Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

BƏŞƏRİYYƏTİN COVİD-19 MÜƏMMASI:dünyanı imperializmdən transhumanizmə keçidə hazırlayan gizli faktor - TƏHLİL

 

 

 

 İnternet resurslarında bu ilin mart ayından başlayaraq indiyədək, intensiv şəkildə COVİD-19 pandemiyası sonrası dünyanın yenidən formatlaşacağı, köhnə sistemi əvəzləyəcək yeni dünya düzəninin ortaya çıxacağı, böyük sıfırlanmanın (the great reset) baş verəcəyi dəfələrlə fərqli prizmalardan analiz edildi və hələ də edilməkdədir.

Yenixeber.org: Bir çox analitiklər bununla artıq çoxdan öz ömrünü başa vurmaqda olan imperializmin sona yetəcəyi, onun qalıntılarının da birdəfəlik ortadan qaldırılacağı və qlobal dünyanın yeni bir mərhələ olan transhumanizm mərhələsinə qədəm qoyacağı fikirlərini irəli sürdü.

Dövrümüzün əsas qloballaşdırıcı amili olan internet, köhnə dünyanı rəqəmsal yeni dünyaya çevirdikcə, dünyanı kökündən dəyişən proseslərin də önümüzdəki illərdə sürətlənəcəyini ehtimal etmək mümkündür.

İmperializm ruhunu qoruyan dünyanın son onilliklərdəki əsas tablosunu təşkil edən qlobalizmdən bir addım önə, transhumanizmə keçidin ümumilikdə insaniyyət üçün faydalı olacağı düşüncəsi COVİD-19-dan öncə də geniş təbliğ edilirdi. Belə ki, bu ideyanın qatı tərəfdarları olan iri transkorporasiyalar, dünya maliyyə mərkəzləri, geniş əhatələrə sahib çoxşaxəli bank şəbəkələri və bilavasitə bu kimi müasir nəhəng qurumlar ilə əlaqəli insanlar, ciddi-cəhdlə transhumanizm prinsipinin üstünlüyünü izah etməyə çalışdılar. Artıq 2016-cı ildən başlayaraq məşhur bankir ailəsinin mənsubu Bettina Varburq TED (Technology, Entertainment, Design) meydançalarında transhumanizmə keçidin ən əsas elementlərindən biri olan “blockchain” – blokçeyn prinsipinin, stabilliyini itirməkdə olan dünya iqtisadiyyatını tamami ilə yeni, səmərəli bir mərhələyə çıxaracağı ideyasını səsləndirməkdədir.

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) qurucusu olan Pol Varburqun da daxil olduğu yəhudi mənşəli Varburqlar ailəsinə mənsub bir xanımın bu qədər fədakarlıq göstərməsi faktının özü, hipotetik olaraq, elə indidən gələcəkdə bu işlərin kimilər üçün daha faydalı ola biləcəyini proqnozlaşdırmaqda yetərlidir.

Bunun həmən ardınca “blockchain”, “bitcoin” və “blockchain ethereum” kimi hələ ki, anlaşılması kifayət qədər qəliz olan pul və mübadilə vasitələri də gündəlik həyatımıza girməyə başladı.

Vaxtilə insanlara demokratiya, liberalizm, insan hüquqları, azad ticarət, kredit sistemləri və s. bu kimi şirin sözlər də eynən bu şəkildə təbliğ edilmişdir. Amma tarix bütün bunların bir qrup ölkələr üçün gerçəkdə nə olduğu, onları hansı bir inkişaf mərhələsinə gətirdiyini, əksər ölkələr üçün isə ümumiyyətlə xəyaldan başqa bir şey olmadığını açıq bir şəkildə göstərmiş oldu. Bu mənada transhumanizm və onun gətirəcəyi yeniliklərin də, insaniyyətin böyük qisminin yeni bəlası olacağı elə indidən göz qabağındadır. Bu ideyanın mərhələli şəkildə gerçəkləşməsi üçün dəyişməsi, daha doğrusu, yuxarıdan dəyişdiriməsi gərəkən əsas amillərin ilk növbədə din, əxlaq və bütövlükdə dünyagörüşü olacağınını da sezməmək mümkün deyil. Çünki öz mahiyyəti etibarilə konkret dini, ənənəvi əxlaqi prinsiplər, bir sözlə, lokal və ya fərdi mahiyyətli olan bütün rənarəng dəyərlər sistemi, vahidlik, ümumilik prinsipi ilə köklənən transhumanizmin ümumi məntiqi ilə ziddiyyət təşkil etməkdədir. Bu məqamlar isə, gələcəkdə ümumiyyətlə milli dövlətlərin siyasi, iqtisadi, sosial aspektlərdən sərbəst olaraq mövcud qalmaq iqtidarında olmalarını belə, şübhə altına qoymuş olur.

Hadisələrin bu məcrada davam etməsi, tarix boyu ənənəvi olaraq formalaşmış və bütün milli dövlətlərin təməlini təşkil edən vətən, sərhəd, xalq, millət, ailə və s. bu kimi sakral anlayışların da getdikcə öz anlamlarını itirəcəyini qaçılmaz edir.

Bu mənada, son günlərdə baş verən bir hadisə də sosial şəbəkələrdə çox böyük maraq doğurmuş oldu. Belə ki, bir-iki gün öncə ABŞ və dünyanın ən zəngin insanları siyahısında ön sıralarda olan süni intellekt, yanacaqsız işləyən ekoloji maşınlar, kosmos sahəsi və gələcəyin mənzərəsini dəyişməyi hədəfləyən bir çox yeni texnologiyaların hazırlanmasına böyük yatırılmlar edən, eləcə də “SpaceX”, “Tesla SolarCity”, “OpenAI” və s. bu kimi nəhəng şirkətlərin təsisçisi və sahibi olan Elon Mask öz “Twitter” səhifəsindən maraqlı bir “tweet” paylaşıb. Belə ki, o, 2019-cu ildə Boliviyada baş verən çaxnaşmalarla bağlı verilən yazılı suala və bu çaxnaşmalar nəticəsində ölkənin prezidenti Evo Moralesin istefaya göndərilməsi məsələsinə “Biz kimi istəsək, devirərik. Bununla artıq barışın” (We will coup whoever we want! Deal with it) kimi cavab yazması internet məkanında olduqca böyük rezonans doğurub.

Məlumdur ki, Boliviya dünyada ən zəngin litium ehtiyatlarına sahib ölkələrdən biridir. Bu metal isə, Elon Muskın məşhur “Tesla” avtomobillərinidə istifadə olunan batareyaların da ən əsas maddəsidir. Ümumiyyətlə, son illərdə dünya birjalarında metalların, xüsusən də adıgedən bu metalın qiyməti sürətli bir şəkildə artmaqdadır. Eləcə də bir çox analitiklərin, qurulmaqda olan yeni dünya nizamında metalların neft və qaz bazarını üstələyəcəyini yazması da təsadüfi deyil.

Elon Maskın bu yaxınlarda dünyaya gələn övladına “X Æ A-12” adı qoyması da, əvvəldə qeyd olunan ənənəvi olaraq formalaşmış steriotiplərin aşınması fonunda maraqlı məsələdir.

Cari ilin mart ayında Venesuelanın korona virusla mübarizə aparmaq üçün ABŞ-ın Beynəlxalq Valyuta Fondundan (International Monetary Fund, IMF) 5 milyard ABŞ dolları borc istəməsi və bu pulu ala bilməməsinin səbəbi də, bu mənada maraqlı məsələlərdəndir. BVF-nun bu ölkənin korrupsiya, narkomaniya və insan alveri ilə effektiv mübarizə apara bilməməsini bəhanə edərək qeyd edilən məbləği verməkdən boyun qaçırmasının arxa planında başqa səbəblərin olması dərhal sosial şəbəkələrdə yayıldı. Məlum oldu ki, BVF-u bu borc məbləğinin zəmanəti olaraq Venesuelanın təklif etdiyi neft sənayesinin bir qisminin işlətmə hüquqları əvəzinə, bu ölkənin zəngin koltan mədənlərinin işlətmə hüququnu tələb etməkdən belə çəkinməyib. Koltan İT texnologiyalar istehsalı və xüsusən də smart telefonların bəzi micro hissələrinin hazırlanmasında istifadə olunan əsas xammallardan biridir. Bankir ailələrin və nəhəng maliyyə yatırımçılarının təsiri altında olan bu qurumun ölkələri şantaj edəcək qədər irəli getməsi də, yeni dünyada ölkələri əvəz edəcək yeni gücün kimlər olacağını açıq göstərir. Covid-19-un törətdiyi fəsadları aradan qaldırmaq üçün dünya ölkələrinin yarıdan çoxunun BVF-na borclandığı da məlumdur. Bu borcların müqabilində tələb edilən zəmanətlərin ümumi dəyəri isə trilyonlarla ölçülməkdədir. Məsələdə əsas paradoks ondan ibarətdir ki, BVF-nun ehtiyacı olan ölkələrə minnətlə verdiyi dollar, öz mahiyyəti etibarı ilə artıq XX əsrin 70-ci illərindən bəri heç bir maddi dəyərə bağlanmayan adi kağız parçasından başqa bir şey deyil.

