Ermənistan: koronavirusa yoluxma halı 30 mini ötüb, ölənlərin sayı 600-ə yaxınlaşır-FOTOLAR
Ermənistanda koronavirusa 526 yeni yoluxma halı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 30346-ya çatıb, Ermənistan Səhiyyə Nazirliyi Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin iyulun 9-na olan məlumatında deyilir.
Yenixeber.org: Məlumata görə, son sutka ərzində 573 xəstə sağalıb və bü günə sağalanların ümumi sayı 18 minə çatıb.
Hazırda 11641 nəfər koronavirusdan müalicəsini davam etdirir.
Son gündə Covid-19-a yoluxmuş 14 xəstə vəfat edib, ölənlərin ümumi sayı 535 nəfər təşkil edir. Koronavirusdan müalicə olunan daha 6 pasiyentin ölümünə başqa xəstəliklər səbəb olub və bu kimi ölüm hallarının ümumi sayı 170 nəfərdir, Səhiyyə Nazirliyinin məlumatında bildirilir.
Bu günə olan məlumata görə, azı 6 parlament üzvü və 5 Milli Məclis Aparatının üzvü Covid-19 virusuna yoluxub, daha 15 millət vəkilinin özünütəcrid etdiyi bildirilir. Yoluxan millət vəkilləri iqtidar Mənim Addımım və Firavan Ermənistan fraksiyalarının təmsilçiləridir. Həmçinin FE fraksiyasının rəhbəri Qaqik Tsarukyanın yoluxduğu və Erebunu tibb mərkəzində müalicə olunduğu xəbər verilir. Yoluxan deputatlar arasında Zəkalı Ermənistan fraksiyası üzvlərinin olduğu haqqında məlumat yoxdur.
Fransalı həkimlər köməyə gəlib
Koronavirusla mübarizədə Ermənistan səhiyyə sisteminə yardım göstərmək üçün bir qrup həkim Fransadan xüsusi çarter reysi ilə Yerevana gəlib. Bu barədə Ermənistan Hökuməti nəzdində Diaspora İşləri üzrə baş müvəkkili ofisinin Facebook səhifəsində bildirilir.
Bu, Ermənistana koronavirusla mübarizədə yardım göstərmək üçün Fransadan gələn ikinci həkim qrupudur.
İkinci fransalı həkimlər qrupunun Ermənistana səfəri ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən koronavirusla mübarizə çərçivəsində ayırılan 2,5 milyon yardımı sayəsində mümkün olub.
Rusiya, Gürcüstan və litvalı həkimlər də Covid-19-la mübarizədə Ermənistana yardım etməyə hazır olduqlarını bildiriblər.
Nikol Paşinyan koronavirus barədə nə demişdi?
Baş nazir Nikol Paşinyan iyunun 18-də Facebook vasitəsilə əhalinin koronavirusla mübarizəyə "etinasız" yanaşmasından məyus qaldığını bildirib.
"Kütləvi şəkildə maska daşımamağa davam edirik. Nəyi səhv edirik ki, sevimli həmvətənlərimiz özlərinin və yaxınlarının səhhətinə bu cür etinasız yanaşır? Məgər bizim Vətəndaşla mükalimə əsasında formalaşmış hökumətiimiz öz Vətəndaşı ilə məcburetmə tərzində rəftar etməlidir ki, o, öz əziz sağlamlığına dair daha diqqətli olsun?", - Paşinyan Facebook postunda yazıb.
Bu ayın əvvəlində Baş nazir Paşinyan, həyat yoldaşı və 3 qızı ilə koronavirusa yoluxduqlarını və evdə özünütəcrid şəraitində müalicə olunduqlarını bildirmişdi.
Xəstəlik simptomsuz keçib və müəyyən ediləndən 8 gün keçmiş təkrar keçirilən teslər mənfi nəticə verib.
Təcrid olunduğu zaman o, öz vəzifələrini internet vasitəsilə məsafədən icra edirdi: Hökumət iclaslarını keçirir, koronavirusla mübarizə üzrə komendaturanın yığıncaqlarında və mətbuat üçün virtual brifinqlər keçirirdi.
Problem "qaydaya əməl etməməkdədir"
Koronavirus pandemiyası ilə bağlı Ermənistanda martın 16-da elan edilmiş fövqəladə vəziyyətin müddəti aprelin 13-dən sonra iki dəfə 30 gün uzadılıb. Lakin martın 24-dən sonra azad hərəkət etmək və müəyyən iqtisadi fəaliyyət qadağaları ləğv edilib, mayın 18-dən sonra isə, infeksiya təhlükəsizliyi qaydalarına əməl etmək şərtləri ilə, ictimai nəqliyyat, uşaq bağçaları, idman və gözəllik salonları, kafe və restoranların fəaliyyətinə icazə verilib.
Baş nazir hesab edir ki, məhdudiyyətlər aradan qaldırıldıqdan sonra vətəndaşlar "həddən çox arxayınlaşıb", karantin qaydalarına riayət etməyib, əksinə "məsuliyyətsiz hərəkətləri ilə" virusun daha intensiv yayılmasına şərait yaradıb.
"Hazırda Ermənistanda səhiyyə ilə bağlı problem yoxdur, asayiş qaydalarına əməl etmə problemi mövcuddur," - Paşinyan Facebook canlı yayımında deyib.
Paşinyan əhalinin cəmləşdiyi yerlərdə - ticarət və yeyinti obyektləri, ictimai nəqliyyat, poçt, bank və s. yerlərdə epidemioloji təhlükəsizlik şəraiti yaradılmadığını qeyd edib.
"Mən xalqın mübarizəsi və istəyi ilə inqilab nəticəsində bu vəzifəyə [Ermənistan baş naziri] gəlmişəm. Məgər mən qayda-qanun yaratmaq üçün xüsusi təyinatlıları çıxarıb əhalini dəyənəklərlə döydürməliyəm? Mən bunu edə bilmərəm," - o deyib.
Paşinyan öz Facebook səhifəsində epidemiya ilə mübarizə qaydalarına əməl edilmədiyini əks etdirən fotoşəkillər yerləşdirməyə başlayıb. Bu şəkillərdə qadağan olunmuş kütləvi tədbirlər, tibbi maska və əlcək taxmamış ticarət işçiləri, sərnişinlə dolu avtobuslar əks olunub.
Epidemiya xəbərdarlıqlarına baxmayaraq, bəzi valideyn və məktəblər gizli şəraitdə buraxılış sinif şagirdləri üçün şənlik tədbirləri təşkil edirlər.
Sosial şəbəkələrdə bəzi istifadəçilər Baş nazir Paşinyana onun Şuşada Arayik Harutyunyanın andiçmə mərasimindən sonra ziyafət zamanı epidemioloji təhlükəsizlik qaydalarına riayət edilmədiyini irad tuturlar.
Şəbəkədə yayılmış şəkildə görünür ki, masa arxasında toplaşanların əksəriyyəti nə maska taxıb, nə də sosial məsafə saxlayır.
Sərt tədbirlər
Koronavirus epidemiyası ilə bağlı yaradılmış komendatura karantin şəraitlərini dəyişmədən, sadəcə, tələblərin yerinə yetirilməsi üzərində nəzarəti gücləndirmək qərarındadır. Komendant, baş nazir müavini Tiqran Avinyan Yerevan, Gümri, Vanadzor və Ermənistanın başqa rayonlarında epidemioloji təhlükəsizlik qaydalarını pozan onlarla müəssisələrdə cəza tədbirləri tətbiq olunduğunu bəyan edib.
Avinyanın sözlərinə görə, ümumilikdə 1600-ə qədər müəssisənin fəaliyyəti dayandırılıb.
Vanadzorda böyük tikiş kombinatı, Armavirdə böyük ticarət mərkəzi 2-3 gün müddətinə bağlanıb, icazə veriləndən artıq sərnişin aparan sürücülər, sərnişinləri maska və əlcək taxmayan nəqliyyat sahibləri cərimələnir.
Bu gündən artıq tək qapalı deyil, həm də açıq ərazilərdə hamının tibbi maska taxması tələb olunur.
"Bayırda olan 6 yaşından böyük, idmanla məşğul olan və ya velosiped sürənlərdən başqa bütün vətəndaşlar mütləq maska taxmalıdırlar," - çərşənbə günü brifinq zamanı Tiqran Avinyan deyib.
Küçələrdə polis işçilərinin sayı artıb, onlar hətta binaların həyətinə və uşaq meydançalarına daxil olurlar.
Komendant yenidən daha sərt karantin şərtlərinin, iqtisadi fəaliyyət üzrə qadağaların və komendant saatının tətbiqi ehtimalını da istisna etməyib.(BBC)