Rüfət Quliyev: “Qardaş ölkə ilə məsələlərdə Türkiyənin bizə münasibətini, hər sahədə dəstəyini nəzərə alaraq addımlar atılmalıdır”
Natiq Cəfərli: “Belə çıxır ki, Azərbaycanın Türkiyəyə yaxınlaşmasından narahat olan qüvvələr hökumətin, dövlət qurumlarının daxilində var, nəinki xaricdə”
Yenixeber.org: Türkiyənin Mersin şəhərinin TIR sürücüləri Azərbaycandan narazılıq ediblər. Sürücülər ölkəmizə yönəlik narazılıqlarını qardaş ölkənin müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşdə səsləndiriblər. Onların əsas arqumenti bu olub ki, Azərbaycan başqa ölkələrin daşımaçılarından tələb etmədiyi 2500 dolları türkiyəli sürücülərdən alır. Bunu qardaş ölkənin sürücüləri soyğunçuluq sayırlar. Narazılıqlardan biri də bu olub ki, Rusiya tərəfi sürücülərin Gürcüstan sərhəd qapısından imtina edib Azərbaycan marşutunun seçməsini istəyir.
Ekspertlər qeyd edirlər ki, Azərbaycan rəsmilərinin bu məsələ ilə bağlı mövqe bildirməsi çox önəmlidir. Çünki Azərbaycan regionda aparıcı tranzit ölkə olmağa iddialıdır və bunun üçün nəqliyyat-logistika infrastrukturuna 100 milyonlarla dollar sərmayə yatırır. Üstəlik, burada söhbət Türkiyə kimi Azərbaycan üçün son dərəcə önəmli bir dost, qardaş və tərəfdaşla münasibətlərdən gedir.
Türkiyəli sürücülərin narazılığının nə dərəcədə əsaslı olub olmamasını Dövlət Gömrük Komitəsi ilə dəqiqləşdirməyə çalışdıq. Komitənin Mətbuat Xidmətinin rəhbəri Natiq Axundov etdiyimiz aramsız zənglərimizə cavab vermədi. Mətbuat Xidmətinin adını açıqlamayan başqa bir əməkdaşı isə sualımızı eşitdikdən sonra dəstəyi asdı.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rüfət Quliyev mövzu ilə bağlı deyir ki, sürücülərin narazılığında kifayət qədər məntiq var.
Deputat hesab edir ki, Türkiyə və Azərbaycan dövlətlərinin, xalqlarının arasındakı qardaşlığı, dostluğu hər zaman nəzərə almaq lazımdır: “Qardaş ölkə ilə məsələlərdə Türkiyənin bizə münasibətini, hər sahədə dəstəyini nəzərə alaraq addımlar atılmalıdır. Cənab Prezident İlham Əliyev də, cənab Prezident Rəcəb Tayyib Ərdoğan da dəfələrlə qeyd edib ki, bizim əməkdaşlığımız, tərəfdaşlığımız sadəcə dost və müttəfiqliyə yox, həm də qardaşlığa əsaslanır. Düşünürəm ki, bizim dövlət qurumlarının rəsmiləri TIR sürücülərinin narazılığını araşdırmalıdırlar. Eyni zamanda, Türkiyə və Azərbaycan arasında qarşılıqlı güzəştlər tətbiq edilməlidir. Oturub baxmaq lazımdır, lazım gələrsə, gömrüklə bağlı qərarlarda dəyişikliklər olmalıdır. Bunu həll etməliyik”.
“Gömrük haqlarına da baxmaq lazımdır ki, nəyi necə edək. Türkiyədən gətirilən məhsullardan hansından burada istehsal olunmursa, onlara rüsumu azaltmaq lazımdır. Bu, qiymətlərin azalmasına gətirib çıxaracaq. Elə məhsullar var ki, ondan yerli istehsal yoxdur. Bu zaman rüsum siyasəti fərqləndirilməlidir, azaldılmalıdır. Yerli istehsal varsa, o zaman rüsum artıq ola bilər. Elə şərait yaratmalıyıq ki, Türkiyədən olan iş adamları ölkəmizə qoyduqları investisiyanın həcmini artırsınlar. Bu, həm onlar üçün, həm də bizim üçün sərfəli olacaq. Yenə deyirəm, aidiyyəti dövlət orqanları güzəştlərlə bağlı məsələlərə yenidən baxmalıdırlar”, - deyə R.Quliyev vurğulayıb.
ReAL Partiyasının funksioneri, iqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, türkiyəli sürücülərin narazılığı haqlıdır: “Azərbaycan bununla bağlı ciddi araşdırma aparmalıdır. Əgər bu, fərdi, öz cibini güdən adamlar tərəfindən atılmış addımdırsa, dərhal həmin şəxslər cəzalandırılmalıdırlar. Azərbaycan qanunvericiliyinə görə, ölkələrə uyğun fərqli tariflər yoxdur. Maşınların keçməsinə görə tranzit ödənişləri var, bir də son məntəqə Azərbaycandırsa, bu zaman daha bir ödəniş mövcuddur. Doğrudan da, Türkiyə TIR-larının keçidinə görə başqa bir neqativ yanaşma varsa, bu ciddi araşdırma mövzusudur. Belə çıxır ki, Azərbaycanın Türkiyəyə yaxınlaşmasından narahat olan qüvvələr hökumətin, dövlət qurumlarının daxilində var, nəinki xaricdə”.
Ekspert hesan edir ki, ümumiyyətlə, Azərbaycanda gömrük fəlsəfəsi kökündən dəyişdirilməlidir: “Hazırda bizim gömrük işləri anormal şəkildə həyata keçirilir. Hətta orta əsrlərdə gömrük orqanları formalaşarkən, onun əsas prioriteti daxili istehsalçını qorumaq olub. Daxildə hansısa məhsuldan istehsal olunursa, həmin məhsuldan xaricdən gətirilənə rüsum tətbiq etməklə, gömrük bazarı tənzimləyir. Azərbaycanda sözügedən təməl prinsipi işləmir. Bizdə yerli istehsalı olmayan, hətta sosial yönümlü mallar da maksimum gömrük rüsumuna cəlb edilir. Söhbət dərman preparatlarından, uşaq qidalarından, əngəlli insanlar üçün avadanlıqlardan və s. gedir. Minlərlə adda məhsul saymaq olar ki, yerli istehsal yoxdur, amma maksimum gömrük rüsumuna tabe etdirilir. Bu da sonucda qiymət artımına səbəb olur”.
“O ki qaldı tranzitlərlə bağlı, Azərbaycan doğrudan da tranzit mərkəzinə çevrilmək, bundan pul qazanmaq, beynəlxalq haba çevrilmək istəyirsə, ən asan keçid yolları, “yaşıl dəhliz” təqdim etməlidir. Az rüsumlarla bunu etmək lazımdır. Çünki regionda çoxlu sayda rəqib marşrutlar var. Azərbaycan üzərindən keçməyən, rəqib ola biləcək marşrutlar mövcuddur. Bu, Rusiyadan, İrandan, Qazaxstandan keçən yollardır. Bu alternativləri nəzərə alan Azərbaycan hökuməti elə bir alqoritm təqdim etməlidir ki, beynəlxalq aləm üçün sərfəli olsun. Azərbaycan hökuməti bunu etməyəcəksə, nə dəmir yolu, nə avtomobil yolundan ciddi gəlir əldə edə bilməyəcəyik. Bu günə qədər yatırılan vəsaitlər isə boşuna getmiş olacaq”, - deyə N.Cəfərli fikrini tamamlayıb.(AYNA)