Vətən müharibəsinin qaziləri xəstəxanada baxımsızlıqdan ölümlə çarpışırlar -Rəzalət-Video
Son günlər sosial şəbəkələrdə, sosial media gündəmində ən çox yayılan görüntülər və məlumatlar Qarabağ qazilərinin müxtəlif dövlət qurumlarından gileyləri, haqlı narazılıqlarıdır.
Yenixeber.org: Xəbər portalı olaraq hər zaman xalqımıza, milli dəyərlərimizə, dəyərli Azərbaycan oğullarına sonsuz hörmət və diqqət, istənilən mövzuya qarşı obyektiv mövqe nümayiş etdiririk.
Bizə olunan müraciətlər, yaxud gördüyümüz bütün görüntüləri işimizdən öncə insani hisslərimiz ilə izləyib, vicdanımız ilə yanaşmağa çalışırıq.
Bu gün sosial mediada həm insanlığı, həm vicdanı dilləndirən bir videogörüntü yayımlanıb. O görüntüləri izləyərkən, jurnalist olaraq deyil, ilk öncə məni, mənim torpağımı, mənim şərəfimi qoruyan qeyrətli Azərbaycan oğullarının məruz qaldığı bu acınacaqlı vəziyyətdən çox böyük utanc hissi keçirdim.
Maraqlıdır ki, bu videogörüntünü izləyən hər bir azərbaycanlı mənimlə eyni hissləri keçirdikdiyi halda, necə olur ki, Prezidentin qəti tapşırığına əsasən, onlara lazımi köməklikləri göstərməyə borclu olan bəzi məmurların "tükü tərpənmir"?!
Bu gün Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasında yaşanan bu cür utancverici görüntülərin səbəbkarı təkcə Abbas Səhhət adına xəstəxananın baş həkimi Azad Quliyev deyil, eyni zamanda Gəncə şəhər İcra Hakimiyyəti başçısı Niyazi bayramov və Səhiyyə Nazirliyinin məsuliyyətsizliyidir.
(Yeri gəlmişkən "məsuliyyətsiz" ifadəsini internet araşdırmalarım zamanı rastlaşdığım faktlara əsasən işlətdim.) İnternet üzərindən kiçik araşdırma apararkən Abbas Səhhət adına 1 nömrəli Gəncə şəhər xəstəxanasında əvvəllər də dəfələrlə baş vermiş qalmaqallar, həkim diqqətsizliyi, ölüm halları, həmçinin korrupsiya faktlarının belə yaşandığını öyrəndim. Bəlkə də bəziləriniz bu yazını oxuyarkən, "səhiyyənin İcra Hakimiyyətinə nə dəxli?" deyə düşünə bilərsiniz. Amma, nəzərinizə çatdırıram ki, çox da uzaq olmayan keçmişimizdə işdən çıxarılan, həbs olunan bəzi (məsələn: Neftçala, Cəlilabad, Ağstafa.və.s) rayon İcra başçılarının törətdikləri qanunsuz əməlləri ifşa edilən zaman Rayon Mərkəzi Xəstəxanasında "açıq-aşkar korrupsiyaya icazə vermək, onu görməzdən gəlmək" üçün hətta aylıq ödəniş almaları barədə məlumatlar da mətbuatda işıqlandırılmışdı.
Odur ki, ümidvaram şahidi olduğumuz bu rəzilliyin, Qarabağ qazilərinə qarşı laqeydliyin, hörmətsizliyin səbəbkarları olan Səhiyyə Naziri Oqtay Şirəliyev, Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov və Abbas Səhhət adına 1 nömrəli Gəncə Şəhər Xəstəxanasının baş həkimi Azad Quliyevin nəyinki daşıdıqları vəzifə üçün, ümumiyyətlə saymadıqları bu oğulların qoruduğu torpaq üçün nə dərəcədə yararlı olduğuna Cənab Prezident İlham Əliyev özü tezliklə qərar verəcəkdir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
(DogruXebər.az)