“Soros”un “pendir”inə şirniklənən Nikol Paşinyan “rus ruleti” ilə üzləşə bilər
Rəsmi İrəvanın Rusiya ilə münasibətləri gərginləşdirməkdə davam etməsi Ermənistana daxili xaos vəd edir...
Yenixeber.org: “Divar” artıq bitir... Ermənilərin indiyə qədər tutub, ayaqda qalmağa çalışdıqları “divar”ın sonu artıq görünməyə başlayıb. Daha bir addım atacaqları təqdirdə, ermənilərin tutacaq yerləri olmayacaq və əlləri havada qalacaq.
Məsələ ondadır ki, Cənubi Qafqazda Ermənistanı daim yıxılmağa qoymayan “rus divarı” sökülməyə başlayıb. Onlar üçün bu regionda yeni “divar” tapmaq həddindən artıq çətin olacaq. Hətta bu, yenidən dizayn edilməkdə olan müasir dünyanın vəd etdiyi yeni şərtlər daxilində ümumiyyətlə, mümkünsüz görünür.
“Hər bir xalq öz hakimiyyətinə layiqdir” məzmunlu bir deyim var. Və bu deyim özünü dəfələrlə doğruldub. Yəni, boşuna deyilməyib.
Ancaq burada bir önəmli məqam da var. Belə ki, hər bir hakimiyyətin qaynağı mütləq məhz xalqın özü olmalıdır. Əks halda, xalqdan qidalanmayan hakimiyyət öz ölkəsinə yalnız kataklizmlər vəd edə bilər.
Baş nazir Nikol Paşinyan da daxil olmaqla, hakimiyyət komandasının bütün təmsilçilərinin “Soros” Fondu ilə “qaranlıq əlaqələr”inin olduğu artıq heç kəsə sirr deyil... |
Ermənistanda cərəyan edən ölkədaxili siyasi proseslərə nəzər saldıqda, bütün bu dediklərimizin doğru olduğu öz təsdiqini tapır. Çünki bu düşmən ölkədə heç vaxt xalqın iradəsiylə hakimiyyət formalaşmayıb.
Formal müstəqilliyi dövründə Ermənistan hakimiyyətləri kənar güclərin, daha dəqiq desək, Rusiyanın iradəsiylə formalaşdırılıb. Seçicilərsə, həmişə oyuncaq rolunun icrasıyla barışmalı olublar.
Paşinyan hakmiyyəti də bu baxımdan, özündən əvvəlkilərdən qətiyyən fərqlənmir. Yəni, bu hakimiyyət də Ermənistana xarici güclər tərəfindən sırınıb. Sadəcə, bu dəfə əslində, xalqdan qaynaqlanmalı olan Ermənistan hakimiyyətinin əsas mənbəyi rolunda Rusiya çıxış etməyib.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan da daxil olmaqla, hakimiyyət komandasının bütün təmsilçilərinin “Soros” Fondu ilə “qaranlıq əlaqələr”inin olduğu artıq heç kəsə sirr deyil. Bu adamların hər birisinin “Soros” Fondundan yüzminlərlə dollar para alıb, müəmmalı məqsədlərə xərclədikləri elə Ermənistan mətbuatında geniş müzakirə mövzudur.
“Soros” Fondunun parası, ssenarisi ilə hakimiyyətə sahiblənmiş baş nazir Nikol Paşinyan və onun yaxın ətrafı heç şübhəsiz ki, müəyyən siyasi öhdəliklər götürmüş olmalıdırlar... |
İndi maraqlı bir suallar ortaya çıxır. “Soros” Fondu öz mövcudluğu dövründə kiməsə konkret məqsədi olmadan para veribmi? Bu fondun fəaliyyət göstərdiyi ölkələrdə sonradan hansı siyasi hadisələr baş verib?
Birincisi, “Soros” parasını boşuna xərcləyib, havaya sovuran bir fond deyil. Yəni bu qurumun xeyriyyəçilik anlayışıyla yaxından-uzaqdan əlaqəsi belə, yoxdur. Və əgər, kiməsə bir sent verirsə, onun əvəzini artıqlamasıyla geri almağı bacarır.
Eyni zamanda, “Soros” Fondunun parasının, daha dəqiq desək, “barmağı”nın olduğu hər yerdə sonradan birmənalı şəkildə xaosa aparan siyasi gərginliklər, toqquşmalar yaşanıb. Və bu, digər analoji ölkələrdə olduğu kimi, Ermənistanda da artıq müşahidə edilməyə başlayıb.
Məsələ ondadır ki, “Soros” Fondunun parası, ssenarisi ilə hakimiyyətə sahiblənmiş baş nazir N.Paşinyan və onun yaxın ətrafı heç şübhəsiz ki, müəyyən siyasi öhdəliklər götürmüş olmalıdırlar. Əks halda, o “barmaq” Paşinyan qruplaşmasını qətiyyən hakimiyyətə sahibləndirməzdi. Çünki “müftə pendir” yalnız siçan tələsində olur...
Nikol Paşinyan “Soros” Fondunun “tələyə qoyduğu pendiri dişləməyin” əvəzini mütləq ödəmək məcburiyyətindədir... |
Təbii ki, Paşinyan hakimiyyətinin atdığı addımları təhlil etməklə, “Soros” Fondunun verdiyi “pendir”in əvəzinə götürülmüş siyasi öhdəliyin məzmun və hədəflərini təxmini də olsa, aydınlaşdırmaq olar. Belə ki, Paşinyan hakimiyyətinin fəaliyyətə başlamasıyla, rəsmi İrəvan və Kreml arasında əvvəlcə “soyuqlaşma”, sonra yumşaq da olsa, sürtüşmə, nəhayətindəsə, bir uçurum yaranmağa başladı.
N.Paşinyan baş nazir kreslosuna oturduqdan dərhal sonra rus NATO-sunu – KTMT-ni iflic vəziyyətə sala biləcək addımlar atdı. Belə ki, KTMT-da Ermənistanı təmsil edərək, sədr funksiyalarını yerinə yetirən general Yuri Xaçaturov həbs olundu. Onun yerinə Belarus təmşilçisinin sədrlik etməsi veto edilib, bloklandı.
Rəsmi İrəvan ardıcıl şəkildə MDB məkanı toplantılarında Rusiyanın maraqlarına yönəlik məsələlərin müzakirələrində “ürkək cığallıq” etməyə çalışdı. Kremli bacardığı qədər qəzəbləndirdi.
Ermənistanda Rusiya əleyhinə təbliğat ən yüksək səviyyəyə çatdırıldı. Ölkənin Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşması təbliğ olunmağa başladı. Böyük ehtimalla “Soros” Fondunun “tələyə qoyduğu pendiri dişləməyin” əvəzi də məhz bu ola bilər.
Kremldəkilər Paşinyan hakimiyyətinin atdığı son addımların məhz Rusiyaya qarşı yönəldiyini anlamayacaq qədər sadəlövh deyillər... |
Çünki məhz Rusiya əleyhinə təbliğata paralel olaraq, Ermənistan siyasətində Kremlə bağlılığı və sadiqliyi illərin sınağından keçmiş şəxslərin mütləq əksəriyyəti, o cümlədən, keçmiş prezident Robert Köçəryan “dəmir barmaqlıqlar” arxasına göndərildi. N.Paşinyanın hakimiyyəti əlindən aldığı Serj Sarkisyan isə küncə sıxışdırıldı.
Son vaxtlarsa, Paşinyan hakimiyyəti Rusiya telekanallarının Ermənistanda yayımının məhdudlaşdırılmasına çalışır. Düzdür, bunun üzərini xarici telekanalların ölkədə yayımının dayandırılması qərarı ilə örtə biləcəyini də düşünürlər. Ancaq Kremldəkilər bu addımın məhz Rusiyaya qarşı atıldığını anlamayacaq qədər sadəlövh deyillər.
Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Rusiyanın onilliklər ərzində Ermənistana göstərdiyi himayədarlığı “Soros” Fondunun “tələdəki pendiri”nə qurban verməyə can atır.
Halbuki o “pendir”dən Ermənistana hər hansı ciddi faydanın ola biləcəyi qətiyyən inandırıcı görünmür. Ola bilsin ki, baş nazir N.Paşinyan “Soros”dakı yeni ağalarının sayəsində öz hakimiyyətinin ömrünü uzada biləcəyinə ümid bəsləyir.
Paşinyan hakimiyyətinin son davranışları Kremlin sərt cəza addımlarına yol aça və Ermənistanı ölkədaxili xaosa sürükləyə bilər... |
Ancaq rəsmi İrəvan “sahibini dəyişən köpəyin” başına gələ biləcəkləri deyəsən, nəzərdən qaçırır. Belə ki, Kremlin rəsmi İrəvanın bütün bu davranışlarına qəzəbləndiyi qətiyyən şübhə doğurmur. Böyük ehtimalla Rusiya Ermənistanın atdığı addımlara seyirçi qalmaya və yaxın vaxtlarda Paşinyan hakimiyyəti üçün “rus ruleti”ni işə sala bilər.
Hər halda, qısa müddətdə Rusiyanın təsir dairəsindən qopub, Qərbə üz tutan Gürcüstanın başına gətirilənlər hələ unudulmayıb. Və belə davam edərsə, Ermənistan təxminən oxşar taleyi yaşaya bilər.
Onu da nəzərə almaq lazımdır ki, Ermənistan Cənubi Qafqazda Rusiya hərbi kontingentinin olduğu yeganə ölkədir. Bu ölkənin hətta dövlət sərhədlərini belə, Rusiya hərbçiləri qoruyur. Üstəlik, Ermənistanda Rusiya şirkətlərinin sərmayə payı da əhəmiyyətli səviyyədə yüksəkdir. Və Ermənistan ordusunun silah-sursat, hərbi texnika ilə təchizatı da məhz Rusiyanın “hədiyyələri” sayəsində təmin edilir. Bütün bunlar Kremlin əlində ən önəmli cəza vasitələri rolunu oynaya bilər.
Belə anlaşılır ki, Rusiya ilə münasibətlərini gərginləşdirməkdə olan Ermənistan təhlükəli mərhələyə doğru irəliləyir. Paşinyan hakimiyyətinin davranışları Kremlin sərt cəza addımlarına yol aça və Ermənistanı ölkədaxili xaosa sürükləyə bilər. Yəni, “Soros” Fondunun “pendir”inə şirniklənən Ermənistanın “rus ruleti”ylə üzləşə biləcəyi qətiyyən istisna deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert