“Azdrama”nın “repressiv islahatlar”ı... -Və ya Akademik Milli Dram Teatrında “yorulmuş atları güllələyirlər”...
Yenixeber.org: Əziz oxucu, təəssüf ki, mövzu yenə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş verənlər barədədir. Bu dəfə hədəf pensiyaçılardır. Əlbəttə, bu proses bir çox teatrlarda baş verir. Lakin “Azdrama”da bu ənənənin “qədim tarixi kökləri” var. Çünki söhbət yalnız qanunvericiliyin müvafiq maddəsindən getmir. Neçə ildir ki, rəhbərliyə xoş gəlməyən “cavan” aktyorlar səbəbsiz olaraq səhnədən - yəni aktyorun doğma evi olan teatrdan uzaqlaşdırılır. Və təəssüf ki, aidiyyatı orqanlara edilən müraciətlər cavabsız qalır və cəzasızlıq hökm sürür. Ölkə başçısı cənab İlham Əliyevin məmur özbaşnalığına qarşı apardığı siyasət hələ ki, məmurların səyi ilə bu teatrın qapıları arxasında qalıb. Görünür, keçmiş rəhbərliyi sevinclə yola salarkən “mən buraya sülh yaratmağa gəlmişəm” deyən direktor və eyni zamanda teatrın baş rejissoru sülh deyəndə “tı nemoy aktyor” dediyi istedadların soyqırımını nəzərdə tutubmuş.
“Azdrama”da nə baş verir?
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibinin verdiyi rəsmi məlumatdan belə məlum olur ki, işdən heç kəs azad olunmayıb; sadəcə 16 nəfər “qoca” bekarçılıqdan rəhbərliyi “şərləyir”. Əslində pensiya yaşına çatmış (və ya 65 yaşını keçmiş kişilər və 62 yaşdan böyük olan qadınlar) 1 illik müqavilə əsasında işdə saxlanılmaqla zaman-zaman dəvətlə səhnədə “qoca” obrazlarını oynayaraq bunun müqabilində hər çıxış üçün təqribən 25-40 manat alacaq. Beləliklə, ştatdan çıxarılan aktyorlar aylıq 600 manat həcmində maaşdan məhrum olacaqlar. “Bəs qoca rollarını kim oynayacaq? Cavanlar bığ-saqqal qoyub səhnəyə çıxacaqlar?”, “Xalqın sevdiyi aktyorları teatrdan uzaqlaşdırmaq vicdansızlıqdır.” kimi bəyanatların əsası yoxdur. Amma ... “Təhlükə“ ondadır ki, “qoca”ların bəziləri prezidentinin fərdi təqaüdünü alır və fəxri ada görə verilən vəsaiti də saysaq aylıq əmək haqqını da alan “qoca”lar qəfil varlana bilər və əməlli-başlı sosial bərabərsizlik yaranar ki, buna da “yol vermək olmaz”. Bu səbəbdən də teatr rəhbərləri - o cümlədən Ana Məbədin başbiləni “həyəcan təbili” çalır. Bu “haman” o “qoca”lardır ki, “cavan”lar işdən çıxarılanda direktoru hücumlardan qorumasalar da etiraz da etmirdilər. “Məndən keçdi-qardaşıma dəydi” deyib KİV-lərdə adı ismin 6 halında hallanan direktorun harayına çatmadılar. Haqsızlıqla işdən azad olunan istedadlı “cavan”ların bərpası isə “kişinin sözü bir olar” “rubrika”sı altında xəyallarda qaldı: ƏSİL HƏQİQƏTsə absurda söykənir: istər cavan ol-istərsə də “qoca”-əyilməyi bacarmırsansa “tı nemoy aktyor” nidaları altında yerini başqasına verməlisən...
Beləliklə, bir qədər keçmişə qayıdaq.
Soruşa bilərsiniz ki, hansı atlardan söhbət gedir? Bəlkə “EZOP” dilindən öz dilimizə keçək?... Təhsil, incəsənət cəmiyyətin özülüdür kimi fikir ətrafında müzakirələr aparılmır: və təbiidir ki, maarif ocağının rəhbəri (əgər o,təhsilə və xalqa, dövlətə,ən azı öz şərəf və ləyaqətinə sədaqətlə xidmət edirsə) savadlı mütəxəssisləri , həmçinin “milli Makarenko”ları nəyin bahasına olursa olsun, rəhbəri olduğu müəssisəyə cəlb edir.Həmçinin, xalqını sevən və sənətə təmənnasız və ambisiyalarsız xidmət edən teatr rəhbəri də, istedadlı aktyorları başçılıq etdiyi teatra cəlb etməyə çalışmalıdır. Necə ki, vaxtilə bu sənət ocağının rəhbərliyi respublikanın müxtəlif teatrlarından istedadı ilə seçilən aktyorları (əməkdar artistlər Ayşad Məmmədov, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, Hikmət Rəhimov və s.), həmçinin,artıq əməkdar artist fəxri adını daşıyan İlham Hüseynovu teatra dəvət etmişdi. Özü də Gəncə Dövlət Dram Teatrının Akademik Milli Dram teatrında keçirilən qastrol tamaşalarından sonra. İ.Hüseynovun oynadığı Podkolyosin obrazı, (“Evlənmə”N.V.Qoqol.) rəhbərliyin xüsusi olaraq diqqətini diqqətini cəlb etmişdi.Eyni hərəkəti bu gün Musiqili Teatra ləyaqətlə rəhbərlik edən Əliqismət Lalayev etmiş, İ.Hüseynovu orada tamaşaya qoyulan “Mənim günahım” əsərində (İ.Əfəndiyev, rejissor İ.Gözəlova) əsas rollardan birinə- Sahib rolunu ifa etməyə dəvət etmişdi. Bu gün Akademik Milli Teatrda baş verənlər onsuz da qarşısı boş olan kassaların daha uzaqdan və daha aydın görünməsinə səbəb olur.
Bəs güllələnən kimlərdir?
Bir neçə onilliklər öncə çəkilmiş eyni adlı Amerika filmi niyə yada düşdü? ATV kanalının dəstəyi ilə 50 illik yubileyi qeyd edilən və kanalın vəsaiti hesabına cərrahiyyə əməliyyatı keçirən əməkdar artist İ.Hüseynov ikinci anoloji əməliyyata hazırlaşmaqla tamaşalarda oynayarkən “yararsız”lığını ağrıkəsici hesabına aradan qaldırır və səhnədə sənət fədaisi kimi “dünyanı unudurdu”; özünü də,səhnəni də, 1 il əvvəl direktorun ona təzyiqlə yazdırdığı ərizəni də, kirayədə qaldığı evi də....hər şeyi... Görəsən rəhbərlik etdiyi teatrın adında “Dövlət” sözünü “iqnor” edən “Azər Paşa Nemətovun teatrında” əlillik dərəcəsi olan başqa aktyorlar da repressiyaya məruz qalırmı? Bəlkə Hüseynov istedadsızdır .(Bu absurd fikri “bəlkə” ilə işlətmək də insana xəcalət hissi gətirir və ölkə prezidentinin imzası ilə ona verilən fəxri ad qarşında məsuliyyət daşımalı olursan).
Müxtəlif saytlarda baxış sayına görə reytinqləri qıran məqalələrin birindən əldə etdiyim məlumata görə, Moskvanın “Lenkom” teatrının aktyoru Karaçintsev 12 il əvvəl maşın qəzası nəticəsində ömürlük əlil arabasında qalsa da bu müddət ərzində teatrdan əmək haqqı alır və yalnız teatr mövsümünün açılışında oraya gəlir. Bu gün Azdramaya rəhbərlik etməklə yanaşı, həm də Teatr Xadimləri İttifaqının sədri olan direktor bir aktyora dəstək göstərməyi lazım bilmədi. Tabeçiliyində olan populyar aktyorun səhhəti ilə maraqlanmadığını deməyə isə ehtiyac yoxdur. A.Nemətovun səbəbsiz yerə BİRTƏRƏFLİ şəkildə intriqa apardığı İ.Hüseynov bəzi aktyorlardan fərqli olaraq heç zaman heç bir roldan imtina etməmiş,xəstə olanda belə səhnəyə çıxıb rolunu ifa etmişdir və ən əsası:o,şükürlər olsun ki,əlil arabasında deyildir! (Bundansa heç birimiz sığortalanmamışıq!). İnsanlıq və hümanizm prinsipləri bir tərəfə, rəhbər SƏBƏBSİZ olaraq işdən azad etdiyi aktyorla bağlı görəsən öz vicdanı qarşısında nə cavab verir? Axı vicdan məhkəməsində nə müstəntiq olur, nə şahidlər, nə zərərçəkən, nə də zərərçəkənin qohumları:və burada sadaladığın bəhanələrin və “əsaslı” arqumentlərin tək bircə dinləyicisi olur: aldada bilmədiyin ÖZÜN...
A.Nemətovun “arxiv” siyasəti
Təbiətən sakit və teatrda aktyorların dediyinə görə heç zaman heç kəslə kiçicik mübahisəsi belə olmayan İ.Hüseynovun cəmi 5-6 dəfə üzünü gördüyü direktorla da ədavəti olmayıb. “İ.Hüseynov heç bir tamaşada məşğul deyil” damğasının da əsası yoxdur:1.11.2012-ci ildən Azdramada çalışan İ.Hüseynov 5 ilin ilk 3 ilində 6 tamaşada müxtəlif obrazlar canlandırmış, “Qoca kloun tələb olunur” tamaşasında konferansye,“Nadir şah”da eyni zamanda oynadığı 4 rol, “Kölgə” tamaşasındakı həkim, ”Sənətkarın taleyi”ndəki Qraf Viktor və s. obrazlar Nemətovun direktor olduğu müddətdə isə o, səbəbsiz olaraq “qara siyahı”ya salınır. Yuxarıda adı çəkilən səhnə əsərləri repertuardan çıxarıldığı üçün orada oynadığı obrazlarla vidalaşmış aktyor, hansı səbəblərdənsə repertuardan çıxarılması mümkün olmayan,aktuallığını demək olar ki, itirməkdə olan, “Nazirin xanımı” əsərindəki köməkçi obrazında xəstəlik müddətində-yəni bülletendə olduğu zaman (30.11.2017) səhnəyə çıxıb rolunu oynadı. Razılaşın ki, belə “intizamsızlıq” hər aktyora xas xüsusiyyət deyildir.
2017-ci ilin mart ayında “güzəşt” edən “humanist” direktorun “Onda ərizəni avqustdan yazsın” sözlərindən sonra mübarizə aparmağı sadəcə bacarmayan aktyor ərizə yazdı və o aylarda cərrahiyyə əməliyyatı olunduğu üçün ərizə “işə düşmədi”. Zamansa yaxınlaşmaqda idi. “Günahı”ını öyrənmək istəyən aktyor dəfələrlə direktorun qəbuluna getsə də, saatlarla öz qrim otağında gözləyəndən sonra direktordan “mənfi” cavab gəlmişdi. Teatrda(eləcə də kinoda) bu günə kimi hər hansı bir roldan imtina etməyən və ya müxtəlif səbəblərdən rejissoru “yarı yolda qoyub”, onu yeni aktyor axtarışlarına düçar etməyən İ.Hüseynov gərginlik içərisində sabaha ümidlə sənəti ilə məşğul olmaqda idi.
Bu repressiyanın hədəfləri Fuad Poladov kimi xalq, İlham Hüseynov kimi əməkdar və Murad İsmayıl kimi səhnədə ilk addımlarından istedadı bəlli olan həyalı aktyorlar idi.
Hər hansı bir yalanı və yanlışlığı qələmimin “həndəvəri”nə buraxmamağa söz verdiyim üçün teatrda yeni nəfəs hesab edilən aktyor Hikmət Rəhimovun adını çəkmədim: ancaq həqiqət naminə deyim ki, sonuncunun sakit təbiətli olmaması direktoru “qorxutmadı” və o, heç kəs üçün sirr olmayan “obyektiv” əsaslarla Rəhimovu işdən azad etdi. Bununla da Akademik Milli Dram teatrının səhnəsində az qala inqilab hesab edilən “Qatil”(E.Əfəndiyev) tamaşası tamaşaçılar və teatr üçün hələlik xatirəyə çevrildi.
Qayıdaq atılmış hələlik sonuncu ədalətsiz addıma-daha doğrusu, son “qurban”a
İ.Hüseynovla əlaqə saxlamağın mənasız olduğunu bilib, telefonu cibimə qoydum. Bircə onu öyrənə bildim ki, hüquqlarına sahib ola bilməyən aktyor Musiqili Teatrın səhnəsində növbəti aylarda Sahib roluna “sahib”lik edəcək. Bu isə o deməkdir ki, növbəti dəfə kassada biletlər satılacaq, tamaşadan sonra onunla şəkil çəkdirmək üçün uzun bir növbə yaranacaq, və o, növbəti dəfə pərəstişkarlarından qəbul etdiyi gülləri xanım həmkarlarına bağışlayacaqdır...
Bu günlərdə ölkə prezidenti tərəfindən fəxri adlara görə verilən təqaüdlərin artırılması barədə imzalanan fərman əsil sənət adamlarına- o cümlədən, “Ən yaxşı kişi rolunun ifaçısı” (Ukrayna, 2011) adını daşıyan İ.Hüseynova da şamil edilmişdir. İstedadlı aktyorların çoxminlik fanat ordusuna saymazlıq göstərən-deyərdim ki, düşmən kəsilən Azərpaşa Nemətov kimi məmurlar səhnə üçün yaranan insanları “özəlləşdirdiyi” sənət ocağından bəlkə də “gəlmə” adıyla uzaqlaşdırmaqla xalqın narazılığına səbəb olur, insanlarda aparılan siyasətə qarşı inamsızlıq yaradırlar. Azdramanın “taleyi”nə məsul olan Azərpaşa Nemətovun siyasəti barədə sözü ucuzlaşdırmağa ehtiyac yoxdur və “Ezop” dili işə yaramır: çünki, cahil insanı başa salmaq daha asandır, nəinki sənətə və bu “kompüterləşmiş”dövrdə günü-gündən sayı azalan teatr tamaşaçısına qarşı yeridilən məqsədyönlü siyasətin icraçısını bu yoldan döndərmək! Bu siyasətin adını isə deməyə ehtiyac yoxdur; görünən dağa bələdçi lazım olmadığı kimi...
Nəcibə İLKİN, “Azad Qələm” qəzetinin baş redaktoru