“Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra...-(ARAŞDIRMA)
Azərbaycanda dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilən infrastruktur layihələri arasında dəmiryollarının yenidən qurulması, yeni xətlərin çəkilməsi son illərdə önəmli yer tutmağa başlayıb.
Yenixeber.org: Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə Cavid Qurbanovun gətirilməsindən sonra bu sahəyə ayrılan vəsaitlərin həcmi dəfələrlə artıb: həm dövlət büdcəsi hesabına, həm də xarici kreditlər. Bu qurumun fəaliyyətində canlanma hiss olunsa da, şəffaflıq və hesabatlılıq yenə də çatışmayan əsas cəhətlərdən biri olaraq qalmaqdadır. Buna görə də QSC və onun rəhbərliyinin adı mütəmadi olaraq müxtəlif maliyyə xarakterli şübhəli əməliyyatlarda hallanır.
ADY-nin qapalılığını ona görə vurğulayırıq ki, qurum uzun illərdir maliyyə hesabatlarını ictimaiyyətə açıqlamır. Bu hesabatlar bir qayda olaraq, QSC-nin əsas kreditorlarından olan Dünya Bankının saytında, özü də ingilis dilində yerləşdirilir. QSC-nin saytında isə yalnız biznes-plan, bir də çoxlu sayda satınalma elanları yerləşdirilir.
Tender və layihələrin müddəti bir neçə dəfə uzadılır
Saytın satınalmalar bölməsində yerləşdirilmiş satınalma elanlarına baxdıqda məlum olur ki, tenderlərin demək olar ki, hamısının müddəti bir neçə dəfə uzadılır. Hətta QSC-nin Mühafizə Idarəsinin işçi heyəti üçün xüsusi geyim formalarının satın alınması ilə əlaqədar 03 iyul 2019-cu il tarixdə elan olunan açıq tenderdə iştirak etmək üçün sənədlərin təqdim edilməsi müddəti belə dəfələrlə artırılaraq 12 fevral 2020-ci il tarixinə dəyişdirilib. Yaxud 200 ədəd qapalı vaqonların satın alınması ilə əlaqədar 15 avqust 2019-cu ildə elan olunan tenderin müddəti 30 avqustda artırılıb, daha sonra isə oktyabrın 19-na çəkilib. Hətta printerlər üçün kartriclərin satınalınması məqsədilə keçirilən tenderlərin də müddəti bir neçə dəfə uzadılır. Əcəba, bu müddət artırmaları nədən irəli gəlir: ADY QSC-nin tenderlərinə maraq bu qədərmi azdır? İştirakçı marağı azdır, yoxsa təşkilatçı?
Müddətin uzadılması yalnız QSC-nin tenderlərində deyil, həyata keçirdiyi layihələrdə də müşahidə olunmaqdadır. Məsələn, Bakı-Yalama (Rusiya ilə sərhəd) dəmir yolunun yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinə 2019-cu ilin yayında başlanacağı elan olunmuşdu. Lakin səbəbi açıqlanmadan bu tarix 2020-ci ilə keçirildi.
Layihə Asiya İnkişaf Bankının 2017-ci ildə imzalanmış müqavilə əsasənda ayırdığı kredit hesabına reallaşdırılır. Bank dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 milyon məbləğində kredit ayırıb. Bunun 250 milyon dolları “Dəmir yolu Sektorunun İnkişafı Proqramı”na, 150 milyon dolları “Dəmir yolu Sektorunun İnkişafı Layihəsi”nə ayrılıb.
Layhə barədə QSC-nin saytında verilən məlumata görə, 2017-ci il ərzində 23 islahat tədbiri həyata keçirildikdən sonra 175 milyon ABŞ dolları məbləğində birinci tranş verilib və həmin vəsaitlər “ADY” QSC-nin dövlət zəmanəti olmadan alınmış borclarının restrukturizasiyasına cəlb edilib: “Həmin kredit üzrə 150 milyon ABŞ dolları (75 milyon ABŞ dolları Asiya İnkişaf Bankından və 75 milyon ABŞ dolları Fransa İnkişaf Agentliyindən) məbləğində ikinci tranşın alınması üçün sözügedən müqavilənin əlavəsi olan “İnstitusional islahatlar matrisi”nə əsasən əlavə 22 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan islahatların uğurla həyata keçirilməsi nəticəsində 2022-ci ilə qədər Azərbaycanda dəmir yolu nəqliyyatında xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, həmçinin fəaliyyət istiqaməti üzrə əməliyyatların maliyyə dayanıqlığının artırılması planlaşdırılır”.
QSC-nin saytında verilən məlumata görə, qeyd olunan islahatların həyata keçirilməsi ilə bağlı Fransa İnkişaf Agentliyi tərəfindən də hər iki layihənin həyata keçirilməsi üçün müvafiq dəstək göstərilib. 2017-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdən məlum olur ki, Fransa İnkişaf Agentliyi QSC üçün iki ədəd lokomotiv deposunun tikintisi üzrə 112.5 milyon avro (217.1 milyon manat) məbləğində kredit ayırıb.
Ötən ilin noyabrında Prezidentin qəbulunda olarkən QSC sədri Cavid Qurbanov bildirib Biləcəri-Yalama istiqamətində yolun uzunluğu 348 kilometrdir və artıq büdcə müəyyənləşib: “Dünya Bankı, Fransa İnkişaf Agentliyi tərəfindən. Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə birgə işləmişik. Artıq kredit yekunlaşıb. Biz o yolun tikintisinə yəqin ki, dekabr ayında, yaxud da yanvar ayında başlayacağıq. Bu, yolun bir hissəsi üçündür. Qalan hissəsi Sizin tapşırığınızla büdcədən ayrılıb. Artıq orada 5 yeni yarımstansiya tikilib, çox böyükdür. Elektrik, rabitə xətləri ilə bağlı işləri görmüşük, fiberoptik kabelləri də çəkirik. Tikinti işlərinə gələn il başlasaq, təqribən iki il davam edəcək”.
Bakı-Yalama dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.
Yubanmalar hökumətin diqqətindədir
Onu da qeyd edək ki, xarici kreditlər hesabına maliyyələşdirilən infrastruktur layihələrindəki yubanmaları maiyyə naziri Samir Şərifov ötən ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş hökumət müşavirəsində xüsusi qeyd etmişdi: “Bu il 5,98 milyard manatlıq dövlət əsaslı vəsait qoyuluşu üzrə xərclərimizin hələ ki, 37 faizi 6 ay ərzində icra olunub. Bunun bəzi obyektiv səbəbləri var. Onunla bağlıdır ki, təxminən 1,14 milyard manat kredit nəzərdə tutulub. Bu kreditlərin istifadə əmsalı əfsuslar olsun ki, o qədər də yüksək deyil. Hesab edirik, bizim aidiyyəti qurumlarımız, hansılar ki, bu kreditlərin icrası ilə məşğuldur onlar bu sahədə işlərini sürətləndirməlidirlər. Bəzi hallar, şübhəsiz, təkcə onlardan asılı deyil. Müəyyən satınalma prosedurları var, beynəlxalq maliyyə qurumları tərəfindən onlar gözlənilməlidir. Bunlar da müəyyən vaxt tələb edir. Bir sıra hallarda Azərbaycan dövlət satınalmaları haqqında qanunvericiliyə uyğun tədbirlər görülməlidir”.
Nazir qeyd edib ki, belə layihələrin icrasının ləngiməsi dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında hökumətə müəyyən maneələr yarada bilər.
Maraqlı burasıdır ki, QSC-nin saytında bir dənə də olsa, keçirilmiş tenderlərin nəticələrinə dair məlumata rast gəlinmir. Qurumun elan etdiyi çoxsaylı tenderlərin nəticələrinə dair məlumatları tenderlərin elektron reyestrindən də əldə etmək mümkün deyil. Orada yalnız QSC-nin həkim-sanitar xidmətinin satınalma müqavilələrinə dair məlumatlar var.
ADY-nin irihəcmli tenderlərinin nəticələri barədə məlumatlar epizodik şəkildə xaricdən alınan mallar, avadanlıqlar ölkəyə gətirilərkən mətbuatda yayımlanır. Bu zaman bir qayda olaraq maliyyə dəyərinə dair heç bir məlumat açıqlanmır.
QSC-nin fəaliyyətindəki qapalılıq bununla da bitmir. Qurum birmənalı olaraq maliyyə hesabatlarını açıqlamaqdan yayınır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 15 fevral 2010-ci il qərarına görə, şəffaflığın təmin edilməsi üçün cəmiyyət illik maliyyə hesabatını hər il maliyyə ili bitdikdən sonra 4 aydan gec olmayan müddətdə auditor rəyi ilə birlikdə, həmçinin cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməyə və cəmiyyətin internet səhifəsində yerləşdirməyə borcludur.
Nizamnamə tələblərinə baxmayaraq, artıq 10-cu ildir ki, QSC illik maliyyə hesabatlarını öz internet səhifəsində dərc etmir. Yalnız Dünya Bankının saytında ADY-nin 2015, 2016, 2017-ci illər üzrə maliyyə hesabatı ingilis dilində yerləşdirilib. Halbuki Nizamnaməsinə uyğun olaraq ADY artıq 2019-cu ilin hesabatını dərc etməli idi.
QSC-nin Dünya Bankının saytında yerləşdirilən və Cavid Qurbanovun və Fuad Səfərovun imzaladığı 2016 və 2017-ci illərə dair hesabatlarında isə diqqət çəkən məqamlar var(Cumhuriyyət.az). Belə ki, ADY QSC-nin 2016-cı il üzrə maliyyə hesabatına görə, həmin ilin fevral ayının 5-də ADY QSC “Karvan Logistics” MMC-ni satın alıb. Şirkətin adı dəyişdirilib və o, indi “ADY Express” adlanır. “Baker Tilly Azərbaycan” audit şirkətinin verdiyi rəyə əsasən, “Karvan Logistics” MMC satın alınarkən, 35.000 manat dəyərində əmlak daxil olmaqla, aktivləri 2.531.000 manat qiymətləndirilmişdi. Öhdəliklər çıxıldıqdan sonra isə xalis aktivlərin dəyəri 653.000 manat idi. Bu şirkətin alınmasından ötrü ADY QSC-nin nə qədər pul ödəməsi, eləcə də özəl şirkətin dövlət müəssisəsi tərəfindən hansı zərurətdən satın alınması barədə hesabatda məlumat verilmir.
QSC-nin kredit borcunda sıçrayış...
Maliyyə hesabatlarına əsasən, bu dövlət qurumunun kredit borcu təkcə bir il ərzində 1.873.876.000 manatdan (31 dekabr 2016) 2.548.765.000 manata (31 dekabr 2017) qalxıb. Cavid Qurbanov 2015-ci ilin fevralında “Azərbaycan Dəmir Yolları” QSC-nin İH sədri təyin olunandan sonra ADY QSC aşağıdakı beynəlxalq və yerli təşkiatlardan kredit alıb:
“BNP Paribas (Suisse) S.A.”. Libor+3,75% şərtilə 180.000.000 ABŞ dolları (müqavilənin imzalanma tarixi – 2.09.2015),
“Credit Suisse AG”. Eurobor+1,15% şərtilə 73.735.000 avro (15.05.2015)
“Credit Suisse AG”. Eurobor+3% şərtilə 11.194.000 avro (15.05.2015)
“HSBC Bank Plc”. Euribor+1% şərtilə 389.404.000 avro məbləğində iki kredit xətti (14.04.2015)
“Ceska Sporitelna S.A”. Euribor+1,45% şərtilə 64.039.000 avro (25.02.2016)
“Cesloslovenska Obchodni S.A”. Euribor+1,45% şərtilə 82.000.000 avro (26.02.2016)
“Societe Generale”. Euribor+1% şərtilə 99.698.000 avro (30.03.2016)
“Kapital Bank” ASC. 4,6% şərtilə 136.579.000 ABŞ dolları (04.07.2017)
“Azərbaycan Beynəlxalq Bankı” ASC. 4% şərtilə 49.500.000 ABŞ dolları (18.07.2017)
10.“Dəmir Bank” ASC (ləğvetmə prosesindədir). 14% şərtilə 7.500.000 ABŞ dolları (24.02.2015)
Bundan başqa, ADY QSC bu dövrdə Azərbaycan hökumətindən müxtəlif şərtlərlə (illik 0-1%) 49.739.000 avro, 213.000.000 ABŞ dolları və 344.000.000 manat borc götürüb. ADY, həmçinin, xarici şirkət olan “Transoil” MMC-nin ABB-dən 2014-cü ilin fevral ayında götürdüyü 15 milyon manat məbləğində kredit üzrə təminatçı qismində iştirak etdiyinə görə, bu borc üzrə 9.495.000 manat məbləğində ödəmə öhdəliyi açıqlanmayan səbəblərdən ADY QSC-nin üzərinə qoyulub.
ADY QSC-nin maliyyə hesabatında İran Astarası ərazisində 35 hektar ərazidə Azərbaycan dövlətinin vəsaiti hesabına tikilən yük terminalı barədə də məlumat verilir. 2016-cı ildə ADY bu terminalın idarə olunması məqsədilə “Astara Grain Terminal” MMC yaradıb. 100 manatlıq kapitalda 50 faizlik iştirak payı “Yaşa İnşaat” MMC-yə verilib. “Astara Taxıl Terminalı” MMC-nin hüquqi ünvanı Bakıda S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115, “Yaşa İnşaat“ MMC-nin ünvanı isə Bakı ş., Atatürk pr., ev 65, mənzil 6-dır. Sonuncu ünvanda ADY QSC-nin rəsmisi Vüsal Aslanov qeydiyyatdadır.
ADY QSC terminalın tikintisinə 2017-ci ildə başlayıb. Vəsaiti Azərbaycan tərəfi qoymağına baxmayaraq, iki dövlət arasındakı razılaşmaya əsasən, terminal 25 il müddətinə Azərbaycana icarəyə verilib. 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir.
Qeyd edək ki, 2019-cu ilin 1 yanvarına ADY QSC-nin müqavilələr üzrə kredit borcu 1 milyard 196,9 milyon dollar olub. Bunun 838 milyon dolları faktiki xərclənmiş hissədir.
2018-ci ildə ADDY dövlət büdcəsndən 607,5 milyon manat alıb, büdcəyə cəmi ödənişi isə 15,8 milyon manat təşkil edib.
Qurumdan rəqəmləri sorğu ilə də ala bilmədik
Qeyd edək ki, yazını hazırlayarkən “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yazılı informasiya sorğusu ilə müraciət etdik. Sorğuda qoyduğumuz sualları və ASC-dən verilən cavabları təqdim edirik:
Sual: Rəhbərlik etdiyiniz qurumun maliyyə hesabatlarını rəsmi saytında tapa bilmədik. Dünya Bankının saytında ingiliscə olan hesabatlar niyə ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq dövlət dilində QSC-nin saytına yerləşdirilmir?
Cavab: Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin internet sahifəsində dəmir yollarının 140 illik yubileyi ilə bağlı yenilənmə işləri aparılmaqdadır. Bildiririk ki, yenilənmə işləri tamamlandıqdan sonra maliyyə hesabatlarının saytda yerləşdirilməsi təmin ediləcəkdir. Bununla belə, aidiyyəti hesabatların maraqlı şəxslərə verilməsi tərəfimizdən təmin edilir.
Sual: 2019-cu ildə təxirə salınan Bakı-Yalama (Rusiya ilə sərhəd) dəmir yolunun bu ilin yanvarından başlanması nəzərdə tutulurdu. Başlanıbmı, işlər hansı səviyyədədir? Həmin layihəyə dövlət büdcəsindən nə qədər vəsait ayrılması nəzərdə tutulur? Ümumilikdə layihəyə nə qədər vəsait ayrılacaq?
Cavab: Sumqayıt-Yalama (Rusiya Federasiyası ilə dövlət sərhədi) dəmir yolu xəttinin yenidən qurulması üçün texniki və inzibati prosedur xarakterli hazırlıqlar başa çatdırıldıqdan sonra tikinti-quraşdırma müqaviləsinin icrasına başlanılmış, hazırda podratçı şirkət tərəfindən səfərbərlik və digər əlaqədar işlər davam etdirilməkdədir. Layihə dövlət büdcəsindən əsaslı vəsait qoyluşu, Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyindən cəlb olunmuş maliyyə hesabına həyata keçirilir.
Sual: QSC-nin tenderlərinin vaxtının bir neçə dəfə uzadılmasına səbəb nədir? Tenderlərin nəticələri, hansı şirkətlərin udduğu niyə açıqlanmır?
Cavab: Tenderlər dövlət satınalmaları haqqında qanunvericiliyə və Cəmiyyətin daxili satınalma qaydalarına əsasən həyata keçirilir. Bildiririk ki, “Dövlət satınalmaları haqqında” Qanunun 37-ci maddəsinə uyğun olaraq təkliflərin təhlilinə və müqayisəsinə daha çox vaxt lazım olduqda, habelə Qaydaların tələblərinə əsasən müsabiqə iştirakçılarının müraciətləri ilə əlaqədar tender komissiyası tərəfindən tenderin müddətinin uzadılması haqqında qərar qəbul edilə bilər. Bütün tenderlər üzrə qalib iştirakçı ilə müqavilə bağlandıqdan sonra digər iştirakçılara nəticələr barədə bildiriş göndərilir, həmçinin keçirilmiş müvafiq müsabiqələr üzrə qalib olmuş malgöndərənlər barədə məlumatlar dövlət satınalmalarının vahid internet portalında yerləşdirilir.
Sual: QSC-nin reallaşdırdığı bir çox layihələrin başlanma və bitmə müddəti uzadılır. Bunun səbəbi nədir?
Cavab: Dəmir yolu layihələri əsasən xətti layihələr olmaqla texniki və idarəetmə nöqteyi-nəzərindən olduqca spesifik və mürəkkəb strukturu, komponentləri, planlaşdırma tələbləri və həll yanaşmaları ilə digər infrastruktur layihələrindən əhəmiyyətli dərəcədə fərqlənir. Bu amillər, habelə işlərin yüksək təhlükəsizlik tədbirləri ilə müşayiət olunan sərnişin və yük qatarlarının fasiləsiz hərəkəti şəraitində aparılması, bir dəmir yolu xəttində ayrı-ayrı lakin icra ardıcıllığı baxımından bir-biri ilə sıx bağlı olan komponentləri yerinə yetirən fərqli podratçı şirkətlər arasında ən yüksək səviyyəli texniki və inzibati əlaqələndirmə və uzlaşdırmanın tələb olunması bəzən fərdi qaydada hansısa layihənin hazırlıq mərhələsinə və icra qrafikinə təsir göstərə bilir.
Sual: QSC-nin reallaşdırdığı layihələrə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ötən il nə qədər vəsait ayrılıb, bu il nə qədər ayrılması gözlənilir?
Cavab: Azərbaycanın əlverişli coğrafi mövqeyindən faydalanmaqla respublika ərazisindən keçən mövcud və potensial nəqliyyat dəhlizlərinin reallaşdırılması, tranzit-loqisitika potensialının artırılması istiqamətindən görülən tədbirlər çərçivəsində dəmir yolları sektorunun yenidən qurulması və təkmilləşdirilməsi üzrə layihələr, qəbul olunmuş müvafiq dövlət proqramlarına və starteji yol xəritələrinə uyğun olaraq mərhələli şəkildə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu, beynəlxalq maliyyə institutlarından cəlb olunan vəsait hesabına həyata keçirilir. Bildiririk dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu üzrə məbləğlər Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılır ki, bu sərəncamlarla hüquqi aktların vahid elektron bazasında tanış olmaq olar.
Sual: Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ötən il öz hesabına nə qədər kredit qaytarıb, bu il nə qədər qaytarmağı planlaşdırır?
Cavab: “Azərbaycan Dəmir Yolları” QSC ötən il öz hesabına 60 milyon dollar borca xidmət edib, bu il isə öz hesabına 70 milyon dollar borca xidmət etməyi planlaşdırır.
Göründüyü kimi, sorğuda ayrı-ayrı layihələrin maliyyə tutumu, həmçinin QSC-nin dövlət büdcəsindən aldığı vəsaitlərin həcminə dair suallar faktiki olaraq cavabsız buraxılıb. Bu isə qurumun öz fəaliyyətində şəffaflıq prinsiplərinə nə qədər əməl etdiyinin göstəricisidir.(afn)