Bakı küçələrində nə baş verir: Qəsd, yoxsa xəta?
“İşıqforlar vasitəsilə qəsdən, məqsədli şəkildə tıxac yaradılır” iddiaları yayılıb
Yenixeber.org: Sürücülər arasında səsləndirilən iddiaya görə, Bakı küçələrində işıqforlar vasitəsilə qəsdən, məqsədli şəkildə tıxac yaradılır. “Əsas yolda işıqforda qırmızı işıq yandığı halda, köməkçi yolda 1-2 dəqiqəyə yaxın yaşıl işıq yanır. Beləliklə həftədə bir neçə dəfə qəsdən yollarda tıxac yaradırlar”, - deyə iddialar yayılıb
“Yollarda qəsdən, məqsədli şəkildə işıqforlar vasitəsilə tıxac yaradılması mümkündürmü? Bunu kimlər, niyə etsinlər?” sualına aydınlıq gətirməyə çalışmışıq.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bu cür iddiaları tamamilə əsassız adlandırıb: “İşıqforlarla yollarda bilərəkdən sıxlıq və ya tıxac vəziyyətinin yaradılması ilə bağlı iddialar tam əsassızdır. Çünki işıqforların təyinatı yollarda hərəkətin tənzimlənməsidir. Aydınlıq gətirilməsi üçün onu da qeyd edim ki, nəqliyyat vasitələrinin hərəkətində intensivliyin yüksək olduğu küçə və prospektlərdə nəqliyyat axınlarının tənzimlənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir”.
Agentlik sözçüsü bildirib ki, bu çərçivədə hərəkətin optimal tənzimlənməsi vasitələrdən biri də işıqforlarda “yaşıl dalğa”nın tətbiqidir: “Hərəkətin intensiv olduğu küçə boyunca işıqforlarda “yaşıl dalğa” tətbiq edilir, nəticədə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradılır. Paytaxtın 28 May, Bakıxanov, Z.Əliyeva, Ü.Hacıbəyov və s. küçələrində zəruri olan vaxtlarda “yaşıl dalğa” tətbiq olunur”.
Yol-nəqliyyat eksperti Elməddin Muradlı da qeyd edib ki, işıqforların iş prinsipi stabil olmur və ola da bilməz: “Çünki onlar hərəkəti tənzimləyir və bəzən hərəkətin intensivliyi arta, azala bilər. Belə olan halda hərəkətin intensivliyinə uyğun olaraq, müəyyən addımların atılması qaçılmazdır”.
Ekspert “yaşıl dalğa”nın tətbiqindən danışaraq diqqətə çatdırıb ki, bu, yollardakı intensivlik nəzərə alınaraq tətbiq edilir: ““Yaşıl dalğa” tətbiq olunarkən hərəkət intensivliyinin artıq olduğu yolda yaşıl işıq yanır, digər istiqamətlərdə hərəkət dayanır. Məsələn, Rəşid Behbudov küçəsi üzrə min avtomobil hərəkət edir, lakin həmin vaxtda kəsişən küçələrdən hesablasaq, üç yüz avtomobil çıxmır. Bu halda Rəşid Behbudov küçəsinə üstünlük verilir ki, min avtomobil hərəkətini başa çatdırsın ki, əlavə avtomobillər də gəlib həmin istiqamətdə sıxlığa düşməsin. Yəni bu, hərəkətin intensivliyi nəzərə alınaraq edilir”.
“Beləliklə, işıqforların işi stabil qalmır. Nəqliyyatın intellektual idarəedilməsi dedikdə nəzərdə tutulan da budur ki, vəziyyətə uyğun olaraq idarəetmə mexanizmi qurulmalıdır. Burada avtobusların dispetçer xidməti ilə əlaqə qurması, interval, işıqforların iş prinsipi, piyadaların avtomobillərə nisbətən üstünülüyü və yaxud da əksi kompleks şəkildə bir-biri ilə bağlıdır. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi də məhz bu işləri yerinə yetirmək üçün xidmət göstərir. Ərazidə xidmət aparan yol polisi əməkdaşları, Bakı Nəqliyyat Agentliyinin əməkdaşları radioqəbuledici vasitəsilə mərkəzə məlumat ötürürlər ki, filan küçədə nəqliyyat axını çoxdur, həmin küçəyə üstünlük vermək lazımdır. Deyək ki, əvvəlcə orada işıqforun yaşıl işığı 30 saniyə yanırdısa, bu müddəti artırırlar”, - deyə həmsöhbətimiz vurğulayıb.
Muradlı işıqforlarla bilərəkdən tıxac yaradılması iddiaları ilə razılaşmır: “Çünki nadir hallarda ola bilər ki, işıqforların tənzimlənməsi ilə bağlı səhv qərar qəbul olunsun və sıxlıq yaransın. Yaxud da haradasa işıqfor işləmir və əməkdaşlar bunu görmür və ya texniki problem yaranıb, üç işığın üçü də eyni vaxtda yanır, yaxud da hansısa istiqamətdə nəqliyyat axını çoxalıb, amma BNA və DYP bunu görmür və işıqforda zaman artırılmır. Bəli, bu kimi hallarda bəzi yerlərdə işıqforların iş prinsipinin düzgün tənzimlənməməsi səbəbi ilə sıxlıq yarana bilər. Bununla bağlı vətəndaşlar da ayıq olmalı, BNA-ya, DYP-yə müraciət etməlidirlər”.(ayna)