Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fuad Muradova qarşı qiyam: “Diaspora Komitəsi tərəfindən verilən təşəkkürnamədən imtina edirəm…”-PROBLEM

 

 Kanadanın Toronto şəhərində yaşayan həmvətənimiz İsmayıl Ələkbərov Diaspora Komitəsinin verdiyi təşəkkürnamədən imtina edib. İsmayıl Ələkbərov bu haqda özünün facebook səhifəsində yazıb.  
Yenixeber.org: İsmayıl Ələkbərovun statusunu olduğu kimi təqdim edirik:
“Diaspora Komitəsi tərəfindən mənə verilən təşəkkürnamədən imtina edirəm… Yarı ağlamalı, yarı gülməli, amma bir xalq olaraq dərs alıb nəticə çıxarmalı olduğumuz vacib məsələlərdən biri…
Mən canımdan artıq sevdiyim Azərbaycan adına gördüyüm işləri təşəkkürnamə və ya medal almaq üçün etmirəm. Bu təşəkkürnamənin mənə verilməsinə görə Diaspora Komitəsinə minnətdarlığımı bildirirəm, lakin onu qəbul edə bilmərəm. Ümid edirəm ki, anlaşıqla qarşılanar. Səbəblərini aşağıda ətraflı şəkildə açıqlayıram:
İlk öncə, Kanadada Vətən Müharibəsi dövründə əldə edilmiş uğurların qısa xülasəsini təqdim edim:
1. Kanada Senatında Azərbaycanın “təcavüzkar” kimi tanınması və qondarma Arsaxın müstəqilliyinin tanınması ilə bağlı qətnamənin gündəmə gəlməsinin 3 dəfə bloklanmasına nail olduq, sonda səsverməyə çıxarılsa da, apardığımız uğurlu lobbiçilik işinin nəticəsi olaraq, 53 senatorun əleyhinə və cəmi 13 senatorun lehinə səs verməsi ilə bu qətnamə darmadağın edildi. Kanadada yüz ildir ki, əsası qoyulan erməni mifi göyə sovruldu. Onlarla senatorla sıx işbirliyinə nail olundu, görüşlər keçirildi, görüşlərdən sonra birgə fəaliyyət sayəsində onların ədalətli mövqe nümayiş etdirilməsi əldə olundu. Bu iş sadəcə görüş keçirməklə bitmir, lobbiçilik işini bilənlər bilir ki, hər bir senatorla ayrılıqda işləmək lazımdır, çoxminlik icmamızı onların agendasına daxil olan işlərə cəlb etmək, onlarla daim sıx əməkdaşlıq etmək lazımdır. Yəni bu, böyük bir prosesin yalnız başlanğıcıdır və Kanadadakı icmamız daim bu senatorlarla birgə iş həyata keçirəcəkdir ki, artıq əsasını qoymuşuq. İcmamızda motivasiya olmasa, bu işimiz havaya sovrulmuş kimi olacaq. Diaspora Komitəsinin son təltifləri isə məhz icmamızda de-motivasiya meyllərini gücləndirmişdir. Yuxarıda qeyd etdiyim qətnamə qəbul edilsəydi, ölkəmizin beynəlxalq nüfuzuna böyük zərbə olacaqdı. Çünki qondarma rejimin tanınması bir yana, ölkəmizi “təcavüzkar” kimi tanıyan (özü də Kanada kimi dünyada nüfuza malik böyük dövlətin Senatı tərəfindən) və Azərbaycanın xarici siyasətinə və beynəlxalq nüfuzuna zərbə vura bilən mənfi bir siyasi qərar olacaqdı.
