Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Hazırda Eldar Mahmudov kimlərsə tərəfindən himayə olunur”

Ərəstun Oruclu: “Bildiyim şeylərin çox cüzi hissəsini açıqlamışam”

 “Bildiyim şeylərin çox cüzi hissəsini açıqlamışam”

 

Xeberinfo.com:  Bir həftədir gündəmdə müzakirəsi gedən bu mövzu ilə bağlı “Yeni Müsavat” Ə.Oruclu ilə söhbət edərək, bəzi məqamlara aydınlıq gətirdi
MTN-in keçmiş zabiti, “Şərq Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun “Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsi təkcə sahibkarları soyub-talamayıb, eyni zamanda ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar toplayıb” açıqlaması cəmiyyətdə ciddi müzakirə obyektidir. Ə.Oruclu bu videokasetlərin sayının 2800 olduğunu və sözügedən rəqəmin ona mötəbər mənbələrdən verildiyini deyib.
- Ərəstun bəy, öncə bu rəqəm məsələsindən başlayaq. Məhz 2800 videogörüntünün olmasına əminlik sizdə hardandır? Nə üçün 2799 və ya 2801 yox, məhz 2800? 
- 2800 rəqəmi təbii ki, təxmini rəqəmdir. Məndə bunun statistikası yoxdur. Məndə məlumat var ki, təxminən 2800 videokompromat hazırlanıb. Onların bir çoxlarından konkret insanlara qarşı istifadə olunub. Cəmiyyət onların bir neçəsinin yayılmasının da şahidi olub. İctimai-siyasi şəxslərlə bağlı belə videokompromatların cəmiyyətdə yayılması hadisəsi baş verib. Ona görə də burda nəyin təəccüb doğurduğu mənə çatmır. Rəqəminmi? Mən bu rəqəmləri öz mənbələrimdən əldə etmişəm. Bu mənbələr də hər zaman etibarlı olub. Eldar Mahmudovun işdən qovulacağı ilə bağlı proqnozumuz da zamanında həmin mənbədən verilmişdi. Ona görə də mən kiminsə şübhələrini dağıtmaq üçün durub ortaya 2800 video qoyası deyiləm ki? Kimlərinsə buna inanmamaq və ya başqa don geyindirmək haqqı var. Bu, onların öz işidir. Mənim hamının qarşısında sinəmə döyüb, and-aman etmək fikrim yoxdur. 
Amma mənbələrimə kifayət qədər etibar edirəm. Onlar illərlə işlədiyim mənbələrdir və heç bir zaman da məni çətin vəziyyətə salmayıblar. Mən “Eldar Mahmudovun quldur, killer dəstəsi” ifadələrini hələ 2008-2009-cu illərdə işlədirdim. ADNA terrorunun bir illiyində, 2010-cu ildə elə sizin qəzetə yazımda fikrimi bildirmişəm ki, bu terroru elə daxildən, xarici sifarişçilərin istəyi ilə törədiblər. Bu cinayətin nə şəkildə təhqiq olunması, məhkəmənin hansı hökmü çıxarması da heç kimdə şübhə doğurmamalıdır. Necə olur ki, bu boyda terroru törədən bir avtobus sürücüsünün köməkçisi, avtoyuma məntəqəsinin işçici və dönərçi imiş. Bu, absurddur və ağlabatan bir şey deyil. 
 
- Bu videogörüntü iddiası ilə bağlı ciddi müzakirələr getdi. “Azadlıq” qəzeti, eləcə də Mehman Əliyev bu açıqlamanın gündəmi dəyişməyə xidmət etdiyini iddia etmişdi. Bundan başqa, M.Əliyev videogörüntülərin yer aldığı disklərin sayının 2800-dən çox olduğunu da dedi... Bütün hallarda dediklərinizə bir qədər şübhə vardı...

Kiminsə şübhələrini dağıtmaq üçün durub ortaya 2800 video qoyası deyiləm ki”

- Mən “Azadlıq” qəzetini oxumadığım üçün onların nə yazmasından da xəbərim yoxdur. Gündəmi dəyişmək deyəndə nəyi nəzərdə tuturlar? Bəyəm gündəm var ki, onu da dəyişməyə cəhd edilsin? Gündəm varsa, göstərsinlər ki, nədən ibarətdir. 2000-3000 nəfərin oxuduğu yazılardır gündəm? Gündəm məhz bu məsələdir ki, bir həftədir müzakirədən çıxmır və kifayət qədər də ciddi məsələdir. Neçə-neçə saytlardan bu müsahibəni çıxartdırıblar və bu, səbəbsiz deyil. Ona görə də kimin nə deməsi, yazması şəxsi işləridir. Bu da Mehman Əliyevin fikridir. O da çox şey deyir ki, mən onunla razılaşmıram və razılaşa da bilmərəm. 
 
- O videogörüntülərin, kasetlərin taleyi, harda, kimlərin əlində saxlanması barədə bir məlumatınız varmı? Versiyalar dolaşır ki, həmin görüntülər kimlərinsə əlindədir və zaman-zaman təzyiq rıçaqı kimi istifadə olunur, kimlərinsə hələ də azadlıqda qalması, cəzalandırılmamasının qarantıdır. Əslində o kasetlərin taleyi, hansı məqamda nə cür istifadə olunacağı ilə bağlı məlumatınız varmı? 
- Əvvəla, mətbuatda bununla bağlı çox yanlış bir söz işlədilir - kaset. Bizim dövrümüzdə artıq kasetə ehtiyac yoxdur. 2 GB-lıq flaş-karta bunların hamısını yükləmək mümkündür. 2 GB olmasın, 16 GB olsun. Bundan başqa, adi bir veb sayt yaratmaq, həmin materialları ora yükləyib saxlamaq olar. Və ya elektron poçtun layihə deyilən fayllarında saxlamaq mümkündür. Bunun min cür üsulu var indiki dövrdə. Onların üzə çıxa biləcəyi ehtimalı isə qüvvədə qalır. Çünki onlar şantaj vasitəsi kimi istifadə olunub və gələcəkdə də oluna biləcəyi istisna deyil. Bundan qaçmağın yolu ilə parlamentin müvafiq qanunun qəbul edilməsidir. İnsanların şəxsi həyatının toxunulmazlığı ilə bağlı qəbul olunan bir qanun olmalıdır.
İnsanların şəxsi həyatı konstitusiya ilə qorunursa, bütün bu tipli məlumatların yayılması - istər media, istərsə hansısa anonim mənbə tərəfindən - cinayət sayılmalıdır. Bununla bağlı Cinayət Məcəlləsindəki maddələr sərtləşdirilməlidir ki, sabah bu tip şeylər yayıldıqda belə onu yayan medianın özü də cinayət məsuliyyətinə cəlb olunsun. O media rəhbəri də ağır şəkildə cəzalandırılsın. Məsələn, 8-10 il həbs cəzası alsın. Yalnız o halda həmin videomaterialların xofunun cəmiyyətin üzərindən götürülməsinə nail ola bilərik. Bunun hüquqi bazası hazırlanmalıdır. Bundan başqa, prokurorluq orqanları bununla bağlı ətraflı araşdırma aparmalıdır. Yəni həmin cinayətdə iştirak etmiş MTN rəsmiləri, başda Eldar Mahmudov olmaqla, bu məsələ ilə bağlı xüsusi istintaqa cəlb olunmalıdır, xüsusi cinayət işi açılmalıdır. Çünki bunların hamısı qanunsuz fəaliyyətdir. 
Bu, vətəndaşların hüquq və azadlıqlarına qarşı yönəlmiş qanunsuz, antikonstitusion fəaliyyətdir. Və bununla bağlı ətraflı təhqiqat aparılmalıdır. Ortaya sübutlar qoyulmalıdır. Onlardan həmin materialların hara, kimlərə ötürülməsi, yayılması məlumatları əldə olunmalıdır. O şəxslərin də əlindən bu material götürülməli, dilindən iltizam alınmalıdır. Yəni artıq bu materiallarla əlaqəsi olmuş hər bir şəxs bilməlidir ki, onun başının üstündən Domokl qılıncı asılıb. Sabah bu materiallar yayılacağı təqdirdə onların hər biri cinayət məsuliyyətinə cəlb olunacaqlar. Bu hüquqi mexanizm, bu hüquqi təminat olmayınca bütün bu tip şeylər gündəmdə olacaq. Özü də indi sensasiya doğuran məqam videogüntülərdir. Amma minlərlə səs qeydləri var. Minlərlə insanın yazdığı sənədlər var ki, onlar qeydiyyata salınmayıb. Hətta siz bu gün MTN-in varisi olan Dövlət Təhlükəsizlik Xidmətində onların qanuniləşdirilmiş əkslərini, sənədləşdirilmiş formalarını tapa bilməzsiniz. Çünki faktiki olaraq MTN rəhbərləri bu qurumu, onun bütün imkanlarını, texniki əməliyyat imkanlarını şəxsi maraqları, cinayətkar maraqlar üçün istifadə ediblər. Faktiki olaraq bu insanlar quldurluqla məşğul olublar. Ona görə də burda çox sərt, ciddi təhqiqat aparılmalıdır. Bunların hər birinə yazılı şəkildə xəbərdarlıq olunmalıdır. Sübut olunan faktlar ortaya çıxdıqda bunlar cinayət məsuliyyətinə cəlb olunub, məhz həmin maddə ilə mühakimə olunmalıdır. Yalnız bu halda biz cəmiyyət üzərindən o xofu götürə bilərik. 

MTN rəhbərliyi həmin videokompromatları xarici xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlayıbsa, bu, artıq milli təhlükəsizlik məsələsidir”

İndi qayıdıram 2800 videogörüntüyə. Sizi əmin edirəm ki, bildiyim şeylərin çox cüzi hissəsini açıqlamışam. Bildiklərimdən ancaq 2800 rəqəmini açıqlamışam, amma bir həftədir gündəmdə müzakirə olunur. “Gündəmi dəyişir” deyənlərin özləri də bunu müzakirəyə çıxarırlar və hətta deyirlər ki, rəqəm 2800-dən daha çoxdur. Bilmirəm, onlar hansı mənbəyə istinad edirlər, yəqin ki, onların da öz mənbələri var. Amma nə qədər ki, bu məsələlər ölkədə təzyiq, təhdid predmeti olaraq qalmaqdadır, bunu aradan qaldırmağın yeganə yolu hüquqi mexanizmlərdir. 
 
- Bunu edəcəkmi hakimiyyət?
- Hakimiyyət durumu nəzərə alıb, özünü qorumağı zəruri hesab edirsə, bunu mütləq etməlidir. Bu, birinci addım olmalıdır. Videogörüntülərin əməliyyat və digər məqsədlərlə istifadəsi qanunla qadağan olunmalıdır. 
 
- Əməliyyat məqsədilə deyərkən nəyi nəzərdə tutursunuz? 
 
- Bu görüntüləri kiminsə qarşısına qoyub, onu şantaj etməyi. Bu, məqsədli fəaliyyət olub. İnsanların özəl görüntülərini çəkmək üçün onlar bir sıra hallarda özlərinin əlaqəsində olan qadın agentlərdən istifadə ediblər. Ümumilikdə təkcə vətəndaş cəmiyyəti fəallarına, yaxud dövlət nümayəndələrinə qarşı olunmayıb. Xarici diplomatlara qarşı da bundan istifadə olunub. Bu qalmaqallardan bəziləri müxtəlif formalarda mətbuata çıxıb, amma insanlar bunun incəliyinə varmayıblar ki, nə deməkdir? Bunlar hər yerə əl atıblar. Və burada sual odur ki, bu insanlar bunu öz təşəbbüsləri ilə ediblər, ya xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə? Əgər ikincidirsə, sizi əmin edirəm ki, bu, daha ciddi təhlükədir. Çünki xarici xüsusi xidmət orqanları o cür faktları, görüntüləri əldə etməklə Azərbaycan vətəndaşlarını çox asanlıqla şantaj yolu ilə əməkdaşlığa cəlb edib, öz məqsədləri üçün istifadə edə bilərlər. Ona görə də deyirəm ki, bu insanların törətdiyi dövləti cinayətlərin miqyası hələ bizə çatmır və çatmayacaq. 
 
- Videogörüntülərin olduğu baza daha çox ictimai sektoru, siyasi xadimləri, ya iş adamlarını əhatə edir? Üstünlük hansı kateqoriyadadır? 
- Məndə olan məlumata görə, əsasən böyük məbləğdə pulu, imkanı olan şəxsləri əhatə edir. Çünki bunlardan şantaj vasitəsi kimi istifadə edib, bir çox adamlardan xeyli pul alıblar. Məqsəd bu olub. MTN sistemində xeyli adam vəzifəsindən çıxarılandan, bu nazirlik ləğv edildikdən sonra bəzi sahibkarların, iş adamlarının özləri bu barədə danışdılar. Onların da demək olar ki, heç biri təkzib olunmayıb. 
 
- Bu “əldəki bomba” hansı məqamda partlaya bilər? Belə bir ehtimal varmı ki, hansı situasiyada belə bir şey baş verə bilər? 
- İstənilən məqamda ola bilər. Bu, artıq əlində material olan insanların, qurumların, xüsusi xidmət orqanlarının, xarici xüsusi xidmət orqanlarının - harada olduğunu bilmirik - bizim üçün ən gözlənilməz məqamda, onların marağına uyğun olan şəkildə üzə çıxa bilər. Ona görə də indidən müxtəlif önləyici tədbirlər həyata keçirilməlidir. Təbii ki, internet dönəmində bunu etmək çox çətindir. Amma bunun Azərbaycanda birbaşa şantaj predmeti olmasının qarşısını indidən hüquqi mexanizmlərlə almaq lazımdır. 
 
- Rəylərin böyük əksəriyyəti belədir ki, bu, Eldar Mahmudovla aparılan sövdələşmənin, razılaşmanın nəticələrindən asılı olacaq... 
- Mənim gördüyüm budur ki, hazırda Eldar Mahmudov kimlərsə tərəfindən himayə olunur. Bildiyimə görə, indiki vaxta qədər də yetərincə effektiv olub. Eldar Mahmudovu himayə edən şəxslər müəyyən qərarlara, xüsusən də siyasi qərarlara təsiri olan şəxslərdir. Ona görə də burda məsələ dövlətin ali qanunverici orqanı səviyyəsində və dövlətin Milli Təhlükəsizlik Şurası səviyyəsində birdəfəlik həll olunmalıdır. Məsələ ilk baxışdan əhəmiyyətsiz görünə bilər, amma qətiyyən əhəmiyyətsiz deyil. Bayaq da dediyim kimi, bu məsələ Azərbaycanda müxtəlif sahələrdə təsir gücü olan insanların xarici xüsusi xidmət orqanlarının əlinə keçməsinə gətirib çıxara bilər. Azərbaycanda bunun vasitəsilə xarici xüsusi kəşfiyyatların böyük bir agentura şəbəkəsi yaradıla bilər. Bu isə artıq milli təhlükəsizliyə ciddi təhlükədir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam