İcra başçısı tərəfindən həyatı təhlükədə olduğunu iddia edən sahibkar -İLGİNC GƏLİŞMƏ -VİDEO
Son zamanlar media gündəmini daha çox məşğul edən məsələlərdən biri, hətta birincisi vətəndaşların məmur narazılıqları mövzusudur.
Yenixeber.org: Sahib olduğu vəzifəyə məsuliyyətsiz yanaşan, səlahiyyətlərindən sui-istifadə edərək, narazılıq yaradan məmurlardan şikayətçi olan vətəndaşlardan biri də Tərtər rayon Əsgipara kənd sakini Sadıqov Babək Yolçu oğludur.
Saytımıza müraciət edən Babək Sadıqov bildirir ki, "2016-cı ildən Tərtər rayonunda sahibkarlıq fəaliyyəti ilə məşğulam. Əkin məqsədilə sakinlərdən 7,92 ha torpaq sahəsinin yerini dəyişib, əkinə yararsız, daşlıq sahəyə köçürüblər. Bununla bağlı Tərtər rayonunda fəaliyyət göstərən bütün məsul dövlət qurumlarına müraciət etmişəm, lakin heç bir nəticə görməmişəm. Bundan əlavə 44 günlük Vətən müharibəsi dövründə də düşmən atəşi əkin sahəmə düşərək 90.000(doxsan min) AZN məbləğində mənə ziyan vurdu. Kənd Təsərrüfatı Nazirliyindən vəzifəsinin nə olduğunu bilmədiyim Arif müəllim adlı bir səlahiyyətli şəxs gəlib dəymiş ziyanı ədalətli şəkildə hesablayıb, qeydə aldı. Daha sonra xəbər tutdum ki, Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun göstərişi ilə 90.000 AZN ziyanın qarşılığında mənə cəmi 4.000(dörd min) AZN kompensasiya ayrılıb.
Cənab Prezidentin sakinlərə dəymiş ziyanın ödənilməsi üçün büdcədən maliyyə ayrılması barədə və eyni zamanda sahibkarları incitməmələri üçün məmurlara verdiyi göstəriş və tapşırıqlarından xəbərdarıq. Lakin, Müstəqim Məmmədov Prezidentin tapşırıqlarına məhəl qoymur, 3 ildir ki, mənimlə şəxsi ədavət aparır, haqqımda böhtan ifadələr işlədir, məni təhqir və təhdid edir.
DogruXeber.az informasiya agentliyindən məsələnin ictimailəşdirilməsi və səsimi Cənab Prezidentimizə eşitdirməkdə mənə kömək etmələrini xahiş edirəm."
Bəli. Sahibkar Babək Sadıqovun özünün də qeyd etdiyi kimi Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında bütün məmurlara sahibkarları incitməmələri, onların fəaliyyətinə mane olmamaları barədə tapşırıqlar verir. Hətta, 6 dekabr 2016-cı il tarixində Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında №1138-li fərman da imzalamışdır. Fərmana əsasən Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” də yaradıldı. Bütün bunlar Prezidentin Azərbaycanda fəaliyyət göstərən sahibkarlara qarşı olan diqqətinin göstəricisidir.
Tərtər rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun sahibkara olan bu haqsız davranışları isə Prezidentin qərarlarına olan hörmətsizliyini nümayiş etdirir.
Məsələ diqqətimizdədir.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
(DogruXeber.az)