"Bu il 100 minədək iş yeri bağlanacaq"
Demokratiya və Rifah Hərəkatının rəhbərinin Amerikanın Səsinə müsahibəsi
Xeberinfo.com: Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu Amerikanın Səsinə müsahibəsində manatın devalvasiyasının, neftin ucuzlaşmasının ölkədə doğurduğu fəsadlar, 2016-cı ildə sosial durum və böhranlı vəziyyətdən çıxmağın yollarından danışıb. İqtisadçı alim bu günlərdə ölkəyə qayıdıb, bank hesabları üzərində hələ həbs var.
Amerikanın Səsi: Nəhayət ki, xaricdən qayıtdınız. Sizi ölkədə təhlükə gözləmir? Bir neçə dəfə istintaqa dəvət edilməyinizlə bağlı məlumatlar dərc olunub, ofisinizdə axtarış aparılıb.
Qubad İbadiğlu: Mən təbii ki, hansı fəaliyyətlə məşğul olmağın fərqinə varıram. Əvvəldən də bilirdim ki, qayıtmağımla bağlı müəyyən istiqamətlərdə narahatlıqlar ola bilər. Amma, bütövlükdə özümə arxayın idim. Çünki, mən həmişə, Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə də, burada rəhbərlik etdiyim qeyri-hökumət təşkilatının fəaliyyətində də Azərbaycan qanunvericiliyinə əməl etmişəm. Hesab edirəm ki, bununla bağlı elə bir ciddi narahatçılıq yox idi. Amma, bilirsiniz ki, istənilən halda vətəndaş cəmiyyəti ilə əlaqəli proseslər təbii ki, bizim də narahatçılığımızı artırdı. Məlumat üçün qeyd edim ki, hələ də bank hesablarım həbs altındadır. Həm təmsil olunduğum İqtisadi Tədqiqatlar Mərkəzinin, eyni zamanda özümün şəxsi bank hesablarım demək olar ki, 2014-cü ilin iyun ayından bağlanıb. Eyni zamanda, aparılmış istintaq hərəkətləri nəticəsində təşkilatımıza və bütövlükdə özümüzə qarşı müəyyən iddialar var. Hesab edirəm ki, o iddiaların əsası yoxdur. Bununla bağlı biz də öz tərəfimizdən hüquq müstəvisində mübarizəmizi davam etdiririk.
Amerikanın Səsi: Həbsinizlə bağlı təhlükə varmı?
Qubad İbadoğlu: Düşünmürəm. Yəni Azərbaycanda istənilən şəxsin, o şəxs ki, vətəndaş cəmiyyətində təmsil olunur, o şəxs ki, siyasi fəaliyyətlə məşğuldur və hesab edirəm ki, heç biri belə təhlükədən sığortalanmayıb. Amma, bununla bağlı birmənalı şəkildə cavab vermək və yaxud da onu inkar etmək mümkün deyil. Hesab edirəm ki, həbs üçün heç bir əsas da yoxdur. Çünki, bayaq qeyd etdiyim kimi mən, Azərbaycan qanunvericiliyinə həmişə hörmətlə yanaşıb və qanunvericiliyin tələblərinə uyğun olaraq burada işimi qurmuşam. O baxımdan da özümə arxayınam və heç bir narahatçılığım yoxdur.
Amerikanın Səsi: Ölkənin rəhbərləri 2015-ci idə Azərbaycanın iqtisadiyyatının inkişaf etdiyini bildirir? Siz necə düşünürsünüz?
Milli valyutanın dəyərini iki dəfəyə yaxın itirməsi bütövlükdə iqtisadiyyatda inkişafın mövcudluğundan danışmağı inkar edir
Qubad İbadoğlu: 2015-ci il Azərbaycan üçün çətin illərdən biri oldu və hesab edirəm ki, iqtisadiyyatda real olaraq artımı müşahidə etmədik. İqtisadiyyatın kifayət qədər problemlərini müşahidə etdik. Məlum oldu ki, 2015-ci ildə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətli deyil, sağlam iqtisadiyyat deyil. Ona görə inkişafdan danışmağa dəymir. Çünki neft qiymətlərinin aşağı düşməsi fonunda iqtisadiyyatda kifayət qədər fəsadlar özünü göstərdi. Xüsusilə nəzərə alsaq ki, 2015-ci ildə manat iki dəfə devalvasiyaya uğradı və manat öz dəyərini 100 faizə yaxın itirdi. Manat Azərbaycan iqtisadiyyatının vəziyyətini xarakterizə edən əsas göstəricilərdən biridir. Çünki bizim milli valyutamızdır və milli valyutanın dəyərini iki dəfəyə yaxın itirməsi bütövlükdə iqtisadiyyatda inkişafın mövcudluğundan danışmağı inkar edir. Amma, demək olar ki, müəyyən statistik rəqəmlərdə bəzi artımlar olsa da, mən 2015-ci ili Azərbaycan iqtisadiyyatı üçün ağır illərdən biri kimi dəyərləndirərdim.
Amerikanın Səsi: Manatın devalvasiyası, neftin qiymətinin kəskin enməsi iqtisadi-sosial həyatda, eyni zamanda siyasi həyatda hansı problemlər yarada bilər?
2016-cı ilin büdcəsini doldurmaq bizim üçün ağır olacaq. Əgər büdcəni doldurmaq problem olacaqsa, büdcənin xrclərinin maliyyələşdirilməsində də çətinliklərimiz olacaq.
Qubad İbadoğlu: Əhəmiyyətli problemlər yarada bilər. Çünki manatın devalvasiyası, dəyərdən düşməsi yalnız gəlirlərin dəyərsizləşməsi demək deyil. Eyni zamanda hər bir şəxsin malik olduğu mülkün, əmlakın, deyək ki, avtomobilin dəyərsizləşməsi deməkdir. Bunun başqa bir fəsadı da ondan ibarətdir ki, bu gün manatın dəyərdən düşməsi son nəticədə istehlak bazarında qiymətlərin də bahalaşmasını şərtləndirir. Bir tərəfdən özümüzün malik olduğumuz mülkün, əmlakın və yaxud da avtomobilin, əldə etdiyimiz əmək haqqının dəyərdən düşməsi fonunda, eyni zamanda xərclərimizin artımını müşahidə edirik. Bu təbii ki, ailə büdcəsinin idarə olunmasında ciddi gərginlik yaradacaq. Manatın dəyərdən düşməsi xüsusən də özəl sektora ciddi şəkildə mənfi təsir göstərib. Bəziləri öz biznesini məhdudlaşdırıb, bəziləri tamam bağlayıb, bəziləri biznesini digər ölkələrə köçürməklə məşğuldir. Bu o deməkdir ki, daxili bazarda iş qüvvəsinin təklifi azalacaq və bu da son nəticədə iş yerlərinin ixtisarı ilə müşahidə olunacaq. Hesab edirəm ki, işsizliyin artması, eyni zamanda ailə büdcəsində gərginliklər həm də yoxsulluğun genişlənməsini şərtləndirə bilər. Bu da digər fəsadlara gətirib çıxara bilər. Məsələn, kriminal durum pisləşə bilər. Həm də analitik tədqiqatlar göstərir ki, işsizliklə kriminal aləm arasında müəyyən əlaqələr var. Bu baxımdan hesab edirəm ki, sosial sektorda da ciddi dəyişikliklərə gətirib çıxaracaq. Manatın dervalvasiyasından, neftin qiymətinin aşağı düşməsindən itirən həm də büdcə olacaq. Çünki, 2016-cı ilin büdcəsini doldurmaq bizim üçün ağır olacaq. Əgər büdcəni doldurmaq problem olacaqsa, büdcənin xrclərinin maliyyələşdirilməsində də çətinliklərimiz olacaq. Bu isə əmək haqlarının, pensiyaların vaxtında ödənilməsi sahəsində problemlərin müşahidə olunmasına gətirib çıxara bilər.
Amerikanın Səsi: İşsizliyin səviyyəsi nə qədər arta bilər?
Qubad İbadoğlu: Hal-hazırki işsizliyin səviyyəsi onsuz da real gerçəkliyi təhrif edir. Söhbət rəsmi açıqlanan rəqəmlərdən gedir. Düşünürəm ki, ötən ilin altı ayında təxminən 30 min nəfərin iş yerlərinin bağlanması ilə bağlı rəsmi statistika elan olunmuşdursa, ilin ikinci yarısında iş yerlərinin bağlanması daha sürətlə getdi. İlin sonunda bu pik həddinə çatıb. Çünki, bəzi adamların müqaviləsi 2016-cı ildə artırılmadı. Nəzərə alsaq ki, ötən il təxminən 50-60 min iş yeri bağlanıbsa, 2016-cı ildə bağlanan iş yerlərinin sayı yəqin ki, 100 mindən az olmayacaq. Bu da o deməkdir ki, işsizlik səviyyəsi 10 faizdən yuxarı ola bilər.
Amerikanın Səsi: 2016-cı ildə Azərbaycan böhrandan qaçmaq üçün hansı islahatları reallaşdırmalıdır, hansı addımları atmalıdır?
Bu günləri Azərbaycanda mövcud vəziyyətdə icra hakimiyyətləri əlavə xərc maddəsidir.
Qubad İbadoğlu: Hamı islahatdan danışır, amma əslində islahatdan qabaq da görüləsi işlər var. Birinci, islahatları aparmaq üçün siyasi iradə, azad bazar təfəkkürü, eyni zamanda komanda lazımdır. Bu günləri Azərbycanda iqtisadiyyatı idarə edən komanda, eyni zamanda bizneslə məşğuldir. Əksəriyyətinin demək olar ki, nəzarətində olan iri istehsal sahələri, iri satış şəbəkələri var. Bunlar eyni zamanda, həm də öz sahəsi üzrə biznes fəaliyyətinə nəzarət edirlər. İndiki halda o komanda ilə, o komandada təmsil olunan adamların əgər biznes maraqları varsa, fərdi maraqları varsa, korporativ maraqları varsa onlarla heç islahatları başlamağa dəymir. Çünki ilk növbədə islahatları sabotaj edən, elə həmin hakim komanda olacaq ki, hansı ki, bu gün iqtisadiyyatın idarə olunmasına məsul olan şəxslərdir. Ona görə mən düşünürəm ki, ilk növbədə bu istiqamətdə dəyişikliklər baş verməlidir: biznes və siyasi idarəçilik bir-birindən ayrılmalıdır. Nəzərə alsaq ki, islahat həm də hesabatlılıq, korrupsiyaya qarşı mübarizə tələb edir. O baxımdan həm də məmurların gəlirləri və əmlakı barədə açıqlamalar olmalıdır. Bu islahatlar yalnız iqtisadi sektoru əhatə etsə effekt verməyəcək. İslahatlar siyasi, inzibati, eyni zamanda sosial sahələrdə də müvafiq tədbirlərlə müşahidə olunmalıdır. Məsələn, mən hesab edirəm ki, bu günləri Azərbaycanda mövcud vəziyyətdə icra hakimiyyətləri əlavə xərc maddəsidir. Demək olar ki, büdcənin əsas xərc istiqamətlərindən biri də onların saxlanmasına gedir. Ölkədə bələdiyyə varsa, bələdiyyə büdcəsi formalaşırsa, yerli büdcəni onlar həyata keçirirsə, indiki halda büdcənin rasionallaşdırıılması, yerli səviyyədə, inzibati səviyyədə islahatların aparılması üçün icra hakimiyyətlərinin ləğv olunmasının vaxtı çatıb. Hesab edirəm ki, məsələyə daha kompleks şəkildə yanaşmaq lazımdır və daha ciddi təxirəsalınmaz tədbirlər görülməlidir. Əks təqdirdə, islahat xarakterli ayrı-ayrı addımlar bu gün bizim qarşılaşdığımız ciddi problemləri həll etmək iqtidarında olmayacaq.