AMEA-nın sabiq əməkdaşı Birinci vitse-prezidentdən kömək istəyir-"...2 ildən artıqdır ki, məhkəmələrdəyəm..."
Yenixeber.org: Redaksiyamıza Abşeron rayonu Ceyranbatan qəsəbəsi Paşa Tağıyev küçəsi-5 sakini fəxri professor, akademik Tağıyev Sabir Paşa oğlunun Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində AMEA-nın Memarlıq və İncəsənət İnstitutundan qanunsuz işdən çıxarılmasından və 2 ildən artıqdır ki, məhkəmələrdə zaman itirməsindən bəhs edir. Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:
"Çox hörmətli Mehriban xanım.
Möhtərəm Prezidentimizin və Sizin Azərbaycan xalqı və dövləti üçün etdikləriniz biz ziyalılar üçün əməli fəaliyyət proqramıdır. Elmin, incəsənətin və ictimai həyatın bütün sahələrinin inkişafında Sizin misilsiz polunuz və əməyiniz vardır. Məhz Sizin səyləriniz sayəsində Azərbaycan yüksək elm, mədəniyyət və incəsənət mərkəzinə çevrilib. Bu sahədə çalışan insanlara daim diqqət və qayğı göstərilir. Siz uzun illər deputat, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri kimi çoxşaxəli fəaliyyətinizlə və hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi digər sahələrlə yanaşı, elmin, mədəniyyətin inkişafına da misilsiz töhfələr vermisiniz. Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğində, mədəni irsimizin nadir nümunələrinin beynəlxalq təşkilatlarda təqdim edilməsində, ölkəmizin mədəniyyətlərarası dialoqun mənəvi zənginlik mənbəyi olan tolerant bir məkan kimi tanınmasında xidmətləriniz əvəzolunmazdır.
Azərbaycan elminin və mədəniyyətinin hamisi kimi nəcib bir missiyanı üzərinizə götürərək, Siz milli elmimizin, mədəniyyətimizin və tarixi abidələrimizin qorunması, inkişafı və təbliği sahələrində möhtəşəm uğurlara imza atmısınız.
Möhtərəm Prezidentimizin və Sizin belə məsuliyyətli, diqqətli, qayğıkeş mövqeləriniz bütün yaradıcı, elmi-tədqiqat, pedaqoji və ictimai sahələrdə fəaliyyət göstərən insanları müqəddəs bir amala - Azərbaycan elmini, incəsənətini və mədəniyyətini yüksək səviyyədə inkişaf etdirməyə, milli-mənəvi dəyərlərimizi qorumağa, zəngin tarixi irsimizi beynəlxalq aləmdə təbliğ etməyə, var qüvvə ilə çalışmağa, yeni zirvələr fəth etməyə, müstəqil Azərbaycanımızın nurlu sabahı naminə, Sizlər kimi möhtəşəm işlər görməyə ruhlandırır.
Mən də bir tədqiqatçı alim kimi möhtərəm Prezidentimizin və Sizin belə mövqelərinizdən həmişə mənəvi qida alaraq ruhlanmış, bu ruhda yeni elmi yeniliklər əldə etməyə çalışmışam. AMEA-da işlədiyim 7 il 4 ay müddətində tədqiqat işlərimin nəticələrini, yəni, mənsub olduğum xalqın zəngin tarixi irsini olduğu kimi yüksək səviyyəli elmi-praktik konfranslarda beynəlxalq aləmə çatdırmağa çalışmışam. Onun nəticəsi olaraq bu gün artıq AMEA-nın əmək veteranı olmaqla, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyim töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru diplomuna, Türk dünyası elminin və mədəniyyətinin tərəqqisindəki xidmətlərimə görə isə həmin Akademiyanın
“Beynəlxalq qizil ulduz medalı”na layiq görülmüşəm. Həmçinin belə elmi mövqeyimin nəticəsi olaraq Almaniyadakı V.Leybnis adına Avropa Təbiət Elmləri Akademiyası(Hanover, Almaniya) məni akademiyanın həqiqi üzvü- akademiki seçib və elmi tədqiqatlarımdakıl xüsusi xidmətlərimə görə həmin akademiyanın “Taclı ulduz” ordeni ilə təltif edib. Elm və mədəniyyət sahəsindəki böyük xidmətlərimə görə isə Birləşmiş Millətlər Təşkilatının İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsinin(BMT İTŞ BMK) “Şərəf və Vicdan” ordeni ilə təltif olunmuşam. Yenə də xeyirxah əməli işlərimə görə BMT İTŞ BMK-nın “Qurtuluş və mərhəmət” ordeni ilə təltif olunmuşam. “Xalqın nüfuzlu ziyalısı” mükafatının laureatıyam.
Çox hörmətli Mehriban xanım.
Bütün bunların hamısı möhtərəm Prezidentimizin və Sizin sayənizdə yaşadığımız stabilliyin, düzgün daxili və xarici siyasətinizin nəticəsində dinamik inkişaf yolunda olmağımızın, alovlanan bölgədə Azərbaycanımızın sabitlik adası olmağının sayəsindədir. Bütün bunların hamısına görə Sizin hər ikinizə minnətdarıq!
Çox hörmətli Mehriban xanım.
Bütün bu uğurlarıma baxmayaraq 2017-ci ilin əvvəlində qeyri-qanuni şəkildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda işdən çıxarılmışam. 2 ildən artıqdır ki, məhkəmələrdəyəm. Bununla bağlı 17.12.2018-ci ildə Konstitusiya Məhkəməsinə də müraciət etmişəm. İşim artıq hakimlərdədir və araşdırılır.
Çox xahiş edirəm, 5 ali təhsilli övlad və o cümlədən 4 əsgər, bir həkim atası olduğumu, 27 nəfərdən ibarət böyük bir azərbaycanlı ailəsinin başçısı olduğumu, yaşadığım Ceyranbatan qəsəbə Ağsaqqallar Şurasının sədri olduğumu nəzərə alaraq Konstitusiya Məhkəməsində olan ərizəmi möhtərəm Prezidentimizlə birlikdə öz nəzarətinizə götürəsiniz".