Yenixeber.org: Bu gün Elon Musk-ın SpaceX şirkəti Crew Dragon adlı kosmik gəmisini iki astronavtla birlikdə kosmosa göndərir.
Bu səfərlə bağlı maraq doğuran suallara cavablar topladıq.
NASA astronavtlarını nə üçün özəl şirkətkosmosa aparır?
Amerikanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2000-ci illərdən etibarən astronavtların Beynəlxalq Kosmik Stansiyaya (İSS) aparılmasını başqa qurumlara həvalə etməyi planlaşdırırdı. 2003-cü ildə Kolumbiyanın kosmik gəmisi Yerə qayıdanda partlamış, bundan sonra NASA Aya səyahət edəcək kosmik gəmi hazırlamağa başlamışdı.
İSS-yə insan və yük daşımaq işini özəl şirkətlərə həvalə etmək həm də bu proqrama görə vacib idi. 2014-cü ildə Elon Musk-ın SpaceX şirkəti və aviasiya nəhəngi Boeing NASA komandasının kosmosa transferi üçün elan olunmuş tenderi qazandılar.
Çərşənbə günü SpaceX Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən astronavtları daşıyan Crew Dragon kosmik gəmisini Falcon 9 raketi ilə kosmosa göndərəcək.
SpaceX nədir?
SpaceX- Falcon 9 və Falcon Heavy raketləri vasitəsilə kosmik gəmilərə həm kommersiya, həm də uçuş xidmətləri göstərən Amerika şirkətidir. Elon Musk onu 2002-ci ildə, kosmik nəqliyyat xərclərini azaldaraq Marsda koloniya qurmaq məqsədilə yaradıb.
SpaceX təkrar istifadə məqsədilə raket hissələrini itələyici güclə yenidən Yerə qaytaran ilk özəl şirkətdir. ISS üçün mütəmadi olaraq karqo uçuşları gerçəkləşdirən şirkət artıq kosmosa astronavt da daşıyacaq.
SpaceX daha böyük kosmik gəmi hazırlayaraq Marsda məskunlaşma planını sürətləndirməyə çalışır. Yeni gəminin adı Starship olacaq.
Elon Musk kimdir?
Cənubi Afrikada anadan olmuş Elon Musk onlayn ödəmə xidməti olan PayPal-ın Ebay-ə satışından 160 milyon dollar qazanıb. Sonra insanları kosmosa daşımaq üçün SpaceX şirkətini qurub. Bundan başqa, Tesla kimi elektrik avtomobilləri istehsal etmək məqsədilə daha bir neçə şirkət yaradıb.
Fərqli xarakteri və həyat tərzi onu bəzi film qəhrəmanlarının prototipinə çevirib (məsələn, kiçik Robert Downey Jr-ın Marvel-də canlandırdığı Tony Stark obrazı). Ancaq Twitter hesabından paylaşdığı bəzi qalmaqallı statuslarına görə məhkəməyə verilib və Tesla-nın icraçı direktoru vəzifəsində qalsa da, şirkətin rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Bu səfər nə üçün əhəmiyyətlidir?
2011-ci ildə kosmik daşıyıcının istismar müddəti bitdiyi üçün NASA öz astronavtlarını kosmosa Rusiyanın Soyuz gəmiləriylə göndərib və bunun üçün bu ölkəyə milyonlarla dollar vəsait ödəyib. Crew Dragon gəmisinin Floridadan uçması 9 illik fasilədən sonra ABŞ torpaqlarından kosmosa insan daşımalarının bərpası demək olacaq. Bu, Amerikanın əvvəlki prestijini qaytarmaq baxımından önəmli hadisə hesab olunur. Eyni zamanda, astronavtları kosmosa ilk dəfə özəl şirkət aparmış olacaq
Crew Dragon nədir?
Crew Dragon astronavtları ISS-yə aparacaq kosmik gəmidir, Draqon karqo gəmisinin inkişaf etdirilmiş variantı sayıla bilər. Gəmi maksimum 7 nəfər üçün nəzərdə tutulub, ancaq NASA uçuşlarında 4 nəfər daşıyacaq.
O, kiçik raket mühərrikləri olduğu üçün kosmosda manevr etmək və kosmik stansiyaya müstəqil şəkildə birləşmək xüsusiyyətlərinə malikdir. Daha əvvəlki gəmilərdən fərqli olaraq Crew Dragon-da ekipaj kabinəsində idarəetmə düymələrinin yerinə sensor ekran qoyulub.
Astronavtlar kimlərdir?
NASA astronavtları Bob Behnken və Doug Hurley 2000-ci ildə seçiliblər, kosmik məkiklə iki dəfə kosmosa uçublar. Hurley orda 28 gün 11 saat, Behnken-sə 29 gün 12 saat qalıb, bu müddətin 37 saatını açıq kosmosda keçirib. Onların həyat yoldaşları da astronavtdır.
Astronavtlar gəmidə nə edəcəklər?
Crew Dragon-la kosmosa uçan astronavtlar orda gəminin ekoloji nəzarət sistemini, göstəricilərini, idarəetmə və manevr mühərriklərini, kosmik stansiyaya birləşmə sistemini, gəminin stansiyadakı digər vəzifələr üçün uyğunluğunu sınaqdan keçirəcəklər. Geri dönəndə Crew Dragon paraşütlə Atlantik okeanına enəcək. Sonra kapsul və astronavtları Go Navigator adlı gəmiyə götürəcəklər.
Start zamanı yarana biləcək fövqəladə vəziyyətlərdə komandanın həyatını xilas etmək üçün Crew Dragon-da prosesi dayandırma sistemi mövcuddur. Uçuşdan əvvəl raketin mühərrikində hər hansı problem yaranarsa, gəminin öz mühərriki işə düşərək içində astronavtlar olan kapsulu paraşütlə raketdən atacaq.
Astronavtların kombinezonları
Astronavtların kombinezonları əvvəlki modellərdən xeyli fərqlidir. Narıncı rəngli sərt kombinezonların və yumru dəbilqələrin əksinə olaraq SpaseX-ın kombinezonları zərif və ağdır, dəbilqələrsə üç ölçülü printerlərdə hər bir astronavtın ölçülərinə uyğun hazırlanıb. Kabinada təzyiqin düşməsi kimi təcili hallarda astronavtları qoruyacaq praktik elementlər də var.
Crew Dragon gəmisinin uçuşu uğurla başa çatsa, SpaceX ISS-yə daha 6 uçuş təşkil edəcək.
NASA və şirkət arasında bağlanmış 2,6 milyard dollarlıq müqavilənin şərti belədir. NASA-nın Boeing-lə imzaladığı 4,2 milyard dollarlıq müqavilə də ikincinin CST-100 Starliner gəmisiylə kosmik stansiyaya insan daşımalarını nəzərdə tutur.(BBC)