2. Kanadanın ermənipərəst Xarici İşlər naziri Fransua Filip Şampeyn ilə tarixi görüşümüz oldu. Dünya siyasi arenasında öz sözü olan, təsir dairəsi olan bir Şimali Amerika siyasətçisi neytrallaşdırıldı. İllərdir ki, erməniləri dəstəkləyən və ermənilərə sevgisini və rəğbətini rəsmi bəyanatlarında açıq aydın ifadə edən Kanada Xarici İşlər naziri görüşdən sonra rəsmi Tvitter hesabında Azərbaycan icması ilə görüşü, apardığımız fəaliyyəti müsbət dəyərləndirdiyi barədə rəsmi bəyanat verdi. Bu isə Kanadada 100 il ərzində təşəkkül tapan, bu ölkənin siyasi həyatına çox böyük nüfuzu olan, həmin nazirlə yaxın təmaslarda olan erməni diasporasında mənfi rezonans doğurdu və bu günə qədər Xarici İşlər naziri Şampeyn ermənilərin təpkisi ilə üzləşir. Bu görüşün əldə edilməsinə çoxminlik diaspora ordumuz cəlb olundu, Şampeynin rəsmi poçtu hər gün yüzlərlə müraciətlərlə atəşə tutuldu. Senatorları, Parlament üzvlərini də bu işə yönləndirdik. Məlumat üçün deyim ki, bu sadəcə bir görüş deyil. Təsəvvür edin ki, Şampeynin ofisi ilə daim işlərimiz həftəlik əsasda davam edir. Onun ofisi ilə mütəmadi görüşlər keçiririk, danışıqlar aparırıq və Kanada xarici siyasətinin formalaşmasında Azərbaycanla bağlı balansın saxlanması diasporamızın əsas vəzifələrindəndir.
3. 6 millyon əhalisi olan Torontonun meri və Kanadanın ən tanınmış siyasi fiqurlarından biri olan Con Tori Vətən Müharibəmiz davam edən günlərdə ermənilərə dəstəkyönlü bəyanat vermişdi. Bunu ona erməni diasporası məcbur etmişdi. Bizim onunla görüş istəyimiz həftələrlə cavabsız qaldı, lakin qarşısında baş əydiyim – Kanada Azərbaycanlıları – minlərlə soydaşımız Torinin ofisini telefon zəngləri, emaillər, məktublar, sosial şəbəkələrdə informasiya atəşinə tutdular və bu siyasətçi bizimlə də görüşəsi oldu. Ona həyatı başa saldıq, bizim icmamızın hissiyyatına toxunduğuna görə bütün Azərbaycan icmasından üzr istədi və bundan sonra bu tipli birtərəfli, qərəzli, ermənipərəst bəyanatlardan çəkinəcəyinə söz verdi. Hələlik sözünə əməl edir… Biz də öz növbəmizdə icma olaraq meriyanın həyata keçirdiyi layihələrdə, tədbirlərdə aktiv iştirak edəcəyik ki, ermənilər ora yenidən nüfuz edə bilməsin.
4. Kanadanın hakimiyyətdə olan Liberallar Partiyasının rəhbərliyi, həmçinin, Konservatorlar partiyasının liderləri ilə silsilə görüşlərimiz oldu və böyük sayda qatı ermənipərəst siyasətçilərin neytrallaşdırılmasına nail olduq. Yeni Demokrat Partiyası ilə də aktiv iş aparıldı. Həm əyalət, həm də federal səviyyədə bu partiyaların təmsilçiləri olan parlamentarilər ilə silsilə görüşlərimiz oldu və bu gün də davam edir. Bu işi əldən qoymaq olmaz, əks təqdirdə erməni diasporası yenə də öz məkrli işini görə bilər.
5. Kanadanın bir neçə naziri ilə görüşlərimiz oldu, bu nazirləri Azərbaycanın dəstəkçilərinə çevirə bildik, müharibə dövründə haqq səsimizi çatdırdıq, böyük siyasi nüfuza malik bu nazirlər Kanadada hakimiyyətdə olan kabinetdə Azərbaycana qarşı olan mövqelərin neytrallaşdırılmasına nail olmaqda bizə kömək etdilər. Bu gün də bu nazirlərin ofisləri ilə birgə işləyirik və müharibədən sonrakı dövrdə minalardan təmizlənmə, rekonstruksiya və reabilitasiyada Kanadanın ölkəmizə dəstək verməsi istiqamətində fəaliyyət aparırıq. Çalışırıq ki, bu sahədə dünyada nümunəvi hesab olunan Kanada modelini Azərbaycana gətirək, Kanada Azərbaycanla bu sahədə sıx əməkdaşlıq etsin. Bu nazirlərin ofisləri ilə müntəzəm görüşlərimiz, yazışmalarımız, işlərimiz davam edir;
6. Kanada Parlamentinin 300-dən artıq üzvü var və bunların bir çoxu ilə görüşlərimiz oldu. Bu gün də onların hər biri ilə fəal iş aparırıq. Bu parlamentarilərin gələcək seçki kampaniyalarında fəal iştirak edəcəyik. Onların həyata keçirdiyi projelərdə icmamızın aktiv iştirakına nail olmuşuq. Bütün bu işlər çox qısa zamanda görüldü, amma unikal nəticələr əldə olundu. Uzun illər ermənilərin təsiri altında olan Kanada siyasi dairələri artıq Azərbaycana müsbət yanaşır, bizim vasitəmizlə ölkəmizin haqq səsini eşidir;
7. Müharibə başlayan kimi, Kanada televiziyaları, media qurumları ermənilərin propaqandası altında Azərbaycana qarşı müsahibələr, məqalələr, verilişlər verməyə başladı. Kanadada yaşayan həmvətənlərimiz bir nəfər kimi səfərbər oldu. Hələ müharibənin ilk günlərində bütün qlobal media resursları ermənipərəst informasiyalar verirdi. Ölkəmiz üçün beynəlxalq arenada informasiya blokadası yaranmışdı. Belə bir çətin durumda Şimali Amerikanın ən böyük yəhudi media platforması ilə sıx əlaqələr qura bildik və həmin dövrdə dünyada çoxmilyonluq auditoriyası olan və Azərbaycanda birmənalı dəstək verən çox azsaylı beynəlxalq media platformalarından birinə çevrildi. Hər həftə müharibə zonasından alınan xəbərlərə istinad edilərək, burada Azərbaycanın ədalətli mövqeyini əks etdirən media hekayələri verilirdi və dünyanın dörd tərəfindən milyonlarla izləyiciyə ötürülürdü. Kanada mətbuatında, media resurslarında, dünyada çoxmilyonluq auditoriyası olan dövlət və özəl telekanallarda müsahibələr verdik. Kanada və ümumilikdə Şimali Amerika ictimai fikrinə Azərbaycan həqiqətlərinin çatdırılmasına nail olduq. Kanadanın CTV, CBC, CP24, Toronto Stars kimi televiziyaları və media qurumları əvvəl-əvvəl qərəzli materiallar versə də, ciddi təpkilərimiz sayəsində ölkəmizin haqq səsinin geniş Kanada ictimaiyyətinə çatdırılmasına balansa nail ola bildik. Qeyd edim ki, bu proses asan başa gəlmədi. Hətta CBC telekanalının Ombudsmanına belə gedib çıxdıq, rəsmi şikayət məktubumuza baxıldı və bu telekanalda çalışan erməni əsilli jurnalistlərə ciddi qulaqburması verildi. Bu, olduqca mürəkkəb bir məsələ idi və təsəvvür edin, Azərbaycanla bağlı bundan əvvəl hər hansı iş təcrübəsi olan bir nəfər də olsun jurnalist tapa bilmədik. Sıfırdan quruldu hər şey. Cəmi bir neçə ay ərzində. Nəticələr də göz qabağında.
8. Kanada Azərbaycanlılarının sosial şəbəkə aktivliyi barədə isə hamınız bilirsiniz. Milyonlarla soydaşımız kimi, hər birimiz 24 saat rejimində sosial şəbəkələrdə informasiya savaşında idik. Konkret faktla danışım: Kanada Azərbaycanlılarının Tvitterdə aktivliyi dünyanın top 3 ölkəsindən (Kanada, ABŞ, Türkiyə) biri oldu;
9. Kanada Azərbaycanlıları bu ölkədə möhtəşəm yürüşlər, mitinqlər keçirdi – Torontonun mərkəzi meydanında tarixdə görünməmiş sayda, 5 mindən artıq soydaşımızın iştirakı ilə, o cümlədən, Ottavada Parlament və Senat qarşısında, Vankuver, Edmonton, Montreal, Kalqari kimi iri şəhərlərdə izdihamlı yürüşlər keçirildi və Azərbaycan həqiqətləri Kanada ictimaiyyətinə çatdırıldı. Bundan savayı, hər birinin qarşısında baş əydiyim soydaşlarım Kanadanın böyük şəhərlərinin mərkəzi küçələrində Müqəddəs bayrağımızla böyük maşın karvanları, mərkəzi meydanlarda ermənilərin raket zərbələrindən həlak olan dinc əhalimizin xatirəsinə aksiyalar, kreativ sərgilər keçirdilər, stendlər nümayiş etdirdilər. Bütün bu proses böyük bir icmamız tərəfindən ciddi koordinasiya edilmiş şəkildə həyata keçirilirdi və çox böyük effekti də olurdu.
                           Lakin!..
Bir neçə gün öncə Diaspora Komitəsi dünyanın 51 ölkəsindən 500 diaspora üzvünün qatıldığı ZOOM konfransı keçirdi və mən də tədbirdə iştirak etdim. Mən də daxil olmaqla, Kanadada yaşayan minlərlə icma üzvümüz çox üzüldü, çox sarsıldı. Vətən Müharibəsində Kanada arxa cəbhəsində böyük işlər görmüş minlərlə soydaşımızın əməyinə qiymət verilmədi. Kanadada yaşayan soydaşlarımız Azərbaycanın övladlarıdır və övlad öz anası üçün hər nə edirsə, bu onun övladlıq borcudur və övladın valideyn qarşısında etdiklərində təmənna ola bilməz. Şəxsən mənim düşüncəm belədir ki, hansı işləri görsək də, torpaqlarımızı canı-qanı bahasına azad etmiş şəhidlərimizin və qazilərimizin çəkməsinin tozu belə ola bilmərik!
Lakin Kanadadakı soydaşlarımızın fədakarlığı sayəsində Azərbaycan diasporası tarixində çox əlamətdar uğurların əldə edilməsinin Diaspora Komitəsinin 51 ölkədən 92 nəfərə medal təltifindən kənarda qalmasına göz yummaq, bu ədalətsizliyi qəbul etmək olardı. Ona görə də, mənim üçün nə qədər çətin olsa da, bir çox insanlarla, dostlarla körpüləri yandırmaq bahasına başa gəlsə də, Tanrıma mənə cəsarət hissini verəndə əsirgəmədiyinə görə şükür edərək, bu yazını yazıram və etirazımı bildirirəm. Bu etirazı təkcə öz adımdan deyil, Kanadada yaşayan 50 min nəfərdən artıq güneyli-qüzeyli soydaşlarımızın adından yazıram.
Diaspora Komitəsi bu konfransda Kanadada yaşayan Esmira Əsədova adlı xanımı medal ilə təltif etdi. Bu xanım Vətən Müharibəsində minlərlə soydaşımızın apardığı mücadiləsində yoxa çıxmışdı, əlini daşın altına qoymamışdı, amma medal təltifində meydana çıxdı. Axı nəyə görə? Niyə belə edirsiniz axı? Vətən Müharibəsində Kanadada yuxarıda sadaladığım uğurların əldə edilməsində müstəsna xidmətləri olan, hər birinin qarşısında baş əydiyim onlarla soydaşımız qaldı bir yana, bu işlərə ümumiyyətlə qatılmayan bir şəxsə isə dünyanın 51 ölkəsindən olan həmvətənlərimizin gözü qarşısında nümayişkəranə şəkildə Diaspora Komitəsi tərəfindən təşəkkür bildirilir, ona medal verilir. Gecəsini-gündüzünə qatan, aylıq maaş aldığı işlərini donduran və 24 saatlıq iş rejimində Vətən Müharibəsinin Kanada arxa cəbhəsində vuruşan insanlarımız isə həmin bu onlayn konfransda iştirak etsələr də, bütün bu baş verənlərə seyrçilik edib ağrılı bir köks ötürdülər. Bu azmış kimi, bir neçə nəfərimizin çıxışa yazılmasına baxmayaraq, Kanadadan heç kimə söz də verilmədi. Rusiyanın ayrı-ayrı vilayətlərində meyvə-tərəvəz bazarlarında fəaliyyət göstərən, Türkiyədə Azərbaycan dilini təbliğ edən və bu kimi dəyərli həmvətənlərimizin danışması üçün artıqlaması ilə şərait yaradıldı. Onların hər birini əməklərinə verilən qiymət münasibətilə də təbrik edirəm və gələcək işlərində uğurlar arzu edirəm. Lakin! Dünyanın dörd bir coğrafiyasında lobbiçilik nümunəsi olan Kanada ilə bağlı ögey münasibət bəslənməsi içimizi sarsıtdı.
Komitə ilə bu məsələni müzakirə edənbə bizə bildirildi ki, Kanadadan medal alan bu xanım 30 il əvvəl hansısa töhfələrinə görə təltif edilir. Vətən Müharibəsində əlini daşın altına qoymayan bir şəxsə medal vermək gecə-gündüz bilmədən, öz bizneslərini, işlərini dondurub 24 saat iş rejimində Azərbaycan həqiqətlərinin, haqq səsinin Kanadada lazımınca çatdırılması istiqamətində fədakarcasına çalışan minlərlə insana qarşı həqarət demək deyilmi? Bu sözlər mənim dilimdən yazılsa da, Kanadada yaşayan soydaşlarımızın mütləq əksəriyyətinin fikrini ifadə edir. Mənə bildirildi ki, bu xanım zamanında Azərbaycan üçün hansısa böyük işlər görüb. 30 il əvvəl. Olsun. Hər hansı iş görübsə, sağ olsun, bir söz demirəm. Amma hanı onun gördüyü işlərin nəticəsi? Müharibə başlayan kimi sahibsiz, yiyəsiz qalmışdıq axı? Kanada Parlamentinə, Senatına, mediaya, televiziyalara qapı açanımız yox idi. Paradoks deyilmi? Mənə bildirilir ki, bu xanım vaxtilə Kanada siyasi dairələri ilə “böyük” işlər görüb. Bəs harada idi onun bu “işlər”inin nəticəsi? Adam qarşıya çıxıb bizi bir parlamentari ilə, bir senatorla, hər hansı siyasətçi ilə və ya jurnalistlə nəyə görə görüşdürmədi axı. Əgər bu kontaktları var idisə, onda nəyə görə seyrçilik edirdi?
Mən Azərbaycan adına gördüyüm işləri medal, ödül almaq üçün etmirəm. Bu, mənim vətəndaşlıq borcumdur. Məncə hər bir həmvətənim bu fikrimi paylaşır. Bu yazını da medala layiq görülmədiyim üçün yazmıram. Medal və təşəkkürnamələrə haqqı çatan çoxlu sayda insanlarımız var, onlara görə yazıram. Məni bu gün Kanada Azərbaycanlılarının liderlərindən biri adlandırırlar. Bəs əgər mən sussam, onda nə cür lider olaram? Medal heç mənə də verilməli deyildi, amma bir neçə digər icma üzvlərimiz vardır ki, onlar bu medalı da, təşəkkürnaməni də haqq edirdilər. Diaspora Komitəsindən xahiş edirəm ki, o xanıma medal azdır, o təşəkkürnamədə mənim adımı silib, onun adını yazsınlar və medalın üstündə mənim təşəkkürnaməmi də göndərsinlər ona. Onun medala da, təşəkkürnaməyə də bəlkə böyük ehtiyacı vardır, bəlkə də yox. Mən isə Kanadada icmamızın liderlərindən olaraq, özümə təşəkkürnamə götürüb komandasının gözündə aciz lider ola bilmərəm. Bir daha bu təşəkkürnaməyə görə Komitəyə minnətdarlıq edirəm, lakin mən onu yuxarıda izah etdiyim səbəblərdən qəbul edə bilmərəm. Anlaşıqla qarşılanacağına ümid edirəm.”

İsmayıl Ələkbərov

Kanada, Toronto

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam