin həqiqəti deyək: gömrük əvvəllər də, elə indi də nazir və məmurların ac övladlarının "çörək yeri"dir.
Ölkə rəhbərliyinin dəfələrlə kiçik və orta sahibkarların biznesinə mənasız əngəllər yaratmamaq çağırışlarına baxmayaraq, bir neçə qutu kitabı gömrükdən keçirib gətirmək üçün idarənin qapılarında ən azı 5-6 gün sürünmək lazım gəlir. Bir dəfə Türkiyədə mənim kiçik bir kitab yükümün gömrük rəsmiləşdirməsini gömrük brokeri cəmi 20 dəqiqə ərzində, üstəlik, öz kabinetindən belə çıxmadan etmişdi. Cəmi 20 dəqiqə!
Azərbaycanda isə bu işi həyata keçirməyə günlərlə vaxt sərf olunur, aşağı-yuxarı mərtəbələr gəzərək bir kabinetdə bəyannamə təsdiqlətdirmək, digərində möhür vurdurmaq, o birində təsdiq etdirmək və s. məcburiyyətində qalırsan.
Hələ onu demirəm ki, yüksək rütbəli məmurlar özlərinə fərdi iş cədvəlləri təyin edirlər - siesta, işə gec gəlmək, işdən tez getmək... İndi gəl, görüm onların iş qrafikinə necə uyğunlaşa bilirsən!
Əgər yükünüzü 3 gün ərzində rəsmiləşdirib təhvil ala bilmirsinizsə, o zaman sizi "gecikmə"yə görə çoxsaylı cərimə sanksiyaları gözləyir - həm daşıma şirkəti tərəfindən, həm də sirli "Ramal Trans" MMC şirkəti tərəfindən. Bir az sonra bu mövzuya yenidən qayıdacam. Amma indi bir daha vurğulamaq istəyirəm ki, malın tez və problemsiz rəsmiləşdirilib çıxarılmasını təmin etmək əvəzinə, gömrük mənasız və axmaq əngəllər yaradır. Kənardan baxanda elə mənzərə yaranır ki, sanki, məqsədləri sadə və zəhmətkeş insanları bezdirmək, onları ruhdan salmaq və alçaltmaq, daha sonra isə özlərinin təyin etdikləri fantastik cərimələri ödəmək məcburiyyətində qoymaqdır.
Misal üçün qeyd edim ki, bu ilin yanvar ayında ümumi dəyəri 2000 azn olan bir kitab yükün "saxlanma"sı üçün biz 1600 azn cərimə ödəmək məcburiyyətində qaldıq! Hələ gömrük rüsümundan kənar! Baxmayaraq ki, bütün sənədlərimiz qaydasında idi, amma biz düz bir həftə çalışsaq da təəssüf ki, nədənsə "Böyük Boss"un cədvəlinə heç cür uyğunlaşa bilməmişdik. Əlbəttə, biz şikayət etdik, amma təbbi ki, bizi həmişəki kimi, sadəcə "azdırdılar". Eyni zamanda, qeyd edim ki, həmin vaxtda, elə bizim gözümüzün önündə korrupsioner və rüşvətxor məmurların yükləri heç bir çətinlik olmadan, asanlıqla rəsmiləşdirilib təhvil verilirdi.
İndi isə qayıdıram yuxarıda qeyd etdiyim həmin o müəmmalı "Ramal Trans" MMC-yə. Gömrük ərazisinə daxil olan hər bir yük maşını bu vahiməli şirkətə yükün "çeşidlənmə"si üçün 500-600 manat məbləğində ödəniş etməlidir. Bunun nə olduğunu və niyə olduğunu heç kim izah edə bilməz. Qəribə qəbzlər təqdim edirlər. İddiaya görə bu qəbzə "yükboşaltma" da daxildir. Buna baxmayaraq, biz əlavə olaraq yük boşaltmağa da 200 azn ödəməli oluruq və s.
İndi təsəvvür edirəm ki, Gömrük Komitəsinin Mətbuat Xidməti əllərini həvəslə ovuşdurduqdan sonra təxminən bu formada yazır: "Özünü “Əli və Nino”nun rəhbəri kimi təqdim edən şəxs bilmir ki, Ramal Transın gömrüyə heç bir aidiyyatı yoxdur”. Yoxdur? Onda olar mən onlara daha bir qəpik belə ödəməyim?
Artıq bir ildir ki, gömrükdə yüklərin rəsmiləşdirilməsi ilə bağlı yeni qayda tətbiq edilir. Yük gömrüyə daxil olmazdan öncə ona Qısa İdxal Bəyannaməsi (QİB) yazılmalıdır. Bu, bəlkə də qaydalarımızın tarixindəki ən utancverici səhifədir. Bunun nə olduğunu və niyə olduğunu heç kim bilmir. Gömrük idarəsinin özündə savadlı və ağıllı işçilər bu sual qarşısında çiyinlərini çəkirlər, çünki özləri də bunun nə qədər axmaq olduğunu başa düşürlər. Bu QİB-nin mahiyyəti budur: əgər yük maşını sərhəddi keçənədək yüklərdəki məlumatları portala daxil edə bilməmisinizsə, 1500 manat məbləğində cərimələnəcəksiniz. Yük maşını hələ Bakı gömrüyündə olanda qısa deyil, adi, ən adi gömrük bəyannaməsini təqdim etsək, onda bu axmaq QİB nə üçündür?
Əgər yüklər tez-tez bir maşından digər maşına ötürülürsə, onda biz məlumatları dəqiq formada necə daxil edə bilərik? Hər gün onlarla sahibkar bu QİB-ni yazmağı çatdırmadığı üçün bu mənasız prosesin qurbanına çevrilir! Əksər vaxtlarda bu, şirkətin deyil, məhz Azərbaycan gömrüyünün həqiqətləri ilə tanış olmayan daşıyıcı şirkətlərin günahı olur, amma bu məsələnin mahiyyətini dəyişmir, 1500 manat ödəməlisən, vəssalam!
Görünən odur ki, gömrükçülər qəsdən sahibkarların "belini qırmağa" və qiymətləri süni şəkildə qaldırmağa çalışırlar! Yaxşı, deyək ki, mən öz dar düşüncəmə əsasən belə bir cərimənin ölkəmizə tətbiq edilməsinin miqyasını və faydalarını qiymətləndirmək iqtidarında deyiləm. Onda mənə izah edin ki, bu cərimə niyə belə dəhşətli olur? Cəmi bir qutu uşaq nağılını gətirsən belə, 1500 manat cərimə!
Stalin repressiyaları ilə bağlı kitabların birində bir dəfə parkda dondurma satan bir qız haqqında hekayə oxumuşdum. Hekayədə balaca qız bir dəfə təsadüfən dostu ilə rastlaşanda ona bir dondurma verir, amma bunun üçün kassaya pul qoymağa vaxtı olmur, unudur. Elə həmin günün axşamı qız “sosialist əmlakının mənimsəməsinə" görə həbs edilərək 15 illik cəza alır. Bu dəhşətli hekayə yaddaşlarda təkcə Stalin rejiminin qeyri-insani cəhətlərinin nümunəsi kimi deyil, məhkəmə sisteminin qeyri-adekvatlığının nümunəsi kimi də həkk olunmuşdu - çünki, cəza cinayətin şiddətinə uyğun gəlmir.
QİB haqqında ilk dəfə eşidəndə düşündüm ki, bu əziz gömrükçülərimizin "məmur uşaqları" üçün açdıqları yeni "çörək qapısı"dır. Amma yox, məlum oldu ki, bu, bizim təşəbbüsümüz deyil, ölkədə düzgün olmayan bir çox şey kimi, bu qayda da Rusiyadan götürülmüşdür. Ancaq gəlin görək Rusiyada bu situasiyaya düşməyin cəzası nədir? 3000-10000 rubl (70-210 AZN). Bizdə isə 1500 AZN!
İndi isə tortdakı albalıdan danışaq: Bu ilin fevral ayında biz, digər minlərlə sahibkarlar kimi, bu "tələyə" düşdük (daşıyıcı şirkət bizi yük maşınının artıq sərhəddə daxil olduğu haqda vaxtında xəbərdar edə bilməmişdi) amma cərimə olunmağımıza baxmayaraq, cərimə bizdən çıxılmadı.
Ancaq bu səhər vəkilimin bir zəngi ilə başladı - cəsarətli gömrüyümüz bu cəriməni ödəmək üçün "Əli və Nino"ya qarşı iddia qaldırıb. Niyə bu gün? Niyə məhz indi?
Dünən "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu həddən artıq yüksək olan bu cərimə ilə bağlı şikayətlə Gömrük Komitəsi rəhbərinə müraciət (çünki o da eyni tələyə düşmüşdü) etdi. SSRİ-nin ən yaxşı ənənələrinə sadiq qalaraq, əvvəlcə naşir palçığa yuvarladıldı, sonra onun ünvanına böhtan yazdılar, sonra mediada sifarişli yazılar peyda oldu, sonra isə dahiyanə bir "strateji zərbə" gəldi - "işimizi" tozlu rəflərdən qaldırdılar və bizə layiqli bir cərimə etdilər!
Əziz məmurlar! Villalar və lüks avtomobillərini zəhmət çəkmədən əldə edənlər! 18 ildir ki, mən öz prinsiplərimə sadiq qalaraq bir abidə qurmuşam - əlavə heç nə ödəmirəm və bir qəpik də rüşvət verməyəcəyəm! Yenidən bizi "əzmək" üçün çalışdığınız zaman, xatırlayın - cəmiyyət dürüst insanların dürüst əməyinə əsaslanır və ədalət həmişə sonda qalib gəlir!
Nigar Köçərli
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin və
Milli Kitab Mükafatının təsisçisi