Ayaz Mütəllibov:“Rahim və Etibarın deputat mandatlarını qoydum seyfə…”-VİDEO
Ayaz Mütəllibov: “Vəzirov məndən xahiş etdi ki…”
Nə pislik var, harada mənə nə pislik edən varsa, bu, Rüfət Ağayevin ucbatından, onun əli ilə olub, onun Azərbaycana vurduğu zərəri heç kim vurmayıb.
Yenixeber.org: İlk prezident “Qaynar Qazan”da.
Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovla “Qaynar Qazan”da müsahibə götürmək ilk günlərdən planımızda vardı. Bunun üçün siyahımızda olan digər siyasi xadimlər kimi, onunla da zaman-zaman əlaqə yaratmağa təşəbbüs etmişdik. Onun köməkçisi ilə (indi o, köməkçisi deyil) təxminən, ilyarım danışıqlar apardıq. Nə etdik, nə dediksə, təsiri olmadı, Ayaz Mütəllibovla xəttə çıxa bilmədik. Nəhayət, əlimizi müsahibə istəyindən üzdük.
Ta… bu günlərə qədər. “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdülün müsahibəsindən sonra Ayaz Mütəllibovun köməkçisi Qulu müəllim zəng etdi və onunla bəzi məsələlər ətrafında söhbətləşdik. Qulu müəllimlə söhbətimiz alındı və bu, Ayaz Mütəllibovla “Qaynar Qazan”da söhbətə qədər irəlilədi və Azərbaycanın birinci prezidenti ilə tarixi bir müsahibə götürdük.
Ayaz Mütəllibov Azərbaycan tarixinin ən ziddiyyətli siyasi liderlərindən biridir. Onun dövrü elə tarixi mərhələlərə düşüb ki, demək olar, çağ dəyişib Azərbaycan. Azərbaycan müstəqilliyinin ən həssas zamanları, eyni zamanda ən böyük faciələri də bu dövrdə yaşanıb. Ən ağrılı zamanlarımız onun dövründə olub. Müstəqilliyimizin, demək olar ki, bütün atributlarını onun dövründə qazanmışıq və indi bizə xəyal kimi görünən maraqlı bir demokratiya dönəmi də məhz onun dövründə yaşanıb.
Ayaz Mütəllibov mətbuata hər zaman məsafəli adam olub. Bu məsafə onu daha da uzaqlaşdırıb ictimai-siyasi həyatdan. O səbəbdəndir, bəlkə, həm də çox az danışıb ilk prezident. Mən onun televiziya kanallarında uzun verilişlərinə heç bir zaman rast gəlməmişəm. Son illərdə bəzi-para verilişlər olub ki, onlar da çox nadirən 1 saatı keçib. Zatən Ayaz Mütəllibovun 1 saatdan çox müsahibəsini seyr etmək mümkün də olmayıb, çünki olmayıb.
Ancaq “Qaynar Qazan” bu nizamı pozdu. Mən biləni, ilk dəfə idi ki, ilk prezident bu qədər kamera qarşısında danışırdı. Həm də təxminən canlı efir kimi. Bilənlər bilir ki, “Qaynar Qazan” elə təxminən canlı kimidir – biz çəkilişdən sonra çox az dəyişikliklər edirik. Amma Ayaz Mütəllibovla danışanda onun istədiyi dəyişiklikləri edəcəyimizə söz vermişdik. O qədər də etmədi. Və çox uzun – 3 saatdan çox ekran qarşısında suallarımı ona yönəldə bildim.
Təbii ki, Mütəllibovun miqyası çox böyükdür. Onun şəxsiyyətinə və yürütdüyü siyasətə kimin necə baxmasından asılı olmayaraq, Ayaz Mütəllibov bu ölkənin ən kritik zamanlarında bu ölkənin birinci adamı olub. Azərbaycanı ən qarışıq zamanlarda idarə edib. Moskvaya çox bağlı adam olub və çox şeyləri, çox sirləri bilir. Onunla danışarkən çox şey bildiyini, amma hələ də çox az şey danışdığını hiss etdim. Kaş ki, bütün bildiklərini Azərbaycanın gələcəyi üçün danışaydı da, biz də yorulmadan onu çəkib millətin ixtiyarına verə biləydik.
Daşıdığı tarixi missiya və önəm digər bütün qonaqlarımız kimi, Ayaz Mütəllibova da həssas və diqqətli yanaşmamızı əmr edirdi. Suallar da həddindən artıq çox idi. Təkcə sosial şəbəkələrdən gələn suallar yox, həm də başqa suallar vardı, özümüzü maraqlandıran suallar vardı. Buna görə də Mütəllibova sualları müxtəlif kateqoriyalarda qruplaşdırdıq. Ümumi suallar, 20 yanvar 1990-cı il hadisələri ilə bağlı suallar, 20 noyabr 1991-ci il hadisələri ilə bağlı suallar, 26 fevral 1992-ci illə və 14 may 1992-ci illə bağlı suallar… Təbii ki, Heydər Əliyevlə, İlham Əliyevlə, Mehriban Əliyeva ilə bağlı suallar, eyni zamanda digər maraqlı suallar da vardı və bütün bunları ardıcıl düzmək və yerində istifadə etmək, həm də prezident olmuş bir tarixi şəxsiyyətlə, etiraf edim ki, asan iş deyildi. Həm də bu, mənim Ayaz Mütəllibovla ilk görüşüm idi və mən onu hər zaman qaraqabaq, qaşqabaqlı və bir az da əsəbi görmüşdüm kanallarda. Düşünürdüm və ehtiyat edirdim ki, elə olsa çox çətin olacaq müsahibənin taleyi.
Biz böyük bir binanın foyesində görüşdük Ayaz Mütəllibovla. Foyenin böyük olması səsin bir az dağılmasına səbəb olub – hiss edəcəksiniz. Ayrıca, bizə səs-küy olmayacağını vəd etsələr də, binanın zəngin sakinləri sanki bir az da səs salmaq istəyircəsinə xüsusi əda ilə səs-küy salmağa çalışırdılar və sağ olsunlar, buna mümkün qədər də nail ola bildilər. Diqqətli tamaşaçılar müsahibə boyu ədalı kabluk səslərini, səs-küylü lift qapılarının cırıltısını və hündürdən danışılan səsləri eşidəcəklər. Görünür, özümüzün keyfiyyətli studiyalarımız olana qədər biz belə məşəqqətlərə dözməliyik. O da olacaqmı, hələ bilinməz…
Ayaz Mütəllibovla qarşılaşan kimi, kefini yaxşı gördüm. Ekrandan məni tanıyırdı və çoxdanın tanışı kimi görüşdük və görüşümüz müsahibə boyunca da xoş ovqatla davam etdi. Pozitiv idi. Mən onu nadir hallarda gülən görmüşdüm, müsahibə boyunca mümkün qədər pozitivliyini və gülərüzlüyünü də göstərməyə çalışdı. Təbii ki, verilən ağır suallara o qədər səmimi olacağını heç düşünmürdüm də. Ayaz Mütəllibov başından olmazın fəlakətlər keçən və qarışıqlıqlar içində ömür sürən bir adamdır. Gözü ilə od görüb. Onun tam səmimi olacağını düşünmək bir az da xəyal ola bilərdi, amma ilk müsahibə kimi, 3 saatdan çox danışmaq və yorulmamaq özü artıq bir göstərici idi. Ayrıca, Ayaz Mütəllibov elə şeylər danışıb ki, Azərbaycanda aylar boyu müzakirə olunacaq, bilirəm.
Beləcə, sözü çox uzatmadan Ayaz Mütəllibova – Azərbaycanın ilk prezidentinə vermək istəyirəm. Hər şeyi tamaşaçı qərarlaşacaq. Harada səmimidir, harada yox, nələri daha deyə bilərdi, nələri yox – seçim onundur. Elə isə o zaman söz “Qaynar Qazan”ın 52-ci qonağınındır – Ayaz Mütəllibovun…
Əvəz Zeynallı
“Qaynar Qazan”
I hissəni buradan oxuya bilərsiniz:
II hissə
Tofiq İsmayılov mənə dedi ki…
– Ayaz müəllim, Çingiz Sizə nə dedi ki, “getmə” dediniz. “Mənə deyirsən, amma mən də sənə deyirəm ki, getmə”. Deməli, Sizə çox önəmli şeylər deyib.
– Bəli.
– Aradan 30 il keçib, indi demək olmazmı?
– Yox.
– O qədər önəmli idimi?
– Gündəmdə olan məsələlərə aid idi. Onsuz da orada-burada müxtəlif söz-söhbətlər var, mən sizə həqiqəti dedim.
– Amma Çingizin Sizə nə dediyini demədiniz.
– Dedi, mən məəttəl qaldım.
– Özümüzünkülərmi etmişdi o üz-gözdəki yaraları? Onumu deyirdi Çingiz?
– …(Uzun pauza)
– Heç kimə deməyəcəksinizmi?
– Hələlik yox.
– Elmidar Əliyev soruşur: “20 noyabr faciəsinin hakimiyyətdən getməsində təsiri oldumu?” Sizin demək olar ki, bütün komandanız məhv edildi. Ümumiyyətlə, Ayaz müəllim, Sizin komandanız idimi o adamlar? Cəmiyyətdə müxtəlif informasiyalar var. Məsələn, deyənlər var ki, əslində, Ayaz Mütəllibov o komandadan imtina etmişdi.
– Mən bu komandanı özüm yığmışdım. Onların hamısı mənə qarşı etibarlı insanlar idilər. Münadibətlərimiz hələ vəzifədən əvvəldən çox isti olub.
– Guya həmin dövrdə Məhəmməd Əsədovu işdən çıxarıbsınızmış…
– Məhəmməd Əsədovu işdən çıxarmamışdım. Mən onu daha da irəli çəkmişəm. Bütün inzibati orqanların kurasiyasını da ona tapşırmışdım. Onunla bağlı fikirlərim vardı. Onu bir platsdarm kimi vəzifəyə təyin etmişdim.
– Daha yuxarı aparmaq fikriniz olub?
– Bəli. Onun haqqında deyə bilərəm ki, o, çox qızıl insan idi. Çingizin, İsmət Qayıbovun, Tofiq İsmayılovun təyinatlarını mən vermişəm. Onların özlərinin xahişi ilə. Günlərin bir günündə Tofiq İsmayılov gəldi yanıma.
– Ayaz müəllim, onların hamısı ilə bir az da dost kimi olubsunuz sanki… Çox səmimi münasibətləriniz olub.
– Çox səmimi. Müəyyən rəsmi çərçivələr olub, amma səmimi olmuşuq. Tofiq İsmayılov mənə dedi ki, mən sənə kömək etmək istəyirəm. Dedim, Tofiq, sən mənə Moskvada, Ali Sovetdə onsuz da kömək edirsən. Tofiq dedi ki, mən sənə burada kömək etmək istəyirəm. Dedim, olsun.
– Deməli, vəzifəyə elə təyin edibsiniz?
– Bəli. Dedim, o zaman günü sabahdan işə çıxa bilərsən. Məhəmməd Əsədov da özü gəlib yanıma. Məhəmməd Əsədovu Sumqayıtdan tanıyırdım. O, Sumqayıtın partiya komitəsində işləyirdi. Sənayeyə baxırdı. Biz onunla vaxtaşırı görüşürdük. Münasibətlərimiz çox isti idi. Dedi ki, Ayaz müəllim, mən özüm qərara gəldim ki, bu sözü sizə açım. İstədim ki, mənim özümdən eşidəsiniz. Mən Sizin yanınızda Sizə kömək etmək istəyirəm. Mən heç kimə xahiş etməmişəm, heç kimə ağız açmamışam, ağız açmaq niyyətində də deyiləm. Bu ağır anda biz gərək bir yerdə olaq. Mən Sizə sadiq olan adamam. Dedim, sabah işə başlaya bilərsən…
– Birbaşa Daxili İşlər naziri?
– Bəli.
– İsmət Qayıbov da elə oldu?
– İsmət Qayıbovla mən İsmayıllı rayonundan tanış olmuşam. Çox müasir tipli, yüksək mədəniyyətə malik olan insan idi. Kefqom idi, gülərüz idi. Mən onu təyin elədim. Onlar səngərlərdə olublar. Hamısı. Hətta Vaqif Hüseynov. …Azərbaycanın çox böyük itkisidir.
Yeltsinlə Nazarbayev özlərinin “piar”ı üçün gəlmişdilər
– Səbirə Mahmudova soruşur: “Doğrudanmı 20 noyabrda ermənilərlə azərbaycanlılar arasında müsbət yönlü addım gözlənilirdi və bu prosesin rusların vertolyotu vurması ilə əlaqəsi vardımı?” Nəyə görə bunu belə deyir, Pənah Hüseynin maraqlı bir müsahibəsi oldu, o dedi ki, o vaxt Jeleznovodski danışıqları gedirdi və irəliləyişlər vardı. İndi belə ehtimallar var ki, bu vertolyot da həmin o Jeleznovodski danışıqlarını dayandırmaq məqsədi ilə vurulub. Elə bir ehtimal var idimi? Nə düşünürsünüz? Çünki o zaman Sizin Nazarbayev və Yeltsinlə bir görüşünüz də oldu. O ərəfə idi, deyəsən? Eləmi?
– Bəli, Yeltsinlə Nazarbayev bu ziyarəti təşkil etdilər, özləri üçün. O “piar” aksiya idi.
– Yəni Azərbaycana münaqişənin həllinə yardım etmək üçün yox, özlərinin piarı üçün gəlmişdilər?
– Azərbaycana bir sənədlə gəlmişdilər. Adi bir kağızda yazılan protokol, “Jeleznovodski sazişi”. Belə çıxdı ki, bu protokol Çaykənd əməliyyatının nəticəsində ermənilərin ərazidən boşaldılmasından bəhs edir. Bu, ermənilərin yazısı idi. Protokolu ermənilər tərtib etmişdi. Qorbaçovun komandası-zadı yox…
– Yeltsinlə Nazarbayev ermənilərin tərtib etdiyi protokol əsasında gəlmişdilər bura, eləmi deyirsiniz?
– Bəli. Və hətta söhbət arası Yeltsin Nursultana dedi: “Biz çox sürətlə işimizi bitirib gedəcəyik. Bir saat bizə bəs edərmi?” O da cavab verdi ki, bəli, yetər. Mən deyirəm ki, Boris Nikolayeviç, bu, çox ciddi materialdır. Siz bir saata bunu həll edə bilməzsiniz. Çünki çox ciddi bir sənəddən söhbət gedir. Bu sənədin üzərində işləmək lazımdır. Və biz Jeleznovodskidə səhər saat 10.00-dan başlayaraq gecə saat 02.00-a qədər protokolun üzərində işlədik. Artıq 2-yə işləmiş qol çəkdik və nahar etdik. Bundan belə bir nəticə çıxarmaq olar ki, onlar təsəvvür etməyiblər ki, nə üçün, niyə və hansı məqsədlə gəlirlər Azərbaycana?
– Yəni bu vertolyot qəzasının Jeleznovodski sazişi və danışıqlarının dayandırılmasına təsiri ola bilərdimi Sizcə?
– Yox.
– Rail Məmmədov soruşur: “Vertolyotu kim vurmuşdu?” Son zamanlar Hacı Əbdül, Sizin köhnə silahdaşınız, Sizi müdafiə edən Hacı Əbdül müsahibə verdi və bu müsahibə həqiqətən ölkədə bomba təsiri yaratdı. Düzdür, bu mövzuda Hacı Əbdül illərdir danışır, amma “Qaynar Qazan”da başqa cür təsiri oldu bu müsahibənin. Bütün Avropada, Azərbaycanda – hər yerdə bu müsahibə müzakirə olundu. Hacı Əbdül deyir ki, vertolyot Tamerlan Qarayevin əmri ilə vurulub…
– Elə söz-söhbətlər gəzirdi. Məndən də bu haqda soruşurdular Tamerlan Qarayev haqqında. Cavab olaraq deyirdim ki, mənim elə bir sənədim yoxdur ki, deyim, bəli, mən Tamerlan Qarayevi günahkar hesab edirəm. Onun əli, qolu, nəyi var. O haqda heç nə deyə bilmərəm.
Hacı Əbdül ciddi adamdır, boş-boşuna danışan deyil
– Ayaz müəllim, özünüz nə düşünürsünüz? Elə ola bilərmi? İnanırsınızmı ki, elə ola bilər? Təbii ki, heç kimin əlində heç bir sənəd yoxdur. Tutaq ki, Hacı Əbdüldə də sənəd yoxdur, amma Hacı Əbdül deyir ki, mən inanıram ki, o tapşırığı Tamerlan Qarayev verib.
– O rəhmətə gedən “Ala Yaqub” ki var, Yaqub Rzayev, ona istinad olunur da, için içində o idi. Məlumatı Hacı Əbdülə verən də odur. Mənim heç xəbərim yox idi ondan. Yaqub Rzayev o sözləri mənə çatdırsaydı, mən öz sözümü deyə bilərdim. Ancaq Hacı ciddi adamdır, o, boş-boşuna danışan deyil.
– Hacı Əbdül?
– Bəli. Mən bildiyim…
– Arzu Zeynallı soruşur: “Hacı Əbdüllə münasibətləri indi necədir?”
– Normaldır. Həmişə normal olub münasibətlərimiz. Sözün doğrusu, o qədər də yaxınlığımız olmayıb. O, “Tövbə” Cəmiyyətinin sədri vəzifəsində işləyir, savab işlərlə məşğul olur. Salamməleykimiz var.
– Amma Sizi həmişə müdafiə edib.
– Bilirəm. Onun dediyinə görə, haqqı müdafiə edib.
– Hə, elə deyir. Bizə demişdi ki, mən Ayaz Mütəllibovu yox, haqqı müdafiə eləmişəm. Hacı Əbdüllə bağlı Ceyhun Bayramlının bir sualı var: “Hakimiyyətiniz dövründə “Tövbə” və “Qardaşlıq” Cəmiyyətlərinə şəhərdə hər cür qoçuluq əməlləri etmək üçün şərait yaradılmasından xəbəriniz var idimi?”
– Yox.
– “Vardısa, bu şilləvuranlar dəstəsinə nə üçün şərait yaratmışdınız? Yox idisə, nə üçün 14 may 1992-ci ildə parlamentdə Hacı Əbdülün təbriklərini qəbul edib qol-boyun olmuşdunuz?”
– Vallah, mənim o gün əlimi sıxan, öpən, sevinc hissləri təbrik edənlər az deyildi. Bunların hamısını mənim adıma yazmaq nə qədər düzgündür? İndi sevinc hissiyyatı keçiriblər, burada mənlik nə var? Bunu mən təşkil eləməmişəm ki.
– “Qardaşlıq” və “Tövbə” Cəmiyyətlərinin Sizinlə bir bağlılığı yox idimi?
– Yox, yox, qətiyyən. “Qardaşlıq” julikin biri…
“Qardaşlıq” julik, Ağa julikin dal ayağı idi
– Ağa?
– Ağa… julikin dal ayağı, avantürist idi. O, Rüfət Ağayevin kadrı idi. Nə pislik var, harada mənə nə pislik edən varsa, bu, Rüfət Ağayevin ucbatından, onun əli ilə olub. O, Azərbaycana vurduğu zərəri heç kimə vurmayıb.
– Rüfət Ağayev?
– Bəli, Rüfət Ağayev.
– Amma bu “Qardaşlıq”ın etdiklərinin hamısı da Sizin adınıza yazılıb, Ayaz müəllim?
– Özü də mən Rüfəti qoymuşam özümün yerimə, zavodun müdiri, mən…
– Soyuducu zavoduna?
– Soyuducular zavodunun müdiri. Mən onu adam etmişəm. Bu məni… (çox əsəbiləşir…) Nə deyim?
– Xəyanət edib?
– Xəyanət edib, özü də necə. Mən bilirəm, kiminlə oturub-durur, indi də onlar sağdırlar. Sadəcə qoşulmaq istəmirəm bu söhbətə.
– Yəni bu “Qardaşlıq”, Sizin adınızdan istifadə edənlərin hamısı Rüfət Ağayevin adamları və əməlləridir deyirsiniz…
– “Qardaşlıq”ı deyim sizə. Bir gün “Qardaşlıq” Cəmiyyətindən Ağa, bir gün də ondan əvvəl Tarix adlı bir adam…
Ağa ilə Tarix Etibarla Rahimi azad etmək xahişi ilə yanıma gəldilər
– Sonra həbsxanada öldü…
– Bəli, Tarix sonra həbsxanada öldü. Gəldilər mənim yanıma bir xahişlə. Moskvada, “Lefortovo” həbsxanasında olan Rahim Qazıyevi, Etibar Məmmədovu azad etməyi xahiş etdilər. Kömək istəyirdilər məndən.
– Həmin Ağagil?
– Bəli. Ağa deyir, biz Bobkovla danışmışıq. Bobkov da KQB-nin sədri Kryuçkovun birinci müavini idi. Bobkov Azərbaycanda istintaq komissiyasına nəzarət edən adam idi. Bir incə məqam var, indi onu da deyəcəyəm sizə. Dedim, sən hara, Bobkov hara, Ağa? Sən haradan gedib ora çıxmısan? Dedi, hə, getmişəm. Dedim, düz deyirsən? Dedi, bəli. Xüsusi telefonlar vardı, “VÇ”, götürüb dedim, “məni Bobkovla birləşdirin.” Telefonun dəstəyini Bobkov götürdü. Dedim, bu, bu, adamlar sizin yanınıza xahişlə gəliblərmi? Dedi, bəli. (Uzun pauza…) “Bəli” sözünü o idarədə elə-belə demirlər. O hara, bunlar hara? Uyğun gəlmirlər axı bir-birilərinə. Bu sözdən sonra mən başa düşdüm ki, burada nəsə dolaşıq məsələlər var. Onda mən qərara gəldim ki, Rahim Qazıyevi və Etibar Məmmədovu türmədən çıxarım. Belə qərara aldım.
– Maraqlı gəldi mənə. Yəni onlara bir təhlükəmi hiss elədiniz?
– Hər şey ola bilərdi.
– Onları orada öldürə bilərdilər?
– Mən onu demək istəmirəm, ancaq hər şey ola bilərdi. Ondan savayı, hara gedirdim – fabriklərə, zavodlara – fəhlələr yaxınlaşıb deyirdilər ki, qurban olum, Etibar Məmmədovu azad edin, nə olar. “Simpatiçnı” oğlan idi, hörmət edirdilər ona. Ancaq çox radikal idi.
“Lefortovo” məhbuslarını mən buraxdırmışam
– Ayaz müəllim, o zaman “Lefortovo” məhbuslarının buraxılmasında Sizin rolunuzmu var? Beləmi demək istəyirsiniz? Onları Sizmi buraxdırmısınız?
– Bunu mən eləmişəm, özü də klassik formada. Qorbaçovun yanında keçirilən iclasların birində mən durub çıxış etdim və iki məsələni müzakirəyə çıxardım. Biri, dedim ki, Mərkəzi Televiziya Azərbaycanda olan məsələləri düzgün işıqlandırmır, obyektiv vermir. Əgər bizim işimiz, rolumuz varsa, biz də Mərkəzi Televiziyaya maya qoyuruqsa, o zaman gəlin, bizim payımızı ayıraq, biz o proqramları özümüz idarə edək. Axı biz bura pul veririk. Bizim pulumuza bizi söyürlər, elə şeymi olar? Mixail Qorbaçovun qarşısında ikinci məsələni də qaldırdım. 80-100 nəfər adam həbs olunmuşdu texniki personalla birlikdə. Ona SSRİ KQB-sinin təcridxanasında müttəfiq respublikalar üçün prezident hazırlama kurslarının açıldığını dedim. Bu 6 aylıq kursları Zviad Qamsaxurdiya keçdi…
– Çox maraqlı bir şeydir…
– Və sonra Gürcüstanın prezidenti oldu.
– Zviad Qamsaxurdiyanı da onlar həbs etmişdilər…
– O biri kolleqamız Ter Petrosyan. (Gülür…) O da eyni qaydada Ermənistanın prezidenti təyin edildi.
– Bütün bunları Qorbaçova deyirsiniz…
– Hə. Təkcə Qorbaçova yox e, bütün zala deyirəm: “Mənə bircə o qalır deyəm ki, burada bizim respublikadan iki nəfər adamımız həbsdə saxlanılır. Hətta 3 nəfər – Xəlil Rza da.”
– Xəlil Rza da var idi, Məhəmməd Hatəmi də var idi – bir neçə nəfər daha var idi.
– Davam etdim: “Bu adamların imkanı var ki, onlar da prezident olsunlar.” Və onların adlarını çəkdim: “Diqqətinizə çatdırmaq istəyirəm ki, rəsmən DTK sədri Kryuçkova müraciət olunsun və o adamlar Azərbaycana təhvil verilsin. Onlar Azərbaycan vətəndaşlarıdır və mühakimə olunmalıdırlarsa, sovet qanunları əsasında Azərbaycanda mühakimə olunmalıdırlar.” Elə də oldu. İkisi də qayıtdı. Qayıdanbaşı onlar çox narahat idilər ki, sentyabr ayındakı seçkilərə çatmayacaqlar.
Rahim Qazıyevin də, Etibar Məmmədovun da deputat mandatlarını mən qoydum seyfə…
– Yoxsa onu da Siz elədiniz?
– Mən elədim. İkisinin də – Rahim Qazıyevin də, Etibar Məmmədovun da deputat mandatlarını mən qoydum seyfə ki, xatircəm olun, buradadır, darıxmayın…
– Allah, Allah – indi burada mən belə deməyim, nə deyim? Deməli, Siz…
– (Ayaz Mütəllibov əlini atıb konfet qabından bir şokolad götürür və and içir…) Bax, bu bərəkət haqqı…
– Deməli, Siz adamları “Lefortovo” həbsxanasından gətiribsiniz parlamentə?
– Hə, hə, bəli, mən eləmişəm.
– Niyə elədiniz ki?
– Mənə onlar lazım idi Bakıda, parlamentdə. Biz demokratiyadan danışırıq. Küçələrdə şuluqluqla məşğul olmaqdansa…
– İstəyirdiniz ki, demokratik müxalifət gəlsin parlamentə?
– Bəli, nə sözün var, gəl parlamentdə deginən. Döşə, nə istəyirsən elə. Buyurun, demokratiya olsun.
– Nə yaxşı prezident olubsunuz, Ayaz müəllim.
– Hə, görürsünüz, siz indi dinləyirsiniz. İndi mən böyük bir auditoriya yığsam, bir-bir məqamları açıb desəm, nələr olar?
– Siz bizə açın, bəzi məqamları açın.
– Açdım da… (Gülür…)
– Beləcə, aydın oldu ki, bu “Qardaşlıq” Cəmiyyəti Ayaz Mütəllibovla bağlı olmayıb, eləmi?
– Yox.
– Bunlar nə ediblərsə, hamısı Sizin adınıza yazılıb?
– Bəli. Düz yazılmayıb, düz yazılmayıb. Zərrə qədər.
– Burada bir sual var, bilmirəm, bu, Sizə nə dərəcədə uyğundur, amma yazılıbsa vermək istəyirəm. Ceyhun Bayramlı yazır ki, uğursuz Daşaltı əməliyyatına görə faktiki Ali Baş Komandan vəzifəsi daşıyan adam kimi özünüzdə günah payı hiss edirsinizmi?
– Mən onu bilirəm ki, Daşaltı əməliyyatı haqqında ermənilər əvvəldən bildilər. Bizimkilər bu haqda ermənilərə xəbər verdilər. Mənə belə danışıblar.
Azərbaycanı heç kim məğlub edə bilməzdi, əgər…
– O problem də var idi, eləmi? Bizdə planlar cizilirdi, erməni xəbər tuturdu. İçimizdə xainlərmi olub?!
– (Ayaz Mütəllibov sağ əlinin şəhadət barmağını alnının ortasına qədər qaldırır və təsdiqləyir…) Belə… Belə… Azərbaycanı heç kim məğlub edə bilməzdi, əgər içəridə satqınlar olmasaydı. İnanın mənə!
– Bunun qarşısını ala bilmədinizmi?
– Necə alaydım? Bunların alınlarına yazılıb bəyəm xain olduqları?
– Amma Ayaz müəllim, DTK var, Daxili İşlər Nazirliyi var…
– Nə DTK-dan danışırsınız, aləm qarışmışdı bir-birinə… İnzibati orqanların heç biri işləyə bilmirdi, onlar iş qabiliyyətlərini itirmişdilər. Onları eşidən yox idi. Bakıda toy-bayram edən qüvvələr var idi. Müxalifət həmçinin… Yanvar hadisələri ərəfəsində Bakını idarə edən biz de-yil-dik! Biz de-yil-dik! Yəni hakimiyyət deyildi!
– Bəs kim idi?
– Xalq Cəbhəsi! Xalq Cəb-hə-si!
Araz Əlizadənin təklifi başına dəysin…
– Amma Siz Milli Müdafiə Şurası yaratmadınızmı, Ayaz müəllim?
– Milli Müdafiə Şurasını mən yaratdım, sonra gördüm ki, yox e…
– Nemət, Rahim Qazıyev, Etibar Məmmədov…
– Adə yox e, Araz Əlizadənin təklifi idi…
– Araz Əlizadə…
– Araz Əlizadənin təklifi idi. Təklifi də başına dəysin…
– Niyə?
– Təklifi idi, dezorqanizatsiya, destabilizatsiya. Mən bunlara bir dəfə dedim ki, siz tarixşünassınız, hamınız namizədlik işində yazmısınız, lap Elçibəyin özü də yazıb: “Sov İKP KP MK 22-ci qurultayı qərara aldı ki…” Bunları hamınız yazmısınız. Bizə irad tutursunuz, ancaq özünüzün qolunuz var. Ki, bu işləri siz görəcəksiniz, yoxsa sizə namizədlik bileti verən kim idi ki? Elmi işçilərin işlərindən söhbət gedirdi. Destabilizatsiya, dezorqanizatsiya – bunlar bolşeviklərin 1917-1918-ci illərdə apardıqları mübarizə metodu idi. O zaman onların devizi bu idi: “Hakimiyyət üçün nə qədər pisdirsə, bizim üçün o qədər yaxşıdır.” Dedim, bu yolla gedirsiniz siz, ancaq yolunuz pis olacaq. Mən açıq dedim da, dedim…
Mən vicdanlı adam olmuşam
– Əbülfəz bəyin Mirşahinə maraqlı bir müsahibəsi var, orada deyir ki, fağır bir prezident tapmışdınız, sağdan da döşəyirdiniz, soldan da. Mən baxıram dediklərinizə, elə Siz də fağır olubsunuz, Ayaz müəllim.
– Mən vicdanlı adam olmuşam, vicdanla işləmişəm, vicdanla rəftar eləmişəm. Bir azərbaycanlı olaraq azərbaycanlı qardaşlarımıza hörmət eləmişəm. Mən regional məsələlərdir, yerlibazlıqdır – bunları qətiyyən qəbul edən adam deyiləm. Mən “haralısan” sualını soruşmağa xəcalət çəkirəm. Əşşi, nə haralısan, azərbaycanlıyam mən! Qurtarın!
– O məsələ ilə bağlı suallar da var və onları verəcəm. Ayaz müəllim, ən ağır faciələrdən biri Xocalı faciəsi haqqında suallar var. Bu da Sizin dövrünüzə və çox ağır zamanlara təsadüf edir. Bu da Sizin dövrünüzdə olub.
– (Gülümsünür…) Bilirsiniz, niyə gülümsəyirəm? Görəsən, məndən sonra da prezidentlərə bu cür yanaşacaqlar? Prezident olmusunuz, deməli, günahkarsınız. “Sizin vaxtınızda olub” – bu nə cür kəlamdır, bunu necə qəbul etmək olar?
Azərbaycan dövlətinin müstəqilliyini təmin edən mən oldum
– Ayaz müəllim, amma razılaşın ki, bütün məsuliyyət dövlət rəhbərinin üzərindədir.
– Orası düzdür, ancaq çox böyük həvəslə biz ən xırda məsələləri axtarırıq. Mənim işlərimə maraq yetirənlər çoxdur. Halbuki mən o qədər də işləmədim, heç mənə macal vermədilər işləməyə.
– İşləmədiniz, amma bütün taleyüklü məsələlər də Sizin dövrünüzdə oldu. Həm müstəqillik, həm bayraq…
– Azərbaycan dövlətinin müstəqilliyini təmin edən mən oldum.
– Onlar da yazılır. Müsbət də yazılır. Məsələn, bayraq Sizin dövrünüzdə qəbul olunub…
– Az danışılır… İndi-indi dillər açılıb, indi deyirlər… Bu vaxta qədər ilk prezidentin kim olduğunu da demirdilər.
– Ola bilər, amma mən bütün fəaliyyətim boyu bir jurnalist olaraq həmişə onu qeyd etmişəm.
– Siz ziyalı adamsınız.
– Ankarada mən tələbə idim. Orada biz Sizinlə görüşmüşük. Hətta o zaman orada mən jurnal çıxaranda, yadımdadır, Sizin və Elçibəyin şəkillərini Azərbaycanın 1-ci və 2-ci prezidentləri olaraq yanaşı qoymuşdum və bu, böyük söz-söhbətlərə səbəb olmuşdu. Kimin xoşu gəlsin, kimin gəlməsin, Siz Azərbaycan xalqının birinci prezidentisiniz.
– Düzdür.
– Bu, tarixdir və bu tarixi də kimsə poza bilməz. Bu tarixi bu gün pozanlar da sabah bununla barışası olacaqlar.
– Düppədüz deyirsiniz.
– Cavid Zülfüqarlı soruşur: “Ayaz bəy özünü Xocalı faciəsinin günahkarı hesab edirmi?”
– Yox.
– Səfər Cavadov Xocalıdandır, yazır: “Xocalıya hücumun olacağı barədə kəşfiyyat məlumatlarının olduğu deyilir. Bu, nə dərəcədə doğrudur? Sizin bundan məlumatınız olubmu? Nəzərinizə çatdırım ki, bir xocalılı olaraq sizi günahkar bilirik.”
– Vaxt gələr, günahkarlar aşkara çıxar. Vaxt gələr… Bunlar üçün mən deyirəm, çünki bunlara inanmayan adamlar da az deyillər. Necə yəni, belə çıxır ki, Xocalı hadisələrini mən törətmişəm?
– Sizin məlumatınız vardımı?
– Mənim əleyhimə olan tədbir idi…
– Elə Xocalı faciəsinin nəticəsində də Siz hakimiyyətdən getdiniz.
– Hə…
– Deməli, həm də plan olub?
– Mən oturdum, düşündüm, öz-özümə sual verdim ki, sən indi nə qoyub nə axtarırsan, bunlar qan-qan danışır. Sənin nə imkanın, nə canın var ki, bu səpkidə işlərin öhdəsindən gələsən. Kimsə baltanı qaldırıb mənim boynumun üstündə. Mən bu ərəfədə Ali Sovetin binasından çıxa bilərdim. Bir kopayoğlu da mənə dəyməzdi. Ancaq sonra hansı təxribatları edəcəkdilər. Çünki birinci provokasiya baş tutmadı. İkinci variant daha dəhşətli təxribat çıxa bilərdi ortaya. Ona görə mən dedim, bu, mənim meydanım deyil. Öz ailəmi, öz taleyimi naməlum bir vəziyyətə bağladım.
– Siz 15 maydan danışırsınız…
– Hə, istefa verdiyim gündən.
– 15 mayla bağlı suallar olacaq. Türkiyədə yaşayan professorlarımızdan Toğrul İsmayıl soruşur: “Ayaz Mütəllibov 26 fevralda Xocalıda yaşananları niyə xalqdan gizlətdi? Niyə oraya yardım edilmədi? Buna görə məsuliyyət hiss edirmi?” Burada təbii ki, sizin tərəfdarlarınızdan Rüfət Sahiboğlu onlara cavab veriblər, Cəbhə hakimiyyətini də Kəlbəcərə görə ittiham ediblər, amma Toğrul İsmayıl onu soruşur ki, Xocalıda yaşananlar niyə xalqdan gizlədildi? Deyəsən, ilk vaxtlar informasiya elə olmuşdu, eləmi? İki nəfərin öldürüldüyünü demişdilər…
– O informasiyanı Şahin Musayev açdı. Günlərin bir günündə hansısa müxbir sual verib ki, bəs, kimsə deyib ki, Xocalıda 2 nəfər həlak olub.
– İlk informasiya deyəsən elə olmuşdu.
– Bəli. Və bu sözün müəllifi aşkara çıxdı. Şahin Musayevdən bunu soruşanda Şahin dedi ki, mən demişəm o informasiyanı, prezidenti narahat etmək istəməmişəm. Şahin Musayev.
– Sizi narahat eləməmək üçün?!
– Bəli.
– Yəni Sizə ilk informasiya elə verildi ki, ölənlər 2 nəfərdir?
– Mənə belə dedilər ki, 2 nəfərdir. Mənə yox e, mənə heç çatmadı. Deyim də sizə, elə birinci gün ki xəbər çatdı, Daxili İşlər naziri Tofiq Əhmədov və Təhlükəsizlik naziri İlhüseyn Hüseynov pərişan vəziyyətdə yanıma gəldilər. “Nə olub?” dedim, cavab verdilər ki, bəs deyirlər, Xocalıda böyük hadisə baş verib. Ölüm hadisəsi. Mən soruşdum ki, nədir, kimlərdir, nə ölüm hadisəsidir, neçə nəfərə aiddir bu, dedilər, biz indi araşdırırıq. Bu söhbət saat 11-ə işləmiş olub.
– 27-si səhər, eləmi? Hadisə baş verəndən sonra?
– Bəli. Dedim, gedin, araşdırın, gəlin. Yəni bunlar heç nə bilmirdilər, iki nazir, ikisi də xəbərsiz idilər.
– Ramin Mahmudlu soruşur: “Xocalı haqqında məlumatları, sirrləri varsa, bizimlə bölüşsün.”
– Yox.
– Qalıbmı sirr?
– Yox, yox, yox… Sirr olsaydı, danışardım sizə. Mənim personal sirrim olmayıb. Mən açıq adamam. Sözü düz deyənəm. Kinli adam sirli olar, sirr saxlayar. Məndə yoxdur.
– Kinli deyilsiniz…
– Kinli deyiləm…
– Nifrət eləmirsiniz…
– Yox, yox… O da mənim nöqsanlarımdan biridir – elə hesab edirlər. Hörmət edən insanam.
– Burada Hacı Əbdülün maraqlı bir fikri var. Bu yaxınlarda “Azadlıq salnaməsi”ndə Pənah Hüseynlə Hacı Əbdül debata çıxmışdılar. Bilmirəm, ona baxdınızmı?
– Eşitdim…
– Əbülfəz Elçibəylə söhbətini danışır. Biz Hacı Əbdülün dediyini sonra youtube-dən də tapdıq, həqiqətən də var imiş. Hacı Əbdül deyir ki, Əbülfəz Elçibəy dedi ki, Ayaz Mütəllibovun Xocalı məsələsində günahı yoxdur. Tamerlan Qarayevin bir az, Tahir Əliyevin də bir az günahı var. Bu, nə deməkdir? Siz bu fikirləri necə qəbul edirsiniz?
– Bu sözləri kim deyib?
– Hacı Əbdül deyir ki, bu sözləri Əbülfəz Elçibəy prezident olanda deyib.
– Deyib deyib də. Bu sözlərə əlavə heç nə deyə bilmərəm. Deyib, həqiqəti deyib yəqin ki.
– Ümumiyyətlə, bu Tamerlan Qarayev Sizin adam idi, yoxsa AXC-nin adamı idi? Bəzən deyirlər, Ayaz Mütəllibovun komandasında olub?
– Mən kadrlarla işləyirdim. Mən yeni bir dövlət qururdum. Yeni bir dövlət qururdum! Mən Tamerlan Qarayevi gənc olduğuna görə irəli çəkdim. Dedim, sən “simpatiçnı” oğlansan, get, özünə bənzər kadrları Azərbaycanda tap gətir, onları işlə təmin edək. Biz yeni bir dövlət qururduq. Bu idi çalışdığım.
– Ayaz müəllim, bayaq biz noyabr hadisələrindən danışdıq. Orada Araz Əlizadənin bir “qara qutu” söhbəti var.
– Çox adam deyə bilər ki, Ayaz Mütəllibovla nədənsə danışıblar, ancaq mənim yadımda elə bir şey yoxdur. Mənim heç imkanım da yox idi ki, bu cür söz-söhbətlərə qoşulum. Bunlar qeyri-rəsmi olan söhbətlərdi. O, hansısa komissiyanın üzvü idi. Sırf mənim hansısa komissiyam olsaydı, mən bilərdim nədən söhbət gedir. Bu bir. İkincisi, Monrealın adını mən bu yaxınlarda eşitmişəm.
– Bəli. Araz Əlizadə ora aparmaq istəyib “qara qutu”nu, Siz də deyibsiniz ki, yox.
– Araz Əlizadə hara, Monreal hara, başa düşmürəm. O zaman elə şərait yaranmışdı ki, biz SSRİ-nin tərkibində idik, burada özbaşınalıq ola bilməzdi. Başqa tərəfdən, həlak olanların sırasında rus generalları vardı – ruslar, qazaxlar vardı. Belə olan halda nə etmək olardı?
– Yəni “qara qutu”nu ayrıca götürüb kiməsə vermək olmazdı deyirsiniz, istintaqın işlərinə mane ola bilərdi?
– Əlbəttə.
– Səbirə Mahmudovanın bir neçə sualı var: “Viktor Polyaniçkonun Dağlıq Qarabağdakı fəaliyyəti onu razı salırdımı?”