Bələdiyyə sədrinin müavini əlil vətəndaşı fiziki təzyiqlə polisdə saxlatdırdı-İDDİA/FOTO
Yenixeber.org: Biz öz milli – mənəvi , əxlaqi və bəşəri dəyərlərimizə görə dünyanın ən qabaqcıl və tolerant xalqlarından biri hesab olunuruq. Və biz öz milli xüsusiyyətlərimizə,adət-ənənənələrimizə, insanlara qarşı münasibətimizə və deyərdim ki, yaxşılıq, xeyirxahlıq,qonaqpərvərlik, nəciblik və.s kimi insani xüsusiyyətlərimizə görə daha çox üstünlük təşkil edirik.Dünyanı gəzib dolaşan və zəngin həyat təcrübəsinə malik olan insanlar bunun həqiqət olduğu qənaətində və daha artıq keyfiyyətlərə sahib olduğu fikrindədirlər.Ölkəmizə gələn xarici qonaqlar və respublikamızın vəziyyəti ilə yaxından tanış olan insanlar bu barədə səmimiyyətlə,fərəhlə danışır və hətta heyrətləndiklərini bildirirlər. Hər bir Azərbaycan ailəsinin ayrıca qonaq otağı olduğunu biləndə təəccüblənir və qeyri-ixtiyari əllərini göyə qaldırırdılar. Biz öz milli mentalitetimiz, insani keyfiyyətlərimiz,əxlaqımız,namusumuz,qeyrətimiz,saflığımızla həmişə hər yerdə seçilmişik.Amma təəssüf ki, bu,bəzən belə olmur.Elə insanlar olur ki,bütün bu dəyərlərin üstündən xətt çəkib insanlıq adına yaraşmayan,ona ləkə gətirən hərəkətlərə yol verirlər.Hətta BMT-nin Baş Məclisində hüquqları müdafiə olunan əlil insanları alçaltmaqdan,təhqir etməkdən və fiziki təsir göstərməkdən belə çəkinmirlər.Unutmaq olmaz ki,cəmiyyətimizin ən həssas təbəqəsi sayılan və qayğıya möhtac olan fiziki qüsurlu insanların daim diqqət və qayğıya böyük ehtiyacı var.Taleyinə əlillik payı düşmüş bu cür insanlara münasibət daha böyük diqqət və həssaslıq tələb edir.Əlillərin ehtiyacını başa düşmək,onların ləyaqət,hüquq və rifahına ehtiramla yanaşmaq,həmçinin bu məhdud imkanlı insanları siyasi, sosial və mədəni həyata cəlb edərək onların cəmiyyətimizin həyatında iştirakına layiq olduğunu göstərmək çox vacibdir.Respublikamız müstəqillik qazandıqdan sonra əlil olan şəxslərin sosial, maddi və mənəvi təlabatlarının ödənilməsi dövlət siyasətinin formalaşdırılması və inkişaf etdirilməsi hələ Ümummili Lider Heydər Əliyev tərəfindən başlanılıb.Heydər Əliyev əhalinin sosial müdafiəyə xüsusi ehtiyac duyan təbəqələrindən olan yeni iqtisadi şəraitdə mənafelərinin qorunmasını,onların sosial rifahının təmin olunmasının dövlət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyən etmişdir. O,demişdir:”İnsanların,dövlətin,cəmiyyətin fiziki,ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı həmişə,hər zaman yüksək səviyyədə olmalıdır.”
Bəs əslində necədir?Doğrudanmı Ulu Öndər Heydər Əliyevin dediyi kimi cəmiyyətimizin hər yerində,dövlət qurumlarında və təşkilatlarda fiziki qüsurlu insanlarımıza böyük diqqət və qayğı ilə yanaşırlar,onların istək və arzuları yerinə yetirilir? Redaksiyamıza gələn şikayət məktublarından görünür ki, bu heç də belə deyil.İnsanları incitməkdən zövq alan,onları get-gələ salan pay,şirinlik,haqq-hesab uman,hətta təhqir etməkdən və alçaltmaqdan belə çəkinməyən adamlar və məmurlar da var.Onlardan biri də Abşeron rayon Aşağı Güzdək kənd bələdiyyəsinin( hazırda ) sədr müavini Tural Rzabəy oğlu Ağaməmmədovdur. Şəxsi maraq hissləri rüşvətxorluğa yuvarlanan Tural Ağaməmmədovun gözlərini elə bağlayıb ki, o hətta ikinci qrup əlil Taleh Mais oğlu Mecdunovu təhqir etməkdən,fiziki təsir göstərməkdən və hətta polisə verib günahsız yerə bir neçə saat orda saxlatdırmaqdan belə çəkinməmişdir.Bəs əslində vəziyyət necə olmuşdur? Qobustan rayon Nobur kənd sakini ;2-ci qrup əlil Taleh Mais oğlu Mecdunuv Dogruxeber.az informasiya agentliyinin redaksiyasına yazdığı məktubda Abşeron rayon Aşağı Güzdək bələdiyyəsinin sədr müavini Tural Ağaməmmədovun neqativ hallarından yazır.Məktubu olduğu kimi hörmətli oxucuların diqqətinə çatdırırıq.Taleh Mecdunov yazır:”Mən 2018-ci ildə torpaq almaq üçün Abşeron rayon Aşağı Güzdək Bələdiyyəsinin sabiq sədri Mahizər Şirəliyevanın yanına getdim,ikinci qrup əlil olduğumu və kirayə qaldığımı deyib 2 sot torpaq ayırmasını xahiş etdim.O,əvvəl söz versə də səhəri günü mənə heç bir kömək edə bilməyəcəyini bildirdi.Sonra mən Abşeron rayon Aşağı Güzdək İcra nümayəndəsi Akif Şükürovun yanına getdim.Ailə vəziyyətimi danışandan sonra Aşağı Güzdək bələdiyyəsində torpağa -tikintiyə nəzarət şöbəsinin əməkdaşı Tural Ağaməmmədovun yanına çağıraraq mənə 2 sot torpaq ayırmasını bildirdi.Bir həftə sonra Tural Ağaməmmədov Aşağı Güzdək gölünün yaxınlığında tikintiyə yararsız bir yeri göstərəndə etiraz etdim.Xahiş elədim ki,digər müvafiq bir yerdən torpaq ayırsın.O,Preküşkül qəsəbəsində yaşayan Rasim adlı bir şəxsə zəng vuraraq bildirdi ki, 2-ci qrup əlil göndərir, ona 2 sot torpaq sahəsi ayırsın.”
Məktub uzun olduğu üçün hörmətli oxucuları yormaq istəmirik.Beləliklə, Tural Ağaməmmədov 2-ci qrup əlili get-gələ saldı.Axırda yaxın adamı olan Nicat Əlizaman oğlu Quliyevin vasitəsilə 500 manat pul alsa da sonradan Nicatı tanımadığını və ona şər atdığını bildirərək 2-ci qrup əlili təhqir etməkdən, fiziki təsir göstərməkdən və bir gün polis şöbəsində saxlatdırmaqdan belə çəkinmədi.Əlacsız və köməksiz qalan Taleh Mecdunov 102-yə zəng edir,nəticədə Abşeron Rayon Prokuroru işə qarışır. T.Mecdunovun sözlərinə görə Prokurorluqda ona bildirilib ki,T.Ağaməmmədov barəsində etdiyi şikayət ərizəsin geri götürsə ona 3 sot sənədli torpaq veriləcək. Təbii ki,bu təklif ara vasitəçisi ilə T.Ağaməmmədov tərəfindən edilmişdir. T.Məcdunov sənədli torpağa sahib olacağına tam əmin olduğu üçün,T.Ağaməmmədov haqqında etdiyi şikayət ərizəsini geri götürür. Sadə,fəqir və əlil T.Məcdunov haradan bilsin ki,ona verilən sənəd saxta sənəd olacaq. Nəhayət ki,Prokuror Rahib Seyidovun köməkliyi ilə vədd olunmuş 3 sot torpaq versələr də sonradan məlum olur ki,verilən sənəd saxtadır. Hər yerdən əlim üzüldü. Taleh Məcdunov yazır:” Axırda əlacsız qalıb BirinciVitse- prezidentMehriban Əliyevanın katibliyində qəbulda oldum.Müraciətimə əsasən məni Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın yanına göndərdilər.O,mənə verilən 3 sot torpağın sənədinə baxanda dedi ki,bu sənəd əsasızdir,bələdiyyə səni aldadıb.Sonra mən Abşeron Rayon Aşağı Güzdək kənd İcra nümayəndəsi Akif Şükürovun yanına gedib məsələni ona dedim.O,baxmaq adı ilə torpağa aid verilən saxda sənədlərin əslini alıb özündə saxladı. Amma bilmədi ki,həmin sənədlərin sürəti məndə var . İndi tək ümid yerim sizing redaksiyadır ki,mənim məsələmi işıqlandırıb,aidiatı qurumlara səsimi çatdırasınız.”
Bax belə,üçüncü ildir ki,heç yerdə işləməyən,2-ci qrup əlil göydə Allah,yerdə dövlətin qayğısı ilə 5 nəfər ailə üzvü ilə kirayədə yaşaya-yaşaya 2 sot torpaq almaq üçün sözün həqiqi mənasında abırdan-həyadan,dəridən-qabıqdan çıxır.O,abırdan-həyadan,dəridən-qabıqdan çıxsa da neçə illərdir ona əzab verən,yollarda qoyan,süründürən,get-gələ salan,pul istəyən,sonra danan adamlar,əyrilər,rüşvətxorlar utanmadan,heç bir əzab çəkmədən,öz əməllərini davam etdirirlər.Tural Ağaməmmədov onu get-gələ salmaqla,incitməklə təkcə özünün iş metodunu və mənəvi dəyərlərini sərgiləmir,eyni zaman da zəncirvari şəkildə Aşağı Güzdək bələdiyyə sədrini,kənd İcra nümayəndəsinin iş prisiplərini ortaya qoyur.Və istər -istəməz oxucuları düşündürən suallar meydana çıxarır: Bəs bu iki ildə bələdiyyə sədri bir dəfə maraqlanıb soruşmur ki,Tural,ikinci qrup əlili niyə bu qədər incidirsən? Kənd İcra nümayəndəsi onun sözünü demək,yardım etmək əvəzinə əsassız hesab olunan sənədləri alıb özündə saxlamaqla nə demək istəyir? Bütün bunların səbəbkarı Turaldırmı?
Çox güman ki, biz bu mövzuya bir də qayıtmalı olacağıq.Amma indi bir məsələni diqqətə çatdırmaq istəyirik ki,əlilliyi olan şəxslər,o cümlədən sağlamlıq imkanları məhdud olan insanlar Azərbaycan Qanunvericiliyində,BMT Baş Məclisinin qəbul etdiyi Əlillərin Hüquq Bəyannaməsində təsbit olumnuş bütün sosial-iqtisadi, siyasi,şəxsi hüquq azadlıqlarına malikdir.Əlilliyi olan şəxslərin sosial və maddi təminatının gücləndiriməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Hər bir səlahiyyətli şəxs bilməlidir ki,Ümumilli Lider Heydər Əliyev tərəfindən əlilliyi olan insanlara diqqət və qayğının 2003-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi və bu təbəqədən olan vətəndaşların maddi-rifah halının yaxşılaşdırılmasına xidmət edən tədbirlərin gücləndirilməsinə hər il şərait yaradılır.Cənab Prezident İlham Əliyev çıxışlarının birində tezis kimi demişdir:”Hər bir vətəndaş bizim üçün qiymətlidir,dəyərlədir.Fiziki cəhətdən qüsurlu və əlil insanlar isə xüsusi qayğıya layiqdirlər və biz həmişə çalışmalıyıq ki,bunu yerinə yetirək.”
Əlilliyi olan insanlara qarşı xüsusi diqqət və qayğı hər bir kəsin və xüsusi ilə də dövlət məmurlarının borcu və vəzifəsidir. Onların cəmiyyətə inteqrasiyasını təmin etmək , mövcud komplekslərdən qurtarmalarına nail olmaq, eləcə də problemlərini həll etmək cəmiyyətimizin, hər bir məsul şəxslərimizin qarşısında duran ən vacib məsələlərdən biridir. Unutmaq olmaz ki, onların cəmiyyətdə digər insanlarla bərabərhüquqlu yaşamaq haqqı var və bu, onlar üçün çox vacibdir. Əlillərə göstərilən ən böyük qayğı onların ünvanlığını təmin etməkdir.
Biz çox istərdik ki,bu yeni ildə Aşağı Güzdək kənd bələdiyyəsində onlara üz tutan, müraciət edən 2-ci qrup əlil Taleh Mecdunova olan münasibət dəyişilsin.Ona 2-cə sot torpaq verib sevindirsinlər.Bu Allaha da xoş gedər,bəndəyə də.
P.S. Diqqətinizə çatdırmaq istəyirik ki,məsələ ilə bağlı redaksiyamız tərəfindən Tural Ağaməmmədolla telefon əlaqəsi saxlanıldı. Amma əfsuslar olsun ki,Tural Ağaməmmədov müxtəlif bəhanələrlə məsələyə münasibət bildirmədi.
Redaksiya hər kəsin söz haqqını tanıyır: (dogruxeber.az)