Elmar Məmmədyarov niyə işdən çıxarıldı? -ŞƏRH
Yenixeber.org: Hansısa nazirin işdən çıxarılması çox az hallarda cəmiyyətdə birmənalı qarşılanır. Onlardan biri də Azərbaycanın keçmiş Xarici İşlər naziri Elmar Məmmədyarovdur.
Prezident İlham Əliyevin iyulun 16-da imzaladığı sərəncamla Elmar Məhərrəm oğlu Məmmədyarov ölkənin xarici siyasət idarəsinin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Prezidentin digər sərəncamları ilə Ceyhun Əziz oğlu Bayramov Təhsil naziri vəzifəsindən azad olunaraq Xarici İşlər naziri təyin edilib.
Dövlət Təhlükəsizlik Xidmətinin iyulun 3-də Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyatdan və nazirlik rəsmilərinin həbsindən sonra bu qurumda ciddi qanunsuzluqların baş verdiyi üzə çıxmışdı. Nazirlikdə baş verənlərə görə nazir E.Məmmədyarov cavabdehlik daşıdığından onun vəzifədən çıxarılacağı istisna edilmirdi.
Azərbaycan üçün güc strukturları qədər əhəmiyyətli sayılan Xarici İşlər Nazirliyində geniş miqyasda neqativ halların aşkarlanması müharibə aparan, belə bir şəraitdə yaşayan bir dövlət üçün faciədir.
Dövlət xadiminin, məmurunun başlıca vəzifəsi tapşırılan işin öhdəsindən gəlmək, ölkəsinə xəyanət etməmək, səlahiyyət həddini aşmamaq, sui-istifadə hallarına yol verməməkdir. Ancaq son günlər Azərbaycanın xarici siyasət kursunun həyata keçməsini icra edən qurumun adının qanunsuz viza satmaqdan tutmuş, başqa cinayətkar hadisələrdə hallanması utanvericidir.
Nə baş vermişdi? Hansısa layihənin üstünlük qazanması ilə kimlərinsə maliyyə cəhətdən varlanmasının üstü açıldı? Təbii ki, bu məsələdə maliyyə fırıldağı var. Ancaq bununla iş bitmir. İstənilən qurumda korrupsiya hadisəsi dövlətin təhlükəsizliyini təhdid edir, onun maraqlarına ziddir, zərbə vurur. Bu dövlətə xəyanət, satqınlığa bərabərdir. Xarici ölkə vətəndaşlarına viza verilməsi adi maliyyə əməliyyatı deyil. Bu zaman ən azından iki ölkənin təhlükəsizlik məsələsi təhdid edilir.
Elmar Məmmədyarovun başçılıq etdiyi nazirlik xarici vətəndaşlara viza satmaqla məşğul olub. Viza satmaq həm də dövlətin nüfuzuna ziyan vurub, onu gözdən salan hadisədir. Onda xarici ölkə vətəndaşları belə dövlətə “pulumuzu verib, vizamızı alacağıq. Onlara pul lazımdır” düşüncəsi ilə yanaşırlar. Məmmədyarov Azərbaycan barəsində belə düşünmək üçün şərait yaradıb. O, Azərbaycanı ən başlıca məsələdə - Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bağlı danışıqlarda təmsil edib.
Vizanın satılması və layihələrin qəbul edilməsi üçün rüşvət alınması işdə başqa mətləblərin olduğunu ehtimal etməyə əsas verir. Başqa sözlərlə, nazirin yaratdığı şərait ucbatından nazirlikdə Azərbaycanın mənafeyi qrup marağından üstün tutulub. O zaman ehtimal etmək olar ki, onlara rüşvət təklifi qarşılığında erməni lobbisinin maraqlarını təmin edə, yaxud əhəmiyyətli informasiyanı onlara sata bilərdilər. Belə çıxır ki, E.Məmmədyarovun yaratdığı şərait nəticəsində Xarici İşlər Nazirliyindən əhəmiyyətli məlumatlar sızdırılıb.
Həbslərlə bağlı DTX-nın yaydığı məlumatda da bu məsələlərə işarə edilib. Xidmətin açıqlamasına əsasən, iyulun 3-də XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə həbs olunub. F.Molla-zadə və S.Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, N.Abdullayev isə rüşvət almaqda ittiham olunur.
İyulun 10-da isə XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov həbs olunub. O, da nazirliyin digər rəsmiləri ilə eyni əməllərdə günahlandırılır.
Qurum şübhələrin "dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi" ilə bağlı əldə edilən məlumatların araşdırıldıqdan sonra ortaya çıxdığını qeyd edib.
XİN dövlətin ən elitar qurumu sayılır. Burada dövlət marağı kimi ən ali mənafe xarici dövlət qarşısında müdafiə edilir. Azərbaycan əsgəri, zabiti düşmənlə silah və canlı qüvvə ilə döyüşür. XİN isə sözlə, təmkinlə öz dövlətinin maraqlarını müdafiə edir.
Belə bir qurumda bəhs etdiyimiz hadisələrin baş verməsinin əsas günahkarı Elmar Məmmədyarovdur. Onun vəzifədən azad edilməsi heç bir etiraza səbəb olmayacaq. Çünki Azərbaycan dilini bu səviyyədə bildiyi üçün (bilmədiyi) hələ illər əvvəl E.Məmmədyarovun istefası ictimai sifarişə çevrilmişdi. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra dövlət dilini bu qədər bərbad formada bilən məmur olmayıb.
Sonrakı dövrdə şəxsi həyatı ilə bağlı baş verənlər də keçmiş nazirin nüfuzunun düşməsinə təsir etdi. Yüksək dövlət vəzifəsində işlədiyi halda öz dilini, yaxud təmsil etdiyi dövlətin dilini bilməmək ən yumşaq şəkildə ifadə etsək, yolverilməzdir, öz dövlətinə hörmətsizlikdir. Belələri ziyalı, yaxud elitar sayıla bilməz. Görünür, Elmar Məmmədyarov ən azından dili bilmədiyi üçün Xarici İşlər Nazirliyi kimi elitar bir quruma başçılıq etməyi haqq etmədi.
Nəhayət, iyulun 15-də Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin E.Məmmədyarovun fəaliyyətini kəskin tənqid etməsi Xarici İşlər nazirinin tez bir zamanda işdən çıxarılacağını göstərirdi.
Dövlət başçısının müşavirədə E.Məmmədyarovla bağlı dediklərini bir daha oxumaqda fayda var: "Mən bir məsələyə də toxunmaq istərdim. Bu da beynəlxalq aləmin bu hadisələrə reaksiyasıdır. Azərbaycan ictimaiyyəti bunu izləyir. Təxribat törədiləndən dərhal sonra - ayın 12-də günorta saatlarında mən Prezident Administrasiyasına müvafiq göstərişlər verdim və bizim beynəlxalq təşkilatlardakı nümayəndələrin, o cümlədən parlamentlərarası təşkilatlardakı nümayəndələrin hər biri təlimat aldı və təmsil olunduqları təşkilatların rəhbərlərinə məsələ ilə bağlı dolğun məlumat verdi.
Ancaq mən hesab edirəm ki, bizim diplomatik fəaliyyətimiz daha səmərəli ola bilərdi. Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır. Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük. Əfsuslar olsun ki, son vaxtlar bizim diplomatiyamız ölkəmizin uğurlu inkişafı ilə uzlaşmır, bəzi hallarda mənasız işlərlə, mənasız danışıqlarla məşğuldur. Düşmən ölkə ilə, bizimlə münaqişədə olan ölkə ilə COVID-lə bağlı hansı danışıqlar aparıla bilər?! Bu, cəfəngiyyatdır. Yəni, nədir, biz Ermənistanla əməkdaşlığamı başladıq?!
Mən demişəm və bütün beynəlxalq təşkilatlar, o cümlədən Minsk qrupunun həmsədrləri bunu bilirlər. Baxmayaraq, təxminən son 17 il ərzində dəfələrlə mənə təkliflər edilib ki, Ermənistanla hansısa formada əməkdaşlığa başlayın, - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və digər. Mən demişəm, biz buna hazır ola bilərik, ancaq biz danışıqlar prosesində tərəqqi görməliyik. Görməliyik ki, biz artıq addım-addım sülh razılaşmasına yaxınlaşırıq. Əgər bu yoxdursa, onda bu əməkdaşlığın nə mənası var? Bu əməkdaşlıq ancaq bizim ziyanımıza ola bilər. Bu gün də bu mövqedəyəm. Gedin, işğalçı dövlətə təzyiq edin, başına ağıl qoyun, nəhayət, sözünüzü deyin ki, onlar bizim torpağımızdan çıxmalıdırlar. Əgər bu baş tutacaqsa və belə bir perspektiv real görünəcəksə, bəli, biz ondan sonra hansısa addımların atılmasını təmin edə bilərik. Ancaq indiki şəraitdə Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən buna cavab verirəm. Xarici İşlər Nazirliyi hansısa səviyyədə buna cavab verib, yoxsa yox? Mən eşitməmişəm, Azərbaycan xalqı da eşitməyib. Bunu, ilk növbədə, kim etməlidir? Xarici İşlər Nazirliyi, susur. Mən demişəm ki, danışıqlar prosesində tərəqqi olmayana qədər Ermənistan ilə hər hansı bir əməkdaşlıqdan söhbət gedə bilməz. Sən demə, COVID müzakirə olunur. Yəni, biz COVID-lə bağlı erməni işğalçılara köməklikmi göstərməliyik?!
Mən Azərbaycan xalqı ilə bütün vacib məsələləri həm bölüşürəm, həm məsləhətləşirəm, həm öz fikirlərimi, öz siyasətimi deyirəm və eyni zamanda, xalqı narahat edən problemləri dərindən təhlil edirəm. Təsadüfən deyilmir ki, xalqın gözü tərəzidir. Ona görə, bizim hakimiyyət xalq hakimiyyətidir, xalqın iradəsinə əsaslanan hakimiyyətdir. Ona görə mən bütün bu sualları çılpaqlığı ilə ictimaiyyətə təqdim edirəm. Bu son bir neçə gün ərzində ancaq mənim göstərişlərim əsasında addımlar atılıb. Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de.
Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi? Ayın 12-də hadisələr baş verəndən sonra biz iş yerindəydik. Baş Nazir iş yerində, mən iş yerində səhərə qədər. Müdafiə naziri, Baş Qərargah rəisi, həmçinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Daxili İşlər naziri, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Təhlükəsizlik Şurasının katibi gecə səhərə qədər iş yerində. Mən Xarici İşlər nazirini tapa bilmədim. Mən Əli Əsədovdan soruşdum, haradadır. Sənə nə dedi? De.
Baş Nazir Əli Əsədov: Cənab Prezident, soruşdum, dedi ki, mən evdən işləyirəm.
Prezident İlham Əliyev: Necə, evdən işləyirəm?
Baş Nazir Əli Əsədov: Bəli, dedi ki, evdən işləyirəm. Mən Elmar Məmmədyarova zəng etdim. Sizin dediklərinizi ona dedim, soruşdum ki, bu hadisəni sən nə vaxt eşitmisən və harada olmusan? Dedi, evdən işləmişəm. Dedim, saatbasaat mənə de, harada olmusan? Yenə dedi ki, evdən işləmişəm. Günorta saat 3-də eşitmişəm. Daha sonra dedi ki, təqribən saat 6-da, 7-də Hikmət Hacıyevlə telefonla danışıb. İndi Siz dediniz, Hikmət Hacıyev Sizin təlimatları ona çatdırandan sonra deyib ki, bizim BMT-dəki nümayəndəmiz Yaşar Əliyevlə danışıb. Bax, bu qədər. Mən Sizin verdiyiniz tapşırıqları ona çatdırdım, dedim ki, belə olmaz. Biz hamımız iş yerindəyik. Prosesləri cənab Prezident idarə edir. Xarici İşlər naziri olaraq sən bunu, bunu, bunu et - Sizin dediyiniz tapşırıqları. Soruşdum ki, evdə niyə işləyirsiniz? Sən gəl iş yerinə, kabinetinə və s. Tapşırıq belə oldu. Ondan sonra hadisələr məlumdur.
Prezident İlham Əliyev: Aydındır. Daha dərinə getmək istəmirəm. Bir çox şey deyə bilərəm. Hesab edirəm bu, kifayətdir. Ancaq biz hamımız – həm rəhbər vəzifələrdə olanlar və ictimaiyyət bilməliyik real mənzərə nədən ibarətdir ki, düzgün addımlar ataq. Biz hər gün, hər dəqiqə ölkəmizin maraqlarını qorumalıyıq".
Prezidentin verdiyi bu qiymət, əslində E.Məmmədyarovun necə bir nazir olduğunu tap çılpaqlığı ilə ortaya qoyur. Cəbhədə ağır döyüşlər getdiyi gündə evdə oturan nazir mütləq işdən çıxarılmalıydı və çıxarıldı.
Azərbaycan dövlətinin sifətini ölkə içində və xaricində təmsil edən Mədəniyyət Nazirliyində baş vermiş qanunazidd əməllərlə XİN-dəki neqativ halların acılaması Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə xidmət edir.
Onlar və belə düşünənlər Azərbaycanı öz maraqları üçün ticarət mərkəzi kimi görmək istəyənlərdir. Ancaq iyulun 12-dəki döyüşlər, general-mayor və polkovnikin səngərdə şəhid olması belələrinə hakimiyyətdən kənardakı yerlərini göstərdi. Odur ki dövləti öz evləri və vətəndaşlarını ailə üzvü bilməyənlərdən dövlətə məmur, cəmiyyətdə elitar təbəqə heç olmaz.
/ Report/ Elchin Murad