Məsələyə fəlsəfi yanaşdıqda, görünən odur ki, imperalizm əslində formaca dəyişir. Mahiyyətcə isə, yenə də başqa bir şəkildə qalmaqda davam edir. Yeni dünyda kiçik milli dövlətləri əsrlər boyu istismar edən əsas güc aktorları olan imperialist dövlətləri indi də nəhəng beynəlxalq korporasiyalar, banklar, maliyyə mərkəzlərinin əvəz edəcəyi açıq-aydın görünür. Bu kimi müasir dünyanı şəkilləndirən qurumlar köhnə dünya daxilində formalaşmış dövlət içində dövlət olmaq mərhələsini aşaraq, artıq tamami ilə yeni bir mərhələyə, yəni dövlətlər üzərində dövlət olmaq mərhələsinə yüksəlməkdə son dərəcə iddialı olduqlarını günbəgün nümayiş etdirməkdədirlər.

Dünyada ən məşhur sosial şəbəkə olan “Facebook” və “Google” kimi nəhəng axtarış sistemlərinin son zamanlardakı iddialı replikaları da birbaşa bunun sübutudur. Belə ki, “Facebook” dünyada ən çox əhaliyə sahib olan ölkənin Çin olması faktı ilə razılaşmır. “Facebook” hesab edir ki, dünyada ən çox əhalisi olan ölkə elə “Facebook”dur. Çünki onun istifadəçilərinin sayı Çinin əhalisinin sayından çoxdur! Əgər bir gün “Facebook” bu iddianı internet məkanında rəsmiləşdirməyə çalışsa, buna da təəccüblənməmək lazımdır.

Eləcə də, “Google” şirkəti gələcək perspektivdə internet üzərindən edilən bütün alış-verişlərdə virtual pullardan istifadə edilmənin əsas şərt olacağını aktiv şəkildə təbliğ edir.

Transhumanizmin, yəni müasir elm və yüksək texnologiyanın vasitəsi ilə insanların əqli və fiziki imkanlarının kamilləşdirilməsinin həqiqətdə heç də təqdim edildiyi kimi olmadığı və heç bir zaman olmayacağı açıqdır. Elə indidən bunu sübut edəcək konkret misallar da kifayət qədərdir. Məsələn, dünyada pandemiya elan edilən vaxtdan başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) adı tez-tez hallanmağa başladı. Bir nömrəli mövzu olan COVİD-19-un hesabına, bu təşkilatın saytı qısa bir zamanda baxılma və oxunma rekordlarını qırdı. Dövlətlər əvvəldə boyun qaçırmağa çalışsalar da, sonda ÜST-nın bəzən son dərəcə ziddiyyətli olan təlimatlarını dinləməyə məcbur qaldı. Bütün dünyanı, qısa bir müddətdə olsa da, COVİD-19 bəhanəsi altında Ümumdünya Səhiyyə Təşkilatı idarə etdi! Həyatımızın bütün sferalarındakı qərarlar bu qurumun tələb və göstərişlərinə istinadən verildi. Artıq dünyada yaşananlardan sonra dövlətlərin operativ bir şəkildə bu təşkilatın təlimatlarını dinləyəcəkləri və qeyri-şərtsiz yerinə yetirəcəkləri heç kimdə şübhə doğurmur. Bu təşkilatı maliyyələşdirənlər arasında “Microsoft” korporasiyasının banisi və sahibi Bill Qeytsin əsas personalardan biri olmasını dünyada müzakirə etməyən qalmadı. Bill Qeytsin hələ 2015-ci ildə TED meydançasında keçirilən konfrans zamanı gələcəkdəki illərdə atom bombalarına qarşı yox, məhz viruslarla savaşmalı olacağımızı söyləməsi də çox maraqlıdır. Eləcə də, bunu göstərişli bir formada insanlara təqdim etməsi də hər halda təfadüfi məsələ deyil. Bunun ardınca sosial şəbəkələrdə insanlara xüsusi dərialtı identifikasiya çiplərinin taxılacağı, insanların məcburi qaydada peyvənd ediləcəkləri və s. bu kimi konspiroloji məsələlər də geniş yayıldı. Konspirologiyaya əsaslanan arqumetlər ciddi faktlar olmayıb, sübut üçün yetərsiz olsa da, hər halda tibb ilə heç bir əlaqəsi olmayan bir insanın ciddi-cəhdlə müasir texnologiyalarla uzlaşdırılan gələcəyin tibbindən danışması, bəşəriyyətin sağlamlıqlarının təmin edilməsində bu qədər maraqlı olması son dərəcə şübhəli bir məsələdir. Eləcə də, Bill Qeytsin farmakologiya sahəsinə və kvant döymələri proqramlarının işlənilib hazırlanasına böyük yatırımları olduğu da məlumdur.

Transhumanizm ideyasının daha bir vurğunu məşhur amerikalı maliyyəçi, investor və milyarder Corc Sorosa məxsus xeyriyyə fondu olan Açıq Cəmiyyət Fondunun (Open Society Foundations) gizli şəkildə dünyanın müxtəlif yerlərində LGBT-ni maliyyələşdirməsi və son illərdə bu işi daha sürətli bir fazaya keçirməsi də məlumdur. Soros və onun həmfikirlərinin bir çox ölkələrə rəngli inqilab toxumları səpməsi, daima dünyanın fərqli bölgələrində idarəolunan xaos yaratmaq cəhdləri, dini hissləri aşındırmaq siyasəti, dünyada məşhur insanların köməyi ilə satanizmi populyarlaşdırmaq istəkləri, bir sözlə, köhnə dünya nizamını dağıtmaqda titanik əmək və nəhəng pullar sərf etmələri uzun illərdir ki, dünya mətbuatında ciddi tənqid edilir. Amma bu tənqidlərə baxmayaraq, proseslər də öncədən planlaşdırıldığı şəkildə getməkdə davam edir. Hər halda, 2015-ci ildə ABŞ-ın Detroyt şəhərində satanizmin simvolu olan Bafometə heykəl ucaldılması, bu mərasimdə minlərllə insanın könüllü iştirakı da təsadüfi hadisə deyil. Satanizmi təbliğ edən çoxsaylı saytların açılması, demonstrativ bir şəkildə bunu populyarlaşdırmağa çalışan Marina Abramoviç kimi insanların meydana çıxması da rasional düşünən insanlarda hiddət doğurmaya bilməz. Məşhur müğənni Madonnanın konsertləri zamanı satanizm simvollarını açıq şəkildə nümayiş etdirməsi, bu eretik dini təbliğ edən mahnılar oxuması da sıradan olan məsələlərdən deyil.

Bütün bunlar düşünülmüş şəkildə monoteist dinlərin tək Tanrısına meydan oxumaq və yeni dünyanın yeni Tanrısının obrazını formalaşdırmaq cəhdləridir. Geni dəyişdirilmiş qidalar və kənd təsərüfatı məhsullarının istehsalı üzrə dünyada lider olan “Monsanto” transmilli şirkətinin də əsas maliyyəçisi Corc Sorosdur. Sübut edilməsə də, COVİD-19 virusunun ilk olaraq üzə çıxdığı Çinin Uhan şəhərindəki labaratoriyaların da Corc Sorosa məxsus olması söylənilməkdədir.

Artıq dünyanı idarə edən güclü hakimiyyətlərin belə, son zamanlar daha intensiv bir şəkildə transmilli şirkətlərin maraqları naminə böyük güzəştlərə getməli olduqlarının şahidi oluruq. Məsələn, yaxın günlərdə Çinin İrana 400 miyard ABŞ dolları məbləğində yatırım ayırdığını rəsmən elan etməsi də buna birbaşa sübutdur. Artiq məlumdur ki, Çin möcüzəsi ABŞ-ın son onilliklərdə inanılmaz güc qazanmış qlobalizm tərəfdarları olan çoxsaylı qüvvələri və Londonun “City of London”unun milyarderlərinin əsəridir. Məhz bu güc və maliyyənin nəticəsi olan Çin bu gün dünyada ikinci ölkə və əsas iqtisadiyyatdır. Təsadüfi deyil ki, transhumanizm bayrağı altında birləşən qüvvələr də elə həmin qlobalizmin qatı tərəfdarlarıdır. Onların sıralarında yer alan əsas güclər, dünyaya hökm edən yüksək informasiya texnologiyalarının sahibləri və transmilli şirkətlərdir. ABŞ-ın Demokratlar Partiyasının da ən əsas himayədarları olan bu nəhəng güclər, böyük ehtimalla, bu ilin payızında keçiriləcək prezident seçkilərinin də taleyini həll edəcəklər. Son aylarda Amerikanın faktiki rəhbəri olan Mayk Pompeonun bu günlərdə Çinə qarşı ciddi sanksiyalar və eləcə də “xaç yürüşü” elan etməsinə, Çin hökumətinin arxayın bir şəkildə bu dərəcədə laqeydlik və soyuqqanlılıq göstərməsi də təsadüfi məsələ deyil. Çünki nəinki ABŞ-da, eləcə də bütün dünyada qüvvələr nisbəti artıq böyük ölçüdə qatı imperializm – köhnəlik tərəfdarları olan Respublikaçılar Partiyasının əleyhinədir. Ardı-arası kəsilməyən qeyri-ciddi bəyanatlar Trampın reytinqini sürətli olaraq məhv etməkdədir.

Son illərdə dünyada baş verən hallar artıq bütün dünya ictimaiyyətində də ikrah hissi doğurmaqdadır. Bu yaxınlarda məşhur Britaniyalı jurnalist və “Conflict Zone” adlı proqramın aparıcısı Tim Sebastianın, ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondan müsahibə götürdüyü zaman, Trampa olan nifrətini açıq bir şəkildə dilə gətirməsi, onu milyonlarla izləyicilərin gözü önündə davamlı yalançı (serial liar) kimi təqdim etməsi və onun rəhbər tutduğu komik siyasətin dünya üçün bütün rakuslardan destruktiv olduğunu dilə gətirməsi də çox ciddi bir məsələdir.

Son aylarda nəhəng transkorporasiyaların öz ənənəvi jandarma mahiyyətindən irəli gələrək, imperializmin simvoluna çevrilən Rusiyada da aktiv şəkildə hərəkətə keçdiklərini görmək mümkündür. Buna ən bariz nümunə isə Çinlə sərhəddə yerləşən və iqtisadiyyatı sıx şəkildə Çin ilə bağlı olan Xabarovskda baş verən hadisələrdir. Artıq üç həftə davam edən və hər gün on minlərlə insanın iştirakı ilə keçirilən mitinqlərin nəhəng kənar qüvvələr və narazılıqları artmış yerli Çin meyilli elita tərəfindən təşkil olunması şübhəsizdir. Sözügedən diyarın keçirilən qanuni seçkilərində qalib gəlmiş qubernatoru Sergey Furqalın həbsi ilə başlayan bu mitinqin gerçək mahiyyəti artıq bu günlərdən başlayaraq üzə çıxmaqdadır. Kreml yaxın günlərdə tələsik bir şəkildə bu diyara Furqal ilə eyni partiyanın təmsilçisi olan yeni qubernator təyin etsə də, Xabarovsk bu addımdan bir qədər də hiddətlənib və etirazlarını daha da artırı. Bu günlərdə etirazçılara keçmiş rok musiqiçisi, kinoaktyoru, aparıcı, ictimai xadim, eləcə də Rusiya Tərəqqi Partiyasının (Партия Роста) üzvü olan Sergey Şnurov da qoşulub. Şnurovun Rus-Çin dostluq əlaqələri komitəsinin üzvü olduğu da məlumdur.

Eləcə də, sözügedən partiyanın rəhbəri olan Boris Titovun da Çinlə olduqca sıx əlaqələrinin mövcud olması söylənilməkdədir. Kremldə əyləşən çekistlərin çoxgedişli həmlələri qarşısında Xabarovsk üsyanının necə nəticələnəcəyindən aslı olmadan, Çin meyilli qüvvələrin meydanlarda bu qədər aşkar görünməsi olduqca böyük bir məsələdir.

Bu hadisə diyarın artıq birmənalı olaraq hansı səmtə istiqamət götürdüyünü bütün dünayaya nümayiş etdirən bir mesajdır.

Digər tərəfdən, son günlərdə Çinin yalnız Rusiya qazından aslı olmaq istəmədiyini və regionun digər təbii qaz ixracatçıları ilə də sıx əməkdaşlıq edəcəyini elan etməsi, Rusiyadan Çinə istiqamətlənən “Sibirin Gücü” (Сила Сибири) qaz xəttinin də, ümumiyyətlə gələcək perspektivlərini sual altına qoymuş oldu. Bu məqam isə öz növbəsində, gələcəkdə Xabarovsk da daxil olmaqla Rusiyanın nəhəng Uzaq Şərq regionunun iqtisadi həyatına ağır zərbələrin vuracağını qaçılmaz edir. Məsələnin ən əsas tərəfi odur ki, sözügedən xəttin ancaq iki dövlət arasında olması Çinə Rusiyaya istənilən tələbi diqtə etmək imkanını da vermiş olur.

Son günlər rus mətbuatı, xüsusən də tanınmış jurnalist Andrey Karaulov bu oyunların arxasında gizli olaraq daxili qüvvələrdən konkret kimin durduğunu da açıq bir şəkildə dilə gətirməyə başlayıb. Ümumilikdə Rusiyada son illərdə baş verən aqressiv və reqressiv prosesləri nəzərə aldıqda, Boris Yeltsindən sonra prezident seçilmə şansı daha yüksək dəyərləndirilən Rusiyanın ən əsas çekistlərindən biri Sergey Kirienkonun adının hallanmasına artıq təəccüb doğuracaq məsələ kimi baxmaq lazım deyil.

Görünən odur ki, həm nəhəng xarici, həm də yeniliklərə açıq olan daxili qüvvələr Rusiyada hökm sürən əndazələri aşmış köhnəliklərdən yaxa qurtarmaq istəyindədir. Artıq nəinki bütün dünya, hətta təbiətin özü belə, mənəvi köhnəlmiş silahlarına güvənərək dişi və dırnağı ilə köhnə imperializmi ayaqda tutmağa çalışan Rusiyaya qarşıdır. Əks halda, bu günlərdə Efiopiyada iki rus Pantsir sisteminin ildırım vurması nəticəsində məhv olmasına heç bir məntiqi cavab tapmaq mümkün deyil. Məntiqi olan odur ki, analoqu olmayan bu absurd hadisə, heç bir halda yeni qurulan dünyanın əsas aktorlarından biri olmağı hədəfləyən Türkiyənin, yeni “Bayraktar TB2”-lərinin böyük uğuruna da kölgə salmamalıdır.

Transhumanizm, prinsipcə yaxşı, yoxsa pisdir? Düşünürük ki, zəruridir. Digəriləri kimi, bu sistemin də yaxşı və ya pis elementləri – cəhətlərini, bütün dövrlərin ən düzgün mizanı olan zaman göstərəcəkdir. Amma zəruriliyi ondadır ki, artıq köhnə sistem öz ömrünü çoxdan başa vurub. Bu sistem bütün ölkələr üzərində çəkilməsi mümkünsüzləşən ağır bir yükə çevrilib. Düşünürük ki, transhumanizmin gündəliyində duran məsələlər ürəkaçan olmasa da, bəşərin köhnə qabığdan çıxaraq, az da olsa sərbəst nəfəs alması onun səbirsizliklə gözlədiyi çoxdankı haqqıdır.

Zaur Firidun oğlu RƏŞİDOV

Azərbaycan Milli Elmlər Akademiyası

Fəlsəfə İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam