Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Fazil Mustafadan maraqlı açıqlamalar:"ZİYALILAR SÖYÜLMƏKDƏN QORXUB, QARAGÜRUHA TƏSLİM OLUBLAR" -MÜSAHİBƏ

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda son dövrdə baş verən hadisələr haqqında saytımızın suallarını cavablandırıb.

Yenixeber.org:Fazil Mustafanın müsahibəsini oxucularımıza təqdim edirik:

– Fazil bəy, sanki uzun müddətdir, cəmiyyətin kütlə düşüncəsi ilə idarə olunan bir məqamına gəlib çıxmışıq. Millətə düz yolu göstərməyə çalışan ziyalılar da həmin cahil, garagüruhun hücumuna məruz qalır. Xüsusilə, sosial şəbəkələrdə bu iki qütb arasında ciddi bir uçurum hiss olunur…

– Hər bir millətin fərdi bu millətin üzvüdür. Heç kimi intellektinə, ağlına yaxud ağılsızlığına görə kənara qoymaq olmaz. Amma hər bir tərəqqi yolunu tutmuş millətin fərqi odur ki, “qaymağı”, düşünən beyni, ziyalılıq göstəricisi müəyyən dərəcədə yüksək olanda milləti düşüncəsi məhdud, daha çox təqlidçiliklə problemləri anlayan hissəsi yönəltmir. Alimlər, yazıçılar, filosoflar, cəmiyyətin müdrik təcrübəsi olan ağsaqqalları çoxluğun əsas fikrini istiqamətləndirir. Bu gün, ola bilər, çox sayda diplomlu məmur, elmi dərəcəsi olan alim, ziyalı qalstuku ilə qarşımıza çıxsın, ancaq mühakimə tərzinə görə sosial şəbəkələrdə gördüyümüz qaragüruhçularla eyni səviyyədədir. Əksər məsələrə münasibətdə düşüncə, dünyagörüşü olaraq onlardan elə də fərqlənmirlər. Bir çoban, bir bağban görə bilərik ki, dərin dünyagörüşünə sahibdir və ziyalıdır.

Bu gün Azərbaycan reallığında özünə “gənc yazar” deyən 5-6 nəfər ümumi qaragüruhla eyni düşüncəni paylaşırsa, fəlakətdir. Maraqlıdır ki, ən çox da bunlar Anarın, Əkrəm Əylislinin yazıçılıq qabiliyyətini, mənəvi geyfiyyətini təhlil edirlər.

Təkcə indi deyil, elə 30 il öncə də Azərbaycanın tənəzzülünün əsas səbəbi qaragüruhçu zehniyyət olub. Qarabağın getməyinin də əsas səbəbi budur. Rasional təkliflər verən ziyalıları fitləyib meydandan qovdular, ardınca isə konfrans salonlarında danışmağa imkan tanımadılar. Xudu Məmmədovu, Aydın Məmmədovu olan bir xalq, gərək, bu duruma düşməyəydi.

Qonşu ölkələr arasında onsuz da bizə düşmən olanlar, dövlət olmağımızı istəməyənlər kifayət qədərdir. Biz buna qarşı immunitetimizi necə qorumuşuq? Dövlətin başında, cəmiyyətin önündə olanlar qaragüruhun qorxusundan rasional qərar qəbul edə bilməyiblər. Kütlənin mühakiməsinə, hay-küyünə uyğun qərar qəbul ediblər. Ona görə bu gün torpaqları itirilmiş məzlum bir durumda qalmışıq.

Sizə bir nümunə deyim: vaxtilə Azərbaycan aydınlarından biri olan Şirməmməd Hüseynov bir neçə dəfə televiziyada çıxış etdi və fərqli düşüncələrini dilə gətirdi. Həmin qaragüruh, az qala, Şirməmməd müəllimi linç edirdi. Mirzə İbrahimovun papağını bir qaragüruhçu, hərəkatın içərisindən olan adam vurub yerə salmışdı ki, sən niyə xalqın yanında deyilsən? Halbuki Mirzə İbrahimov sovet rejimində Azərbaycan dilini diriltdiyinə görə, repressiyaya məruz qalmışdı.

O dövrdə Mirzə İbrahimovun başından papağını salan qaragüruh bu gün eyni addımı fərqli görüşləri olan, məntiqli variantlar təklif edənlərə qarşı da atmağa davam edir.

Çox maraqlıdır ki, Azərbaycan siyasətçilərinin, yazarlarının, düşüncə adamlarının da çoxu ya bu qaragüruhun xoşuna gəlmək üçün onun  iradəsinə özünü təslim edərək, cəmiyyətdə toxunulmaz yerlərini qoruyur, ya da qorxudan qaragüruhun söyüşü qarşısında təslim olur. Biz yenə də gələcəkdə Azərbaycanın taleyüklü məsələləri il bağlı soyuqqanlı heç bir qərar qəbul edə bilməyəcəyik. Həmin qaragüruh bizim xalqımızın, millətimizin əhəmiyyətli hissəsidir, biz onun maraqlarını milli maraqlarımız içində tənzimləməliyik, lakin onun düşüncəsinin cəmiyyətimizdə hakim mövqe tutmasına imkan tanımamalıyıq.

Mütəfəkkirlərin yaxşı bir sözü var: “Kütlə möhtəşəm gücdür, amma o, mühakimə edəndə, mütləq aydınları edam etdirəcək”. Fransa gilyotininin də axtardığı fərqli düşünən beyni üzərində gəzdirən başlar idi.

– Kütləni kim idarə edir?

– Kütləni şayiə, dedi-qodu, “fast food” yemək modeli idarə edir. Bütün hallarda kitabın, mətnin, yazının təsirindən uzaq mahiyyətdədir.

– Bəs kimə belə qüvvə deyə bilərik?

– Bizim yerləşdiyimiz bölgə bir qədər “yelçəkər”, yəni “skvaznyak” bölgədir. Böyük dövlətlərin əhatəsində mövcudluq savaşı verən dövlətik. Şirvanşah İbrahimin vəziyyətini xatırlayın: hər tərəfdən bir hökmdar hücum edirdi. Hər kəsin haqqını verib yola salırdı ki, Şirvan ayaqda qalsın. Çünki heç biri ilə savaşacaq gücdə deyildi.

İndi də, təqribən, eyni vəziyyətdəyik. Bu dövlətin ayaqda qalması üçün neftdən tutmuş çox şeylərə qədər bəzən böyük güclərə güzəştə gedirik. Yalnız müstəqilliyimizə toxunulmaması şərti ilə.

Belə vəziyyətdə həmin yerlərdə olan şəbəkələr Azərbaycan üçün reseptlər hazırlayırlar. İstənilən şayiəni bu cəmiyyətə buraxırsan, cahil qaragüruhçu üçün həqiqətə çevrilir. Qarabağı, Kəlbəcəri, Laçını necə aldılar? Ermənilər bir nəfər satqını tapıb, guya, şəxsi ədavət zəminində cəmiyyətlə dövlət arasında bufer şəxslərdən olan Mikayıl Gözəlovu, Eldar Bağırovu öldürdürlər. Bundan sonra cəmiyyət sınır. Ardınca 10 nəfəri şayiə yaymaq üçün istiqamətləndirirlər. Həmin şəxslər rayonun başsız olduğunu, hamının torpağı satdığını təlqin edib, ermənilərin onsuz da buranı işğal edəcəyi fikrini yayıb, qorxu sindromu formalaşdırdılar. Yüzlərlə qəhrəman oğulun iradəsi də bundan sonra elə də böyük rol oynamır. Çünki Şirinlər, Fredlər, Ramizlər, Allahverdilər çoxluqda olmurlar. Onların çoxunu da müxtəlif şübhəli situasiyalarda öldürürlər. Beləcə yüzlərlə şəhid versək də, nəticədə torpağı itirmiş oluruq…

Məhz bu şaiyə, dedi-qodu təxribatını önləyə bilmədiyimizə görə, bir vaxt hakimiyyətlə bərabər dövləti itirmək mərhələsinə gəlib yetişmişdik. Təqribən, indi daha ixtisaslaşmış formada xarici xidmət orqanları bu mexanizmi sosial şəbəkədə üzərindən qaragüruhu yönləndirmə metodları ilə dövlətimizə qarşı etməkdədir. Qaragüruh adı ilə yönləndirilənlərin bəlkə də çoxu səmimi, vətənini sevən insanlardır. Lakin bu mexanizmin içində onlar bir dağıdıcı alət kimi istifadə olunmaqdadırlar və bu düşüncə ilə öz dövlətinin çöküşü üçün istəmədən aparıcı rolu ifa etmiş olurlar. Çünki o düşüncəni kitabla, alimin sözü ilə yönləndirmək olmur. Sadəcə şayiə və dedi-qodu ilə yönləndirmək mümkündür.

Mən 20-dən çox kitabı çap olunmuş, yüzlərlə məqaləsi olan, cəmiyyətə açıq insanlardan biriyəm. Bir cümləmi tapa bilməzlər ki, orada bu millətə, dövlətə təhqir olsun. Amma kontekstdən çıxarıb, cənub və qərb şəbəkələrindən bunların menyüsünə ötürürlər. Düşüncə olmadığına görə, qaragüruh bu yeməyin harada hazırlandığının fərqinə varmadan, onu həzmi-rabedən keçirməyə başlayır. Məsələn, bir cümlə demişəm ki, “karantin dövründə polisə zibil atmaq güllə atmağa bərabərdir”. Qəbul etmirsənsə, de ki, bu fikri qəbul etmirəm. Üstəlik, polisin addımını pisləmişəm ki, onlar cəzalandırılmalıdır, amma küylə olmaz. Çünki bizi qoruyan bir təbəqə var – polisdir, onu bu cür küylə sındırmaq olmaz. Bunlar isə öz dövlətlərinə qarşı nifrəti o həddə çatdırıblar ki, Azərbaycan polisinin bir əməliyyatında baş verən qanunsuzluğunu erməni cəlladlarının Xocalıda törətdiyi qətliamlarla bərabərləşdirərək, onlara düşmən kimi yanaşmağı təlqin edirlər.

– Təhsil məsələsinə qayıtmaq istəyirəm. Bu gün təhsilimiz normal vətəndaş yetişdirə bilirmi? Orta məktəbi bitirən, şəxsiyyət vəsiqəsini əldə edən şəxsi normal vətəndaş kimi yetişdirib, cəmiyyətə ötürə bilirikmi?

– Ermənilər bizdən iqtisadi yaşam imkanlarına görə geri olsalar da, normal səviyyədə tənzimləyə bildikləri təhsilin üç sahəsi var: pedaqoji təhsil, hüquq təhsili, tibb təhsili. Sağlam insan, ədalətli insan, tərbiyəli insan cəmiyyətin özülüdür. Tərbiyəli insan yetişdirən müəllimi formalaşdırmaq əsasdır. Biz bu üç sahədə hələ Sovet dövründə axsadıq. Rüşvətin məhz bu sahələrdə çiçəklənməsinə imkan tanıdıq. Müstəqillik qazanandan sonra isə prioritet olaraq təhsilin inkişafını götürmədik. Kim istədi, universitet açdı, orta məktəblərə direktorlar ancaq ideoloji, siyasi mənsubiyyətiə görə təyin olundu, müəllimlər arasında əxlaqi, mənəvi keyfiyyətlər, savad önə çəkilmədi. Müəllimlərin də seçimi bu prinsiplə oldu. Bu gün yetişən nəslin savadsızlığı, kitaba meyililiyi yoxdursa, kökü burada axtarılmalıdır. Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır. Əks halda müstəqilliyin üçüncü nəsli daha acınacaqlı durumda olacaqdır.

– Xarici ölkələrdən nümunə gətirək. Elə qardaş ölkə Türkiyədə, baxırsan ki, adamın savadı yoxdur, amma vətəndaşdır. Hər kəs alim ola bilməz…

– Türkiyə ilə fərqimiz odur ki, biz müstəmləkə şəraitində çox yaşamışıq. Türkiyə, Rusiya və İranda imperiya xalqları dövlətin təməlini təşkil edir. Fikir verin, hətta farslarda ziyalılığın səviyyəsi, kitab oxumaq potensialı daha güclüdür. Biz isə müqayisədə uduzuruq. İmperiya təfəkkürü olan xalqlarda vətəndaşlıq duyğusu daha yüksək olur.

– Biz bunu dərk edirik, bəs çarəsini, dərmanını niyə qəbul etmirik?

– Həmin problemin dərmanını içmək üçün dövlət siyasətində şəxsi maraqlardan uzaqlaşaraq, strateji hədəfləri əsas götürməliyik. Məsələn, mən parlamentdə orta məktəblərdə tədris edilməyən fənlərin geri qaytarılmasını təklif etmişəm. Sumqayıtda orta məktəbdə bir əl qumbarası partladıldı, məktəblərdən hərbi dərsləri yığışdırdılar. Bu, düşünülmüş addım idi. Azərbaycan övladı orta məktəbdən hərbi vərdişə yiyələnməli idi, ölkə istənilən vaxt müharibə edə bilər. Milli Məclisdə onu da təklif etdim ki, orta məktəbdə qızlara elementar ilkin tibbi yardım vərdişlərini öyrətsinlər. Çünki müharibədə əsgəri, zabiti ən çox qan itkisindən itiririk. Bunlar həyata keçirilmədi. Deməli, hansısa qüvvə ölkənin ayaqda durmasında, immunitetinin möhkəm olmasında, müharibəyə hazır olmasında maraqlı deyil.

Bu ölkədə savadlı insanın çoxalmasında maraqlı olmayan qüvvələr var.  Dövlətin xaricdə təhsil almağa gedən 5 min tələbə üçün ayırdığı vəsait var idi. Bu layihəni dayandırdılar. Həmin pulu asfalta tökmək yaxşıdır, yoxsa təhsilə yatırmaq? Eybi yoxdur, bu gedən tələbələrin qoy 4 mini qayıtmasın. Nə olacaqdı? Xarici ölkələrdə oxuyan, yaşayan, işləyən savadlı azərbaycanlılar ordusu olacaqdı. Erməni lobbisi də belə formalaşdı. Bizdə strateji düşüncə olmadığına görə belə şeyləri müzakirə edib, həlli yoplları axtara bilmirik.

Müxtəlif məsələlərdə biz baxışımızı ortaya qoyuruq. Müzakirə olmayan cəmiyyətlərdə linç önə keçir. Mirzə Fətəli Axundovun çiynində rus polkovniki “paqon”u olmasa idi, Molla İbrahimxəlil, Hacı Qara kimi qaragüruhçular dəstəsi yığışıb, onu öldürəcəkdilər. Rus hökuməti Axundovu qorudu ki, heç olmasa, millətin bir-iki düşüncə adamı var, qoy deyilən faydalı sözü onlara tərcümə etsin.

Qaragüruhçuluq zeyniyyətin cəmiyyətdə əsas hədəfləri müəyyən edən faktora çevrilməsini əngəlləməliyik. Bu gün ziyalı, önə çıxacaq düşüncə adamı tapa bilmirsən. Hamısı linç olunmaqdan, döyülüb, söyülməkdən qorxur. Kütlənin əksinə bircə fikir söyləsən, səni yeməyə hazırdılar.

Ən maraqlı odur ki, müxalifətlə münasibətlərin normallaşması prosesi başlayıb. Hətta mən deyərdim ki, dövlət radikal müxalifətlə də münasibətlərdə yeni strategiyanı həyata keçirməli, bunu yenidən formalaşdırmalıdır. Müxalifəti hədsiz küncə sıxışdırmaqla olmaz. Bu ona gətirib çıxarıb ki, siyasi platformada olan müxalifətçilər də əlacsızlıqdan qaragüruhçularla birləşiblər. Çünki başqa bazaları qalmır. Həmin siyasətçilər söyüş söyənlərin əsirinə çevriliblər. Hünəri var, onların ziddinə bir fikir söyləsin, kimliyindən asılı olmayaraq, onu da söyəcəklər. Biz bunu “Meydan”da yaşadıq. Meydanda ziyalı danışanda fit çalırdılar, küyləyirdilər. Hünərin var idi ki,  meydandakıların qəbul etmədiyi, ağıllı bir fikir söyləyəydin. Qovacaqdılar. “Oturmayan erməni” məntiqi bu günə qədər qalmaqdadır. Hamımız küyə düşüb, yanlış istiqaməti götürərək, bəzi yazarlar, millət vəkilləri kimi populizm naminə, kütlənin xoşuna gəlmək üçün addım atmamalıyıq.

Mən bu gün millət vəkiliyəm, amma sabah bu xalqın sürükləndiyi yanlış istiqamətin faciəsini bütün millətimlə birlikdə yaşayacağamsa, niyə indidən bu zehniyyətin qarşısında durmamalıyam? Vaxtilə yol verdiyimiz səhvlərin ucbatından bu gün erməni Kəlbəcəri, Ağdamı, Qarabağı götürüb. Vaxtında rasional qərar qəbul edə bilməmişik. Biz o vaxt Meydanda “Ermənistandakı azərbaycanlılara muxtariyyət verilməlidir” şüarını irəli sürən kimi, “İzvestiya” qəzetində çap edildi. Sabahı azərbaycanlıları Ermənistandan qovmağa başladılar.

Bunu demək yox, etmək lazım idi. Biz isə sanki əvvəlcədən bildiririk ki, niyyətimiz nədir, siz ona uyğun tədbir görün. Ona görə, populizm fayda gətirmir. Bu gün hər kəs deyir, Şuşanı niyə vurmadıq. Halbuki Şuşanı vurmaq müharibədir. Ehtiyatsız müharibə isə yeni torpaq itkisidir. Bunu qəbul edərək, küylə irəli gedək, amma heç olmasa elə hazırlıqlı gedək ki, yenidən torpaq itirməyək.

Siyasi mübarizədə artıq güc toplamaq imkanını itirmiş marginal qruplar hakimiyyəti erməni ilə hazırlıqsız savaşa sürükləməklə məğlub etmənin mümkünlüyünü düşünürlər. 1916-ci ildə bolşeviklər bütün gücünü qoydular ki, müharibədə Rusiyanın məğlubiyyətinə şərait yaransın. Çünki dövlət məğlub olanda, hakimiyyətə gələ biləcəkdilər. İndi də təxminən o taktika aparılır.

Amerikada polisi öldürdülər, hadisə baş verdi və s. Amerika güclü dövlətdir, dolları çap etməyə yetərincə kağızı var, çöksə belə, yenidən ayağa qalxacaq. Biz isə bir dəfə çöksək, ikinci dəfə yenidən ayağa qalxa bilməyəcəyik. Yenidən dövləti yaratmağa qoymayacaqlar. Söhbət hakimiyyətdən getmir. Mən hakimiyyəti də zaman-zaman tənqid edirəm, üst-üstə düşməyən fikirlərimiz olur. Amma bilirəm ki, bir hakimiyyətin çöküşü qaragüruhçuluğun iradəsi ilə baş verəndə, böyük bir Azərbaycanın faciəsi olur. Mən deyirəm ki, gəlin bu dövləti söküb-dağıtmaq əvəzinə, təmir edək. Bunun üçün də hakimiyyətin özü siyasi qüvvələrlə dialoq apararaq dərin islahatlara daha çox maraqlı olmalıdır.

– Polisə zibil atılması hadisəsindən öncə video yayıldı. Azərbaycan himni səsləndirilir və polisin hərbi salamını görürük. Bu video hər kəsin ürəyində qürur hissi oyatdı. Həmin hadisədən sonra belə bir olayın baş verməsi təxribat ola bilərmi?

– Təbii ki, təxribat idi. Necə ola bilər ki, polis öz etdiyi qanunsuzluğu özü çəkib, sosial şəbəkədə yaysın? İnsanlar doğru etiraz edirdilər ki, polisin o cür müdaxiləsi qanunsuzdur. Lakin bunun səbəbi üzərində nədənsə ciddi dayanmaq istəmədilər. Vətəndaş başqa dövrdə polisə güllə ata bilər, polis ona qarşılıq verər. Amma polisə zibil atmaq olmaz. Ayağı yayın qızmarında ayaqqabının içərisində bişən Azərbaycan polisinə zibil atıb, sonra da Azərbaycan cəmiyyətində dəyərlərin itdiyindən danışa bilməzsən. Yuxarıda da vurğuladığım kimi, yazdılar ki, “Yasamal 2020=Xocalı 1992”. Bu, Paşinyana pas ötürməkdir. Yasamalda Azərbaycan polisi ilə Qarabağdakı qatil ermənini bərabərləşdirmək nə deməkdir? Gör, cəmiyyətdə düşüncə nə qədər qaragüruha təslim olub?! Mən heç polisi də müdafiə etmirəm, niyə müdafiə etməliyəm? Sadəcə qoyulan qaydanı müdafiə etməyə çalışırdım ki, karantindən kənara çıxmayaq. Rayona gedənlər haqqında da danışmışdım ki, bir yeməkdən ötrü 6 saat tıxacda qalıb, rayona niyə gedirsən?

Deyirlər ki, xalqı niyə təhqir edirsən? İnsanlardan intizamlı, məsuliyyətli olmağı istəmək təhqirdir? Əgər desəydim ki, karantinə əməl etməyin, çıxın istədiyiniz kimi hərəkət edin, onda isə məni məsuliyyətsizlikdə ittiham edəcəkdilər.

Bütün bunlar bəhanələr şəklində müəyyən bir şəbəkənin yönləndirdiyi, qaragüruhçu insanların getdiyi istiqamətdir. Bu insanları əqli-səlim düşünməyə yönləndirməliyik.

– Sizin əleyhinizə gedənlər Bəxtiyar Hacıyev, Kəramət Böyükçöl kimi şəxslər oldu. Amma sosial şəbəkələrdə siz deyil, onlar daha üstün göründü. Cəmiyyəti yanlış istiqamətləndirən bu qüvvələrə qarşı hansı addım atmaq olar?

– Biz bu prosesə başlayanda, üzərimizə böyük bir dalğa gələndə çox problemlərin qarşısında təkbaşına durduq.  Onlarla ziyalı mənə zəng etdi ki, haqlı da olsanız, biz söyüşdən qorxduğumuza görə məsələyə qarışmayacağıq. Həmrəylik yarada bilmədikcə, bu qüvvələr üstümüzə gələcək. Mən hətta dəstəklədiyim bir çox yazarlar gördüm ki, qaragüruhçularla eyni idilər. Əgər bu gün alimi, yazarı həmin qüvvələrlə eyni düşünürsə, bu, artıq çöküş, məğlubiyyətdir. Bir yazar əslində qaragüruhçuluqla savaşmalıdır, döyüşməlidir. Yazarın əvəzinə, mən döyüşürəm. Millət vəkili olaraq, əslində daha fərqli mövqe nümayiş etdirə bilərdim, məsələləri “malalamaqla” məşğul olmaqdan asan nə vardı ki?

Polisdə, dövlət orqanlarında vəzifəli yaxınları olanlar, dövlətdən bütün imtiyazları, medalları qoparmış səlahiyyət sahibləri, deputatlar məhz bu yolu tutdular. Dövlətin maraqlarını qoruma instinkləri sanki yox dərəcəsində idi.

Maraqlıdır ki, cəmiyyətdə fərari, avara imici ilə tanınanlar artıq kiçik statuslarla narazı insanları yönləndirə bilirlər. Mən iki dəfə bu orduda xidmət etmişəm, həm də erməni ilə ən yaxın səngərdə. Birisi orduda xidmət etməkdən rəsmi imtina edir, ona nifrətini göstərir, ardınca da əgər bir nəfər Azərbaycan vətəndaşını belə yanına alıb bizə hücum etmə cəsarətiini özündə tapırsa, demək ki, bizim cəmiyyətin deformasiyasının son mərhələsidir. Onlar üçün mənəvi dəyər deyilən heç nə yoxdursa, onlar üçün elə Qarabağ da, Azərbaycan da yoxdur.

Bu adamların böyük əksəriyyəti zaman-zaman hakimiyyətin hansısa çevrələrindən dəstək alıblar. İndi isə hakimiyyətlə sivil münasibət saxlayan bütün adamları söyürlər.

Mən, elə vaxt olur ki, xalqın marağını tam şəkildə hökumətin qarşısında müdafiə edirəm və edəcəyəm. Elə durum da olur ki, kütlənin küyünə düşüb, dövlətimin haqlı mövqeyinə qarşı çıxmıram və çıxmayacağam.

Mən də bilirəm ki, karantin rejimi ağırdır, amma bu o demək deyil ki, belə durumdan istifadə edib xalqla dövlət arasında uçurum yaradasan. Gürcülər bu vəziyyətdən təmkinlə, xalqla birlikdə çıxdılar. Qanuna əməl etmədən bu vəziyyətdən çıxmaq mümkün deyil. Biz həmfikir olmasaq da, dövləti qorumaqda həmrəy olmalıyıq.

– Bu həmrəyliyi, qaragüruha qarşı mübarizəni hansı alətlərlə, necə etməliyik?

– Hərə öz səngərində vicdanla döyüşməlidir. Bəhanələrə yer yoxdur. Birinin media, birinin parlament, birinin auditoriya, birinin oxucu səngəri var. İstifadə etməyi bacarmaq lazımdır. Təsəvvür edin, tükənmiş Azərbaycan yazarı gedib, qaragüruhçu fərari ilə eyni ortaq mövqe sərgiləyirsə, bizi hədələyib, ələ salırsa, demək, Azərbaycan ziyalılarının xeyli hissəsi qaragüruha təslim olmuş durumdadır.

Mənə sual verirdilər ki, doğrudan, belə demisiniz? Bir adam haqqında şayiə deyirlər, insanlar çevrilib həmin şəxsin nə ömür yoluna, nə əməllərinə, nə xarakterinə baxmır ki, bu adam belə şeyi edə bilər, ya yox? Fazil Mustafa bu milləti təhqir edər? Bunu deyən adamın, gərək, qanında erməni qanı olsun. 2 dəfə hərbi xidmətdə olmuş, 37 yaşında belə, xidmətdən imtina etməmiş adam bunu edə bilər? Məni orduya tam qanunsuz aparmışdılar, amma dedim, sonuna qədər xidmət edəcəyəm. Səni ki qanunsuz əsgərliyə aparmırdılar, gedib, hamı kimi xidmətini çəkərdin. Sonra deyərdin, haqqım var bu ölkədə danışmağa. Haqqı olmayan adam haqqı olana söz deyəndə, cəmiyyət də bunun arxasında gedəndə, baxıb, köks ötürürsən. Belə olanda, başa düşürsən ki, məğlubiyyəti haqq edən cəmiyyətik. Bizim məğlubiyyətin kökü bu cür məqamlardadır, milli kodumuzda dəyişiklik edə bilməsək erməniyə də qalib gəlməkdə çətinlik çəkəcəyik.

– Dediyimiz məqamlar nəzəri mübarizədir. Bəs praktiki nə iş görək?

– Mən özüm bilərəkdən bunu söyləmirəm. Çünki insanları yönləndirmək istəmirəm. İnsanlar həm də burada böyük təhdid, hədə, söyüş altında qalacaqlar. Bu isə koronavirus kimi bir şeydir. Bir adamla gedib, görüşə bilmirsən ki, birdən xəstə olarsan, kimi isə yoluxdurarsan. Sonra həmin şəxs səni söyəcək. Təxminən, eyni şeydir.

Amma yenə deyirəm ki, hərə öz səngərində mübarizəsini aparsın. Bir cinahdan atəş açsın, yaxud açılan atəşi dəf etsin. Mən resept verə bilmərəm. Hansısa rəsmi dövlət məqamında olsaydım, sistemləşdirib, istiqamət verərəm. Bu gün televiziyalar açıblar, onlarla media quruluşları var ki, papağı günə yandırırlar. Çalışırlar, özlərini hakimiyyətin yanında göstərsinlər ki, imtiyazlardan yararlansınlar. Amma harada olursan ol, millətin faydası üçün çalışmalısan.

Praktiki mübarizədən danışırıqsa, bir sosial şəbəkə səhifəsini, bir saytı, hər hansı platformanı səngərə çevirmək olar. Biz öz millətimizin insanlarına nəsə öyrətməməliyik, sadəcə doğru düşüncəni təlqin etməliyik. Məni söyən, təhqir edən qaragüruhçu şəxslərə verilən təlimat budur ki, hakimiyyətlə cəmiyyət arasındakı orta mövqedə duran insanları məhv etsinlər, sıradan çıxarsınlar ki, uçurum daha da dərinləşsin.

Parlamentdə 28 aprel işğalı ilə bağlı məsələ qaldırdım. Bir ziyalını gördünüzmü ki, təşəkkür etsin? Yalnız beyinlərinə yeridilib ki, bunlar niyə parlamentdədirlər? Əslində bunu deyənlər sevinməlidirlər ki, heç olmasa, parlamentdə onların sözünü deyən birləri var. Hakimiyyətə 5-10 sözü eşitdirib, qərar qəbul etdirirlər. Onlarla yazıçıya, mədəniyyət xadiminə ad verilməsini, mənzil problemini həll etmişəm, köməklik göstərmişəm. Hanı? Bu motivdə publikanın xoşuna gəlmək üçün bizə qarşı çevrilirlər. Həmin adamlar bundan sonra da axtaracaqlar ki, parlamentdə kimə sözümüzü deyək? Yenə gəlib, bizdən yapışacaqlar. Hər şeyə rəğmən, kömək edəcəyik. Ancaq ziyalı kimi baxmadan kömək edəcəyik.

Hər kəsdən yaxşı manipulyasiya etməyə ağlım, fərasətim var. Vəziyyətdən mən də kütlənin qəhrəmanı kimi çıxa bilərəm. Ancaq yanlışdırsa, gələcəyimiz üçün təhlükəlidirsə, kütlənin dediyini niyə təkrar etməliyəm? Bu günlərdə 20-yə yaxın analitik məqalə yazdım. Keçmişi də təhlil etdim. Əbülfəz Elçibəyə ən yaxın, sona qədər onunla ləyaqətlə, sədaqətlə birlikdə olan insanam. Bu gün səmimiyyətim olduğuna görə, onun da dövründə buraxdığımız yanlışlıqları deyə bilirəm. Kişiliyi varsa, biri çıxsın, bu yanlışları dilə gətirsin. Söyləyə bilmirlər. Çünki bilirlər ki, qaragüruh onları əzəcək. Əbülfəz Elçibəyin qohumu kimi orada-burada özünə mövqe tutmağa çalışan, hələ də ondan xal yığmağa çalışanlar mənim üstümə gəlirlər.

Biz insanlarda fikir plüralizmi anlayışını yaratmalı, onu təlqin etməliyik. Qorxmaq lazım deyil. Mən ilk dəfə deyil, belə böhtanlarla, qarayaxmalarla üz-üzə qalıram. Dini qaragüruhla da illərdir savaşıram, indiki kimi sosial qaragüruhla da savaşıram, millətçi qaragüruhla da eyni ilə… Maraqlıdır ki, fikrimi qəbul etməyən, mədəni cavab verən bir adamla da problemim yoxdur. Əbülfəz Elçibəy deyirdi, bir fağır prezident tapmışdınız, hər yandan döyürdünüz. İndi istəyirlər ki, bir fağır deputat tapsınlar, hər yandan döysünlər. Amma mən Əbülfəz bəyin taleyini görmüşəm. Nizami Süleymanov onun müharibədə həlak olmuş atasını erməni çıxaranda, bəzi “ziyalılar” xısın-xısın gülüşürdülər. İndi elə həmin adamların törəmələri mənim rəhmətə getmiş atamı təhqir edirlər… Bunlarla bizi sındırmaq olmaz, bunların qarşısında daha dəyənətlə duracağam və layiqli cavablarını verəcəyəm.

