“Bəzən əsəblər o dərəcədə gərginləşir ki…”- Nazir müavini ilə özəl müsahibə
Yenixeber.org: Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılovun müsahibəsini təqdim edirik:
- İsmayıl müəllim, 2020-ci ildə Azərbaycan növbəti bir beynəlxalq tədbirə - Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışına ev sahibliyi edəcək. Bu beynəlxalq yarışların nə kimi əhəmiyyəti var?
- 2020-ci ildə Güllə Atıcılığı üzrə Dünya Kubokunun mərhələ yarışının Azərbaycanda keçirilməsi yeniliyin bir göstəricisidir. Hər bir beynəlxalq tədbir bizim üçün yenilikdir. Həmçinin, 2020-ci ildə Avropa Futbol üzrə dörddə-bir final mərhələsinin ölkəmizdə keçirilməsi də bizim üçün yenilik olacaq. Hər il ölkəmizdə 50-dən artıq beynəlxalq yarışlar keçirilir. Bu yarışların intensiv şəkildə keçirilməsi bizim üçün əlavə imkanlar, təcrübələr yaradır. Eləcə də, Güllə Atıcılığı üzrə Dünya Kuboku yarışları. Son illərdə Azərbaycanda atıcılıq idman növünə maraq xeyli artıb. Bu marağın formalaşmasında Bakı Atıcılıq Mərkəzinin yaradılması və burada keçirilən beynəlxalq tədbirlərin xüsusi rolu var.
- İdman həm də siyasətdir, deyirlər. Bu barədə sizin də fikirləriniz maraqlıdır.
- Bu gün ölkənin dünyada tanınmasında idmanın xüsusi rolu var. Bir haşiyə çıxım: Şəmkirdə keçirilən beynəlxalq bir turnirdə idik. Şəhid ailələrinin üzvləri, Vüqar Həşimovun iştirak etdiyi bir turnir idi. Orada icra başçısı vurğuladı ki, istehsal, inkişaf var və s. Bu zaman federasiya prezidenti yaxşı bir fikir söylədi. Dedi ki, istehsal ölkənin tanınması üçün çox yaxşıdır, ancaq bu gün dünyanın ən güclü 6 şahmatçısı Azərbaycanın regionunda – Şəmkirdə şəhid turnirində iştirak edir. Bu, milyonlarla insanın bu turniri izləməsi deməkdir.
Baxın, ölkənin tanınmasında və dünya səviyyəsində imicinin artmasında bu yarışların nə qədər böyük əhəmiyyəti var?! Təbii ki, idmanda əldə edilən uğurlar elə-belə olmur. Bu gün hər bir ölkədə idmana böyük diqqət və qayğı var. Dünya ölkələri idmanın inkişafına xüsusi diqqət yetirir və öz idmançılarının uğur qazanması üçün bütün imkanlardan istifadə edirlər. Eləcə də bizim ölkə. Baxın, ən ucqar regionlarda belə Olimpiya Kompleksləri var. Bu komplekslərin olması təbii ki, dövlətin, Ölkə Prezidentinin idmana, idman siyasətinə verdiyi qiymətin nəticəsidir.
Bu gün təkcə Bakıda deyil, regionlarımızda da dünyanın mötəbər idman yarışları keçirilir. Eyni zamanda, hər il Ulu Öndərin xatirəsinə həsr edilmiş Qran-prilər təşkil edilir. Heydər Əliyevin xatirəsinə həsr olunan Şahmat qran-prisi artıq 10 ilə yaxındır ki, Naxçıvanda keçirilir. Bu tədbirlərə 400-ə yaxın şahmatçı qatılır. Həmçinin Qusarda gymnastika üzrə ölkə çempionatının keçirilməsini vurğulamaq istəyirəm. Gəncədə, İsmayıllıda və digər yerlərdə təşkil edilən yerli və beynəlxalq yarışlar bir daha onu göstərir ki, nəinki paytaxtda, hətta regionlarda belə, Azərbaycan beynəxlıaq tədbirlərə ev sahibliyi edir. Bu isə etimadın qazanılması deməkdir. Bu gün biz buna nail olmuşuqsa, demək bu, dövlətin bu sahəyə olan diqqətinin və ölkədə idman siyasətinin düzgün xətlə aparıldığının göstəricisidir.
Hazırda dünyanın istənilən yerində Azərbaycandan olan gənclər, tələbələr var. Onlar Azərbaycanın iştirak etdiyi bütün beynəlxalq tədbirlərə qatılır, idmançılarımızın çıxışlarını izləyir və uğurlarını görəndə onlarla fəxr edirlər. Ona görə də ölkəmizin tanınmasında xarici ölkələrdə təhsil alan gənclərimizin də xüsusi xidmətləri var. Ümidvaram ki, dövlətin idmana göstərdiyi qayğı və etimadı idmançılarımız daim öz uğurları ilə doğruldacaqlar.
- Ötən həftə rusiyalı Həbib Nurməhəmmədov irlandiyalı idmançını məğlub etməklə cəmiyətimizdə böyük rezonans yaratdı. Onun bəzi çılğın hərəkətləri birmənalı qarşılanmadı…
- Mənim fikrimcə, hər bir idmançı dünya federasiyalarının təlimatına uyğun fəaliyyət göstərməlidir. Çərçivələrdən çıxmaq yaxşı hal deyil. Amma bəzən əsəblər o dərəcədə gərginləşir ki, idmançı yerində olmayan hərəkətlər edir. Bunu da müəyyən mənada başa düşmək olar. Bu gün hər bir idmançı illər boyu olan hazırlığının təminatnı almaq istəyir və çalışır ki, ani məqamda uğur qazansın. Dünyanın ən mötəbər, ən ali tədbiri Olimpiya Oyunlarıdır. Olimpiya Oyunlarında müdal qazanan idmançılar, mən deyərdim ki, reytinqdə də ən yüksək səviyyədə duran idmançılardır. Gənclərimiz də məhz bu idmançılardan örnək götürməlidirlər.
- Bəs, əsl idmançı necə olmalıdır?
- Bu gün idmanla məğul olan hər bir gənc özü öz qarşısında hesabat verməli və dövlətin qoyduğu qanunlara, federasiyanın tətbiq etdiyi təlimatlara riayət eləməlidir. Heç kimə icazə verilmir ki, əndazədən çıxsın və ya ərköyünlük eləsin. Bunlar idmanda qəbul olunan şeylər deyil. İdmançı saf olur, idmançı rəhimli olur, idmançı sadə olur. Hər bir idmançı əltutan olmalı və zəiflərə kömək etməlidir. İdmançı heç kimi təhqir etməməlidir və ya hansısa uğursuz döyüşə görə aşağılanmamlıdır. Həmişə qalib olmaq mümkün deyil. Bu gün çempion olan biri sabah qalib olmaya bilər. Amma onun əldə etdiyi ümumi nailiyyət unudulmamalıdır. Ataların bir sözü var - alma ağacı həmişə qırmızı alma gətirmir. Buna görə də idmançının uğuru anidir, bu, hansısa məqamda baş verir. Eyni zamanda, idmançı şansı deyilən bir şey də var. Bəzən böyük bir ümid bəslədiyin idmançı çempion ola bilmir, amma ağıla gəlməyən biri yarışdan medal götürür. Bunun da səbəbləri çoxdur. Bilirsiniz ki, idmançı bir dəfə dünya və Avropa çempionu oldu, onun bütün hərəkətləri, döyüş texnikası izlənilir, ona qarşı kontur-fəndlər hazırlanır. Bu kontur fəndlərlə qarşılaşan idmançı əsəbləşməyə başlayır və özünü itirir, nəticədə məğlubiyyətə məruz qalır.
- İsmayıl müəllim, ümumiyyətlə, idmana və idmançıya necə yanaşmaq lazımdır?
- Bu gün idmanın bütün sahələrinə elmi yanaşılmalıdır, hər bir idman növü incə detallarına qədər öyrənilməli, müqayisəli təhlillər aparılmalıdır. Həmçnin, hər bir idmançıya fərdi yanaşılmalıdır. Onun hazırlıq təminatını hərtərəfli etmək lazımdır. Görürsünz, bu gün bütün dünya ökələri ancaq medal qazanmaq uğrunda çalışır. Olimpiya Oyunlarında medal qazanmaq isə ilbəil daha da çətinləşir. Yeniyetmələrin Olimpiya Oyunlarında lisenziya qazanmaları ümumiyyətlə çox çətin bir məsələdir. Medalların verilməsində də məhdudiyətlər var.
- Bəziləri idmana qazanc, bəziləri isə sağlamlıq mənbəyi kimi baxırlar. Siz idmanı hansı tərəfdən dəyərləndirirsiniz?
- Ulu Öndər Heydər Əliyevin bir fikrini xatırlatmaq istəyirəm: Yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq olmasında ən böyük profilaktik tədbir onların idmana cəlb edilməsidir. Həqiqətən də idman gənclərin tərbiyəsində, onların qarşılıqlı rəqabətdə formalaşmasında və ölkə üçün yararlı kəslər olmasında müstəsna əhəmiyyət kəsb edir. İdman bir rəqabətdir, kimsə uduza, kimsə uda bilər. Baxın, idmançı übəüz döyüşür, bir-birini öldürmək məqamına gəlib çıxırlar, axırda qucaqlaşıb görüşürlər. Yəni idman heç vaxt düşmənçiliyə yönəlmir. İdman insanların bir araya gəlməsində böyük rol oynayır.
***
Qeyd edək ki, İsmayıl İsmayılov 1957-ci ildə Naxçıvan şəhərində anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1984-1988-ci illərdə Moskva Dövlət Mərkəzi Bədən Tərbiyəsi İnstitutunun aspirantura mərhələsində “Bədən tərbiyəsi nəzəriyyəsi və metodikası” üzrə idman məşqçisi və müalicə bədən tərbiyəsi ixtisasna yiyələnib. 1992-1994-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsinin baş mütəxəssisi, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, 1996-2006-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında elmi işlər üzrə prorektor vəzifəsində işləyib. 2006-cı ildə isə Azərbaycan Respublikası Gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, iki oğlu var. (AzNews)