Maltada jurnalistin öldürülməsiylə bağlı işin istintaqı fəsadlar verərkən Avropa İttifaqının (Aİ) missiyası "qanunun aliliyini araşdırmaq" üçün Maltaya səfər edib.
Yenixeber.org: 2017-ci ildə Daphne Caruana Galizia-nın öldürülməsi ölkənin siyasi quruluşunu silkələdi və diqqəti Aralıq dənizinin bu ada ölkəsində iddia edilən korrupsiya və zəif məhkəmə sistemiylə bağlı daha geniş narahatlıqlara cəlb etdi.
Vergilərin azlığı elit təhsil və ya siyasi səbəblərə görə yaşamağa yeni bir ölkə axtaran zənginlər üçün "qızıl pasportların" satışı böyük bir qlobal bazara çevrilib.
Bəs, Maltada bu neçəyə başa gəlir və pasport alanlar barədə nə bilirik?
Malta vətəndaşlığını necə almaq olar?
Hökumət 2014-cü ildə zəngin adamları və investisiya cəlb etmək üçün "qızıl pasport" sxemini təqdim edib.
Pasport almaq istəyənlərdən aşağıdakı şərtləri yerinə yetirmək tələb olunurdu:
- Malta milli inkişaf fonduna €650000 köçürmək
- Malta qiymətli kağızlarına və ya səhmlərinə €150000 yatırmaq
- Qiyməti azı €350000 dəyərində olan bir mülk almaq (və ya illik azı €16000 məbləğə onu kirayəyə götürmək)
Bu xərclər ümumilikdə €1 150 000 məbləğdə pul deməkdir.
Pasport almaq istəyən orada fiziki olaraq yaşamağa məcbur edilməsə də 12 aydan çox müddətli sakin statusuna sahib olmalıdır.
Bu sxem işə düşəndən bəri Malta vətəndaşlığını 833 investor və 2109 ailənin üzvləri ala biliblər.
Malta pasportu sahibinə digər Avropa ölkələrinə vizasız səyahət imkanı verir, çünki Malta Schengen viza müqaviləsinin iştirakçısıdır.
2017-ci ilin ortalarından 2018-ci ilin ortalarınadək bu sxem xəttiylə €1 623 750 00 vəsait toplanıb, bu məbləğ isə Malta Ümumi Daxili Məhsulun 1.38 faizinə bərabərdir, baxmayaraq ki, 2018-ci ildə pasportların alınmasında azalma olub.
İqtisadiyyatına böyük investisiya cəlb etməyə çalışan Malta kimi kiçik ölkələrin bu kimi sxemlərə birbaşa marağı var.
"Bir çox mikrodövlətlər bu cür proqramlar vasitəsilə əldə edilən gəlirdən asılı vəziyyətə düşüb", - Florensiyadakı Avropa Universiteti İnstitutunun miqrasiya məsələləri üzrə tədqiqatçısı Luuk van der Baaren deyir.
Malta pasportlarını kim alır?
Malta hökuməti "qızıl pasportlar" üçün müraciət edənlərin hansı ölkələrdən olduqlarına dair məlumatı açıqlamasa da, hansı bölgələrə aid olduqlarına dair məlumat verir.
Ən çox müraciət edənlər Avropanı təmsil edir, sonra Yaxın Şərq, Körfəz regionu və ardınca Asiya gəlir.
Bununla belə, Aİ üzv ölkələri vətəndaşlığın alınmasına dair illik statistik rəqəmləri dərc etməyə borcludur.
Bu proqram 2014-cü ildə Maltada tətbiq olunmağa başladıqdan sonra Səudiyyə Ərəbistanı, Rusiya və Çindən bura gəlib vətəndaşlıq alanların sayında artım olub.
Məsələn, Səudiyyə Ərəbistanından 2015-ci ilə qədər Maltada vətəndaşlıq alan olmamışdı, lakin 2015-ci ildən bəri belələrinin sayı 400-ü keçib.
Başqa ölkənin pasportunun alınması üçün qanunvericilikdə müəyyən səbəblər göstərilir, ancaq Maltanın tətbiq etdiyi sxemdən sui-istifadə edildiyi barədə iddiaları var.
Avropa Komissiyası 2019-cu ilin yanvarında bir hesabat yayaraq, digər Aİ ölkələrinə nisbətən "daha az sərt" olan Maltanın sxemiylə bağlı narahatlıq keçirdiyini söyləyib.
Məsələn, müraciət edənlərdən ölkədə fiziki yaşamaq və ölkə ilə əvvəlcədən əlaqələr qurmaq tələb olunmur.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) 2018-ci ildə Maltanın "qızıl pasport" sxeminə görə vergidən yayınma riski yüksək olan ölkələr siyahısına daxil edib.
Malta hökuməti isə bildirir ki, pasport üçün müraciət edənlərin hamısı və tanınan siyasətçilər yoxlamadan keçirilir.
Cənab van der Baaren deyir ki, bir çox ailələr bu sxemdən övladlarını xaricdə oxutdurmaq və ya öz vətənlərindən köçmək ehtiyacı yarandıqda istifadə edə bilərlər.
Lakin o əlavə edir ki, "bu proqramlar həmçinin elit azlığa ikinci vətəndaşlıq almaq imkanı verdiyi üçün, onların vətənlərində insanlar arasında bərabərsizliyi də gücləndirə bilər".
Avropa İttifaqında Kipr və Bolqarıstanda da bənzər proqramlar mövcuddur. 2008-2018 illər arası Kipr 1685 investor və onların ailələrinin 1651 üzvünə vətəndaşlıq verib.
Bununla yanaşı, noyabr ayında sənədlərin verilməsi prosesində müəyyən olunmuş "səhvləri" əsas tutaraq Kipr 26 investoru onlara verilmiş "qızıl pasportlardan" məhrum edib.(BBC)