Vətən müharibəsinin 21 yaşlı qazisi: -“Füzulidəki döyüşlərdə iki dəfə ölümdən qayıtdıq” - MÜSAHİBƏ
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı hərbi təxribatlara başlayıb. Düşmənə cavab olaraq Azərbaycan silahlı qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları isə qələbə ilə nəticələnib.
Yenixeber.org: Müzəffər Azərbaycan ordusu 30 ilə yaxın bir müddətdən sonra işğal altında olan torpaqlarımızı azad edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.
44 gün davam edən və şanlı qələbə ilə nəticələnən müharibədə iştirak edənlərdən biri də 1999-cu il təvəllüdlü Əzizov Xəqani Sarvan oğludur.
X.Əzizov Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. Ailədə iki uşaq olduqlarını deyən Xəqani, hələ Tovuzda baş verən döyüşlərdən könüllü olaraq hərbi xidmətə yazılıb və 27 sentyabrdan ön cəbhəyə yollanıb.
Xəqani deyir ki, ermənilər silahlarını qoyub qaçırdı. Ön cəbhəyə getməzdən bir gün öncə sevdiyi xanımla nişanlanan əsgərimizə ən böyük hədiyyə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən gələn zəng olub.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən qazi Xəqani Əzizovla müsahibəni təqdim edirik:
- Son bir ay ərzində xalqımız kədər və sevinc hissini eyni anda yaşadı. İstərdim bizə şərəf, qürur hissi yaşatdığınız səngərlərdən danışasınız.
- Döyüşlərdə iştirakım Füzuli istiqamətindən başladı. Əsgər yoldaşlarımızla birlikdə Füzulinin işğaldan azad olunmasına nail olduq. Daha sonra döyüşlər Cəbrayıl istiqamətində davam etdi. Xocavənd istiqamətində döyüşlərdə yaralanana qədər hər şey yaxşı gedirdi. Təəssüf ki, minaya düşdüm və əsgər yoldaşlarım kimi qələbə sevincini cəbhədə qeyd edə bilmədim.
- Döyüşlər başlayandan ön cəbhədəsiniz, müharibənin acı tərəflərindən danışın.
- Bu bizim Vətən müharibəmiz idi. Torpaqlarımızı düşmənlərdən azad etmək tək amalımız idi. Odur ki, döyüşlərdə əsgər yoldaşlarımız yaralanırdı, şəhid olurdu. Çiyin-çiyinə döyüşdüyün insanların ölümünü görmək təbii ki, çox ağırdır. Dörd gün ac-susuz meşəliklə getdiyimiz günlər olub. Amma azad etdiyimiz hər kəndlə, ərazilərlə daha da qürurlanırdıq. Mənəvi qidalanırdıq.
Müharibə itkisiz olmur. Şəhidlik zirvəsinə ucalmaq hər bir kişinin arzusudur. Amma bu uca zirvə hər kəsə nəsib olmur. Şəhid olan əsgər yoldaşlarımın ailəsinə səbr diləyirəm. Bizim yaralarımız illərdir ürəyimizdə daşıdığımız Vətən yarasının yanında heçnədir. Nəhayət ki, ana Vətənimizin bütövlüyü bərpa olundu.
- Hansı istiqamətdə minaya düşdünüz?
- Füzuli istiqamətində biz iki dəfə ölümdən qayıtdıq desəm, yalan olmaz. Azad etdiyimiz kəndlərdən birindəki evə girdik. Heç bir saat keçməmişdi ki, mən və bir neçə əsgər yoldaşım siqaret çəkmək üçün havaya çıxdıq. Elə evdən bir az aralanmışdıq ki, ermənilər həmin evi vurdular. Özümüzü toparlayıb, yaralı yoldaşlara kömək etdik. Dörd nəfər əsgər yoldaşımın yaralarını sarıyıb, digərləri ilə dağa getdik. Orada bir bölməmiz vardı, onlara köməyə getdik. Həmin ərazidə atəşə tutulduq.
Orada dərə vardı. Dərəni keçmək istəyərkən minaya düşdüm. Bir anda partlayış zərbəsində geri yıxıldım. Ani olaraq huşumu itirdim. Bir anlıq ağrı məni özümə qaytardı. Ayağıma baxanda gördüm ki, sağ ayağımdakı çəkmənin yarısı yoxdur. Barmaqlarımın qopduğunu gördüm. Biri ümumiyyətlə yox idi, digər ikisini yerinə qoyub şalvarın ətəyi ilə bağladım. Bəlkə sonra həkimlər bərpa edə bilər deyə düşündüm. Amma alınmadı, qismət. Ayaq barmaqlarımın bir neçəsini amputasiya etdilər.
- Güllə yağışından o vəziyyətdə necə çıxdınız?
- Əsgər yoldaşlarımız istəsə də yaxınlaşa bilməzdi. Məcbur olub, özümü topladım. Təxminən 300 metr sürünə-sürünə körpünün altına gəldim. Orada yoldaşlarım kömək etdilər. Həmin atışmada bir neçə nəfər şəhid oldu, 40 nəfərə yaxın yaralılarımız vardı. Orada hər kəs yaralı da olsa bir-birinə kömək edirdi. Taqətimiz kəsilənə kimi yoldaşlarımızı yaralı halda daşıyırdıq.
- Yaralandığınızda ailənizə bu barədə məlumat verdiniz?
- Ümumiyyətlə, müharibə cəsur ürək deməkdir. Ürəyin Vətəninlədirsə, mütləq sona qədər döyüşəcəksən. Qanlar içində məni Ağcabədi Xəstəxanasına apardılar. Yaralandığımı atama demişdim. O da gəlmişdi amma görüşə bilmədik. Vətən üçün hər evdən bir oğul torpaqlarının müdafiəsinə getməlidir. Bu müharibədə iştirak etdiyim üçün çox sevinirəm.
- Müharibədən əvvəl və sonrakı Xəqani arasında nə kimi fərq var? Savaş sizə necə təsir etdi?
-Bilirsiniz, bunu izah etmək olmur. İnsan bir anlıq sanki mərhəmət hissini itirir. Düşmənə layiq olduğu kimi amansız davranır. Söhbət hərbçilərdən gedir. Döyüş meydanında amansız olmaq lazımdır. Təbii ki, heç kim gündə ölüm, qan görmür. Gecələr yuxusuz qalıb, ya da səhər atəş səslərinə oyanmır. Amma düşünürəm ki, mən bundan sonra tam başqa adam olacağam. Bu təmiz başqa dünyadır. Məncə insan həyatının əsl üzünü elə müharibədə görür. (oxu.az)