18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Günüdür
Bu gün Tarixi Abidələrin Mühafizəsi Günüdür.
Yenixeber.org: UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilən qərarı əsasında 18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Günüdür.
Bu günün qeyd olunmasında əsas məqsəd - dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Dövlətlərarası səviyyədə ilk dəfə olaraq Tarixi Abidələrin Mühafizəsi Günü 18 aprel 1984-cü ildə qeyd olunub.
Hər il bununla bağlı aprelin 18-də dünyanın müxtəlif yerlərində tədbirlər, konfranslar və qəzet məqalələrinə daxil olan müxtəlif fəaliyyət növləri keçirilir.
Azərbaycan Respublikası 2002-ci ildə Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq mərkəzinə üzv qəbul olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Abidələr və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilən dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, “İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, “Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, “Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, “Atəşgah məbədi” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.
Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.
“İçərişəhər” memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir.
Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.
Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür.