Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
Gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı sentyabrın 20-də qüvvəyə minir.
Yenixeber.org: Bu gündən etibarən vətəndaş şəxsi məqsədlər üçün, bir ay ərzində 300 dollar limiti keçməmək şərtilə bir neçə dəfə bağlama sifariş edə biləcək. Hazırda bu limit 1000 dollardır.
Son günlər pandemiya səbəbindən bütün ölkə üzrə distant təhsilin məcburi olması ilə bağlı şagirdlərin və müəllimlərin kompüter və telefonlara tələbatı da kəskin artıb.
Bu tələbatı nəzərə alaraq Nazirlər Kabineti qərarın icrasını ertələyə bilərmi?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təəssüflə bildirib ki, hələlik bu qərara yenidən baxılması ilə bağlı hökumət təşəbbüs göstərməyib: "Qərar qüvvəyə minərsə, bu, vətəndaşların alıcılıq qabiliyyətinə ciddi təsir göstərəcək, vətəndaşların xaricdən daha ucuz qiymətə texnoloji avadanlıqlar gətirmək imkanları da məhdudlaşacaq. Hökumət, Təhsil Nazirliyi distant təhsilin təşkili üçün şagirdlərin və müəllimlərin texniki- texnoloji və internet təminatı ilə bağlı hələlik ciddi resurslar ayırmayıb".
Ekspert bildirib ki, əhalinin 50% -nin yaşadığı kəndlərdə təhsil xidmətlərinə əlçatımlıqla bağlı ciddi problemlər yaranıb.
"Bu baxımdan hökumətin , pandemiyanın, distant təhsilin davam etdiyi dövr üçün, gömrük limitini ya əvvəlki qaydada, ya da xaricdən ortabab kompüter və smartfon əldəətmək imkanları yaratmaq üçün 750 dollar civarında müəyyən etməsi məntiqli olardı. Ümid edirəm hər bir vətəndaş üçün təhsil xidmətlərinəəlçatanlığı təmin etməli olan hökumət bunun fərqində olacaq"-deyə Osman Gündüz vurğulayıb.
İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, təhsil onlayn sistemə keçirilirsə, hökumət ilk növbədə lazım olan bütün infrastrukturu təmin etməlidir: "Ölkə Konstitusiyasında yazılıb ki, təhsil almaq hər bir vətəndaşın təməl hüququdur. Hökumət qurumları da insanların bu hüquqlarını təmin eməlidirlər".
T. Maşallı qeyd edir ki, gömrükdə limitlərin azaldılması bir qədər başqa məsələdir: "Əlbəttə, ölkəyə gətirilən elektronika avadanlıqların qiyməti artacaq, əlçatanlıq azalacaq. Amma təhsil məsələsi önəmlidir, onun həyata keçirilməsi təkcə bundan asılı deyil".(azpolitika)