– Bəzi ziyalılar özlərinə xalqı sevən biri kimi imic formalaşdırıblar. Lakin həqiqəti ortaya qoyub, həmin şəxsləri tənqid edən olduqda dediyimiz qaragüruh ayağa qalxır. Bu qəlibi necə dağıtmaq olar?

– İnsanların böyük əksəriyyəti ziyalılığı Məhəmməd Əmin Rəsulzadənin şəklini profilinə yapışdırmaqda, onunla bağlı hansısa informasiyanı paylaşmaqda görürlər. Bitdi. Bu, sadəcə reytinq gətirir. Halbuki ziyalılıq keçmişi qorumaq savaşı deyil. Ziyalılıq bugünün  problemləri üzərində düşüncə istehsalı platformasıdır. Bu günümüzün labirintini çözməyə çalışanların qarşısında əngələ çevrilən diplomlu insanların əksəriyyəti isə qaqaragüruhla eyni zehniyyətə sahibdirlər.

İllər öncə Əkrəm Əylislinin haqsız mövqeyinin qabağına səviyyəli əsərlə çıxa bilən olmadı. Hər kəs ilk yolu kitablarını yandırmaqda gördü.

İnsanların əskəriyyətinin Milli Məclisə münasibətində mənfi emosiyalar mövcuddur. Bizə qarşı belə mövqeyin səbəbi də bir çox hallarda Milli Məclisdə olmağımızdır. Amma Milli Məclisə nifrət formalaşdıranlar kənarda qalıblar, normal imic gətirənləri söyürlər. Sosial şəbəkədə neçə millət vəkili var ki, kitab, fikir, ideya, məqalələr paylaşır?

Biz hakimiyyətlə xalq arasındakı uçurumun əleyhinəyik. Belə bir uçurum Azərbaycanın yeni torpaqlarının işğalı deməkdir. Bu gün bir çox insan Rusiyaya qarşı sərt siyasətin təbliğatçısıdır. Halbuki özləri də gördü ki, ABŞ, Böyük Britaniya kimi arxası olan Ukraynanın üç vilayətini məhz Rusiya işğal etdi. Heç kim Ukraynanı qurtara bilmədi. Azərbaycanı kim müdafiə edəcək? Ehtiyatlı mövqeyə çağırmaq əvəzinə, sürükləyirlər ki, ölkə dağılsın.

Mən son hadisədə jurnalistlərimizdən də narazı qaldım. Hər kəs kimi, jurnalistlər belə, qaragüruhun üzərinə getməyimdən qorxdular. Yazılarımı yayınlamaqdan da bəzən çəkindilər. Halbuki jurnalistlər üçün ən əlçatan millət vəkili mənəm. Siyasi mövqeyindən, tanınıb-tanınmamasından asılı olmayaraq bir media orqanını, jurnalisti geri çevirmirəm. Çünki bilirəm, peşəsi budur, maaşını bundan alır. Əslində kömək üçün edirəm, çəkilib telefonumu söndürə də bilərəm. Jurnalistlərin belə bir vəziyyətdə susqunluğu, başqa cinahda yer alması, məndən aldığı informasiyanın başlığına provakativ ifadələri yerləşdirərək, səhifələrdə paylaşması üzücüdür. Reallığımız budur, ona görə kimi isə qınamırıq. Amma yanlış yoldur. Bunun bədəlini hamımız ödəməyə başlayacağıq. Çox təhlükəli ilğıma daxil olmaqdayıq – qaragüruhun hakmi olduğu ilğıma.

– Bəxtiyar Hacıyevlə əlaqədar hadisənin, sizin onun haqqında hüquq-mühafizə orqanlarına müraciətinizin əsli nə idi?

– Sosial şəbəkədə bizə qarşı olan kampaniyanın qarşısında öz səhifəmizdə döyüşmüşük, münasibətimizi paylaşmışıq. Polisə müraciətimin səbəbinə gəlincə isə, burada xuliqanlıqdan söhbət gedir. Bu Vətən xaini fərari mənə zəng edərək, məhkəməyə vermək üçün ünvanımı soruşarkən, tərbiyəsizliyə yol verdi. Halbuki müraciət verildikdə, elektron qaydada ünvanı tapıb, göndərirlər. Onun mənə qarşı təhqiramiz ifadələr işlətməyi və mənim ona cavab verməyim, ardınca təhdid dolu tərbiyəsiz mesajlar almağım polisə müraciət etməyimə səbəb oldu. Bu məsələ sosial şəbəkələrdəki paylaşımlardan, müzakirələrdən irəli gəlməyib.

(Modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam