Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

   "Azərsu" ASC-də yoxlamalar olacaq- Həbslər gözlənilir:ARAŞDIRMA

      

     

         Kütləvi vətəndaş narazılığı və korrupsiya şübhələri “Azərsu” ASC rəhbərliyini “yetişdirib”

Yenixeber.org: “Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə Baş Nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda deyib.

Dövlət başçısından bu sitatı təsadüfən xatırlamadıq. Xüsusi ilə son günlər yaşanan içməli su problemi “Azərsu” ASC-ni  və sədr Qorxmaz Hüseynovu yenidən tənqid hədəfinə çevirdi. Təkcə paytaxtda deyil, bütövlükdə Abşeron yarımadasında yaşanan su qıtlığı ciddi narazılıqlar və kütləvi aksiyalarla müşahidə olunmaqdadır. Millət vəkilləri, müxtəlif tanınmışlar “Azərsu” rəhbərliyinin ünvanına ən sərt ittihamlar səsləndirməkdədir...

Vəkil Aslan İsmayılovun bu problemlə bağlı açıqlaması isə xüsusi ilə diqqətçəkicidir: “Əgər şəhərdə mövcud olan bütün böyük istirahət ocaqları, iaşə obyektləri, hektarlarla sahələri olan villalara su sayğacla verilərsə əminəm ki, yenə su qıtlığı olmaz. "İnsanlar çox su işlədir" deməklə deyil. İnsanlar işlətdikləri suyun pulunu ödəyirlər, sayğac olan heç bir yerdə heç kim artıq itkiyə yol verməz.

Bir sözlə, bu biabırçılığın bircə səbəbi var, o da KORRUPSİYADIR! Aidiyyatı qurumlar bu cinayətə görə cavab verməlidilər”.

                                          Bulanıq suda itən milyonlar

“Azərsu” ASC-də dövlət vəsaitinin müxtəlif adlar və formalarla yeyilməsi ilə bağlı dövrü mətbuatda mütəmadi yazılmaqdadır. Biz də ötən yazımızda bu mövzuya ötəri toxumuşduq.( Yazı ilə bu linkdə tanış ola bilərsiniz:  https://yenixeber.org/manset/95773-ehmed-ehmedzade-ve-qorxmaz-huseynov-vezifesini-itirecek-.html) Google üzərindən bir axtarış kifayətdir ki, “Azərsu” ASC ilə bağlı saysız tənqidi yazılar sıralansın... Elə yaxın günlərdə araşdırmaçı jurnalist Həbib Müntəzir də Qorxmaz Hüseynovun qohum-əqrəbasının şirkətlərini ictimailəşdirmişdir:

“Oğlu Araz Hüseynov "Natural Aqro” MMC şirkətinin rəhbəridir. Həmçinin o "ABLV Bank”ın Bakı ofisi vasitəsilə bir çox Azərbaycan məmurlarının korrupsiyadan əldə etdikləri pulları xaricə daşıyıb.

Qardaşı Məhəmməd Cavanşir oğlu Hüseynov "Sənaye Tikinti-M" MMC-nin təsisçisidir. Bu MMC "Azərsu" üçün 1,5 mln manata Korgöz qəsəbəsinə su xətti çəkib.

 

Qaynı Namiq Cidalı oğlu Cəbrayılov "Hidro-İnşaat Servis" və "Hidro-Lotus" MMC-nin təsisçisidir. "Hidro-İnşaat Servis” MMC isə 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub.

Türkiyədə də "Lotus" adlı şirkəti var. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun layihəsi və tikintisi üçün 5 milyon manatlıq layihə məhz "Hidro-Lotus" MMC-yə tapşırılıb.

Q.Hüseynovun özünün də Bakının Nərimanov rayonunda villası var”.

                                                        ***

Bu sadalananlar heç şübhəsiz ki, cənab Hüsenovun bağlılı olan faktların bir hissəsidir, həm də böyük olmayan hissəsi... Yenixeber.org-a daxil olan məlumata görə Qorxmaz Hüseynovun mərhum qardaşı Məhəmməd Hüseynova məxsus "Sənaye Tikinti-M" MMC-nin “Azərsu” ASC ilə əməkdaşlığı Korgöz qəsəbəsinə su xəttinin çəkilişi ilə bitməyib. Bu əməkdaşlıq 2018-ci ildə Sabunçu rayonu ərazisində su-kanalizasiya işlərinin icrası ilə də davam edib. O zaman "Sənaye Tikinti-M" MMC udduğu tenderi subpodratçı kimi iş adamı Valeh Əhmədova verib. (Valeh Əhmədov millət vəkili Vahid Əhmədovun qardaşıdır. Red.) O zaman layihənin icrasında ciddi ləngiləmələr olmuşdu. Yeyinti səbəbindən vəsait çatışmazlığı ilə də bağlı məlumatlar səslənirdi... Bu kimi faktalr “Azərsu” ASC ilə bağlı bir deyil, iki deyil... “Azərsu” ASC-nin tenderlərinin qalibləri sırasına bir nəzər yetirmək yetər...

Qorxmaz Hüseynovun “yeniliklərindən” biri də PEŞƏKALIQ adı ilə dövlətin pulunun uyğun bilindiyi “Azərsu” əməkdaşlarına maaş əlavəsi olaraq verilməsidir. Nə az-nə çox-15000-20000 manata qədər(?) Məlumata görə bu “yenilik” məlum pandemiya dövründə dondurulub. 

Büdcədən vəsait alan qurumlar sırasında “Azərsu”  ilk üçlüyü bölüşənlərdəndir. Dövlətin illərdir xəsislik etməyib,  milyonlar xərclədiyi bu sahədə nəinki hansısa uğurlar görünür, əksinə bu gün paytaxt və ətraf yaşayış massivləri de-fakto susuzluqdan can verir. Başqa sözlə “Azərsu” ASC ya bilərəkdən, ya da bilməyərəkdən “su üsyanı” yetişdirir.

                                                        ***

 

Digər əhəmiyyətli sayıla biləcək fakt isə Ceyranbatan su anbarına Samur-Abşeron kanalından qəbul olunan və xaric olunan suyun həcmindəki kəskin fərqlə bağlıdır. Təbii itkilər məlum... Amma, əldə etdiyimiz məlumatlar bu məsələdə ciddi araşdırmaları stimullaşdırır. Ortada böyük həcmdə suyun “buxarlanması” və ört-basdır cəhdlərinin varlığı söz konusudur. “Azərsu”  tərəfi bu əməliyyatda vacib məqamı-enerji sərfiyyatını- “unudur”. Bu məsələdə “Melorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin mübahisəsi də davam etməkdədir. (Bu faktor başqa yazının mövzusu olacaq.Red.)   

                                           ***

Qormaz Hüseynovun 9 ildən artıq fəaliyyəti təkcə dövlət vəsaitinin müəmmalı xərclənməsi və “yeri-göyü qurutması” ilə bitmir. Cənab sədr həm də “Azərsu” ASC-ni qohumbazlıq-dostbazlıq girovuna çevirib. Bəlli qanunlara uyğun olaraq yaxın qohumların dövlət strukturlarında tabeçilik qaydasında işləməsi məhdudlaşdırılıb. Amma görünən odur ki, Qorxmaz müəllim bu qanunları da görməzdən gəlir. Bu istiqamətdə də yenixeber-org-a maraqlı məlumatlar daxil olub. Təkçə iki fakt: Qorxmaz Hüseynovun qardaşı oğlu Hüseynov Eyvaz Məhəmməd oğlu “Azərsu” ASC-nin Nəzarət Ölçü Cihazları İdarəsi kimi çəkili bir idarənin rəisidir. Bu idarənin nə demək olduğunu daha çox əmi-qardaşoğlu və bu sistemdə işləyənlər bilir. Cənab sədrin digər qohumu Xürrəm Hüseynov isə Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisidir...

Bundan əlavə SOCAR-dan, hərbi sistemdən təqaüdə çıxıb da “Azərsu” ASC-də müxtəlif vəzifə tutan qeyri-peşəkarların olduğu da sədrin “səxavətinin” nəticəsi kimi vurğulanır...

                                 “Azərsu”da “sular durulacaq”

Sadaladığımız və müəyyən səbəblərdən hələlik geniş yaza bilmədiyimiz faktlarla bağlı aidiyyatı dövlət qurumunun yaxın günlərdə “Azərsu” ASC-də yoxlamaya başlayacağı gözlənilir. Əldə etdiyimiz məlumata görə artıq “Azərsu” ASC ilə bağlı yuxarı dairələrdə gərəkən qərar qəbul olunub. Yuxarıda qeyd etdiyimiz kimi, milyonlarla dövlət vəsaitinin xərclənməsinə baxmayaraq kütləvi vətəndaş narazılığından tutmuş korrupsiya şübhəli məlumatlar “Azərsu” ASC rəhbərliyini “yetişdirib”. Aparılacaq yoxlamaların isə sadəcə dövrü yoxlamalar olmayacağı bildirilir. Yaxın günlərdə Hesablama Palatasının KİVDF-də apardığı yoxlamaların hüquq-mühafizə orqanlarına təqdim etdiyinin “Azərsu” ilə bağlı da təkrarlanacağı qaçılmazdır. Beləliklə də “Azərsu”da “suların durulacağı”-Qorxmaz Hüseynov başda olmaqla bəlli səlahiyyət sahiblərinin sorğu-sual olunacağının şahidi olacağıq. Hətta o dərəcədə ki, kütləvi həbslərlə bağlı xəbərlər bir müddət mediada tirajlana bilər...

Yoxlamalar həm də “Azırsu” ASC-nin ləğvolunma prosesinin başlanğıcı olacaq. “Melorasiya və Su Təsərrüfatı” ASC ilə “Azərsu” ASC-nin bir qurumda birləşdiriləcəyi haqqında ötən yazıda məlumat vermişdik. Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin də dövlətin su siyasətini icra edəcək yeni quruma veriləcəyi istisna deyil. Bu prosesin cari ilin sentyabr ayınadək yekunlaşacağı proqnozlaşdırılır. Cənab prezidentin çıxışından yazının girişində xatırladığımız sitatdan da göründüyü kimi...

Mövzunun davamı olacaq. (yenixeber.org)

Redaksiyadan: Qarşı tərəfin cavab haqqını tanıyırıq.      

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam