Ağsuda ŞAHLIQ HÖKMRANLIĞI... - Zaman geri dönür?-DE-FAKTO
Yenixeber.org: Yox bu dəfə təkcə rayonun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovdan deyil. Bu dəfə Rövşən Bağırova rayonun Ləngəbiz kəndinin "sayılıb seçilən, hörmətli məmurları da qoşulub". Doğrudur, rəsmiyyətdə onların hamısı Rövşən Bağırova aid olmasa da, rayonda fəaliyyət göstərən bütün istər özəl olsun, istərsə də dövlət qurumlarında İcra başçılarının hökmünün nə qədər keçərli olduğunu hər kəs çox yaxşı bilir. Redaksiyamıza daha bir müraciət Ağsu rayonunun Ləngəbiz kənd sakini Əliyeva Nüşabə Soltan qızı tərəfindən ünvanlanıb. Redaksiyamıza daxil olan videomüraciətdə Nüşabə xanım bildirir ki, həyat yoldaşı birinci qrup əlildir. İki azyaşlı övladı var. Həyat yoldaşı yataq xəstəsi olduğu üçün Nüşabə xanım ona və iki azyaşlı övladına qulluq etmək məcburiyyətindədir. Yəni anlayacağınız ailədə qazanc gətirən kimsə yoxdur. Yaşadıqları ev də həyat yoldaşının babasından qalma palçıq kərpiclə hörülmüş evdir ki, o da artıq uçub-tökülüb desək yanılmarıq. Ev tamamilə qəzalı vəziyyətdədir. Yağış suları evin divarlarını yuyub aparıb. Nüşabə xanım övladlarının dolanışığını az da olsa təmin etmək məqsədilə ünvanlı sosial yardım almaq istəyir. Bunun üçün də özünün dediyinə görə "döymədiyi qapı qalmayıb". Amma, çi fayda... Bundan əlavə xanımın nə özünün, nə də həyat yoldaşının adına heç olmasa boş torpaq sahəsi də yoxdur ki, özünün dili ilə desək "içində bir dam qaraldıb, balalarını ora yığsın". Bununla bağlı Ləngəbiz kənd icra nümayəndəsinə, kənd bələdiyyəsinə, bunlardan da bir səs çıxmadıqda Ağsu rayon İcra Hakimiyyətinə müraciət edib. Sizcə İcra Hakimiyyəti nə cavab versə yaxşıdır?! İcra Hakimiyyəti başçısının müavini İ.Mikayılovun imzası ilə Nüşabə xanımın yazılı müraciətinə cavab olaraq ünvanlanmış məktubda deyilir ki, "Kənd bələdiyyəsinə yazılı müraciət edin və torpaq satın alın." Sizcə də gülünc deyilmi? İcra Hakimiyyəti ya camaatı ələ salıb, ya da... Nə bilim vallah... Həqiqətən o cavabı düşünən beyinə həsəd aparılasıdır. Dünya-aləm umrunda deyil maşallah... Xanım deyir "yeməyə çörək tapmıram. Yoldaşım yataq xəstəsidir. Birinci qrup əlildir(hansı ki, bu ölkənin əlil vətəndaşları xüsusi olaraq dövlətin diqqətindədir. Bu dövlətin büdcəsindən maaş və maaşdan əlavə müxtəlif yollarla milyonlar mənimsəyən, özünə bir neçə bizneslər quran məmurların da diqqət mərkəzində olmalıdır!). İki azyaşlı övladımın gözlərinə ac baxıram. Çarəsizəm." İcra Hakimiyyəti deyir:- "get bələdiyyədən torpaq satın al". Əgər bu insanın torpaq satın almaq imkanı olsaydı, inanın ki, sizə ağız açmağı özünə yaraşdırmazdı. "Özünə yaraşdırmazdı" ifadəsini işlətməyimizin də səbəbi odur ki, əslində haqqı olaraq hər hansı bir məsələ üçün İcra Hakimiyyətinə müraciət edən sakinləri İcra Hakimiyyəti başçıları, yaxud digər işçiləri o qədər alçaldır ki, insan hüquqlarını tələb etdiyinə də utanır. Ya vətəndaşların "boynuna minnət qoyur"lar, ya da ümumiyyətlə elə üz göstərirlər ki, insan nəyinki ora getdiyinə, hətta bu ölkədə yaşadığı üçün özünə nifrət edir. Ölkəyə nifrət edir. Ölkəni idarə edən hakimiyyətə nifrət edir. Səbəb isə icra başçısı və ərazi üzrə digər məmurlardır! Vətəndaşları hakimiyyətdən narazı salan səbəbkarlar Rövşən Bağırov, Alı Qocayev, Eyvaz Hüseynov, Taleh Qaraşov, Vaqif Həsənov, Sahil Babayev, Elşad Həsənov və digər adlarını çəkmədiyimiz bu kimi məmurlardır. Yenidən gəlirik o söhbətin üstünə: - Hörmətli, İ.Mikayılov xanımın torpaq satın almaq imkanı olsaydı inanın ki, kənddə torpaq satan təkcə bələdiyyə deyil. Bir xeyir əməli özünüzə çox görməyin. Heç olmasa Dövlətin mülkiyyətindən əliaçıqlıq edib, bu çarəsiz ailəyə çarə olun.(zatən dövlətin büdcəsi sizlərə xidmət edir) Qeyd edək ki, sözügedən qurumlara dəfələrlə müraciət edən, lakin hər dəfəsində də əli boşa çıxan Nüşabə xanım Əliyeva Prezident İlham Əliyevə də yazılı məktub ünvanlayıb. Yeri gəlmişkən onu da bildirək ki, DogruXeber.az İnformasiya agentliyinə daxil olan sakin müraciəti ilə bağlı biz Ağsu rayon icra Hakimiyyəti ilə əlaqə saxlayıb, başçının sakinləri qəbul etmədiyi barəsində olan narazılıqlarını bildirdiyimizdə, Ağsu rayon İcra Hakimiyyətindən bizə cavab verilmişdi ki, "Başçının qəbul günləri cümə günləridir və başçı özü qəbul edir". Nüşabə xanım isə ötən həftənin cümə günü Rövşən Bağırova dərdini şəxsən demək üçün İcra Hakimiyyətinə üz tutub. Lakin, xanım bildirir ki, heç beşinci günlər də başçı özü deyil, müavinləri görüşür sakinlərlə. Nüşabə xanımı dinləyən müavin ona cavab olaraq büdcədə vəsait olmadığını, ona heç bir köməklik göstərə bilməyəcəklərini deyib. Hətta təəssüf dolu bir gecikmiş məsləhət də verib ki, "gərək vaxtında Fövqəladə Hallar Nazirliyinə müraciət edərdiniz". Artıq ümidi hər yerdən üzülən Nüşabə xanım Əliyeva son olaraq DogruXeber.az informasiya agentliyinə ümid bağlayıb və müraciət edib. Biz bunu dəfələrlə qeyd etmişik, yenə də deyirik. Vətəndaşların mediaya, həmçinin media vasitəsilə Prezidentə üz tutması, kömək diləməsi birbaşa ərazi üzrə fəaliyyət göstərən dövlət qurumlarının, həmin qurumlara rəhbərlik edən məmurların məsuliyyətsizliyi, yalnız öz rahatlığını və öz bizneslərini, büdcələrini düşünmələridir. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az |